Super User

Super User

 

Xəbər verdiyimiz kimi, oktyabrın 13-dən 15-dək Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı sərgi təşkilatçılarından sərgi ilə bağlı aşağıdakı məlumatları alıb: sərgidə ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə təşkil olunacaq və satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq ediləcək.

Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar baş tutacaq. O cümlədən yazıçılar Zahid Xəlil, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu da oxucularla görüşəcəklər.

Sərginin ilk günü "Kitabqurdu" I Yay Oxu Marafonunun qalibləri mükafatlandırılacaq. Mərasimdə marafondakı kitabların müəllifləri də iştirak edəcəklər.

Oktyabrın 13-ü ANAİB-nin sədri Şəmil Sadiq "STEAM əsaslı təhsil"dən danışacaq.

Oktyabrın 14-ü isə dilçi alim Rafiq İsmayılov və professor Qulu Məhərrəmli “Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?” paneli ilə çıxış edəcəklər.

Qeyd edək ki, sərgi hər gün saat 10:00-dan 19:00-dək davam edəcək.

Sumqayıtlıları bu kitab bayramında iştiraka dəvət edirik.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Dərviş Təbrizlinin şeirlərini təqdim edəcək. 

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını Azərbaycan  əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının yazarı və baş yazarıdır.
Bu gün şairin “Gəlməz” şeirini təqdim edirik.
 
 
GƏLMƏZ
 
Getmək zamanı gəldi, gedək durmağa gəlməz,
Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.
 
Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,
Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.
 
Məndən sənə qoy bircə nişan qalsın əlində,
Qaytarma, o halqa daha heç barmağa gəlməz.
 
Boş sözlərə uydun sən özün, neynəsin özgə?
Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..
 
Yüz min dərəcə sifrdən azdır bu baxışlar,
Od sözlər ilə ağzımı yandırmağa gəlməz.
 
Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,
Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.
 
Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,
Hər bir gəlişin getməyi var, yormağa gəlməz.

“Ədəbiyyat və incəsənət”
(10.10.2023)

 

MƏDƏNİYYƏT NAZİRLİYİ TƏDBİRDƏ NAZİR MÜAVİNİ SƏADƏT YUSİFOVA İLƏ TƏMSİL OLUNUR

 

Bu gün - oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

 

Günümüz üçün olduqca aktual olan konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib ki, Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət nümunələri yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən ölkəyə rəhbərlik etməsindən sonra dövlət qayğısı ilə əhatə olunub.

Qeyd edilib ki, Ulu Öndərin təşəbbüsü ilə 1977-ci ildə Bakı şəhərində İçərişəhərin tarixi hissələri tarix-memarlıq qoruğu elan edilib. Eyni zamanda, Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən, qoruq ərazisində tarix və mədəniyyət abidələrinin qorunması üçün daim müvafiq tədbirlər həyata keçirilir.

Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov təşkilatın böyük mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində böyük rol oynadığını vurğulayıb. Həmçinin təşkilatın beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr aparılır.

Konfrans çərçivəsində Bakı Marionet Teatrında “Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində “İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı”, Tahir Salahovun ev-muzeyində isə “İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularında tematik panellər təşkil olunub.

“Azərbaycan ərazilərinin işğaldan azad olunmasından 3 il keçməsinə baxmayaraq həmin ərazilərdə abidələrin monitorinqi hələ də yekunlaşmayıb”

Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında söyləyib. 

"Abidələrin monitorinqini yekunlaşdırmaq çətindir. Buna səbəb həmin ərazilərdə minaların olmasıdır. Monitorinqin başa çatması üçün həmin yerlər minalardan təmizlənməlidir, bunun üçün isə kifayət qədər maliyyə vəsaiti lazımdır", - deyə o bildirib.

 

(Çıxış sitatları AzərTAC-dan götürülüb)

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

 

Bakıda “Korkut Ata” III Türk Dünyası Film Festivalı çərçivəsində Zirvə toplantısı keçirilir.

