Super User
AKTUAL: Eyni libasda, fərqli həyatlar
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Bu gün yenə həmişəki kimi dərsdə müəllimi dinlədiyim zaman birdən, bizimlə eyni xalatı geyinmiş, pəncərə önünü süpürən bəstə boylu, dolu bədənli, ala gözləri çuxura düşmüş, illərin yorğunluğunu üz cizgilərində daşıyan xadimə qadın diqqətimi çəkdi.
O, əlində süpürgə, çöldə o soyuq havada, tanımadığı, bilmədiyi insanların tökdükərini təmizləyərəkən, biz içəridə xəstəliklərin səbəblərini öyrənirdik.
Dərsimiz "peşə xəstəlikləri" idi, hər halda bu kainatın planlaşdırmış olduğu təsadüf idi.
Bacardığı qədər ləng süpürürdü, yəqin ki, o da nəsə öyrənmək istəyirdi. Kim bilir, bəlkə də o da çoxusu kimi uşaq vaxtı tibbə sənəd vermək istəyirmiş, amma ya maddi durum sıxıntısı, ya da “qız nədir, təhsil nədir" düşüncəsi ilə yaşayan valideyin qadağasına görə bu arzusunu gerçəkləşdirə bilməmişdi.
Peşə xəstəliklərinə yalnız peşə fəaliyyəti kontekstində meydana gələn və ya bu peşədə ümumi populyasiyada və ya digər işçi qruplarında daha çox rast gəlinən xəstəliklər aiddir
Bir neçə ölkədə işçinin təzminat və ya müavinət almağa haqq qazandığı peşə xəstəlikləri siyahısı var. Bu siyahıya daxil olmayan xəstəliklər üçün kompensasiya verilmir. Bu səbəbdən rəsmi siyahılara daxil edilməyən peşə mənşəli xəstəlikləri təsvir etmək üçün "peşə səbəb olduğu xəstəliklər" ifadəsi istifadə olunur. Bir çox ölkənin qanunvericiliyində müəyyən bir xəstəliyin işçinin iş şəraitində olmasından qaynaqlandığı fərziyyəsi mövcuddur və xəstəliyin başqa bir səbəbə görə olduğunu sübut etmək işəgötürənin və ya sığortaçının işidir.
Bir sözlə, "Peşə xəstəlikləri" yiyələndiyimiz bəzi işlər sayəsində, etdiyimiz vərdişlərin xəstəliyə çevrilməsidir.
Süpürgəçi xanımın əyilmiş beli, boyun hissəsi buna misal ola bilər (Azərbaycanda "peşə xəstəlikləri siyahısı" açıqlanmasa da). Eyni təhsil müəssisəsində eyni xalatları geyinmiş, eyni saata həmin yerə çatmaq üçün tələsən, eyni səmada, eyni havanı udan insanların fərqli yaşamları...
Bu çox təəccüblü və bir o qədər də acı dolu gəlir.
İşlər müqayisə edilməz, hər bir işin özünə görə çətinliyi var, amma bir müəllim və yaxud da həkim maaşı və əməyi ilə xadimə (xidmətçilik) işini müqayisə etsək, tərəziyə daha çox hansı ağır gələr?
Əgər iş mədəniyyəti olsaydı heç bunu müqaisə etməyə ehtiyac qalmazdı.
İnsanlar zibil qutusundan istifadə etsə, maaşlar tək diploma görə yox zəhmətə görə hesablansa hər şey çox bambaşqa olar.
Əlində süpürgə, qulağında qulaqcıq, nəşə ilə ətrafı təmizləyərək, gözəlləşdirən insanları görməyi neçə nəfər istəyərik?
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Zamanda səyahət edən məktub olsaydım… - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Zaman gözlə görülməyən, əllə tutulmayan ən dəyərli və ən zülmkar anlayışdır. İnsan keçmiş, gələcək və bu gün arasında səyahət edən bir məktuba bənzəyir. Hər kəsin özünə verdiyi ütopik suallar olur bəzən. Bunlardan biri də, mən zamanda səyahət edən bir məktub olsam nə edərdim?
Hara gedib nələri görmək istərdim? Çox insan keçmişə qayıdıb səhvlərini düzəltmək, sevdiklərini görmək, darıxdığı günlərə, uşaqlığına, gəncliyinə qayıtmaq istəyər. Bəziləri isə bunun mənasız olduğunu, yaşananlar yaşandı və bitdi düşüncəsini qəbul edər, dünənin izlərini unudub gələcəyi düşünər. Məsələn, onlar insanın üstün zəkalı robotlar yaratdığı, hava maşınlarının geniş yayıldığı, transformers filmlərinin gerçək olduğunu düşünərək gələcəyə doğru yola çıxmaq istəyər.
Bəs mən? Mən nə etmək istərdim? Keçmiş, ya gələcək? Ya da elə bu gün.
Dünən tarixdir, sabah naməlum. Bu gün isə bizə bəxş olunan möcüzədir. Elə isə nə keçmişə, nə də gələcəyə uçan bir məktub olmağa nə ehtiyac var?
Bəli, mən nə keçmişin, nə də gələcəyin məktubu olmaq istəməzdim. Mən geriyə dönüb xətalarımı düzəltmək, öz keçmişimlə söhbət etmək istəməzdim. Mən sabaha da, 20-30 il sonraya da getmək istəməzdim. Mən tarixin tozlu, gələcəyin naməlum bir parça məktubu olmaq istəməzdim. Bu günün məktubu olardım mən.
Susan vicdanların məktubu.
Ağlayan gözlərin, yaralı ürəklərin, donuq təbəssümlərin məktubu olmaq istərdim. Həyatı axarında yaşayıb nə keçmiş üçün əzab çəkməyi, nə də gələcək üçün xəyal qurmağı istərdim açığı. Əvvələ qayıdıb xoşbəxt olduğum anları görüb bu günə qayıtsam, keçmişin məni daha çox incidəcəyinə əminəm. Həmçinin, gələcəyə gedib daha düzgün əqidəli, şəxsiyyətinin altını mərhəmət və sevgi ilə dolduran insanlarla dolu, inkişafın zirvəsində mənəviyyatlı bir cəmiyyət əvəzinə, hələ də şiddətə, soyqırım və müharibələrə göz yuman, haqsızlığı göz ardına vuran cəmiyyəti görüb özümü nə qədər pis hiss edəcəyimi də bildiyimdən, mən bu günün məktubu olardım.
Mən düşüncələrdən qəlbi sıxışmayan, gözünə yuxu getməyən birinin məktubu əvəzinə gözləri ilə təbəssüm edən, mərhəməti ilə işıq saçan və hər bu günün sonunda vicdanı ilə utanmadan üzləşən bir gəncin məktubu olardım.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Aida İmanquliyevanın ictimai elmşünaslıqda gender və etik baxışları
“Ədəbiyyat və incəsənət” portalı AMEA FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, Professor Rəna Mirzəzadənin Aida xanım İmanquliyevadan bəhs edən “Aida İmanquliyevanın ictimai elmşünaslıqda gender və etik baxışları” məqaləsini təqdim edir.
XX əsr Azərbaycan ictimai elmində xüsusi çəkisi, dəyərli əsərləri ilə öz yeri və rolu olan professor Aida İmamquliyeva araşdırmalarının vacib əhəmiyyəti vardır. Aida İmamquliyevanın əsas tədqiqat predmeti olan ərəb muhacir ədəbiyyatının nümayəndələri öz fikir və yanaşmalarında bir Şərqli olaraq, həm də Qərb dünyası düşüncəsi ilə bağlıdırlar.
Aida İmanquliyeva tədqiqatlarında milli mənəvi dəyərlər sistemi bəşəriliklə verilərək, mədəniyyətlər və sivilizasiyalararası problemlərin oxşar və fərqlilikləri multikultural vəhdətdə elmi təhlilə gətirilmişdir. Belə təhlil məhz nəzəriyyədir, həm də bu nəzəriyyədə bir fəlsəfi sistemlilik var. A.İmanquliyeva, öz araşdırmalarında sosio-mədənilik ilə ədəbiyyatşunaslığın əlaqəsində məhz Şərq və Qərb komparativistikasının fəlsəfi nəzəriyyəsini yaradır. Bu da müasir elmi yanaşmalarda multidissiplinar tədqiqatlardır kimi xarakterizə olunur.
Bu baxımdan Aida İmanquliyeva fəlsəfəsində diqqəti cəlb edən xüsusi bir məqam da nəzəri məsələlərlə bahəm, sosio-bədii komparativistika zəmnində Qadın Hüquqları probleminə də nəzər yetirməsidir. Aida İmanquliyevanın Şərq və Qərb düşüncəsini, Dövrün və Zamanın diqtə etdiyi həyat təcrübəsinin xüsusiyyətlərini təhlil etməklə, apardığı müqayisələr Azərbaycanda genderşünaslıq elminin dünya qadın tarixi kontekstində olan tədqiqatlar üçün də vacib əhəmiyyət göstəricisidir.
Bu nöqteyi-nəzərdən də A. İmanquliyeva C.Cübranın “Banlı Marta”, “”Hanili Varda”, “Qırılmış Qanadlar” hekayələri, Ər-Reyhaninin “Nohur Zanbağı”, “Hərəmxana divarlarından kənarda, yaxud Cihan” povestində, “Belə bir gündə cəhənnəm də yaxşıdır” kimi əsərlərində qoyulan süjetlərə əsasən qadın hüququ məsələsini geniş təhlil etmişdir.
Qeyd etmək istərdim ki, məhz XX əsr Azərbaycan ictimai elmində sosio-mədəni və ədəbi istiqamətdə qadın hüquqları məsələsini yeni ərəb ədəbi nümayəndələrinin fikirlərinə rəğmən İlk dəfə Aida İmanquliyeva elmi təhlilə gətirmişdir. Adları çəkilən əsərlərdə müəllifin elmi, nəzəri tutumlu açıqlamaları, informasiya baxımından təhlillərində yenilik, problemin aktuallığı aspektindən isə məsələyə fəlsəfi-ədəbi yanaşmasını görürük. Belə bir düşüncə meyarından qadın hüquqlarına fəlsəfi sistemli baxış tərzi isə diqqətçəkən elmi sanbala malikdir.
