Super User
Qazaxıstanda Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin kitablarının təqdimatı olub
Yazıçılarımızın əsərlərinin sərhədlər aşması nə xoşdur. Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin “Jazuşı” nəşriyyatında dərc edilmiş kitablarının təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı Natiq Rəsulzadəyə istinadən xəbər verir ki, görüşü nəşriyyatın baş direktoru Erlan Satıbaldiyev açıb. O bildirib ki, Natiq Rəsulzadə Qazaxıstanda çox sevilir və dəyərləndirilir. Və Erlan Satıbaldayev yeni kitablar barədə ətraflı məlumat verib.
Natiq Rəsulzadə çıxışında Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi uğrunda Azərbaycan xalqının ədalətli mübarizəsi, bütün dünyanı heyran edən 44 günlük müharibə və Qarabağda son antiterror tədbirləri barədə ətraflı məlumat verib, oxucuların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, Natiq Rəsulzadənin "Jazuşı" nəşriyyatı tərəfindən nəşr olunan kitabları rus dilindədir. Tezliklə bu kitabların qazax dilində nəşrə hazırlanması da nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Bakıda “Türk dünyası simvolu – xalça” adlı beynəlxalq konfrans işə başlayıb
Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində "II Türk Dünyası Muzeylər Görüşü" tədbiri çərçivəsində "Türk dünyası simvolu - xalça" adlı beynəlxalq konfrans işə başlayıb.
AzərTAC xəbər verir ki, konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin Türk dünyasının mədəni irsinin qorunması baxımından çox önəm daşıdığını bildirib. Qeyd edib ki, konfrans çərçivəsində keçiriləcək "Ümumdünya mədəni irsi -xalça", "Xalçanın dili - damğalar" adlı sessiyalar çox böyük maraq doğurur.
TÜRKSOY-un Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, bu tədbirin TÜRKSOY-un 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir. Bildirib ki, Bakıda keçirilən ikigünlük konfransdan sonra tədbir Şuşa şəhərində davam edəcək.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan çox mütəxəssis məruzələrlə çıxış edəcək.
İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜTKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutur.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Gənclər Kitabxanasında Turan Cavidin 100 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb
Bu il görkəmli muzeyşünas və mətnşünas, Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru olmuş Turan Cavidin anadan olmasının 100 illiyi qeyd edilir. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Turan Cavidin həyat və yaradıcılığına həsr edilən “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterial və “Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan aldığımız məlumata görə, hazırlanmış “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterialda Turan Cavidin mürəkkəb, ziddiyyətli dövrlərə təsadüf edən ömür yolu, bədii fəaliyyəti haqqında məlumatlar təqdim edilir. Həmçinin materialda Turan xanımın atası, görkəmli dramaturq Hüseyn Cavidlə bağlı uşaqlıq xatirələri, görkəmli şairin irsinin toplanmasında, qorunmasında, təbliğində, nəşrində və gələcək nəsillərə çatdırılmasında, şairin Bakıdakı ev-muzeyinin yaradılmasında və fəaliyyətində olan müstəsna əməyi haqqında faktlar yer alır.
Materiallarda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin onun şəxsiyyətinə olan dərin hörmət - ehtiramından bəhs olunur, Turan xanımın Ulu Öndərlə olan foto və videogörüntüləri təqdim edilir.
“Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmalda Turan xanımın redaktə etdiyi, onun həyat və bədii fəaliyyəti haqqında qələmə alınan “Cavid, Mişkinaz. Hüseyn Cavid haqqında xatirələr”, “Cavid, Hüseyn. Əsərləri”, “Turan Cavid: ömür salnaməsi”, “İnsan ömrü bir dalğa kimi...”, “Vaxtdan uca” kimi kitabların biblioqrafik təsviri və annotasiyası təqdim edilir.
Materiallarda Cavid əfəndinin ömür-gün yoluna işıq saçan, böyük şairin faciəli taleyindən, zəngin bədii irsindən bəhs edən “Cavidnamə” əsərinin müəllifi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın Turan Cavidlə bağlı xatirələri də yer alıb.
