Super User
Kosovolu şair Lulzim Tafanın salamat qalmış şeirləri
“Ədəbiyyat və incəsənət” portal sizlərə kosovalı şair Lulzim Tafanın şeirlərini təqdim edir. O, professordur, Priştinada AAB Universitetinin rektorudur. Həm də şairdir. 1970-ci ildə Kosovo Respublikasının Lipcan şəhərində anadan olub. Priştina Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsilini alıb, Sarayevo Universitetində isə doktorantura təhsilini başa vurub.
1999-cu il müharibəsi zamanı o, Kosovoda olub. Onun bütün əmlakı, o cümlədən kitabxanası, şəkilləri və ən əsası 300-dən çox şeiri olan əlyazması evi ilə birlikdə yandırılıb. Müharibədən sonra o, şeir yazmağa davam edib, insan haqları və azadlıqları sahəsində məşğul olmağa başlayıb.
O, çoxsaylı kitab və şeir toplularının müəllifidir. Şeirləri dünyanın bir neçə dilinə tərcümə olunub və müxtəlif müəlliflər tərəfindən bir çox antologiyalara daxil edilib.
İndiyədək onun əsərləri ingilis, alman, italyan, serb, xorvat, Monteneqro, Bosniya, makedon, rumın, fransız, ərəb, yunan, türk, İsveç, macar, rus, fars dillərinə tərcümə olunub.
O, dünyanın ən məşhur alban şairlərindən biri olmaqla yanaşı, həm də ən çox tərcümə edilən şairdir. Dünyanın hər yerindən nəşriyyatlar onun kitablarını tərcümə edib nəşr etdirirlər. Kosovadan olan müəlliflər və ədəbiyyatşünaslar onun bədii yaradıcılığını çox yüksək qiymətləndirirlər. Ədəbiyyat sahəsində ən məşhur beynəlxalq ədəbi jurnallarda da onun əsərləri dərc olunmaqdadır.
Tərcümə Ümid Nəccarinindir
***
DAŞLAR İLƏ DANIŞIQ
Səninlə danışmaq istəyirəm,
inanılası bir şey üçün…
Buraya kimi hiss etmisənmi dərdi?
Günəş yandıracaq səni,
ürəyin özləyibmi onu?
Səni kim dondurdu?
Ona görə heç bir oddan söhbət gedə bilməz,
O, səni əridə bilərmi?
GÜNƏŞ İLƏ DANIŞIQ
Səninlə danışmaq istəyirəm,
yalnız səninlə.
Kimsə sənə toxuna bilibmi
əlləri ilə?
Gözlərin yaşla doludur.
BİZƏ DEDİLƏR
Buraya kimi gülmüsənmi,
yoxsa ağlamısan?
Doğulduğun gündən
qanlar sakit dayanmır.
Səni kəssələr belə,
kiminlə danışırsan,
sevgiyə çevrildimi?
Bir gizli sirrinmi var,
Nəyi min qıfıl altında gizlətmisən?
TAXTA İLƏ DANIŞIQ
Səbrinə görə sənə aşiqəm,
ağızdan çıxan bir səs ki,
eşitmirsən onu.
Baltadan çəkinirsən
səni gözlədiyini bildiyində,
oddan qorxursan,
yanacağını bildiyində
YER ÜZÜ KİMİDİR ŞEİR
Yer üzü kimidir şeir,
bir çox insanı var,
yorucu.
Okeanları var,
dağları, təpələri,
daş, taxta, meyvə,
şirin meyvə ağacları,
soyuq fəsillər və aşiqanə küləklər,
kədərli…
Su, torpaq, çiçək,
sarmaşıq gülləri,
məzarlıqda otları,
bataqlıqları…
Yer üzü kimidir şeir,
Bir azca böyük…
ÜZÜNÜ XATIRLAYIRAM
Üzünü xatırlayıram,
gözyaşı qana dönüb
mənim üzərimdə….
Dilini xatırlayıram,
bir ilandır qara zəhəri ilə
taleymi özünə düyünləyib.
Sən yatarkən,
yuxudan dururam,
xatirələrinlə baş-başa qalıram.
BİR XOŞ GECƏ YAĞIŞLA
Bir xoş gecə yağışla,
şəhərin sükutu öldürür məni,
gecikmiş fəsillər,
islaq və nəm bir şəhərdə…
Bir xoş gecə yağışla,
yalqız bir qonaq,
islaq və nəm bir şəhərdə,
bir yerdə uzanıb yatacaq.