Nəzərə yetirək ki, dövr o dövr idi ki, Avropa artıq gender tədqiqatları ilə ictimai-siyasi elmdə yeni bir istiqamət kimi modern baxış tərzində yeni araşdırmalara rəvac vermişdi. Belə bir Zamanda Aida İmanquliyevanın XX əsrdə Qərb elmi mühiti ilə səsləşən fikirləri müəllifin Azərbaycan sosiomədəni genderşunaslıq elm tarixinə imza atan İlklərdən biri olduğu göstəricisidir.
Tədqiqatçı Alim yeni ərəb mühacir ədəbi məktəbinin müasir korifeyləri nümunəsində təhlil aparanda yaşadığı zamanın sosiosiyasi strukturu ilə çox yaxşı tanış idi. O, qadın hüququ, qadın azadlığı, cəmiyyətdə kişi-qadın münasibətləri – yəni Gender faktoruna Şərq və Qərb mətnində paralellər aparmaqla qadını mənəvi-ideoloji buxovlardan azad edə biləcək məqamları C.X.Cübran və Əmin-ər-Reyhani motiviasiyasında təsvir edirdi.
A.İmanquliyeva bu əsərlərdə nə açıqlayırdı? O, bu təhlillərdə məhz qadın düşüncəsini, qadın azadlığını önə çəkirdi. A.İmanquliyeva açıqlayaraq göstərir ki: “Yazıçı (C.Cubran) şərq qadının azadlığı mövzusuna müraciət edir və onu sosial-ictimai səpkidə deyil, yalnız ailə münasibətləri planında qadınların hisslərinin və hüquqlarının müdafiəsi baxımından şərh edir. Qadın azadlığı probleminə bu cür yanaşma ərəb maarifçiləri, xüsusilə millətin dirçəlişinin, tərəqqi uğrunda mübarizənin, qadının həyat şəraitinin dəyişdirilməsi, ailənin mütərəqqi əsaslar üzərində qurulması ilə başlamalıdır”.(2;75)
Aida İmanquliyeva göstərir ki: “Banlı Marta” və “Hanili Varda” hekayələrində C.Cübran digər ərəb maarifci-yazıçıları kimi ilk növbədə məhəbbət mövsusunu önə çəkir: “Ərəb Şərqi üçün o illərdə qadın məsələsi Avropada olduğu kimi hələ siyasi hüquqlara dair məsələ deyil, ailə və nigah, qadını sevmək və xoşbəxt olmaq hüququ məsələsi idi, ədəbiyyat göstərməli idi ki, qadın da “sevməyi bacarır” (2;76).
Aida İmanquliyeva təhlilərinin tapıntısında nə görürük? Bu görüntüdə Şərq qadınının mübarizliyi təsvirində qadının nə qədər əzilsə də, öz daxili üsyanı ilə, öz daxili sözü ilə Qərbdə o zaman tüğyan edən feminizm işartılarının əlaməti inikas olunur. O, C.Cübrana istinad edərək göstərir: “Ey, bu cinayətkar dünya arxasında gizlənən gözə görünməz Ədalət! Sən... sən mənim qəlbimin fəryadını, ürəyimin harayını eşidirsən” Bu çağırışa A.İmanquliyeva münasibət bildirərək yazır ki: “bu əlbəttə ki, əxlaqsızlıq etməyə məcbur olmuş savadsız kəndli qadının nitqi kimi qəbul edilmir, bu sözlərdə alçaldılmış qadına qarşı sentimental mərhəmət hissi ilə dolu olan müəlliffin özünün səsi eşidilir” (2;77).
Biz bu araşdırmamızı müasir Azərbaycanın digər tədqiqatcı alimi Nərgiz Paşayevanın fikirləri ilə paralelləşdirək. Nərgiz Paşayeva 2011-ci il Bakı Humanitar Forumunda çıxışında söylədiyi kimi: “Dünya daha çox inkişaf etdikcə, hər bir fərd özünü daha çox müstəqil şəxsiyyət kimi dərk edir. Və bir fərdin maraqları ilə ümumi maraqlar arasında qarşıdurma yaranır... Müasir dövrün mürəkkəblikləri unudulmuş haqqı-ədalət ideyaları ilə bağlıdır. Onlar haqq-ədalətin özündən yox, onun şərhindən asılı olmağa başladılar”.Məhz bu məqamda Nərgiz Paşayeva fəlsəfi məntiqi Aida İmanquliyeva fəlsəfi düşüncələri ilə “ƏDALƏT” formulunda paralelləşir.
Nərgiz Paşayeva Fits Cerald Skottun bir məqaləsində yazdığı dahiyanə fikrinə müraciət edərək göstərir ki: “Çoxdan anlamaq lazımdır ki, bu dünyada hər şey ümidsizdir, ancaq onu dəyişmək üçün qətiyyəti itirməmək lazımdır” (4).
Qeyd olunan qadın hüquqları, qadın azadlığı, multikultural fərqlilik kimi fikirlərə isə Ədalət fonunda Akademik Akif Əlizadə məhz “müasir cəmiyyətdə elmin, təhsilin rolunun zəruriliyinin əsas olduğunu qeyd edir” (3).
Bu nöqteyi nəzərdən Aida İmanquliyeva C.Cubranın “Qırılmış qanadlar” povestini təhlil edərkən də, gender stereotiplərini açmaqla yazır ki: “Hekayəçi öz izharında, ictimai, sosial problemlərə toxunmur. Onu başlıca olaraq, mənəviyyatın, fəlsəfənin problemləri, qəlbin və ruhun həyatı maraqlandırır. Onun dini klerikal movzuda və qadının ailədə rolu mövzusunda düşüncələri istisna təçkil edir” (2;79) və fikrini də C.Cubrandan daha bir nümunə ilə göstərir...” görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır, bu, kişi və qadın arasında tam anlaşmadır” (2;79). Bax bu tam gender fəlsəfəsidir. Bu gender multikulturallığıdır. Bu tapıntı isə Aida İmanquliyevaya məxsusdur.
A.İmaquliyeva fəlsəfəsində “sentimentalizm metodunun həm Qərbi Avropa, həm də rus ədəbiyyatında – S.Ricardson, L.Stern, J.J.Russo, N.Karamzinin əsərlərində əsas səciyyəvi xüsusiyyətlərindən biri məişətə, əşyalar aləminə və gündəlik həyatın təfərrüatına olan maraqdır. Məsələn, N.Karamzin Erastın bir stəkan süd xahiş edərkən Lizanın davranışını təsvir edir” (2;8) kimi fikirləri də məhz Qərb – Şərq multikulturallığı məişət tərzinin müqayisəli təhlillərdir. Aida İmanquliyeva gender rollarını xarakterizə edərək: “Səlma obrazı ilə onun psixoloji durum və yaşantılarına uyğun olan və əsrin yumşaq lirizmini nəzərə çarpdıran mənzərə təsvirlərinə yetirilən diqqət və sentimentalizm metoduna cavab verir “deyə yazır.(2;80)
Aida İmanquliyevanın araşdırması gender stereotipləri və qadın diskriminasiyası nöqteyi nəzərindən də Azərbaycan genderşunaslıqı üçün qiymətli bir vəsaitdir. A.İmanquliyeva məntiqincə: “Cubran ərəb ədəbiyyatında romantik metodun inkişafını qabaqlamaqla yanaşı, o, daha iki mühüm mövzunu – qadın və antiklerikal mövzunu da öz adına yazdırdı. Qadın azadlığı mövzusu povestdə sadəcə bir qadının şəxsi dramı çərçivəsindən çıxaraq, özünün daha geniş şərhini tapır... qadının taleyini sosial-hüquqi aspektdə deyil, yalnız ailə, nigah münasibətləri hüdudlarında təhlil edir. Yazıçı gələcəkdə qadının cəmiyyətdə layiqli yer tutacağına inanır”. (2;83)
A.İmanquliyeva göstərir ki, “Qadında gözəlliklə təhsilin zərifliklə xeyirxahlığın, bədənin zəifliyi ilə ruhun gücünün, birləşdiyi gün gələcəkmi? Mən hesab edirəm ki, mənəvi tərəqqi bəşəriyyətin yoludur, onun kamilliyə yaxınlaşması ləng olsa da, labud prosesdir”. (2;84)
Biz bu “qadının cəmiyyətdə layiqli yer tutacağına” fikrini günümüzün aktuallığında “Gender bərabərliyi” adandırırıq. Bu məhz A.İmanquliyeva fəlsəfi gender düşüncəsidir.
A.İmanquliyeva bütün cəmiyyətlər üçün aktual bir sosial problem olan nigah məsələsinə də münasibət bildirir. O qeyd edir ki, C.Cübran nigah probleminə toxunaraq, yazır: “Bizim zəmanəmizdə nigah gənc insanlarla qızların ataları arasında gülüş və göz yaşı doğuran sövdələşmədir. Birincilər bir qayda olaraq udur, ikincilər həmişə itirirlər. Qızlarını satlıq mal kimi əldən-ələ ötürürlər”. Bu məsələlər bu günün prizmasından “Erkən nigah” adlanır. SİZ, Aida Xanım, qadın hüququ, qadın azadlığı, erkən nigah, multikulturallıq, gender münasibətləri kimi XXI əsrin aktual mövzularını necə dəqiqlik, necə sistemli təhlilə gətirmisiniz və burada da bir təhqiqatcı kimi Sizin fəlsəfi düşüncələrinizlə Dünəndən Bu günümüzə gələn elmi Yola bir daha nəzər salaq... Aida İmanquliyevaya görə: “Cubran məzlum qadını məzlum millətə, onun əzabı, hüquqsuzluğu və rüsvayçılığını millətin əzabı, hüquqsuzluğu və rüsvayşılığı ilə bərabər tutur: “Məgər bu qadın bu məzlum milləti təcəssüm etdirmirmi? Məgər ruhunun çırpintiları və cisminin əzabları ilə üzülmüş qadın öz ağaları və din xadimləri tərəfindən əldən salınmış bir millətə bənzəmirmi?” (2;84) Məhz bu fikirlər gender multikulturallığını əks etdirir?
