QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

36-CI DƏRC

 

 

8-Cİ PROSES.

ASATUR VAÇYANTS

 

Səslər müxtəlif olur. Bəziləri sakit, həyəcansız, bəzilərisə gur, vahimələndirən, qorxudan. Xüsusən, müharibə dövründə cəbhə məlumatlarını verəndə diktor səsi hədsiz qorxuducu səslənir, ona uyğun gələ biləcək yalnız məhkəmə elanı ola bilər: “Qalxın, məhkəmə gəlir!”.

Divanda da eynən. Hər dəfə hakimlərin gəlişi hiss-həyəcanı coşduran səslə elan olunur.

-Qalxın, Divan gəlir!

Divan hakimləri keçib yerlərində əyləşdilər, bayaqkı ciddi və qorxulu səs bir andaca yenisi ilə əvəzləndi, kulisdən diktor xanımın ecazkar səsi gəldi:

-Bu gün ittiham kürsüsündə Asatur Vaçyants və  Hamazasp Srvantyants əyləşirlər!

Bu publikanın sevimlisi olan diktor xanımın səsində bol işıq var, sehir var, pozitivlik var. Oxuduğu cinayətkarlıqla bağlı qandondurucu, ətürpədici faktlar əsla bu səslə uyuşmur. Baş Hakim ötənilki proseslərdən birindən sonra hətta bunu ona söyləmiş, diktor xanıma Axirət dünyasındakı konsert, teatr, maarifçilik proqramlarında işləməyi tövsiyə etmişdi, amma xanım razılaşmamış, Divanda iştiraka meylini detektivə hədsiz marağı ilə izah etmişdi.

Deməzsənmiş, Aqata Kristinin və Artur Konan Doylun – klassik detektivin ən məşhur iki isminin bütün detektivlərini oxuyubmuş. Onun bütün zəmanələrdə dünyanın ən yaxşı 10 detektiv romanının adlarını sinədəftər çəkməsi isə Baş Hakimi hədsiz təəccübləndirmişdi, o, həmin siyahını özü də beyninə yazası olmuşdu:

1.Artur Konan Doyl. “Şerlok Holms barədə hekayələr”

2.Aqata Kristi. “Endxauzun sirri”

3.Edqar Allan Po. “Morq küçəsində qətl”

4.Uilki Kollinz. “Ay daşı”

5.Dafna Dümorye. “Rebekka”

6.Umberto Eko. “Qızılgülün adı”

7.Rey Bredberi. “Ölüm-təkbaşına işdir”

8.Ceyms Elroy. “Qara orxideya”

9.Con Qrişem. “Broker”

10.Con le Karre. “Son dərəcə təhlükəlidir”

Kim nə deyir desin, amma detektiv – qanun keşikçisi üçün əsl dərs vəsaitidir. Cinayətin xarakterindən tutmuş cinayətkarın davranışına qədər bu ədəbiyyat növü oxucusuna hər şeyi əyan edə bilir, onu bir növ, peşəsinə hazırlayır, müəllimlik edir.

Ecazkar xanımdam eşitdiyi bu siyahıdakı romanların tən yarısını oxumuşdu, keçmişdə yazılanları. Yəni, detektivə məhz peşəsi ilə bağlı vərdiş əldə etmək səbəbi ilə gəncliyində müraciət etmişdi, amma ecazkar xanımın zövqü ilə hesablaşıb elə ertəsi gündən müasir detektivləri də oxumuş, dünyaşöhrətli Rey Bredberi və Umberto Ekodan hədsiz ləzzət duymuşdu.

Xanım diktorun elanının ardınca eyni zamanda iki portretin üzünün örtüyü açıldı, iki insanın siması canlandı. İkisi də ilk baxışda bığ-saqqal saxladığına görə oxşar idilər, amma diqqətlə baxanda onların fərqli-fərqli adamlar olduğu sezilirdi. Belə ki, birinin saç-saqqalı çox, qarışıq idi, simasından zəhər tökülürdü, digəri isə bığını, saqqalını  zövqlə saxlamışdı, eynək taxmışdı, ziyalı olması sezilirdi.