Bir xoş gecə yağışla,
ayaq izlərimi silməyəcəkdir,
qan qoxusu verən bir şəhərdə…
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Hə... necədir, səninçün?- Yunus Oğuzun felyetonu
“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı Yunus Oğuzun felyetonlarına tez-tez müraciət edir. Ən aktual məsələlərə toxunan, incə yumorla bütün antipodları qamçılayan Yunus Oğuz ölkəmizdə satira yazan tək-tük müəlliflərdəndir.
İndi sizə yazarın yeni yazdığı felyetonunu təqdim edirik.
Ziqzaqlar silsiləsindən
Deyirəm, çox unikal millətik. Bəziləri sosial şəbəkələrdə elə ağla batmayan fikirlər yürüdür ki, deyirsən bundan düşüncəlisi yoxdur. Sonra görürsən ki, hissə qapılıb. Doxsanıncı illərdə də hiss bizim xalqın başına necə vurmuşdusa, yeni doğulan oğlan uşağına Səddam adı qoyurdular. Sonra uşaq böyüdü, gördü ki, bu adam yüz minlərlə adamı (əsasən də türkmənləri) qətlə yetirib, adını dəyişib Ərdoğan qoydu. İndi də HƏMAS-İsrail müharibəsində düşüblər ortalığa, ağıllarına yox, ağızlarına nə gəldi deyirlər. Harda bişdi, harda düşdü bilən yoxdur.
Gəlin sizə özümüzdə, içimizdə olan "harda bişdi - harda düşdü"dən danışım. Həm beynəlxalq siyasətdən uzaqlaşarsınız, həm də öz günümüzə ağlayarıq...
Bizdə bir "Azərkitab" vardı, Yasamal parkı ilə üzbəüz yerləşirdi. Tez-tez ora tədbirlərə gedərdik, ziyalılarla görüşərdik, fikir mübadiləsi aparardıq. Sonra nəsə oldu, rəhmətlik Sabir müəllimin "Azərkitab"ını atdılar Gənclikdə qaranlıq bir dalana, yəni demək istədilər ki, kitab oxumaq elə qaranlıq dalanda olar. Atalarımız məgər kitabları şam işığında oxumayıblar? Şəxsən mən kitabları gecələr "Ceyran" sobasının işığında, gözlərimə zülm verə-verə oxumuşam.
Əlqərəz, bir gün o parkın yanından keçəndə gördüm ki, bu "Azərkitab"ın yerində nə olsa yaxsıdır? Heç ağlınıza gəlməz, amma deyim: "Beynəlxalq it hospitalı". Bu hospitalın yiyələri gül dərib, gülab çəkiblər. Üzbəüz park. Hospitala it gətirənlər, əvvəlcə parkda, otun üstündə itlərini gəzdirirlər, otun üstünə "qıqı" elətdirib, sonra aparırlar itlərin hospitalına. Bundan sonra gəl cocuqları bu otun üstündə gəzdir. Hə... necədir səninçün?
O gün qəzet almaqdan gəlirəm. Maşallah, bizdə küçə ticarətinin əlindən tərpənmək olmur. Kim nə gəldi satır, kim nə gəldi alır. Genetik modifikasiya olunmuş ərzaqlar baş alıb gedir. Heç kim də buna fikir vermir. Qarşımda molla geyimli, başında molla papağı (mən belə hesab etdim) olan biri əlində təsbeh şaqqıldadaraq gedir. Hərdən də əlini üzünə aparıb salavat çəkir. Adam meyvə satılan cərgədə dayanıb barmağını əriyə uzadaraq soruşdu:
-Bu "abrikos" neçiyədir?
Pah, mənim şaqqanaq çəkib gülməyimi görəydiniz. Hamı dönüb mənə tərəf baxdı. Fikirləşdilər ki, dəli olmuşam. Qarşımda duran molla da mənə təəccüblə baxdı.
"Nə olub? - Deyə soruşdu.
Gülüşümü kəsib cavab verdim:
-Heç, ölümüzlə bir dildə danışırıq, dirimizlə başqa dildə.
Molla gözlərini bərəltdi:
-Heç nə başa düşmədim.
-Ay kişi, nəyi başa düşmədin? Əyninin geyiminə bax, əriyə "abrikos" deməyinə bax. Heç, yəqin ki, ərəbcə "abrikos" necə adlanır, onu da bilməyəcəksən. Deyəcəksən ki, onlarda ərik bitmədiyinə görə bu ad yoxdur.
Bu dəfə satıcı şaqqanaq çəkdi. Molla gördü ki, bunu təkərə salmışıq, əlini yelləyə-yelləyə bizdən uzaqlaşdı.
Hə... necədir səninçün?
Keçək "harda bişdi, harda düşdü" dərdimizin o birinə.