“Qırılmış qanadlar” adlı C.Cubranın povestini təhlil edən A.İmanquliyevaya görə “Şərq qadının asılı vəziyyətinin pislənməsi, klerikalizmin, zadəgan nümayəndələrinin pozğun həyat tərzinin ifşa edilməsi və əsərdə toxunulan digər aktual problemlər həm obyektiv olaraq əsərə müəyyən dərəcədə sosial kəskinlik verir, həm də yazıçının müasir həyatla əlaqəsini aşkara çıxarır”. (2;84) Beləliklə, A. İmanquliyeva fəlsəfəsi C.Cübranın əsərləri nəticəsində onun maarifçi humanizm və sentimentalizm motivlərini birləşdirdiyini göstərir. (2;85)
Aida İmanquliyeva ƏR-Reyhaninin də yaradıcılığında pozitiv ideyaları izləyərək, öz dərin mülahizələri ilə “maarifçiliyin ən başlıca mövzularından birinin - Şərq qadınının əsrlər boyu məruz qaldığı əsarətdən azad edilməsi movzusuna da” (2;175) toxunmuşdur. Aida İmanquliyeva qeyd edir ki; ƏR-Reyhani qadın azadlığı mövzusuna “Nohur zanbağı” povestində ilk müraciət etmişdir. ƏR-Reyhaninin “Hərəmxana divarlarından kənarda, yaxud Cihan” povestində “başlıca ideya qadının onu şəxsiyyət kimi alcaldan, fəaliyyətini tapdalayan zehniyyət və mövhümatın hakimiyyətindən azad olması uğrunda mübarizəsidir”. (2;175) Söyləyən Aida İmanquliyeva Azərbaycan ictimai elmində qadın hüquqları üzrə yazan ilklər sırasında ilkdir fikirlərinə müraciət edək: A.İmanquliyeva: “Cihan ətrafındakı bütün insanların fövqunə yüksələn, güclü hiss və ehtirasa malik, tənha, hamıdan uzaqlaşmış, borc və məhəbbət, qisas və vətənpərvərlik hissləri arasındakı daxili ziddiyyətlər içində əzab çəkən müstəsna qadın surətidir. Cihanın bütün davranışlarının əsas fəaliyyət motivi – azadlığa can atmadır. Bu fəlsəfədə Qadın, gender rolları, əri digər millətdən (alman) olan Cihanın xarakterinin təsvirində dünyanın bu gün aktual məsələsi olan multikulturallıq faktoru durur. A.İmanquliyeva göstərir: “Cihanda hər şey qeyri adi gözəllik, yüksək əsl nəcabət, cəmiyyətdə tam müstəqil mövqe (Bu gender bərabərliyi anlamıdır – R.M) zənginlik, çox yaxşı təhsil, təbiətin bənzərsizliyi, böyük iradə güvvəsi, qətiyyət və cəsarət onu qalan insanlardan kəskin şəkildə fərqləndirir”. (2;176) Bu fəlsəfədə XX əsr fransız filosof və ilk genderşunaslardan olan Simona de Bovuarın “Mən qadınam” bəyanatı ilə öz mənsubiyyətinə böyük hörməti yada düşür.
A.İmanquliyeva vurğulayır ki: “ƏR-Reyhaninin povestinin qadın qəhrəmanı qadın azadlığı uğrunda mübarizə aparır, “ictimai” fəaliyyətlə məşğul olur, məqalələr yazır, jurnalarda dərc olunur, Nitşeni tərcümə edir – lakin bütün bunlar onun həyatına, əhatəsinə, insani əlaqələrinə təsir göstərmir – o həmişə tənhadır”. (2;177). “Yazıçı Valenşteyni (Cihanın əri – R.M) təsadüfən Nitşe fəlsəfəsinin davamçısı kimi təqdim etmir, belə ki, o dövrdə Şərqdə Nitşenin nəzəriyyəsi geniş şöhrət qazanmışdı. Ərəb ziyalılarının bir çox nümayəndələri belə hesab edirdi ki, vətənin başına gələn bütün bəlalar, xalqın kifayət qədər fəallığa malik olmamasından irəli gəlir”. (2;180) Aida İmanquliyeva ictimai – siyasi görüşləri XX əsrdən SANKİ hazırki Ərəb dünyasına yönələn bir baxışdır. Məhz belə fikirlər uzaqgörən Alim təfəkkürü, qadın məsələsindən yazan bir Alim Qadının cəmiyyətə, Qərb dünyası prizmasında Şərqə söykənən fəlsəfəsidir. Bu fikirlər bir Alim düşüncəsi ilə bahəm çoxmədəniyyətlilik-multikulturallıq təsvirində həm də Gender meyarıdır.
Digər məqamlara diqqət edəndə görürük ki, Aida İmanquliyeva tətqiqatında qadın məsələsi ilə əlaqəli nəinki qadın fərdiyyəti, azadlığı, hüququ, həmçinin gender stereotipleri nöqteyi nəzərindən də münasibətlər, açıqlamalar yetərincədir. A.İmanquliyeva yazır: “Çadra örtməyə borclu olan müsəlman qadının Avropada “fransız dayənin əllərində” böyüməsini, Avropa dillərinə və xüsusilə, Nitse fəlsəfəsi ilə tanışlığın da daxil olduğu, yaxşı təhsilə yiyələnməsini də mühüm obyektiv “şərt” hesab etmək olar. Belə bir müstəsna şəxsiyyət “sərt adət və ənənələr” içində yanaşmağa məcburdur. Onun təbiətinin ikiləşməsi buradan-vətənə məhəbbətdən və onun geriliyinə, cəhalətinə qarşı etirazdan irəli gəlir” (2;181) Bu fikirlər də A.İmanquliyeva fəlsəfi baxışlarıdır.
A.A.Dolinina hesab edir ki, müəllif təsadüfən bütün şərq qadınları arasında məhz türk qadınını qadın hüquqlarının müdafiəçisi kimi təqdim etməyib. Bu həm də real gerçəkliyə cavab verir, belə ki, o zaman başqa müsəlman ölkələrin qadınları ilə müqayisədə türk qadınları daha əlverişli şəraitdə yaşayırdılar” (5; 18) Məhz öz təhlilində A.Dolininadan misal çəkən A. İmanquliyeva azadlıq anlayışının da açmasını verir. O yazır ki, “Azadlıq anlayışı azad şəxsiyyət və müstəmləkə zülmündən azad olma ideyasını özündə birləşdirir” (2;181)
A.İmanquliyeva yaradıcılığını izləyərkən çoxçalarlı gender fəlsəfi məhfumları içrə çoxsaylı multikulturalizm terminlərinə, yeni ifadə tərzinə, qadın hüquqları kontekstində yeni anlayış açımlarına da rast gəlinir. Belə ki, misal üçün “Cihanın kişi və qadın arasındakı qarşılıqlı münasibətləri” (2;182)və yaxud “Şərq qadının zəkasının və qəlbinin oyandığı günə, onun qəlbini, dirçəlməkdə olan bütün millətin qəlbini öz nuru ilə dolduran şəfəqə eşq olsun”(2;185) nümunələrini göstərə bilərik. Bu nöqtədə böyük Hüseyn Cavid fəlsəfəsi də yada düşür. H. Cavid “Uçurum” əsərində Şərq-Qərb münasibətlərinə toxunaraq yazmışdır: “Avropada işıq da var, zülmət də” (6; 114) Bu paralellərdə isə A. İmanquliyeva təhlillərində olan işıq və Şərq Qadınının bu günkü yolu vardır.
Məhz A.İmnaquliyeva fəlsəfəsində insanlığa, xüsusuən də qadınlığa münasibət, qadın hüquqları mətnində etik normalar vardır. Öz dövrünün ictimai tərzini yaxşı bilən bir tədqiqatçı Alim kimi təhlilində isə müqəddəs Kitabımız Qurani Kərimdən olan bir nümunə ilə fikrimizi əsalandıraq: “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da (kişilər) üzərində hüquqları vardır.” (7; 228)
Qeyd edək ki, bir məqalə ilə Böyük Qadın Alim, filosof – filoloq, dərin məntiqli tədqiqatçı Aida İmanquliyeva araşdırmaları Okeanından yalnız bir damla göstərə bildik. Əsrlərlə A.İmanquliyevanın qadın hüquqları ilə bağlı araşdırması Ulu Şərq kontekstindən Modern Qərbə bir Körpü olacaqdır. Aida Xanımın irəli sürdüyü ümumi müddəalar, orijinal düşüncə tərzi, Alimin romantizimlə vəhdətdə fəlsəfi mətnli baxışlarıdır, yazdığı və izlədiyi mənəvi meyarlar, prinsiplər milli sosio-ədəbi prosesin də bu kimi elmi-metodoloji kontekstdə bu günkü, hətta gələcək tədqiqatlar üçün belə geniş fəlsəfi məna daşıyır və sistemli təhlil imkanı yaradır. A. İmanquliyevanın müqayisəli araşdırmaları və onların sosiofəlsəfi, ictimai-ədəbi dəyəri Azərbaycan romantizminin dünya romantizmi vəhdətində oxºarlılıqlar və fərqliliklər zəminin də də bir baza məktəbidir. Məhz bu kontekstdə fikrimizdə Ölkənin Birinci Xanımı Mehriban Əliyevanın söylədiyi fikirlə yekunlaşdıraq: “Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq qadınlar demək olar ki, bütün cəmiyyətlərdə dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Hazırda dünya öz inkişafını elə bir dövrünə dəqəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin, yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asılıdır” (6;162)
Ədəbiyyat siyahısı:
1. Mehriban Əliyeva “Tərəqqi və Yüksəliş yolları ilə” I cild, Bakı,2014
2. A. İmanquliyeva “Yeni Ərəb Ədəbiyyatı korifeyləri”, Bakı, Elm 2003.
3. A.Alizadə Bakı Humanitar forumu çıxışından. Bax: http://www.bakuforum.orq./summary2013/
4. H.Paşayeva. Bakı Humanitar Forumunda çıxışı. Bax: www.bakuforum.orq/main - page - Forum 2011/stenoqrama/multicu
5. Долинина А.А. Предисловие-В кн. Арабская романтическая проза XIX-XX dtrjd, c.18
6. Rəna Mirzəzadə “Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda” B,2013.
7. Qurani-Kərim,B,1993
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
BİR DİREKTOR VƏ BİR MƏKTƏBLİdə 39 nömrəli məktəbdən növbəti şagird: Rəsul Əsgərov
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
Vəd etdiyimiz kimi, hər məktəbdən 4 şagird təqdim edəcəyik. Bu gün 39 nömrəli məktəbin 2-ci şagirdi təqdim ediləcək.
