“Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edilib

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqə həvəskar və peşəkar kateqoriyaları üzrə keçirilir.

Layihədə 16-25 yaşarası gənclər iştirak edə bilərlər. İştirakçılar oktyabrın 25-dək əsərlərini çərçivəli şəkildə Muzey Mərkəzinə hər gün saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər. Əsərlərin ölçüsü 50x60-dan kiçik olmamalıdır. İşlənmə texnikası sərbəstdir. Qaliblər iki kateqoriya üzrə müəyyən olunacaqlar. Hər kateqoriya üzrə 3 qalib nəzərdə tutulub.

Müsabiqənin nəticələri Muzey Mərkəzində təşkil olunan sərgi zamanı elan ediləcək. Ətraflı məlumat üçün +994 50 715 57 55 və ya 055 715 57 55 nömrələri ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizin simvolu olan 8 Noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyət və siyasi iradəsi ilə qüdrətli Ordumuz torpaqlarımızın otuzillik işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

“Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi xalqımıza əbədi Qələbə ruhu bəxş edən tariximizin bu şanlı səhifəsini gənclərin gözü ilə görmək və inkişafını dəstəkləmək, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılmasından ibarətdir.

 

 “Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.