Deyirəm bu "COVİD" ölkəmizdən "əskik"olmasın. Nə qədər ki, bu xəstəlik vardı, ehsan yaddan çıxmışdı. On-on beş nəfər qohum yığışıb ölüsünü torpağa tapşırıb, dağılışırdı. Xərcə də düşmürdülər. Elə ki, insanlara sərbəstlik verdilər, ehsan biznesi işə düşdü. Axı bu biznesin də nüfuzlu, hörmətli sahibləri var. Nə etdilər, etmədilər, icazə verdilər. Ölü yiyəsi də ömrünün axırına qədər kredit borclarını qaytarmaqla məşğuldur. Öləndə də bu borc vərəsəlik hüququ kimi bir şeydir. Di, ailə, gəl, bundan canını qurtar.
Bir qərbi azərbaycanlı qohumum var, anası doxsan yaşında rəhmətə getdi. Ruhuna fatihə! Oğlunun başı ehsana, pul axtarmağa necə qarışmışdısa, cənazə yaddan çıxıb, ortalıqda qalmışdı.
Nədir "COVİD"i geri qaytaraq? O zaman "ehsan biznesi" çökəcək, qəbirstanlıqdan mollalar yoxa çıxacaq. Olmaz, axı onlar da beş-on nəfəri dolandırırlar. Beş-on nəfər ac adam gəlib havayı nəsə yeyirlər. Bu insafsızlıq olar.
Hələ "toy biznesi"ni demirəm. Şadlıq sarayının yiyəsi deyir ki, nə yeyirsən burda ye, özünlə heç nə apara bilməzsən. Niyə? Axı, mən bu yeməklərin pulunu ödəmişəm, sənə nə var? O da cavab verir ki, yesən də bu xiyardır, yeməsən də. Heyf deyildi yüz əlli nəfərlik "COVİD" toyu? Şəxsən mən çox bəyənmişdim. Elə ki, qadağanı aradan götürdülər, yenə də "toy biznesi" çiçəklənməyə başladı. Toya beş yüz nəfər çağırırlar, it yiyəsini tapa bilmir. Hələ mən nişanı demirəm. A kişilər, nişana da dörd yüz nəfər adam çağırarlar? Görmüşük ki, nişana on-on beş nəfər gələr, "Allah xoşbəxt eləsin!" deyib dağılışar. Bu da oldu "nişan biznesi".
Hə... neçədir, səninçün?
O gün Qız Qalasının yanından keçirəm. Ətraf da turistlərlə doludur. Dİqqətimi qoca bir arvadın küçəni süpürməsi çəkdi. Bah, süpürgə də Nuh əyyamından qalma. Bu süpürgələri bir vaxtlar qapılarda satardılar. Biz onlara küçə süpürgəsi deyərdik. Gedib çöldən yığar, sonra küçə-küçə gəzib qışqırardılar: "Süpürgə var, süpürgə". Əsas da odur ki, turistlər bu antikvar süpürgənin yanında durub şəkil çəkdirirdilər, təbii, nənə ilə bir yerdə. Hətta, deyəsən biri nənənin süpürgəsini almaq istədi. Amma nənə heç nə başa düşmədiyindən turist əlini yelləyib gülə-gülə çıxıb getdi. Bu da "süpürgə biznesi". Gör Bakıda nə qədər süpürgə alıb nənələrin silahı edirlər.
Hə... necədir, səninçün?
Qarşımda bir yük maşını dayanmışdı. Üstündə belə bir sloqan yazılmışdı: "Evinizi daşıyırıq!"
Gülümsəyə-gülümsəyə yaxınlaşıb dedim:
- Evimi daşımaq istəyirəm, amma hündür mərtəbəli binada yaşayıram. Siz evin daşlarını neçə günə söküb daşıya bilərsiniz?
Sürücü çaşqın halda soruşdu:
-Nə daş? Biz daş daşımırıq. Bunun üçün "KAMaz" sifariş ver.
Dedim:
-Axı, maşının üstündə yazmısınız ki, evinizi daşıyırıq.
-Hə də, bəs nə yazılmalıdır?
Cavab verdim:
-Axı, ev daşınmaz əmlak sayılır. Yazmalısınız ki, evinizin əşyalarını daşıyırıq.
Sürücü maşına otura-otura dedi:
-Belə şeyləri mən bilmərəm. - Barmağını yuxarı uzatdı. - Onlar bilirlər.
Bu da bir biznes.
Hə ... neçədir, səninçün?
Deyəsən çox oldu. Birini də yazım, bitirim. Bizdə Elm və Təhsil Nazirliyi var. Əvvəl elm verir, sonra təhsilinə keçirlər. Məntiqlə alınmır. Təhsil almayan kəs necə elmli ola bilər? Ona görə də hamı elm dalınca qaçır, təhsil isə yaddan çıxır. Bu zaman repetitor biznesi işə düşür.