DİREKTOR
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 39 nömrəli məktəbin direktoru Milli Qəhrəman Şahlar Şükürovun bacısı- Tahirə Şükürovadır. O, 09.09.1961-ci ilə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 01.09.1984-cü ildə Zülfüqarlı kənd orta məktəbində İngilis dili müəllimi və direktor müavini işləyib. 1993-cu ildən Kəlbəcər rayonu 17 nömrəli məktəbdə direktor müavini, 1996-cı ildən Bakı şəhəri 47 nömrəli məktəbdə İngilis dili müəllimi və direktor müavini kimi fəaliyyət göstərib. 2011-ci ildən isə 39 nömrəli məktəbdə direktor vəzifəsində çalışır. Tahirə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür.
Daxili dünyasının zənginliyinə görə müəllim, şagird və valideynlərin rəğbətini qazanıb.
ŞAGİRD
Mən Əsgərov Rəsul,
2010-cu ilin 7 mart tarixində Bakı şəhərində dünyaya göz açmışam.
Nərimanov rayonu 39 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm.
Mənim ədəbiyyata sevgim ilk öncə vətənə olan sevgimdən başladı. Sonradan özümdə şeir, inşa yazmaq kimi bacarığın olduğunu görüb daha da Ədəbiyyata qəlbdən bağlandım. Gələcəkdə özümü hüquqşünas kimi görmək istərdim və təbii ki, yaradıcı kimi də sevilmək arzusundayam.
Bu isə mənim yazılarımdan biridir.
ZƏFƏR GÜNÜ
Zəfər qazandığımız gün bizim üçün əvəzolunmaz bir gündür. Bu günü bizə bəxş edən qəhrəman oğullarımızın hünərini sözlə ifadə etmək isə çox çətindir. 30 illik bir həsrətimiz vardı. Yad əllərdə qalan doğma Qarabağımızı azad görmək hər birimiz üçün sonsuz bir istək idi.
Mənfur düşmənin hücumları nəticəsində çox bəlalar gördük; çoxlu sayda körpə, uşaq, gənc, qoca həyatını itirdi. Qanı yerdə qalan igidlərimizin ruhu bizi narahat edirdi. Nə gecəmiz, nə də gündüzümüz var idi.
Nəhayət vaxt gəldi. Düşmənə layiqli dərs vermək zamanı idi. 2020-ci il 27 sentyabrda şanlı ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında döyüşə başladı. 44 gün çəkdi bu müharibə. 44 günə yazıldı bu şanlı tarix. Cəsur oğullarımız Vətənə "Ana" deyib döyüşə atıldılar. O günü biz yenidən doğulduq. Yenidən var olduq, bir olduq.
Bu gün Qənimətlər parkına baxsaq, tarixin izlərini görərik. Düşmənə qan uddurdu cəsur ordumuz. Dəmir yumruq kimi birləşən ordumuzun, xalqımızın gücünü bütün dünya gördü. Budur şanlı ordu, budur qələbə. Biz bu günümüz üçün şəhid oğullarımıza, onları böyüdən ana-atalara borcluyuq. Yurdumuzu azad görmək, torpaqlarımızı bütöv görmək bizim üçün əsl xoşbəxtlikdir.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik, əzmlə vuruşan cəsarətli igidlərimizə: " Vətənin havası, suyu sizə halal olsun"- söyləyirik.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Dərviş Təbrizlidən “Soruş” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Dərviş Təbrizlinin şeirlərini təqdim etməkdədir.
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının yazarı və baş yazarıdır.
Bu gün şairin “Soruş” şeirini təqdim edirik.
SORUŞ
Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,
Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.
İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,
Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.
Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,
Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.
Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,
İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.
Sən gedən gündən məni görcək pıçıldar qonşular,
Halımı pıç-pıçların içrə qulaqlardan soruş.
Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,
Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.
Eşqi biz döndərmişik indi ögeylik eşqinə,
Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.
Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,
Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.
Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,
Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Sumqayıt Poeziya Evində şəhərin yazarları mədəniyyət idarəsinin yeni rəisi ilə görüşüblər
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Ə. Kərim adına Poeziya klubunun birgə təşkilatçılığı ilə Abşeron - Xızı Regonal Mədəniyyət idarəsinin rəisi Fərid Qurbanzadə ilə Sumqayıtda yaşayan AYB üzvülərinin görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsi yad edilib.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri açaraq Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən bu görüşün əhəmiyyətindən söz edib, bildirib ki, Ulu öndər xalqın oyanışını məhz onun ədəbiyyatının, mədəniyyətinin inkişafında görürdü və bu sahələrin inkişafına böyük önəm verirdi.
Abşeron - Xızı Regional Mədəniyyət idarəsinin rəisi Fərid Qurbanzadə Heydər Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün gördüyü işlərdən danışıb, "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda qaldırılan məsələlərin sıx birlik, bərabərlik şəraitində və tez bir zamanda çözülə biləcəyindən bəhs edib, Sumqayıtın söz adamları ilə görüşün nəticələrinin uğurlu olacağından tam əminliyini bildirib.
Ə.Kərim adına Poeziya klubunun direktoru, AYB Poeziya seksiyasının rəhbəri İbrahim İlyası Sumqayıtda çox gözəl ədəbi və mədəni mühitin olduğunu söyləyərək, "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda qaldırılan məsələlərdən söz açıb, onların uğurlu həllinə inamını bildirib.
Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Süleyman Hüseynov, Zakir Zahir, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Xatirə Fərəcli, Hümbət Quliyev, Natiq Qubadoğlu, Nazir Rüstəm, Xan Rəsuloğlu, Elşad Xaqan Davudoğlu, Ümid Abbas Nihani, Gülnar Ümid öz çıxışlarında belə görüşlərin vacib və təqdirəlayiq olduğunu söyləyiblər, şairlər öz yeni şeirlərini oxuyiblar.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirdə iştirak edən hər kəsə təşəkkür edib və kollektiv foto çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
BİRİ İKİSİNDƏ – Əli Çağlanın “Liman” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə yenə söz Nəsrə verilir, Təbrizdə yaşayan soydaşımız Əli Çağlanın “Liman” hekayəsi təqdim edilir.
Yeri gəlmişkən, Əli Çağla həm də bizim portalımızın Güney Azərbaycan təmsilçisidir.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!..
Xəlil Rza Ulutük
Uzaqdan azan səsi eşidilirdi. "Bir neçə dəqiqədən sonra Təbrizin xiyabanlarında olan işıq dirəklərinin hamısının işığı bir göz qırpımında söndürüləcək. Qızım, qaranlıqdan qorxmadın? Sonra kimsə qayışını bağlaya-bağlaya evdən küçəyə atılıb yerə tüpürəcək. Qızımı sənə tapşırıram, İlahi! Bələdiyyə işçilərinin süpürgəsinin səsini avtomobillərin uğultusu batıracaq. Qızım ağıllıdır, bilirəm. Hansısa əsgər çiynində özündən böyük çantası ilə yorğun ayaqlarına təpilmiş məcburi botularını tappıldada-tappıldada kazarmaya geri dönəcək. O gün qızım hara qaçırdı? Kimsə ərini işə getmək üçün oyatdığı zaman, evləndiklərindən bəri it kimi boğuşsalar da, onun gecədən öldüyünü sezdikdən sonra hay qopararaq başına döyüb qonşuları şirin yuxusundan eləyəcəkdir. Qızım, gecəni şirin yata bildinmi? Sonra şəhəri günəşin işığı bürüyəcək, ölü daşıyan avtomobilin sürücüsü mürgülədiyi anda tibb bacısı zəng edib o kişinin cəsədini aparmaq üçün ünvanını təkrarlayacaq. Qızım, harda yatdın bu gecəni? Bir neçə Adəm də gecələr Həvvanın yuxusunu görüb sayaqladıqdan sonra gözünün içini ova-ova çörək növbəsində dayanacaq. Qızım, ac deyilsən? Kimsə tələsə-tələsə bankdan növbə alıb ac-susuzcasına bank işçisinin yuxudan oyanıb iş başına dönməyini gözləyəcək. Qızım, pulun yox idi, anan ölsün, qızım..." – deyərək polis idarəsinin kamerasının soyuq kafelinin üzərində uzanıb şəhərdəki özgür insanları fikirləşirdi. Kameranın qapısının cüyültü səsi qulağının içinə girmək istəyən milçək kimi vızıldamağa başladı. Məhbus qadın diskinib yerindən qalxdı. Uzandığı yerdən boylanıb, kor adamlar kimi tor pəncərəyə baxıb gözlərini qırpdı. Hələ gün təpələrin arxasında gizləndiyinə əmin idi.
"Əşhədü ənnə la ilahə illa Allah" – səsini uzaqdan yel gətirmirdi, polis idarəsinin həyətinin o tayında yerləşən məscidin audio lentindən qalxan səs idi. Qapını açıb içəri keçən agent qadının üzü aydın görünmürdü. Yerdə uzanan məhbus qadın ayağa qalxmağa çalışsa da, gecədən gömgöy göyərən yaraları ağrımağa başladı. Anidən beyninə “Nə çətindir! Bir var, insan vurularkən gözləri açıq olub haradan dəyiləcək zərbənin yerini bədənində qısmağa çalışsın, bir var, qapalı gözləri ilə birdən-birə bədəninin naməlum yerinə zərbə vurulsun! Görünən zərbəni işgəncə, görünməyən zərbəni cinayət adlandırmaq olar!..” fikri gəldi.
Ancaq qadın bir şeyi bilmirdi. O da zərbə vuranın əllərinin məsələsi idi. Əslində, şillə yeyən şəxsin təkcə üzü deyil, şillə vuranın əllərinin içi də onun üzü qədər ağrıyır. Bunu işgəncə verən şəxs hamıdan daha yaxşı anlayır, amma üzə vurmur.