Onlar müttəhim kürsüsündə əyləşdirildilər, Baş Hakim Divanın növbəti proses gününü açıq elan etdi:

-Möhtərəm Divan üzvləri, möhtərəm tamaşaçılar! Biz burada ötən gün Andronik Ozanyanı ittiham etdik. Bu şəxs türklərə qarşı amansız cəlladlığı ilə, tökdüyü ümman qədər qanla yadda qalıb. Onun cinayətləri 19-cu əsrin sonu Osmanlı İmperiyasından başlayıb 20-ci əsrin əvvəlləri İranda, Rusiya İmperiyası ərazisində, xüsusən Cənubi Qafqazda daha amansızlıqla davam edib. Bizim bügünkü prosesimiz ayrıca 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı həyata keçirilən qətliamlardır ki, bu qətliamlarda da ayrıca Andronikin rolu hədsizdir. Amma biz daha onunla işimizi bitirdiyimiz üçün 1918-ci il prosesində Divandan ən sərt cəza almış bu şəxsin cisimsiz və ruhsuz halına toxunmayacağıq. Erməni daşnaklarının həyata keçirdikləri 1918-ci ilin dəhşətli qətliamlarına biz iki gün dalbadal iki proses ayıracağıq. Müttəhimlər kürsüsünə isə konkret olaraq Bakıda azərbaycanlıların qətliamında əsas rola malik olan Asatur Vaçyants və Qubada azərbaycanlılarla yanaşı dağ yəhüdilərini də süngüdən keçirmiş Hamazasp əyləşiblər. Bu proses öncəsi Divan heyətinin fikri haçalandı, belə ki, 1918-ci ildə Cənubi Qafqazda erməni daşnaklar tərəfindən həyata keçirilən qətliamların başında duran şəxs bütün məntiqə və qeyri-məntiqə əsaslansaq, Stepan Şaumyan adlı erməni kommunist lideri olmalıdır. Stepan Şaumyan həmin dövrdə Bakı Sovetinin sədri, Qafqaz işləri üzrə Fövqəladə komissar vəzifəsini daşıyırdı, Vladimir Leninin birbaşa Qafqazdakı elçisi, sağ əli idi. O, bolşevik ordusuna gürcü və azərbaycanlıları yox, hətta rusları da yox, məhz erməniləri üzv etməklə onları həm işlə, pul-para ilə təmin edir, güzəranlarını yaxşılaşdırırdı, həm nüfuz yiyəsi edirdi, həm də tam silahlandırıb millətçilik zəminində müsəlmanları məhv etmələrinə şərait yaratmışdı, bununla belə, onun son məqsədi Leninizm və bolşevizm olduğuna görə ayrı-ayrı məqamlarda milli maraqlardan daha çox leninizm maraqlarına xidmət edirdi, 1918-ci il qırğınlarından isə o, daha çox bolşevizmi Qafqazda möhkəmlətmək üçün istifadə etmişdi. Məhz bu aspektdən yanaşanda onun, eləcə də sonrakı dövrdə SSRİ rəhbərliyində təmsil olunan digər özükimisinin - Anastas Mikoyanın Divanda fərd olaraq mühakiməsini lazım bilmədik. Seçimimiz Bakıda azərbaycanlıların qətliamında əsas rola malik olan Asatur Vaçyants və Qubada azərbaycanlılarla yanaşı dağ yəhüdilərini də süngüdən keçirmiş Hamazasp oldu. İndi diktorlardan xahış edərdim ki, bu şəxsləri tamaşaçılarla tanış etsinlər.

Kişi diktor səhnəyə çıxıb Asatur Vaçyantsın tərcümeyi-halını oxumağa başladı, amma bu şəxs bir çığır-bağır saldı ki, səsinin tembri diktorun səsini kölgədə qoydu.

Divan heyəti məcbur qalıb onun mikrofonunu söndürdü.

Diktor nitqinə davam etdi:

-Vaçyants Bakının ictimai həyatında kifayət qədər rol almış şəxs olub. O, neft mədənlərinə rəhbərlik edib, 26 il şəhər dumasının qlastnısı olub, Bakı-Şollar su kəməri komissiyasının, şəhərin texniki peşə məktəbləri, tramvay nəqliyyatı, elektrik qatarı komissiyalarının üzvü olub, Marinsk Qadın Gimnaziyası qəyyumlar şurasının, habelə Bakı Birja Komitəsinin, Bibi-Heybət körfəzinin qumlanması komissiyasının üzvü olub.

Diktor mətni Vaçyantsı lap ruhlandırdı, o yerindən durub var gücü ilə danışmağa başladı:

-Görürsünüz mən kiməm? Mənim suçum nədir? Bir aydınlıq gətirə bilərsiniz? Mən ziyalıyam, Bakının ən mötəbər şəxsi olmuşam, məclislərin başında əyləşmişəm, mənim qara-qura işlərlə nə əlaqəm ola bilər axı? Bir baxın, məni quldur Hamazaspla yanaşı əyləşdirmisiniz, bu nə dərəcədə məqsədəuyğundur?