Daha bəsdir, yoruldum.
Hə... necədir, səninçün?
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Bir mahnının tarixçəsi - “Şair, sorma vətən nədən yaxşıdır?”
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başımda duman göründü.
Bir gün qəzəlxan Əliağa Vahid gəmi ilə Terek çayında səfər edərkən, qəfil vətən üçün darıxır və darıxmağın verdiyi hisslərin təsiri ilə Vətən yaxşıdır şeirinin sözlərini qələmə alır.
Daha sonra 1960-cı ildə xanəndə Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir və oradakı Terek sözünü Xəzər sözü ilə əvəz edir.
Şur ladında bəstələnmiş bu təsnif Sovet dövründə elə "Şur təsnifi" adı ilə təqdim olunur.
Təsnif müxtəlif illərdə Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib.
Lakin 2-ci Qarabağ müharibəsi dövründə bu təsnifin sədası tamami ilə yeni bir ifaçının səsində Qarabağdan xanəndələr diyarından bütün Azərbaycana yayıldı.
Xəzər Dənizi tək eşqinlə coşdum,
Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar qarşımda dastana döndü.
Azərbaycan respublikası silahlı qüvvələrinin giziri Xudayar Yusifzadə döyüş öncəsi dostları üçün ifa etdiyi bu təsniflə əbədi yaddaşlara həkk olunarkən, döyüşlərdə göstərdiyi şücaətlə şəhidlik zirvəsinə ucalaraq vətənin, xalqın tarixində böyük bir dastana döndü.
Və Xudayarın şəhadətindən sonra təsnifin adı da onun əziz xatirəsinə ithafən Xudayar təsnifi olaraq dəyişdirildi.
Təsnifin muəllifi və ilk ifaçısı Əlibaba Məmmədov Xudayarın ifası haqqında bu sözləri deyib:
“Mən yüzlərlə bu cür vətənpərvər musiqinin müəllifiyəm. O təsnifi böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən təsnifin dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!”
Könüllər cəlb edən bu xoş mənzərə,
Şövqümü artırdı şerə qəzələ,
Çarpdıqca vətənim, elim nəzərə,
Təbiət də mənə heyran göründü.
Və elə bu yerdə mən eyni yazıda bir rubrikadan - “Bir mahnının tarixçəsi”ndən digər rubrikaya - “Şəhidlərimizi tanıyaq”a keçid etmək istəyirəm.
Yusifzadə Xudayar Müslüm oğlu 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur.
Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir.
Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır.
2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmiş, daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı və Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.
Xudayar Yusifzadənin şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar vətən yaxşıdır,
Şair sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.
Oxu, qardaşım, oxu!
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Sosial Darvinizm – Zəifə düşmən olmaq
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Daha öncəki buraxlışımızda insanların minlərcə ildir nə üçün güclü olanın arxasınca getdiyini və “survival of the fittest” məntiqini izah etmişdik. Beləcə, “ən qüvvətli olan ayaqda qalmış, ən zəif olanlar isə ələnərək yox olub getmiş” demişdik. Bu dəfə isə həmin məntiqi daha professional bir dil ilə açaraq yaşadığımız həyatda harada və necə işlədildiyinə nəzər yetirəcəyik.
Bəzi insanlar bir sıra elmi göstəricilər ilə insanlığın daha da yüksələcəyini, mükəmməl bir mərtəbəyə çatacağını və zəiflərdən qurtulduğumuzda insanlığı aşacağımızı iddia edirlər. Bu bir növü insanlıqdan çıxmaqla eyni şeydir. Zira bütün zəiflər, bütün əlillər və ya bütün zəncilər, bir sözlə bizim kimi olmayan hər kəs yox olacaq. Adətən öz növlərimizə qarşı bir soyqırım edəcəyik və yalnızca layiq olanlar ayaqda qalacaqlar. Bax elə buradan da sosial Darvinizmə keçid etməyə başlayırıq. Amma bu, normal Darvinizm və ya təkamül nəzəriyyəsi deyil. Sosial Darvinizm təməldə necə ki, bütün heyvanlar bir-birini yeyir, ət yeyənlər ot yeyənləri parçalayır və güclü olan həyatda qalır məntiqi ilə irəliləyib, bunun həyatın məqsədi olduğunu müdafiə edir. Bəzi irqlərin, millətlərin təkamül cəhətdən alt təbəqədə olduğunu iddia edir. “Bu-bu irqlər yox edilməlidir” deyə düşünən və ya ən pis ehtimalla qanlarının son damlasına kimi xidmət göstərib əziyyət görməlidir deyən bir anlayışdır.