Qara çarşablı agent qadın boğuq səsi ilə yerdə uzanan məhbus qadını ayağa qaldırmağa çalışdı. Çarşabının altından qandalı çıxarıb yuxulu məhbus qadının qoluna bağladı. Çarşablı agent qadının sağ qolundakı qızıl bilərziklər bir-birinə toxunaraq səs salırdılar, sarı qızıllar qaranlığın bağrını yararaq gözə girirdilər, qızıldan bir az üstdə, paltarının iki qolunda isə par-par parıldayan içi boş iki sarı ulduz isə agent qadının qızıllarına tay parıldasa da, qızıldan deyildi, amma agent qadının onlara qızıldan daha çox dəyər verdiyi məlum idi. Məhbus qadının heç zaman taxa bilmədiyi qızıl, bəzək əşyaları yadına düşdü. İnsan bir işi görməyirsə, bir şeyi təcrübə etməyirsə, o görmədiyi iş necə yadına düşə bilər?
Çarşablı agent qadın "Qorxma, qızım, səni həkimə aparıram, gecə səni çox əziyyət eləyiblər, bədənin zəifləməyə başlayıb. Bir ağrıkəsici iynəsi vurandan sonra rahat olacaqsan" – deyib məhbus qadını razı salmağa çalışsa da, məhbus qadın iki şey fikirləşdi. “Ya məni asmağa aparırlar, ya da həqiqətən, xəstəyəm. Axı dünən kamera çox soyuq idi. Hə, ümid hər şeydən yaxşıdır, məni bu agent qadın həkimin yanına aparır” – deyərək düşünürdü.
Dərd insanı boğduğu zaman, insan olanları unutmağa məcbur olur. Bu iki gündə məhbus qadına verilən işgəncələrə görə niyə, necə xəstələndiyini özü də anlaya bilmirdi.
Addımlarını birgə atan iki qadın xəlvət zalın bir başından gəlirdilər. Agent qadının yeridiyi anda qara çarşabı havada fırlanıb özü zənn etdiyi azadlıq bayrağı kimi dalğalanırdı.
Səkkiz yaşlı qızını özü böyüdürdü. Lənətə gəlmiş narkoman əri gecələr evə gələndən sonra onu cəlladlar kimi döydüyündən bezar olandan sonra işləri məhkəməyə çəkib boşanmışdılar. Qızını məktəb qabağında gözləyəndən sonra məktəbin son zəngi vuruldu. Məktəbin həyət darvazasının ağzında dayanmış qadın, qızını məktəb uşaqlarının hamısının bir geyindiyi paltarların arasında tanıyıb əl elədi. Uşaqların hamısı çığıra-çığıra atalarının qucağına qaçırdılar, amma qadının kiçik qızı məyuscasına ağır addımlarlla anasına tərəf yeriyirdi. Anası onun kövrək olduğunu düşünüb, qucağını açıb qızını səslədi. Nə adı ilə səslədi? Nə fərqi var, boş ver, onsuz da bu ölkədə yaşayan qızların adının dəyəri yoxdur, hamısı qızdır, hamısı sabah böyüyəndən sonra döş çıxardacaq, qırmızı pomada vuracaq, açıq-saçıq paltar geyinib gəzəcəklər. Onları azadlıq xiyabanında dustaq etdikləri anda o səhnəyə şahid olan bığlı kişilər evlərinə dönüb, ayaqlarını uzadıb çay içdikləri zaman qadınlarına “Bir neçə qızı açıq-saçıq gəzərkən dustaq etdilər” deyib çaylarının soyumamasına tələsərək qurta-qurtla içəcəklər.
Ana ilə bala qucaqlaşdıqdan sonra kiçik qız başındakı yaylığı çıxardıb anasına verdi. Qadın yaylığı özü götürdüyü çantanın içinə qoydu.
– Ana, Bəyani müəllimə sprey almağımızı istədi. Dedi, sabah məktəb həyətinin divarında rəsm çəkəcəyik.
– Gedib alarıq qızım, nigaran qalma.
Qadının yannda pul az olsa da, qızının könlünə toxunmağa dəyməzdi. “Olsun, bu gün taksi pulumuz olmasa da, evə piyada gedərik” – deyə fikirləşdi. Məktəbin yan xiyabanındakı qələm-dəftər satılan dükana keçib qara rəngdə iki sprey alıb qızının çəhrayı çantasına qoydu.
Onlar xiyabandan keçdikləri anda qızı uzun bir dəmirin üstündə dalğalanan İran bayrağını göstərdi:
– Ana... Ana... – dedi. – Bayraq necə dalğalanır? Bu nə səbəbdəndir? Bəyani müəllimə yelin əsdiyinə görə onun dalğalandığını deyir. Ana, axı indi yel əsmir, o necə dalğalanır?
Qadın, kiçik qızının qulpundan yapışdığı məktəb çantasını qolunu aşıraraq çiyninə atdı.
– Qızım, – dedi, – bayraq dalğalanmır, bayraq yel ilə birgə əsmir. Bayraq rəqs edir, bilirsən?
– A... Bu olan işdir axı?
Qadın bu işin həqiqi olub-olmamasını dəqiq bilməsə də, öz sözünə yekun vurub təsdiqləməyə məcbur idi:
– Bəzən qeyri-adi işlər olmağa başlayır. Hər ölkənin bayrağı da yelin qammaları ilə rəqs edir. Bir bayraq zəfər qammaları, bir bayraq kədər qammaları, məğlubiyyət qammaları ilə rəqs edir. Bax, qızım, indi sənin sarışın saçların da rəqs edir, sənin yeriş qammaların ilə.
– Bunu Bəyani müəllimyə danışacağam.
Polis idarəsinin uzun, xəlvət zallarında addımlayan agent qadının çarşabı döngələri döndükcə daha çox rəqs etməyə başlayırdı. Məhbus qadının çarşabı kədər, ayrılıq, dustaq, işgəncədən yaranan qammalar ilə, qızıl bilərzikləri cingildəyən agent qadının çarşabı isə özündə vizuallaşdırdığı dindən yaranan özgürlük, sevinc qammaları ilə rəqs eləyirdi. Məhbus qadın kiçik qızının sarışın saçlarının necə rəqs elədiyini gözündən yayındıra bilmirdi.
Məktəbdən qızı ilə qayıdan zaman “Bu yol nə qədər uzundur, niyə evə çatmırıq?” – deyən qadın indi klinikaya getdiyi yolun uzun olduğunu düşünən məhbus qadına çevrilmişdi.
– Bu boyda polis idarəsinin işgəncə bölməsinin bir klinikası var – agent qadın yorulmuşdu. – Biri xəstələnərsə, kameradan klinikaya gələnə qədər yeddi kəfən çürüdər.
Məhbus qadının canına qorxu çökdü:
– Biri xəstələnərsə? Məgər mən xəstələnməmişəmsə, klinikada nə işim var?
Artıq azanın səsi kəsilmişdi. Agent qadın nəfəsini dərib saxlayandan sonra qabaq dişlərinin sınıq yerindən eşiyə buraxdıqda, xəlvət zalda firt səsi divarlara dəyib qayıtdı:
– Füsssüüüü... Bu yollarda sümük sındırmışam, sonunda kəfən çürütməsəm, yaxşıdır.
Məhbus qadının kiçik qızı yadından çıxmasa da, dilinin altında mızıldadı:
– Sən niyə narahatsan?
– Narahatam, ana, bilirsən nədən?
– Sənə qurban olum, qızım, nədən narahatsan?
– Saçlarımın necə dalğalandığından narahatam. Saçlarımdan qorxuram, birdən kədər qamması ilə dalğalanacağından qorxuram. Kaş oğlan olaydım, ana, böyüdükdə saçlarımı qırxdırıb şəhərdə yaylıqsız, özgürcəsinə gəzə biləydim.
Qadın qızının əlini bərkdən sıxaraq udqundu:
– Yox, qızım, bu sözü bir də dilinə gətirmə. Sənin saçların kişi özgürlük qammaları ilə dalğalanır. Qızım, sən saçlarının dalğalanmağını özün görmürsən, amma mən görürəm.
Kiçik qız anasının əlini bərkdən sıxaraq ah çəkdi. Xiyabanın o tayında üç kişi polis dayanmışdı. Çiynində üç böyük sarı ulduzu olan kişi polis sanki o biri dayanan kişi polislərin rəisi idi. Çiynində çəhrayı məktəb çantası ilə gedən ana ilə kiçik qızını görən kimi donub dayandı.
Gülə-gülə səkidə addımlayan kiçik qız ilə qadının önündə dayandı. Bir əlini belindəki Zoaf adlı tapançasının qundağına, bir əlinin də iç üzünü açıq şəkildə qadın ilə kiçik qız gələn tərəfə tutub “Dayanın” – dedi. Kiçik qız ən gözəl sığınacaq yer anasının kürəyidir deyə, anasının buduna sarılaraq gizləndi.
Qadın “Buyurun cənab, nəsə olub?” – dedi.
– Çantanı boşaldın.
– Hansı çantanı, cənab.
– Hər ikisini də.
– Nədən?
– Sizə deyirəm çantaları boşaldın.
– Sənə deyirəm çantanı boşalt.
Həkim qadın idi, əsəbiləşmişdi.
Agent qadın, ayağa qalxıb iynə, şərbət, dərman olan çantaya tərəf addımladıqda dönüb həkim qadının önündə kinolarda bir-biri ilə öpüşən iki aşiq kimi üzünü üzünə yapışdıraraq:
– Mənə bir də belə əmr eləmə. Səni it gününə qoyaram. Hambal axtarırsansa, odur, rəisə məktub yaz, yardım üçün yanında tibb bacılarından birini gecələr saxlasın, nə istəyirsənsə, qabağında tir-tir əssin.
Həkim qadın uşaqyana sifətini çevirib öz işinə görməyə başladı. Ona toxunsaydın, ağlayacaq kimi görünürdü. Sanki evdəki böyük bacısı üstünə çımxırıb ona yemək payını az vermişdi. Məhbus qadın klinikanın içinə ayaq basdığı andan fikir onu boğurdu.
– Fikirləşməyə gərək yoxdur. Bir polis olaraq çantaları boşalt deyirəmsə, boşaltmalısan.