Hazırlanmış material kitabxananın rəsmi saytında https://ryl.az/ və sosial şəbəkələrində yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Astanada təqdim olunub
Qazaxıstan Respublikasının Prezident Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş “Abay Azərbaycanda və dünyada” kitabının təqdimatı keçirilib.
Fonddan verilən məlumata görə, Qazaxıstan Respublikasının Prezident Mərkəzinin direktorunun müavini Botagoz Kaipova Qazaxıstanın və bütün Türk dünyasının mütəfəkkiri Abay Kunanbayevin zəngin irsindən danışıb. B.Kaipova Abay yaradıcılığının Azərbaycanda və ümumiyyətlə, bütün dünyada tanıdılması sahəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirərək, kitabın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva böyük şair, nasir, tərcüməçi, bəstəkar Abay Kunanbayevin təşkilat tərəfindən Azərbaycan dilində çap olunmuş yeni kitabının onun Vətənində - Qazaxıstanda təqdim olunmasının əhəmiyyətindən bəhs edib.
Günay Əfəndiyeva Abayın xatirəsinin Azərbaycanda hər zaman yad edildiyindən söz açaraq, Ulu Öndər Heydər Əliyevin sözlərini xatırladıb: “Abay və onun yaradıcılığı qazax xalqının qüruru və xoşbəxtliyidir. O, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur”.
G.Əfəndiyeva 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakının küçələrindən birinə Abay Kunanbayev adının verilməsi, Bakı Dövlət Universitetində Abay Kunanbayev adına mərkəzin fəaliyyətə başlaması barədə məlumat verib. O, Abayın 175 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İspaniyada poçt markalarının çap edilərək dövriyyəyə buraxılması və təşkilatın mərkəzi qərargahında “Abay Günü”nün qeyd edilməsindən danışıb. O, Abay yaradıcılığına daim diqqəti xüsusi vurğulayaraq, “Abay Azərbaycanda və dünyada” kitabında şairin Azərbaycan dilində və orijinalda şeirlərinin, görkəmli şəxsiyyət haqqında Azərbaycan yazıçılarının və ədəbiyyatşünasların məqalələrinin, Muxtar Auezovun “Abay” əsərindən Azərbaycan dilinə tərcümə olunmuş parçaların, məşhur “Əqliyyə” əsərinin, eləcə də musiqi nəğmələrinin yer aldığını qeyd edib.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikası Parlamentinin Senatının deputatı Ruslan Rüstəmov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, “Egemen Qazaxıstan” qəzetinin baş direktoru Dixan Kamzabekulı, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasını başçısı Qaziza Nurgaliyeva və Abay Tədqiqat Institutunun Humanitar Elmlər üzrə Araşdırma Departamentinin başçısı Altınay Askarova çıxış edərək, Abayın zəngin yaradıcılığı haqqında danışıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Abay mirasının geniş tanıdılması istiqamətində fəaliyyətini yüksək dəyərləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
EMİN dekabrda Bakıda konsert verəcək
Azərbaycanın Xalq artisti EMİN ənənəvi qış konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə qayıdır. Özü də dekabr ayında. Ayın 8-də müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.
EMİN-in konsertləri hər zaman romantikanın və coşqunun sintezi deməkdir. Onun musiqisi insanı xəyal qurmağa, hisslər aləminə qapılmağa və inanılmaz duyğular yaşamağa sövq edir, mahnılarının mətni isə təsirli və səmimi lirikayla zəngindir.
Qarşıdakı konsert də istisna olmayacaq. Musiqi qrupu ilə məşqlər sürətlə davam edir, yeni mahnılar, sevimli hitlər yenə öz dinləyicilərini gözləyir. Əlbəttə, kumir bu dəfə də yad ediləcək - EMİN-in heç bir konserti böyük Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq, "Sinyaya veçnost" kompozisiyasını ifa etmədən tamamlanmır.
Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: "MMM", "Angel Bes", "Otpusti i leti"," Zabıt tebya" və s.
Biletlər artıq satışdadır və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Nizami Kino Mərkəzində “Məryəm” filminin premyerası olub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində oktyabrın 10-da Nizami Kino Mərkəzində “Məryəm” tammetrajlı bədii filminin premyerası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film Mədəniyyət Nazirliyinin dəstəyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “TRT” və “Sinema evi” ilə müştərək istehsalıdır.
Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu çıxış edərək bildirib ki, “Məryəm” filmi gənc nəsil üçün çox vacib və nümunəvi bir ekran əsəridir. Bu film sevgi, vəfa tarixçəsidir.
“Korkut Ata” film festivalından söz açan O.Fikrətoğlu vurğulayıb ki, festival TÜRKSOY tərəfindən təşkil olunub. Həmçinin bununla bağlı Şuşada və Bakıda tədbirlər keçirilir.
Ekran əsərinin süjet xətti Məryəm adlı qızın dünyasını dəyişmiş atasını görmək üçün uzun illər sonra Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar bölgədə yerləşən psixiatriya xəstəxanasında tapan Məryəm yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya "nə etməli?" sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir.
Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, ideya müəllifi Fərhad Rastqar, prodüserləri Fariz Əhmədov, Suat Köçər, Elçin Musaoğlu, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərlidir.
Filmdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Ayşad Məmmədov, Qəmər Məmmədova, aktyorlar Təhminə Rafaella, Zaur Şəfiyev, Ərtoğrul Kamalov və başqaları çəkiliblər.
Qeyd edək ki, Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı film nümayişləri, müxtəlif tədbir və təqdimatlarla davam edir.
(AzərTAC-ın materiallarından istifadə olunmuşdur)
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Opera Studiyasının səhnəsində yeni tamaşa təqdim olunacaq
Oktyabrın 28-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera studiyasının səhnəsində Lalə Əliyeva-Klıçkovanın “Şamdangülü üçün mazurka” pyesi əsasında hazırlanmış “Özgə dünyadan gələn qonaq” tamaşasının premyerası olacaq.
Bu tamaşada baş rolları Azərbaycanın Əməkdar artisti Anton Ferştandt və “AVIV” teatr studiyasının məzunu İnqa Baxoldina ifa edirlər.
Tamaşa rejissor, prodüser, yazıçı, dramaturq, ssenarist, Rüstəm İbrahimbəyovun kino məktəbinin məzunu Lalə Əliyeva-Klıçkovanın teatrdakı debütüdür. O, rejissor Ruslan Bankovskinin Moskva Müasir Bədaye Teatrında tamaşaya qoyduğu “Bakalavr partiyası” tamaşasının müəllifidir.
“Özgə dünyadan gələn qonaq” tamaşasının quruluşçu rejissorları Zaur Əliyev və Alyona Xarçenkodur. Layihədə səs mühəndisi Teymur Abdullayev, musiqiçi Ruslan Hüseynov, dizayner Dmitri Bujdelev, aktyor Ayxan Hacıyev, vokalçılar Samirə Ocaqverdiyeva və Nərminə Məmmədova da yer alıb.
Artıq "ilin ən mistik tamaşası" adlandırılan bu pyes Mixail Bulqakovun "Ustad və Marqarita" romanının pərəstişkarlarına tövsiyə olunur. “Özgə dünyadan gələn qonaq” yeknəsəq həyat tərzi olan və getdikcə daha çox onun dibinə yuvarlanan Ellada adlı qadının başına gələnlərə həsr olunub. Amma qeyri-adi bir gündə Ellada parkda onun dünyaya və həyata baxışlarını dəyişəcək mistik bir naməlum insanla qarşılaşır...
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Parlamentdə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun icrası ilə bağlı müzakirə aparılıb
Oktyabrın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
AzərTAC xəbər verir ki, komitə sədri Sadiq Qurbanov iclasda “Energetika haqqında” qanun layihəsi (ikinci oxunuş) və cari məsələ olaraq qəbul edilmiş qanunların icrası mexanizmləri ilə bağlı müzakirələrin aparılacağını söyləyib.
Sadiq Qurbanov əvvəlcə “Energetika haqqında” qanun layihəsini təqdim edib. O, indiyədək bu sahədə enerji səmərəliliyi, qaz təchizatı, bərpaolunan enerji, elektroenergetika ilə bağlı qanunların qəbul edildiyini, onların təqdim olunan bu qanun layihəsinə əsaslanacağını bildirib. Komitə sədri bu sahədə monopoliyanın aradan qaldırılması, yeni istehsalçıların yaradılması və bir sıra digər prioritet istiqamətlərin müəyyənləşdirildiyini, islahatların nəzərdə tutulduğunu deyib.