Sosial Darvinizmə görə üstün olmayan hər irq, onsuz da şikəstdir və boş-boşuna yaşayırlar. Misal üçün, “Ali irq, yəni bəyaz irq üstündürsə,(ki, avropalılara görə elə avropalılar özlərini nəzərdə tutur) o halda bütün qaradərililər, yaxud asiyalılar yox edilməlidirlər. Aşağıda olan yoldan çəkilməli və üstdəkinə itaət edilməlidir. Eynilə əsgərlik məntiqində olduğu kimi. Hərbi xidmətdə də alt rütbədə olanlar, üst rütbədə olanlara xidmət göstərməlidir və heç bir sorğulama haqları yoxdur, eləcə də insanlarda da bir sıra kateqoriyalaşdırmalar olacaq ki, bu irqlər və ya bu millətlər, alt təbəqədən, alt rütbədəndirlər deyiləcək. Əlbəttə ki, kimin alt, kimin üst təbəqədən olduğuna qərar verənlər özlərini üst təbəqə qoyacaqlar. Yəni heç kim qalxıb “Biz əzilmiş, aşağılanmış və ya alt təbəqədən olan bir millətik, buna görə də kölə olmağa, işgəncələr görməyə layiqik” deyə düşünməyəcəkdir.
Bununla bağlı 1929-cu ildə Britaniyadakı “Rationalist Press Association” nəşriyyatı “Düşünən İnsan Kitablığı” adında bir seriya yayınlamağa başlamışdı. Bu seriya içərisində Joseph William-ın “The Mystery of the Universe”(Bəşəriyyətin Sirri) kitabı da var idi və bu kitabda “insanlığın ən ali irqinin bəyazlar olduğu” söylənilmişdir. Bu “elmi antropologiya” adlandırılan və o dönəmlərdə, həqiqətən, dəbdə olan bir fərziyə idi.
Hətta Tomas Hakslinin nəvəsi olan Culian Haksli də 1931-də “zəncilərin və monqolların təkamül prosesində arada qalmış bir cins olduğunu (yəni nə tam anlamıyla bir insan, nə də bir primat olduğu”nu) söyləmişdi. “Üstün olan, insan olan yalnız və yalnız bəyazlar idi.”
Amerikalı həkim olan Samuel Corc Morten isə (ki, ona “kəllə skeleti mütəxəssisi” deyə adlandırırlar) guya elmi tapıntılar təməlində kəllə skeletinin ölçüsünü əsas götürərək qaradərililərin ən aşağı təbəqədən olduğunu, asiyalıların orta təbəqədə bir yerdə olduğunu, özlərinin, yəni bəyazdərili avropalıların isə ən ali irq olduğunu qeyd etmişdir.
Hətta Atatürk bu fərziyyələrə cavabən antropoliya çalışmalarına başlatmışdır. Lakin biz bu saydıqlarımıza “Sosial Darvinizm” adını versək də, dünya tarixi bu sadalananları Çarlz Darvindən çox-çox öncələr tətbiq etməyə başlamışdı.
İki millət savaşdığında qazanan tərəf, məğlub tərəfi yağmalayırdı, kölələşdirir və ya cariyəyə çevirirdi, eləcə də edam etdirib ağlınıza gələ biləcək hər cür üstünlüyü qururdu. Və deyirdi ki, “biz qazandıq, buna görə də biz üstün olan tərəfik. Sizlər isə məğlub oldunuz, buna görə də hər cür aşağılanmaya layiqsiniz. Hətta Tövratda belə İsrail oğulları üstün irq olaraq qeyd edilmişlərdi. Digər irqlər isə tanrıya görə daha aşağıda sayılmışlardı. Yəni Tanrı belə, bir irqi müqəddəs bilən, başqa irqləri isə daha normal və ya alt təbəqə kimi görən bir varlıq kimi təsvir olunmuşdu.
Eyni qaydada “Əhdi-Ətiq”də Tanrı İsrail oğullarına filan kəndi yandırmalarını və orada yaşayan hər kəsi öldürmələrini əmr edir.
“İndi kişilərlə yatmış bütün oğlanları və qadınları öldürün. “Özünüz üçün yalnız bakirə qızları sağ buraxın” (Çöldə sayım 31:17-18).
“Rəhm etmədən öldürün və ya şəhərin hər yerində heç kimə rəhm etməyin. Qocanı, gənci, qızı, qadını və uşaqları öldürün (Yezekel 9;5-6)
Və ya Qurana baxdığımızda köləliyi birdəfəlik aradan qaldırmalı olduğumuzla bağlı bir ayə ilə qarşılaşmırıq. Hətta onlara yaxşı davranın deyərək bir növü köləliyi davam etdirən, yalnızca yumşaltmağa çalışan nəsihətlərlə qarşılaşırıq:
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. (Nisa, 25)
..... əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! (Nisa, 35)
Ey Peyğəmbər! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. (Əhzab sürəsi, 50)
Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. (Mücadilə surəsi, 3)
Bununla bərabər, Romada, Misirdə və ya hər toplumda köləliyin yayılmış olduğunu, hətta bu kölələrin zövq məqsədi ilə öldürüldüyünü, zövq məqsədi ilə “bu gün, görəsən, neçə adam öləcək” deyərək qladiator döyüşlərinə baxmağa getdiklərini bilirik.