Kişi polis tapançasını çıxardıb qadına tərəf tutdu. Kiçik qız ağladı. Səhnəni dövrələyib baxan adamlar bir neçə addım geri çəkildilər. Xiyabanın o tayında polis avtomobilinə söykənən başqa kişi polislər də qadın ilə kiçik qızı mühasirəyə saldılar.
Qadın kiçik qızına təsəlli verdi. İlk öncə öz çantasını çıxardıb yerə boşaltdı. Pomada, sürmə, bəzək əşyaları, qızının ağ yaylığından başqa heç nə yox idi. Özünü itirmədi, çantadan boşaldılan bəzək əşyaları ilə ağ yaylığı bir-bir çantanın içinə qaytardı.
– O biri çantanı da boşalt.
Qadın, kiçik qızının məktəb çantasını çiynindən aşırıb fermuarını açdı. Önündə dayanıb tapança ilə qadını hədəfə alan kişi polis qışqırdı:
– Çevir, nə varsa, yerə boşalt.
Qadın çantanı tərsinə tutub içində olan əşyaları boşaltdı. Çantanın içindən qızının dəftərləri, kitabları, qələmi yerə düşdü. Sonda isə iki sprey yerə düşüb səkidə diyirləndi. Polis bir əlini tapança ilə qadının üstünə tutduğu zaman bir əli ilə sinəsində olan ratsiyanın böyrünü sıxıb başını bir az da endirdi.
– Mərkəz... Mərkəz... Əməliyyat uğurla görüldü. Çantanı boşaltdıq, içində sprey var idi.
– Yox, yox, bizim heç günahımız yoxdur.
Kiçik qız qollarını anasının qıçına daha bərkdən dolayıb çığırdı:
– Ana... Ana...
– Bunlar... Bu... Bu... Bunlar nədir?.. Nə... Nəd...
– Ana, ana.
Polislərin biri çığırdı:
– Sənə deyirik özünü təslim elə. Diz çök, əllərini başına qoy.
– Ana... Ana...
– Qızım... Qızım... – deyib polisə üz tutdu – Nə olar? Qızımla işiniz olmasın. Qızım...
Mikroavtobusun arxasından iki qadın polis düşüb sel kimi dalğalanan camaatın arasından gəmi kimi yol açıb səhnəyə girdi. Çarşablarını yellədə-yellədə xiyabanı adlayıb qadın ilə kiçik qızına tərəf gəldi.
– Ana... Ana...
Bir qadın polis kiçik qızın, o birisi də qadının qollarına qandal vurmaq istəsə də, ana ilə kiçik qızı dartınırdılar.
– Ana... Ana...
Kiçik qız, qadın polisin əllərindən qurtulub anasına tərəf qaçmaq istədiyi zaman qadın polis kiçin qızın saçlarından yapışıb yoldu. Yerdə sürütləyib ayağa qaldırdı. Başının ortasından qapaz vurduğu zaman kiçik qız pişik kimi vəngilti səsi çıxartdı.
Qadın bu səhnəni gördüyü zaman dartınıb onu qandallamaq istəyən qadın polisin əlindən çıxdı. İnsanın hirsindən dişi bağırsağını kəsdiyi zaman daha çox güclənər, qabağını heç kim saxlaya bilməz. Qadının gözləri dərhal yerdəki para kərpicə sataşdı. Bu kərpici bura kim atdığı ilə işim yoxdur, amma sanki kərpici ora qısas ilahələri qoymuşdular, birinin başına çırpılmaq üçün.
– Bu kərpicləri bura nəyə qoyubsunuz?
Agent qadın idi. Çantanı yerə boşaldıb ayağa qalxdıqdan sonra gözlərinə sataşmışdı.
– Sabah, yox, yəni bu gün nahar çağı işçilər gəlib divar işləyəcəklər.
Həkim qadın məhbus qadının qolunu əli ilə açıb mavi rəngdə bir bağ bağlayıb sıxdı. Sonra spirtli pambığı damarın üstündə oynatdı. Sonu ölümə gedən yolda mehribanlıq nəyə gərəkirdi?
Spirt nə idi? Pambıq nə idi? Yoxsa özünü and içib xəstələrə yardım etmək üçün çalışan həkimlər kimi aparırdı? Bəlkə də, bu iş adət üzrə idi.
– Əlini yum, sıx.
Məhbus qadın, iynənin damarına keçdiyi an qorxdu. Həkim qadın iynənin içini məhbus qadının qanı ilə doldurdu. Agent qadın “Çəkdin?” – deyərək dodağındakı gülüşü saxlaya bilmədi.
– Siz demişdiniz iynə vuracağıq, xəstəsən. Bəs nədən qanımı çəkirsiniz?
Həkim qadın ilə agent qadın qəhqəhə ilə güldükləri zaman klinikanın həmən otağındakı nahara qədər işçilərin yolunu gözləyən kərpiclər diskindilər.
– Bir də çək, bir də çək.
Agent qadın idi. Həkim qadın sevindiyindən çığırdı:
– Birini də çəkirəm, daha bəsdir, urra... Aha...
İynə yenə də damara keçib qan ilə dolduqda agent qadın üzünü arxada kreslonun üstündə olan şüşələrə çevirib saydı.
– Bir, iki, üç, dörd, beş, altı.
– Bunu da al.
– Yaxşı, yeddi. Ha-ha-ha-ha... Qəhbənin it canı var, qanını soruruq, qurtarmır. Ha-ha-ha-ha...
Məhbus qadın artıq sözlərini də itirmişdi. Başı gicəllənirdi. Otaqda olan həkim qadın ilə agent qadın gah gözünün önündə şişirdi, gah neçə qadına çevrilirdi.
– İtin qızı. Səni it gününə qoyacağıq.
Sanki burda adamları it gününə qoymaq dəbdir. Bir az öncə agent qadın isə Həkim qadın ilə dalaşdığı zaman bu sözü deyirdi.
– Qəhbə...
Qadının əlindən kərpic çıxdığı zaman qışqırdı:
– Qəhbə...
Atılan kərpic qadın polisin başına dəydi, o, yerə sərildi. Arxadan yetişən kişi polislər qadını zopa ilə xiyabanın ortasında döydülər. Qadın yerdə qan içində boğulurdu. Hələ də gözləri qızını axtarırdı. Gözləri camaata sataşdı. Camaat gözündə qoyuna çevrilmişdi. Sanki qoyunları hasarın o tərəfində saxlamışdılar, bu qoyunların dilini kəsmişdilər, mələyə bilmirdilər. Kişi polislərin bir neçəsi də yerə sərilən qadın polisin başının üstündə dayanmışdı. Yerdə ayağından sürünən qadın başını səkinin bu biri tərəfinə çevirdiyi zaman gözləri axtardığı nöqtəni tapmışdı. Kiçik qızı ağlaya-ağlaya dönüb anasına baxıb qaçırdı. Qadının gözləri zəiflədi, qaraldı, yumuldu. Bir də gözlərini açıb baxmaq istəyirdi. Gözünü açdıqda görə biləcək qabiliyyəti olduğuna əmin deyildi, kor olduğunu düşünürdü. Yavaş-yavaş, bir, iki, üç. Açdı. Kiçik qız qaçıb uzaqlaşdıqca qadının gözlərində daha çox kiçilirdi. Sarışın saçları dalğalana-dalğalana qaçırdı... Qaçırdı... Qaçırdı...
Qadın üzünün yerdə sürtülüb yaralandığı yaranı, zopa yerlərinin ağrısını unutmuşdu, gözləri sabit dayanaraq kiçik qızının qaçıb uzaqlaşdığı yola baxırdı.
Səhnəyə göydən baxsaydınız, daha aydın görünürdü. İki futbol topu kimi mütəhhəriksiz qan, bir sarı kərpic, bir çəhrayı rəngdə məktəb çantası, kitablar, qələm qabı, dəftərlər, iki sprey, toplanıb hadisəyə baxan dilsiz qoyunların qara saçları, müxtəlif rəngdə köynəklərinin çiyinləri, qaçan adamlar, polislər, polis avtomobillərinin mavi-qırmızı sirena işıqları. Şəhər bir-birinə qarışıbdır. Səkinin yanında olan baqqal bir vedrə su töküb qanı yuyur. Qan getdikcə sıvaşıb daş xalçalara yapışır.
Ax-ax... Getmə, dayan, səhnəni çək yaxına gətir. O nədir? Hə, qandır, mən də dedim bəs nədir, qadının yerdə sürtülmüş üzünün qanıdır. Qandır, qan, qan...
– Mənim qanımı neynəyirsiniz?
– Ha-ha-ha-ha...
– Qanını sorub içirik.
– Ha-ha-ha-ha... Şərbətdir elə bil, bəh-bəh.
Baqqal bir vedrə də su töküb mızıldandı:
– Mürəbbədir. Qan deyil ki, mürəbbədir elə bil.
Agent qadın qan dolu bir şüşəni əlinə alıb məhbus qadına göstərərək: “Qan deyil ki, mürəbbədir elə bil.” – deyib həkim qadına üz tutdu.
Qadını mikroavtomobilə mindirdilər. Həzyan deməyə başlamışdı:
– Qızım. Hardasan? Qammalar. Dalğalar. Bayraqlar. Sarışın. Qızım. Saçlar...
Artıq gicəllənməyin sonuna çatmışdı. Bu qədər qan əldən verəndən sonra iki qadının gülüş səsini eşidirdi. Sayıqlayırdı:
– Qanım... Qızım... Qanım dalğalanır... Qızım rəqs edir...
– Ha-ha-ha-ha...
– Mən... Ölürəm... Bayraqlar... Rəqs eləyir... Qızım... Qammaların üstünə yel əsir.
– Yox, yox. Ölmə, sən ölsən, biz yaşaya bilmərik.
– Ha-ha-ha-ha...
– Mən ölürəm, qızım... Ölürəm... Ölürə... Ölür... Ölü... Öl... Ö...
– Ha-ha-ha-ha...
– Ha-ha-ha-ha...
– Rəisə zəng elə. Ha-ha...
Həkim qadın həddən artıq güldüyünə görə gözlərindən yaş axırdı.
Agent qadın mobili dinamikə vurub həkim qadına üz tutdu:
– Bu bizim dərəcəni nə zaman verəcək? Ha-ha-ha...
