Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində "II Türk Dünyası Muzeylər Görüşü" tədbiri çərçivəsində "Türk dünyası simvolu - xalça" adlı beynəlxalq konfrans işə başlayıb.
AzərTAC xəbər verir ki, konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin Türk dünyasının mədəni irsinin qorunması baxımından çox önəm daşıdığını bildirib. Qeyd edib ki, konfrans çərçivəsində keçiriləcək "Ümumdünya mədəni irsi -xalça", "Xalçanın dili - damğalar" adlı sessiyalar çox böyük maraq doğurur.
TÜRKSOY-un Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, bu tədbirin TÜRKSOY-un 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir. Bildirib ki, Bakıda keçirilən ikigünlük konfransdan sonra tədbir Şuşa şəhərində davam edəcək.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan çox mütəxəssis məruzələrlə çıxış edəcək.
İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜTKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutur.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)