Qladiator sistemi nə cür ortaya çıxmışdır? İlk öncə savaşlarda əldə edilən kölələri öz aralarında döyüşdürməyə başlayırlar, ardından zövq məqsədi ilə bəzi insanları vəhşi heyvanlara, aslanlara-pələngələrə yem edirlər və ən sonunda “biz bunları bir az daha təlim keçək, həmən ölməsinlər” deyərək qladiatorluq deyilən bir sistemi yaradırlar və yenə o arenalarda ən qüvvətli olanlar həyatda qala bilir.
Bax elə Sosial Darvinistlər də deyir ki, bütün dünya özü bir arenadır və hər kəs bir qladiatordur. Bu səbəbdən də zəifləri qollamaq, qorumaq və ya bizdən aşağıda olanları çiynimizdə daşımaq axmaqlıqdır, onlar ancaq yükdür. Hər kəs öz çıxarlarına baxmalı, ən qüvvətli olanlar həyatda qalmalı və ən qüvvətli olanlar bir yerlərə gəlməlidir”.
Təbii ki, bu əsnada din, dil, əxlaq və çeşidli doqmalar arxada buraxılacaq. Çünki özlərini “üst insanlar” sayanlar nə əxlaqa, nə də dinə ehtiyac duyar. Bu cür şeylər ancaq alt təbəqədən insanlara və topluma xitab edər. Zira insanlar əsasən axmaqdır. Axmaqlar da bir arada qalmaq və ya rahat idarə oluna bilmək üçün nəyin doğru, nəyin yanlış olduğunu söyləyən, nəyin yaxşı, nəyin pis olduğunu diqtə edən bir sıra kitablara ehtiyac duyarlar. Misal üçün deyilir ki, “adam öldürmə, günahdır”. Tamam öldürməyək, amma bunu öz başı ilə idrak etməyə zəkası yetmir. Buna görə də bu insanlara bunlar lazımdır.
Amma yetərincə üstə çıxmış bir insan onsuz da bütün dəyərlərini yenidən quracaq və öz əxlaq qanunlarını yenidən yaradacaqdır...
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Mən böyüyərkən günəş yağmur ələyirdi - ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Ən son saat səkkiz idi, indi baxıram on iki olub . Yəqin bir az sonra baxsam, gün artıq bitmiş olacaq. Günlər əqrəblərin əsiri olduqdan sonra həyatdan başqa bir şey gözləmək axmaqlıq olardı.
Keçən zaman sənin əzabını içində böyütməkdən başqa bir işə yaramır. Ən ağırı isə geriyə baxanda səni keçmişinə bağlayan o körpünün çoxdan viran qalmasıdır. Sən o anlara sadəcə xəyallarında qayıda bilərsən və xəyallar sənə ağrı-acıdan başqa bir şey verməz. İrəli addımladıqca əvvəlki addımını həyata bağlayan körpünün parçaları yox olmağa başlayar. Yerində dursan da, yenə irəli gedərsən, çünki zaman bağışlamaz. Deyəsən, düşünmək bir ömür yolumuzda çarə deyil. Elə olsa idi, hər qapıda bir çarə yatardı.
Həyat bizdən qorxularımıza doğru addımlamağı, yıxılmağı, yenidən qalxmağı bacarmağı və günün sonunda sağlam durmağı tələb edir. Bizim həyatda seçdiyimiz mövqe aldığımız yaraların əsəridir. Bir zamanlar qəlbi təmiz olan insan sonda qəlbindən vicdanı silsə, artıq qınamaram, qınamazlar. Çünki insan insandan canavar yaradır və o canavar ən birinci öz vicdanını yeməyi öyrənir. Həyatın bu riyakarlığının səbəbi məni çox düşündürür.
Bu dünyanı məhz həyatın qollarını açıb qarşıladığı insanların pis əməlləri məhv edir. Mənə elə gəlir ki, ölmüşük və bu nəfəs bizə cəhənnəmdə verilən əzabdır. Bəlkə, alimlər doğru yolda deyil? Bəlkə, birləşərək ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyimiz bu məsələ elə büsbütün yanlışdır?