Yuxudan təzəcə oyanan bir şəxs telefonun o tayından səsləndi:
– Alo, buyur, eşidirəm.
– Alo, rəis, qurtardıq.
– Cəsədini qızı ilə bir yerə qoyun, limana göndərəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
“Bir şair sevdi səni, duyğuları bakirə...” - Şəlalə Adilqızının şeirləri
Redaksiyamızın poçtuna Sumqayıtda yaşayıb yaradan Şəlalə Adilqızının şeirləri daxil olub. Onların bir qismini dünən sizlərin ixtiyarınıza vermişdik. İndi isə digər qismini təqdim edirik.
Gəl, otur yanıma,
Cənab yeməkpaylayan...
Gəl, ikimiz bir yerdə
Xatirəni haylayaq...
Danış müharibədən...
Yollarına gül deyil,
Güllə səpən taledən...
Söylə, ən yaxın dostun
Qayıtdımı evinə?
Sağ-salamatmı döndü?
Yoxsa sənin çiynində?
...Cənab yeməkpaylayan,
Torpaqdan pay vermədin!
İndi gəlib
Döyüş vaxtı gizlənən,
Savaş nədi bilməyən
Həmyaşıdın üçün sini daşıyırsan...
O, gülür, əmr verir...
Qaşların düyünlənir...
Bilirəm, bu düyündə min kədər yaşayırsan...
Yarı toz, yarı qan əsgər paltarı
Olub xatirəsi ağ köynəyinin...
Küçədə bağrına basan insanlar
İçəridə adıdır dağ göynəyinin...
Şəhidlik asandır, yoxsa şahidlik
Savaşın ən qatı, ən tünd halına?
Söylə, qardaş...
Çəkinmə, dərd bilir səni yaradan!
Adın medallardan daha ucada:
QARABAĞI AZAD EDƏN QƏHRƏMAN!
***
Gəldin...
Sevdim...
Getdin...
Qırıldı ürəyim, çilikləri izlərinə səpildi...
Ağlım yüz dəfə ürəyimə:
“Unut!”-deyə təpindi...
Getdin...
Sevdim...
Sevdim yenə,
Həsrət əkdim ömür-günə...
Sevmədin...
“Sevdim!”-demədin bir kərə...
Barı, xatırla, unutma,
Bir şair sevdi səni;
Duyğuları bakirə...
***
Ayrıldıq...
Dərd tapıldı
Canımda sən adında...
Bax, sənsiz “bəxtiyar” oldum;
Dərmanlara “yar” oldum...
...”Xərçənglər gözəl sevir” –
çıxdı bu gün bürc falım...
Mən səni çox sevdim,
Xərçəng həzin halımı...
...Ovuc-ovuc içdiyim
Dərmanlar da utancaq
Ağrımı kəsmir deyə...
Ayrıldıq...
Adın yazılı qaldı
Cibimdəki “kimliyə”...
***
Ləçək-ləçək ayırdığım
Çobanyastığı sevindi;
Gəldiyin yollara səpdim...
Qolumun üstə düzdüyüm
Qərənfillər qəhərləndi;
Getdiyin yollara səpdim...
Unutduğun adım olsa,
Unut...
...Dərdinə dönməyim...
Bircə onu unutma ki,
Gözümün bəxtinə düşüb
Çiçəklərə su verməyim...
***
Təbiətin qırx qapısı açıldı,
Su başında əjdahalar gülüşdü...
Ay Günəşin vüsalına yetişdi,
Qaf dağına işıq düşdü...
Dünyanın ən gözəl çiçəyi
Kaktusun qoynunda açdı...
...Kimsə görmədi bunu,
Hamı həqiqətdən qaçdı...
***
Narıncı donlu günəş
Dənizlə sevişəndə gəl...
Küləklər ehtirasını
Yağışla söndürəndə gəl...
Dünyanın elə vaxtı,
Elə günündə gəl ki,
Kəpənəklər rəqs eləsin
Nəğməsiylə sevdanın...
...Elə gəl ki,
ortaq olsun inancımız:
mavi rəngli məhəbbətin
qucağında uyuyarkən
Ay olacaq balıncımız...
***
Oxuduğum bir kitabdaydı,
ya da baxdığım bir filmdə;
sənə baxmaq ibadət imiş eşqə...
...Çiyninə baş söykəmək dua,
Dərdindən gülməmək oruc tutmaqmış...
Bunları öyrəndim...
Ağlımın yetmədiyi,
əlimin çatmadığı bircə sirr var:
bu qədər mavi,
bu qədər azad,
bu qədər əngin olmağı
necə bacardın axı?
Bir də...
Niyə filmlər və kitablar
Sənə məndən danışmır?
Demirlər: bir dəli sənsiz darıxır?!
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
36-CI DƏRC
8-Cİ PROSES.
ASATUR VAÇYANTS
Səslər müxtəlif olur. Bəziləri sakit, həyəcansız, bəzilərisə gur, vahimələndirən, qorxudan. Xüsusən, müharibə dövründə cəbhə məlumatlarını verəndə diktor səsi hədsiz qorxuducu səslənir, ona uyğun gələ biləcək yalnız məhkəmə elanı ola bilər: “Qalxın, məhkəmə gəlir!”.
Divanda da eynən. Hər dəfə hakimlərin gəlişi hiss-həyəcanı coşduran səslə elan olunur.
-Qalxın, Divan gəlir!
Divan hakimləri keçib yerlərində əyləşdilər, bayaqkı ciddi və qorxulu səs bir andaca yenisi ilə əvəzləndi, kulisdən diktor xanımın ecazkar səsi gəldi:
-Bu gün ittiham kürsüsündə Asatur Vaçyants və Hamazasp Srvantyants əyləşirlər!
Bu publikanın sevimlisi olan diktor xanımın səsində bol işıq var, sehir var, pozitivlik var. Oxuduğu cinayətkarlıqla bağlı qandondurucu, ətürpədici faktlar əsla bu səslə uyuşmur. Baş Hakim ötənilki proseslərdən birindən sonra hətta bunu ona söyləmiş, diktor xanıma Axirət dünyasındakı konsert, teatr, maarifçilik proqramlarında işləməyi tövsiyə etmişdi, amma xanım razılaşmamış, Divanda iştiraka meylini detektivə hədsiz marağı ilə izah etmişdi.
Deməzsənmiş, Aqata Kristinin və Artur Konan Doylun – klassik detektivin ən məşhur iki isminin bütün detektivlərini oxuyubmuş. Onun bütün zəmanələrdə dünyanın ən yaxşı 10 detektiv romanının adlarını sinədəftər çəkməsi isə Baş Hakimi hədsiz təəccübləndirmişdi, o, həmin siyahını özü də beyninə yazası olmuşdu:
1.Artur Konan Doyl. “Şerlok Holms barədə hekayələr”
2.Aqata Kristi. “Endxauzun sirri”
3.Edqar Allan Po. “Morq küçəsində qətl”
4.Uilki Kollinz. “Ay daşı”
5.Dafna Dümorye. “Rebekka”
6.Umberto Eko. “Qızılgülün adı”
7.Rey Bredberi. “Ölüm-təkbaşına işdir”
8.Ceyms Elroy. “Qara orxideya”
9.Con Qrişem. “Broker”
10.Con le Karre. “Son dərəcə təhlükəlidir”
Kim nə deyir desin, amma detektiv – qanun keşikçisi üçün əsl dərs vəsaitidir. Cinayətin xarakterindən tutmuş cinayətkarın davranışına qədər bu ədəbiyyat növü oxucusuna hər şeyi əyan edə bilir, onu bir növ, peşəsinə hazırlayır, müəllimlik edir.
Ecazkar xanımdam eşitdiyi bu siyahıdakı romanların tən yarısını oxumuşdu, keçmişdə yazılanları. Yəni, detektivə məhz peşəsi ilə bağlı vərdiş əldə etmək səbəbi ilə gəncliyində müraciət etmişdi, amma ecazkar xanımın zövqü ilə hesablaşıb elə ertəsi gündən müasir detektivləri də oxumuş, dünyaşöhrətli Rey Bredberi və Umberto Ekodan hədsiz ləzzət duymuşdu.
Xanım diktorun elanının ardınca eyni zamanda iki portretin üzünün örtüyü açıldı, iki insanın siması canlandı. İkisi də ilk baxışda bığ-saqqal saxladığına görə oxşar idilər, amma diqqətlə baxanda onların fərqli-fərqli adamlar olduğu sezilirdi. Belə ki, birinin saç-saqqalı çox, qarışıq idi, simasından zəhər tökülürdü, digəri isə bığını, saqqalını zövqlə saxlamışdı, eynək taxmışdı, ziyalı olması sezilirdi.