6 fəsil, 28 maddədən ibarət “Energetika haqqında” qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyənləşdirir.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sonra komitə sədri Sadiq Qurbanov parlamentdə qəbul edilmiş qanunların insanların həyat şəraitinin və fəaliyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini deyib. O, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, qəbul edilmiş qanunların işləmə mexanizminə nəzarətin həyata keçirilməsinin də vacibliyini qeyd edib.
O, bugünkü iclasda “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun icrası ilə bağlı məsələnin müzakirəyə çıxarıldığını deyərək, bu sənədin ekoloji təhlükəsizliyin təmin olunmasında əhəmiyyətini qeyd edib.
İclasda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə çıxış edərək iqtisadiyyat və ətraf mühit məsələlərinin uyğunluğunun təmin olunmasının vacibliyindən danışıb. O, bu sahədə Azərbaycanın milli qanunvericiliyi ilə yanaşı, beynəlxalq öhdəliklərinin də olduğunu qeyd edib. Ekologiya sahəsində qanunvericiliyin icrası, buna nəzarətin həyata keçirilməsi, bu sahədə yaranan problemlər və onların aradan qaldırılması ilə bağlı görülən işlərdən, təbliğat-təşviqat tədbirlərinin əhəmiyyətindən bəhs edib. Rasim Səttarzadə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsinin nizamlanması, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məsələsinə toxunaraq, bu sahədə mövcud olan qanunlara riayət edilməsi ilə bağlı ticarət mərkəzlərində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, ekoloji sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə də bağlı bəzi fikirlərini açıqlayıb.
Məsələ ilə bağlı təqdimatla çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov bildirib ki, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. O qeyd edib ki, Qanunun bu tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulur. Bildirilib ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan qulplu və qulpsuz yüngül çəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməli, bu növ məhsulların ayrıca təqdim edildiyi və onların satış qiyməti barədə istehlakçılara əvvəlcədən məlumat verilməlidir. Diqqətə çatdırılıb ki, müvafiq dövlət orqanları qanunvericiliyin tələblərinin icrasına öz səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirirlər. Bununla yanaşı, qanunun tətbiqi ilə bağlı geniş maarifləndirmə işlərinin aparıldığı da qeyd olunub.
Təqdimatda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində görülmüş tədbirlər, ictimai müstəvidə atılan addımlar, həyata keçirilən tədbirlər nəticəsində polietilen torbaların satışı ilə bağlı statistik göstəricilər barədə məlumat verilib. Sonra məsələ ətrafında müzakirələr aparılıb.
Komitə üzvü Afət Həsənova Suraxanı rayonunun Zığ və Hövsan qəsəbələrində ekoloji sahədə olan bəzi problemlərdən, o cümlədən axıdılan çirkab suların, neft tullantılarının, torpaq sürüşmələrinin nəticəsində ətraf mühitə dəyən zərərdən danışıb.
Deputatlar İltizam Yusifov və Naqif Həmzəyev ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması sahəsində ölkədə mövcud durum barədə bir sıra qeyd və təkliflərini açıqlayıblar.
İclasda iştirak edən Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov çıxışında qəbul edilən qanunların icrası ilə bağlı qanunvericilik və icra orqanları arasında əməkdaşlığın vacibliyini qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət sirli dünya
Paytaxtımızda XVIII Bakı Beynəlxalq Caz Festivalı davam edir
Könül, “Ədəbiyyat və incəsənət”
Vaqif Mustafazədə. Bu şəxs musiqimiz üçün yad olan bir janrı musiqimizə necə pərçimlədisə, muğamla cazı necə calaşdırdısa bir etnocaz stili yaratdı, ölkədə yüz minlərlə insanı caz pərəstişkarı etdi, cazımızı da dünya arenasına çıxartdı. Və bu gün bizim Mədəniyyət Nazirliyinin dəstəyi ilə artıq bir neçə gündür ki, ölkəmizdə keçirilən XVIII Bakı Beynəlxalq Caz Festivalı əslində o kişinin sayəsindədir.