Axı öldükdən sonra geriyə qayıtmırıq. Axı insan sadəcə gözəllikləri atıb gedə bilməz. Yoxsa bu sonsuz əzaba niyə dözsün ?
Bəlkə, oradakı əzablar buradan daha sadədir?
Bəlkə, orada qar yağarkən donmuruq, ya da günəş çıxarkən yanmırıq?
Bəlkə, məhz o sonsuzluqda dostumuzu və düşmanımızı yaxşı seçirik? Bəs bu sonsuz xoşbəxtlik sıxıcı olmazmı?
Deyirlər ki, insanoğlu hər şeydən tez sıxılır. Yeni oyuncağından, paltarından, əlində olanların hər birindən. Məsələn, bunları deyərkən öz-özümə gülürəm, sonra gülməkdən də sıxılıram. Bir az sonra gözlərim sadəcə bir nöqtəyə zillənir. O gözlərdə nifrətinmi yoxsa sevgininmi göründüyü özümə aydın olmur. Bəlkə, mən də hər ikisi tükənib? Gözlərimin keçmişimə, yoxsa gələcəyimə boylandığını da artıq bilmirəm. Deyəsən, bu dünya bizdən ruhumuzu oğurlayır ki, o dünyada xoşbəxt yaşayaq. Son nəfəsimiz də elə ruhumuzun ölümü ilə başa çatır. Məncə, insan iki dəfə doğulur:"Bir ana bətnindən dünyaya gəldikdə, bir də son nəfəsini verəndə". Birinci dəfə uduza bilərik, lakin mən inanıram ki, ikinci dəfə mütləq qazanırıq. Ona görədir ki, artıq bir bəhanəmiz qalmır. Bizə əzab verən ruhumuz da bədənimizdən ayrılaraq öz buludlarına qovuşur. Görəsən, özümü niyə bu yalanlara inandırıram?
Amma olsun, xəyallar bizə həyatın vermədiyi bütün gözəllikləri verir. Kaş hər şey və hər kəs xəyallarımızdakı qədər gözəl və özəl qalsa idi. Əslinə baxsaq, xəyallar bizim duyğularımızla oynadığı üçün ən böyük günahkardır. Əgər bütün bunları yaşamasaydıq , şüalarına aldandığımız günəş şiddətli ildırım çaxaraq üzərimizə yağmuru ələməzdi. Həyatımıza doğru insan çox gec gəldi və artıq çox dəyişmişdik, çünki yanlış insanlara verdiyimiz dəyər, onların bizə vurduğu zərbələr bütün güvənimizi sarsıtdı. Bütün bunların nəticəsidir ki, sonda çətirimiz bizi günəşdən qorumağa xidmət edirdi, aləm isə büsbütün yağmura qərq olmuşdu....
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Sabah Azərbaycan Milli Xalça Muzeyində “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq
Oktyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
“Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunacaq. Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar və s. aiddir.
Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutacaq.
Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilicək. Bununla da ekspozisiyanı ziyarət edənlər qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyacaqlar.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə baş tutacaq.
“Naxışlarda motivlərin gözəlliyi” sərgisi oktyabrın 18-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanıb
Oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.
AzərTAC xəbər verir ki, Bəyannamə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müvafiq qurumları arasında imzalanıb.
Şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Qeyd edək ki, 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı təşkilat nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilib və Sammitin Yekun Bəyannaməsinə daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
POETİK QİRAƏTdə Aysel Fikrətdən “Kitab rəfi”
“Ədəbiyyat və incəsənət” portalının çox izlənilən Poetik qiraət rubrikasında bu gün sizlərə Aysel Fikrətdən “Kitab rəfi” şeirini təqdim edirik.
Ta uşaq çağından, möcüzəm idi,
dədəmin sehirli kitab rəfləri.
Şəklinə baxırdım gizlincə hər gün,
Hələ bilməyəndə mən hərfləri.
Səhərlər açarla qapi bağlansa,
Gedib pəncərədən seyr eləyərdim.
Sanki kitabların əlləri vardı,
Mənimlə birlikdə rəqs eləyirdi.
Rəngbərəng kitablar onda yaşardı,
Xoşbəxt çağlarını, xoş çağlarını.
Bizə bilik verdi, bizi böyütdü.
Gördü dərd çağımı, kədər çağımı.
Əsgər də göndərdi qardaşlarımı,
Qonaqlı qaralı toy da eşitdi
Gəlin də köçürdü, nəvə də gördü.
Pis günə, xoş günə bizlə eşitdi.
Özün fəda edib oğula, qıza,
Sonra da şam kimi əridi dədəm.
Onda da kitablar çatdı dadına,
Başının ucunda gözlədi hərdəm.
Dədəm bu dünyadan köçüb gedəndə,
Kitablar bir küncdə soldu, saraldı,
Mənimlə bərabər boynunu büküb,
Kitab rəfləri də kimsəsiz qaldı.