Onlar müttəhim kürsüsündə əyləşdirildilər, Baş Hakim Divanın növbəti proses gününü açıq elan etdi:
-Möhtərəm Divan üzvləri, möhtərəm tamaşaçılar! Biz burada ötən gün Andronik Ozanyanı ittiham etdik. Bu şəxs türklərə qarşı amansız cəlladlığı ilə, tökdüyü ümman qədər qanla yadda qalıb. Onun cinayətləri 19-cu əsrin sonu Osmanlı İmperiyasından başlayıb 20-ci əsrin əvvəlləri İranda, Rusiya İmperiyası ərazisində, xüsusən Cənubi Qafqazda daha amansızlıqla davam edib. Bizim bügünkü prosesimiz ayrıca 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı həyata keçirilən qətliamlardır ki, bu qətliamlarda da ayrıca Andronikin rolu hədsizdir. Amma biz daha onunla işimizi bitirdiyimiz üçün 1918-ci il prosesində Divandan ən sərt cəza almış bu şəxsin cisimsiz və ruhsuz halına toxunmayacağıq. Erməni daşnaklarının həyata keçirdikləri 1918-ci ilin dəhşətli qətliamlarına biz iki gün dalbadal iki proses ayıracağıq. Müttəhimlər kürsüsünə isə konkret olaraq Bakıda azərbaycanlıların qətliamında əsas rola malik olan Asatur Vaçyants və Qubada azərbaycanlılarla yanaşı dağ yəhüdilərini də süngüdən keçirmiş Hamazasp əyləşiblər. Bu proses öncəsi Divan heyətinin fikri haçalandı, belə ki, 1918-ci ildə Cənubi Qafqazda erməni daşnaklar tərəfindən həyata keçirilən qətliamların başında duran şəxs bütün məntiqə və qeyri-məntiqə əsaslansaq, Stepan Şaumyan adlı erməni kommunist lideri olmalıdır. Stepan Şaumyan həmin dövrdə Bakı Sovetinin sədri, Qafqaz işləri üzrə Fövqəladə komissar vəzifəsini daşıyırdı, Vladimir Leninin birbaşa Qafqazdakı elçisi, sağ əli idi. O, bolşevik ordusuna gürcü və azərbaycanlıları yox, hətta rusları da yox, məhz erməniləri üzv etməklə onları həm işlə, pul-para ilə təmin edir, güzəranlarını yaxşılaşdırırdı, həm nüfuz yiyəsi edirdi, həm də tam silahlandırıb millətçilik zəminində müsəlmanları məhv etmələrinə şərait yaratmışdı, bununla belə, onun son məqsədi Leninizm və bolşevizm olduğuna görə ayrı-ayrı məqamlarda milli maraqlardan daha çox leninizm maraqlarına xidmət edirdi, 1918-ci il qırğınlarından isə o, daha çox bolşevizmi Qafqazda möhkəmlətmək üçün istifadə etmişdi. Məhz bu aspektdən yanaşanda onun, eləcə də sonrakı dövrdə SSRİ rəhbərliyində təmsil olunan digər özükimisinin - Anastas Mikoyanın Divanda fərd olaraq mühakiməsini lazım bilmədik. Seçimimiz Bakıda azərbaycanlıların qətliamında əsas rola malik olan Asatur Vaçyants və Qubada azərbaycanlılarla yanaşı dağ yəhüdilərini də süngüdən keçirmiş Hamazasp oldu. İndi diktorlardan xahış edərdim ki, bu şəxsləri tamaşaçılarla tanış etsinlər.
Kişi diktor səhnəyə çıxıb Asatur Vaçyantsın tərcümeyi-halını oxumağa başladı, amma bu şəxs bir çığır-bağır saldı ki, səsinin tembri diktorun səsini kölgədə qoydu.
Divan heyəti məcbur qalıb onun mikrofonunu söndürdü.
Diktor nitqinə davam etdi:
-Vaçyants Bakının ictimai həyatında kifayət qədər rol almış şəxs olub. O, neft mədənlərinə rəhbərlik edib, 26 il şəhər dumasının qlastnısı olub, Bakı-Şollar su kəməri komissiyasının, şəhərin texniki peşə məktəbləri, tramvay nəqliyyatı, elektrik qatarı komissiyalarının üzvü olub, Marinsk Qadın Gimnaziyası qəyyumlar şurasının, habelə Bakı Birja Komitəsinin, Bibi-Heybət körfəzinin qumlanması komissiyasının üzvü olub.
Diktor mətni Vaçyantsı lap ruhlandırdı, o yerindən durub var gücü ilə danışmağa başladı:
-Görürsünüz mən kiməm? Mənim suçum nədir? Bir aydınlıq gətirə bilərsiniz? Mən ziyalıyam, Bakının ən mötəbər şəxsi olmuşam, məclislərin başında əyləşmişəm, mənim qara-qura işlərlə nə əlaqəm ola bilər axı? Bir baxın, məni quldur Hamazaspla yanaşı əyləşdirmisiniz, bu nə dərəcədə məqsədəuyğundur?
Baş Hakim ona aydınlatdı ki, Divanda əsası, kökü olmayan bircə sənəddən belə istifadə olunmaz, bircə mənbəyə belə istinad edilməz.
Vaçyantsa xitabən söylədi:
-Cənab Vaçyants, öncə onu deyim ki, bəli, siz həqiqətən 20-ci əsrin əvvəllərində Bakının ən mötəbər şəxslərindən olmusunuz, varlı-hallı, nüfuzlu. Müsəlmanların da ən nüfuzluları, varlıları ilə dostluq etmisiniz. Bununla belə konflikt yarananda qətliamın qarşısını almaq cəhdləri göstərmək, çiyin-çiyinə yaşadığınız, duz-çörək kəsdiyiniz müsəlmanları qorumaq əvəzinə tam yanlış mövqe tutdunuz, sizdən qətliamın iştirakçısı rolunu gözləmək hamı üçün tam gözlənilməzlik oldu. Siz hətta öz tanışlarınız olan varlı müsəlmanların evlərini Laloyana, Hamazaspa, Tatevos Amirova nişan verir, qırğının daha geniş miqyas almasına zəmin yaradırdınız. Üstəlik, ayrı-ayrı mənzillərə basqınlarda iştirakınız da təsdiqlənib. Siz tipik xəyanətçi obrazısınız. Bizdə sizin əleyhinizə yönəlmiş yüzlərlə mənbə var, şahid ifadəsi var. Bir bu sənədlərə baxın. 1918-ci il Bakıda və Azərbaycanın digər bölgələrində bolşevik-daşnak birləşmələrinin törətdikləri cinayətləri araşdırmaq üçün Yelizavetpolda fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlərdir. Bu sənədə baxaq: komissiyanın üzvü xristian A.Kluqenin hasabatıdır: “Bakının müsəlman hissəsini talayan erməni əsgərlərinin başında tüfənglə və tapança ilə silahlanaraq dayanan aşağıdakı şəxslərin iştirakı təsdiqlənmişdir: Artyom Nikolayeviç Ter-Akopov, Stepan Lalayev, Jorj Melikov, Asatur Vaçyants...” Bu hesabat əsasında da Komissiyanın sədri A. Xasməmmədovdan sizə və silahdaşlarınıza qarşı Cinayət Məcəlləsinin 13-1336-cı maddələri ilə cinayət işinin başlanılması istənilmişdir.
Vaçyants təslim olmadı heç cür, cibindən kağız çıxarıb dedi:
-Möhtərəm hakim, baxın, 10 dekabr 1919-cu ilin ərizəsidir, İstintaq Komissiyasına ünvanlamışam. Komissiyanın arxivinə bu ərizə tikilib. Oxuyuram ərizəmi. Onu dinləməyə Divan borcludur. Bir insanın taleyini həll edirsinizsə həmin insana müdafiə şəraiti yaratmalısınız. Mən müqəssir olsaydım o vaxt məni güllələyərdilər, amma mənim günahsızlığım sübut olunub və mən istintaqdan azad edilmişəm.
Baş Hakim ona sənədi oxumağa icazə verdikdə Vaçyants gur səslə oxumağa başladı:
-Mən indi elə soyadlar gətirəcəyəm ki, onlar mənim nüfuzlu ziyalı olmağımı təsdiqləyəcəklər, əleyhimə ifadə vermiş Mirzə Əhməd Hüseyn-zadənin yalan söylədiyini sübut edəcəklər. Mən 30 il təmənnasız Bakı şəhərinə xidmət göstərmişəm. Şəhərin nüfuzlu müsəlmanlarının hamısı mənim dostlarımdır. Parlament üzvü Əsədulla Əhmədov, uprava üzvü Heybət Məmmədbəyov, maliyyə naziri Əliağa Həsənov, duma qlastnısı Nəcəf Əmiraslanov, məşhur ictimai xadim Həbib bəy Mahmudbəyov... Onlar hamısı mənə müsbət xarakteristika verərlər. Əlavə olaraq onu deyim ki, Şəhər Dumasının iclasından sonra, martın 17-də şəhərdə ilk atışma başlayanda mən Nikolayevsk küçəsində olmamışam, mən bir də Dumada – Nikolayevsk küçəsində sentyabrın 25-də olmuşam. Onda da küçədə kədərli talan və yanğın izlərini görüb sarsılmışam.
Baş Hakim ekspertlərə müraciət etdi...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Orda bir kənd var idi” şeiri
“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. İlk olaraq “Orda bir kənd var idi” şeiri təqdim edilir.
ORDA BİR KƏND VAR İDİ...
Orda bir kənd vari di,-hər tərəfi gül- çiçək,
Yalların yamacında, dağlar dibində bir kənd.
Orda bir kənd var idi, -uca boy, enlikürək,
Papağını yan qoyan, əli cibində bir kənd.
Yol qırağında bir ev nur içində üzərdi,
Qoynunda bir cilvəlihamıya naz satardı.
Ayağına dəyən daş ürəyimi əzərdi,
Yoluna çıxan tikan gözlərimə batardı.
Hər dərdin öz loğmanı, hər dərdin öz dərmanı,
Hər ağrının- acının özəl çarəsi vardı.
Toylarının Əbdülü, Cəmili və İmranı,
Qəmbəri və Məliyi, Aslanı, MirAslanı
Vaylarının yasini- Molla Qarası vardı.
Ona gəc baxanın da xoş baxardı üzünə,
Toylar barışdırardı sevgililər küsəndə.
Yüz yaşlı qocanın da nur gələrdi gözünə
Bacıxanımla Pərzad qol qaldırıb süzəndə.
Orda bir kənd var idi, -xoşbəxtdi övladları,
Şöhrəti dolaşardı şəhərləri, kəndləri.
Hanı əmim Şəfinin zərif zarafatları,
Hanı Balaş dayının məzəli söhbətləri?..
Analar qurdürəkli Yavərlərindən deyər,
Gözəllərin gözündə dan yeri sökülərdi.
"Şuşanın dağları"nı oxusaydı Qulubəy
Şuşanın dağlarından dumanlar çəkilərdi.
Neçə mərmini yeyib, neçə qurşunu udub,
Ağız açıb, birkəsdən köməklik istəməzdi.
Yaralıçağında da üz- gözünü turşudub,
Doğma balasına da "ağrıyıram" deməzdi.
Orda bir kənd vari di,..
bəs o kənd hanı indi?-
Daşını da daşnaqlar daşıyıb aparıblar.
O goreşən vəhşilər mənim sevdiyim kəndi
Qarabağdan hayana qaşıyıb aparıblar?!
Orda bir kənd var idi… şükür!- yenə olacaq,
Onun ümid gülləri bir daha solmayacaq.
Qoynunda yaraşıqlı evlər ucaldılacaq,
Ancaq mənim sevdiyim o kənddən olmayacaq!..
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)