Böyük maraqla izləyirəm festivalı, tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə musiqisevərlərin zövqünü oxşamaqdadır festival.
Xatırladım ki, bu il 18-ci dəfə təşkil edilən festivalın əsası 2005-ci ildə görkəmli caz musiqiçisi, Əməkdar artist Rain Sultanov tərəfindən qoyulub. Artıq festival öz ənənələrini formalaşdırıb, ölkəmizdə və xaricdə sevilir.
Xəbəri qaçıranların diqqətinə çatdırım ki, festivalın açılışı “UN 1906” klubunda keçirilib. Tədbir çərçivəsində paytaxt sakinləri və qonaqlarına Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər və azərbaycanlı ifaçıları canlı dinləmək imkanı verən musiqi yarmarkası təşkil edilib. Gün ərzində yarmarkaya gələn qonaqlara ləziz təamlarımızdan dadaraq 3D fotoşəkillər və DJ GRAF-nin musiqisi sədaları altında rəqs etmək imkanı yaradılıb.
Festival çərçivəsində məşhur “Jazzanova” qrupu almaniyalı DJ Amir ilə birlikdə çıxış edib. Festivalda caz musiqisinin müxtəlif üslublarında musiqi nömrələri səsləndirilib. Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət proqram maraqla qarşılanıb.
Növbəti tədbir Beynəlxalq Muğam Mərkəzində "I am jazzman!" gənc caz ifaçıların iştirakı ilə təqdim edilib. "I am jazzman!"nın məqsədi ölkədə cazın təbliği və gənc istedadların üzə çıxarılmasıdır. Konsertin aparıcısı Tofiq Həsənsoy Azərbaycan cazının tarixi və ənənələrindən söz açıb. Bu musiqinin ölkəmizdə inkişafına töhfə vermiş insanlar xatırlanıb.
Və təbii ki, dahi cazmen Vaqif Mustafazadə xatırlanıb, müasir ulduz ifaçı Şahin Novrəsli xatırlanıb.
Daha sonra səhnə gənc istedadların ixtiyarına verilib. Mədinə Paşayeva, Günel Hacıyeva, Cavanşir Abdullalı, Rəna Xanəlibəyli, Samir Səfərov, Nəzrin Cəfərova, Cozef Okparmen və başqaları dünyanın məşhur caz ifaçılarının repertuarlarından kompozisiyalar ifa ediblər. Gənclər cazın müxtəlif üslublarında bir-birindən maraqlı improvizələrlə dinləyicilərin alqışlarını qazanıblar.
Konsertin sonunda vokalçı-bəstəkar Qasım Xəlilov səhnəyə çıxaraq gənc istedadları təbrik edib. Diqqətə çatdırıb ki, festival çərçivəsində təşkil olunan proqram gənc musiqiçilərin yaradıcılığında mühüm yer tutur.
Daha sonra iştirakçılara festivalın diplomları təqdim olunub.
Qeyd edək ki, builki festivalda 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret də Bakıya təşrif buyurub.
Festivalın proqramına gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” müsabiqəsi də yer alıb. Rəssam Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi də builki festivalın yaddaqalan tədbirləri sırasındadır.
Festival oktyabrın 15-dək davam edəcək.
Hamını dəvət edirəm, gəlin, çox maraqlıdır, həzzvericidir!
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Türk dünyasının kino xadimləri Şuşa şəhərində səfərdə olublar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə oktyabrın 8-dən 11-dək III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, zəngin proqramı olan festivalın münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən, ölkəmizin qədim musiqi və söz-sənət beşiklərindən olan Şuşa şəhərinə səfər ediblər.
Səfərin məqsədi Azərbaycan mədəniyyətinə, ədəbiyyat elminə görkəmli şəxsiyyət bəxş etmiş Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olmaqdır.
Türk dünyasından gəlmiş kino xadimləri şəhərdəki “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Seyidli məscidini (XVIII əsr) və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə şəkillər çəkdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə sosial infrastrukturun qurulması ilə yanaşı, əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası həyata keçirilir.
Qala-şəhərimiz qonaqlarda unudulmaz təəssürat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)