Baş Hakim ona aydınlatdı ki, Divanda əsası, kökü olmayan bircə sənəddən belə istifadə olunmaz, bircə mənbəyə belə istinad edilməz.

Vaçyantsa xitabən söylədi:

-Cənab Vaçyants, öncə onu deyim ki, bəli, siz həqiqətən 20-ci əsrin əvvəllərində Bakının ən mötəbər şəxslərindən olmusunuz, varlı-hallı, nüfuzlu. Müsəlmanların da ən nüfuzluları, varlıları ilə dostluq etmisiniz. Bununla belə konflikt yarananda qətliamın qarşısını almaq cəhdləri göstərmək, çiyin-çiyinə yaşadığınız, duz-çörək kəsdiyiniz müsəlmanları qorumaq əvəzinə tam yanlış mövqe tutdunuz, sizdən qətliamın iştirakçısı rolunu gözləmək hamı üçün tam gözlənilməzlik oldu. Siz hətta öz tanışlarınız olan varlı müsəlmanların evlərini Laloyana, Hamazaspa, Tatevos Amirova nişan verir, qırğının daha geniş miqyas almasına zəmin yaradırdınız. Üstəlik, ayrı-ayrı mənzillərə basqınlarda iştirakınız da təsdiqlənib. Siz tipik xəyanətçi obrazısınız. Bizdə sizin əleyhinizə yönəlmiş yüzlərlə mənbə var, şahid ifadəsi var. Bir bu sənədlərə baxın. 1918-ci il Bakıda və Azərbaycanın digər bölgələrində bolşevik-daşnak birləşmələrinin törətdikləri cinayətləri araşdırmaq üçün Yelizavetpolda fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlərdir. Bu sənədə baxaq: komissiyanın üzvü xristian A.Kluqenin hasabatıdır: “Bakının müsəlman hissəsini talayan erməni əsgərlərinin başında tüfənglə və tapança ilə silahlanaraq dayanan aşağıdakı şəxslərin iştirakı təsdiqlənmişdir: Artyom Nikolayeviç Ter-Akopov, Stepan Lalayev, Jorj Melikov, Asatur Vaçyants...” Bu hesabat əsasında da Komissiyanın sədri A. Xasməmmədovdan sizə və silahdaşlarınıza qarşı Cinayət Məcəlləsinin 13-1336-cı maddələri ilə cinayət işinin başlanılması istənilmişdir.

Vaçyants təslim olmadı heç cür, cibindən kağız çıxarıb dedi:

-Möhtərəm hakim, baxın, 10 dekabr 1919-cu ilin ərizəsidir, İstintaq Komissiyasına ünvanlamışam. Komissiyanın arxivinə bu ərizə tikilib. Oxuyuram ərizəmi. Onu dinləməyə Divan borcludur. Bir insanın taleyini həll edirsinizsə həmin insana müdafiə şəraiti yaratmalısınız. Mən müqəssir olsaydım o vaxt məni güllələyərdilər, amma mənim günahsızlığım sübut olunub və mən istintaqdan azad edilmişəm.

Baş Hakim ona sənədi oxumağa icazə verdikdə Vaçyants gur səslə oxumağa başladı:

-Mən indi elə soyadlar gətirəcəyəm ki, onlar mənim nüfuzlu ziyalı olmağımı təsdiqləyəcəklər, əleyhimə ifadə vermiş Mirzə Əhməd Hüseyn-zadənin yalan söylədiyini sübut edəcəklər. Mən 30 il təmənnasız Bakı şəhərinə xidmət göstərmişəm. Şəhərin nüfuzlu müsəlmanlarının hamısı mənim dostlarımdır. Parlament üzvü Əsədulla Əhmədov, uprava üzvü Heybət Məmmədbəyov, maliyyə naziri Əliağa Həsənov, duma qlastnısı Nəcəf Əmiraslanov, məşhur ictimai xadim Həbib bəy Mahmudbəyov... Onlar hamısı mənə müsbət xarakteristika verərlər. Əlavə olaraq onu deyim ki, Şəhər Dumasının iclasından sonra, martın 17-də şəhərdə ilk atışma başlayanda mən Nikolayevsk küçəsində olmamışam, mən bir də Dumada – Nikolayevsk küçəsində sentyabrın 25-də olmuşam. Onda da küçədə kədərli talan və yanğın izlərini görüb sarsılmışam.

Baş Hakim ekspertlərə müraciət etdi...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.