 

AzərTAC xəbər verir ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.

 

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər oktyabrın 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.

 

Qeyd edək ki, 2021-ci ildən təşkil olunan festivalın birincisi Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib. Bu il isə ölkəmiz III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

Çərşənbə axşamı, 10 Oktyabr 2023 12:45

Bu gün Bakıda Polşa filmləri nümayiş olunacaq

Bu gün Bakıda Polşa filmlərinin nümayişinə başlanılacaq.

Nizami Kino Mərkəzindən verilən məlumata görə, oktyabrın 13-dək davam edəcək nümayişlər zamanı Polşa istehsalı olan dörd film nümayiş olunacaq.

 

Azərbaycan dilində subtitrlə təqdim olunacaq ekran əsərləri bunlardır - “Solid Gold”, “Bread and salt”, “Filip” və “Supernova”.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Dağıstan xalqının böyük oğlu, şair, yazıçı, ictimai xadim, Dağıstanın Xalq şairi Rəsul Həmzətovun adadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli konsert olub. Tədbir Beynəlxalq Muğam Mərkəzi və Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıdakı Rus evi tərəfindən təşkil olunub.

 

Rəsul Həmzətov Azərbaycanın böyük dostu idi və öz şeirlərində dəfələrlə xalqlarımızın dostluğunu tərənnüm edib. O, Azərbaycan şairi, dramaturq və ictimai xadim, Xalq şairi Səməd Vurğunu özünün böyük yoldaşı və müəllimi adlandırırdı. Rəsul Həmzətovun yaradıcılığına sevgi və ehtiram bu gün də azərbaycanlıların qəlbində yaşayır.

 

AzərTAC xəbər verir ki, tədbirə gələnlər arasında bir sıra ölkələrin diplomatik korpuslarının rəhbərləri, Azərbaycanın nazirlikləri və idarələrinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ölkəmizin dini təşkilatları və təhsil müəssisələrinin təmsilçiləri olublar. Tamaşaçılar konsertlə yanaşı, Mərkəzin foyesində Rəsul Həmzətovun 100 illiyi münasibətilə təşkil olunmuş fotosərgiyə də baxıblar.

 

Konsert proqramında çıxış edən artistlər arasında Dağıstan Dövlət Filarmoniyasının solisti Xirindu Sultanova, Azərbaycanın Xalq artisti Lyudmila Duxovnaya, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Firuz Məmmədov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Yefim Zavalnı, “O2” teatrının aktyoru Yevgeni Maksimov və başqaları olublar.

 

Konsert proqramının müəllifi, quruluşçu rejissoru və aparıcısı qismində Rus evinin mədəniyyət layihələrinin kuratoru, “Görüş yeri Bakıdır” Beynəlxalq incəsənət festivalının vitse-prezidenti Vəfa Qavrilova çıxış edib.

 

Xirindu Sultanova tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

 

-Xirindu, konsertdən hansı təəssüratla ayrıldınız?

 

-Bu tədbirə dəvət olunmağım məni çox məmnun etdi. Rəsul Həmzətovun vətənini təmsil etmək mənim üçün böyük şərəfdir. Özüm köklü dağıstanlıyam, Mahaçqala şəhərindənəm. Konsert çox yüksək səviyyədə keçdi, yaddaşımdan silinməyəcək əla ifalar oldu. Tədbirin təşkilatçısı Vəfa Qavrilovaya xüsusi təşəkkür etmək istəyirəm, ona afərin deyirəm. Mən onun təşkilatçılıq qabiliyyətinə heyranam. Hər şey çox xoşuma gəldi!

 

-Bakıda ilk dəfə olursunuz?

 

-Bəli. Artıq Azərbaycanın Quba və Qusar şəhərlərində olmuşam, amma Bakıya ilk dəfədir ki, gəlirəm. Şəhəri çox bəyəndim! Hələ ki, ancaq Bakının Köhnə şəhər hissəsində olmuşam, amma sabah şəhər mənzərələrini çəkmək üçün fotosessiya planlaşdırıram.

 

-Sizinlə səhnəyə çıxmağı gözləyən artistlərin əhvali-ruhiyyəsi necə təsir bağışladı?

 

-Olduqca səmimi insanlardır! Azərbaycan dilində danışıq da çox xoşuma gəldi. Qrim otağındakı qızlar nəyisə müzakirə edirdi, mən də qulaq asırdım. Bir vaxtlar türk dilini öyrənmişəm, onu çox sevirəm. Ona görə də ayrı-ayrı sözləri başa düşürdüm, həm də Azərbaycan dilinin fonetikası da mənim qulağıma xoş gəlirdi.

 

-Rəsul Həmzətovun yaradıcılığı haqqında bir neçə kəlmə deyərdiniz...

 

-Hər şeydən əvvəl demək istəyirəm ki, Rəsul Həmzətovdan danışanda, nadir hallarda onun atası Həmzət Sadasını yada salırlar. Mən hər ikisinin şeirlərini sevirəm. Həmzət Sadası satirik poeziya janrında yazıb. Onun şeirlərini oxuyanda, şairin obrazları necə dəqiq təsvir etdiyinə heyran oluram. Əlbəttə, Rəsul Həmzətov atasının istedadını əxz edib. Bəziləri yazırlar ki, Rəsul Həmzətovun şeirləri tərcümədir, guya tərcüməçilər onun əvəzindən yazıb və bütün bunlar onlara məxsusdur. Amma avar dilini bilən və şeirləri orijinaldan oxuyanlar cavab verirlər ki, xeyr, Rəsul Həmzətov istedadlı şairdir və çox gözəl əsərlər yazıb. Yeri gəlmişkən, şairin özü həmişə deyirdi ki, tərcüməçilər onun yaradıcılığına böyük töhfə veriblər. Rəsul Həmzətov daim onların əməyini yüksək qiymətləndirirdi.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli xanəndə, Xalq artisti Tələt Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Muğam Mərkəzi mediaya açıqlama verib. 

 

Tədbirdə əvvəlcə xanəndənin ifasından ibarət videoçarx nümayiş olunub.

Sonra filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Milli Məclisin deputatı Ziyad Səmədzadə, Xalq artistləri Firuz Əliyev, Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Ramiz Quliyev və sənət dostları çıxışlarında qeyd ediblər ki, yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən mənimsəyib. Tələt Qasımov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Vurğulanıb ki, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov məktəbindən ustad xanəndə kimi püxtələşmiş Tələt Qasımov sənətdə öz ənənələrini yaradıb.

 

Xatirə gecəsi xanəndənin repertuarından ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, BMM-nin solistləri Mirələm Mirələmov, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Almaxanım Əhmədlinin ifaları dinlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

Bu gün Beynəlxalq Muğam Mərkəzində dünyaşöhrətli italyan caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore konsert proqramı ilə çıxış edəcək. Və konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək.

 

Onun ifası nəinki cazsevərləri, həm də ənənəvi musiqilərdə orijinallığı və xüsusilik axtaran dinləyicilərin ruhunu oxşayır.

Qeyd edək ki, o, London Caz Festivalı, Boston Yaşıl Festival, Dubay Caz Festivalı, Blue Bay Caz Festivalı kimi bir çox beynəlxalq festival və tədbirlərdə iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.1023)

Çərşənbə axşamı, 10 Oktyabr 2023 16:30

Xalq artisti Azər Zeynalovun solo konserti keçiriləcək

Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq.

Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.

 

Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

 

Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

BU GÜN ÜMUMMİLLİ LİDERİN ANDİÇMƏ MƏRASİMİNİN İLDÖNÜMÜDÜF

 

Bu gün - oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” (“Сердце лидера”) sənədli filminin təqdimatı keçiriləcək.

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.

Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.

Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.

Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.

Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək mümkündür.

Çəkilişlər Moskva, Bakı və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.

“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.

Film Azərbaycan və rus dillərində hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.