İndi bir balaca komaya köçüb,
Dədəmin vüqarlı kitab rəfləri.
İndi nadan olub onun ətrafı,
Axmağın başqadir küt hədəfləri.
Kitabdan anlamaz əllər toxunur,
Solur barmaqları yad əllərində.
Kitab dolabının həzin dərdindən,
Bu hay-kuy, taqqilti insanlara nə?
Alıb kitabları yorğun çiynimə,
Səmum səhrasında yola düşmüşəm,
Bir ev yoxa çıxıb doğmalar dolu,
Kitab bəhanədir, dərddən bişmişəm.
Dədəmin sevgili kitab rəfləri,
Əziz əlləriylə düzdüyü rəflər.
İndi onun kimi öpür alnımdan,
Bir zaman əlimi uzdüyum rəflər.
Yuxuda qapının zili çalındı,
Oyandım hovlnak qapıya baxdım,
Qapını taybatay açdım gunəsə,
Dədəli günlərə nə çox darıxdım.
Dədəmin sehirli kitab rəfləri…
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Şahbaz Xuduoğlundan və Nigar Köçərlidən daha bir ilk
Kitabın təbliği işində ortaya gərgin əmək qoyan Şahbaz Xuduoğlu həm rəhbərlik etdiyi “Qanun” nəşriyyatı vasitəsi ilə biri-birindən gözəl kitablar ərsəyə gətirir, həm də “Ali və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli ilə kitab yarmarkaları, ədəbiyyat festivalları təşkil edir.
Bu günlərdə cütlük ölkədə kitab təbliğatında daha bir ilkə imza atıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Şahbaz Xuduoğlunun öz dili ilə sizlərə məlumat çatdırır:
-Nigarla çoxdan bu layihə barədə plan qururduq. Bir neçə yerdə kitab qovşaqları yaratdıq, kitabxanalara, ucqar məktəblərə pulsuz kitablar göndərdik. Amma bu azdır, daha çox etmək lazımdır.
Ucqar kəndlərdə kitab dükanı açmaq real görünmür. Ən yaxşısı hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən sosial layihə kimi "Təkərli kitab dükanı" yaratdıq. Cibimizə uyğun maşın aldıq, rənglədik, içinə kitab rəfləri yığdıq və kitabla doldurduq.
Plan belədir ki, hər həftə hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma alında poeziya, yaradıcılıq, qiraət axşamları təşkil edək; kitab mühiti yaradaq.
Bizim həyatımız kitabla bağlıdır.
Yalnız Bakıda kitab yaymaq, elə bil, işimizin və həyatımızın mənasını yarımçıq ifadə edir. Bu səbəbdən istədik bütün Azərbaycanı qarış-qarış gəzək, insanlarımızla kitab sevgimizi paylaşaq!
Biz də Şahbaz bəyin bu fikirlərinə bir cümlə əlavə edək: Yolunuz açıq olsun!
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Şərq ədəbiyyatını, fəlsəfəsini bizlərə yaxınlaşdıran şəxs - Aida İmanquliyeva
Gənclər Kitabxanası şərqşünas alim Aida İmanquliyevanın ad günü münasibətilə həyatı və elmi fəaliyyətinə həsr olunmuş silsilə materiallar hazırlayıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84 illiyi ilə əlaqədar olaraq alimin həyat və elmi fəaliyyətindən bəhs edən virtual kitab sərgisini və yenilənmiş elektron məlumat bazasını oxuculara virtual rejimdə təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalının kitabxana əməkdaşlarından aldığı məlumata görə, elektron bazada şərqşünas alimin həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri, onun haqqına dövrü mətbuatda çıxan məqalələr və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasim Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida İmanquliyeva haqqında səsləndirdikləri dəyərli fikirlər yer alıb.
Ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş azərbaycanlı alim Aida İmanquliyeva haqqında hazırlanmış elektron məlumat bazasında Aida xanımın təbiət, gözəllik, məhəbbət, gündəlik insan qayğıları haqqında fikirləri, eyni zamanda, görkəmli şəxsiyyətə məxsus foto və videoxatirələr də öz əksini tapıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan, özündə çoxlu sayda kitab və dövrü mətbuat nümunələrini cəmləyən virtual kitab sərgisində Aida xanımın elmi fəaliyyəti, neçə-neçə kitabların, tərcümələrin müəllifi, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olması, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil etməsi kimi faktlar yer alıb. Virtual kitab sərgisində ərəb dünyası və ədəbiyyatı, Şərq-Qərb mədəniyyətlərinin kəsişməsi və multikulturalizm mövzusunda qələmə alınmış “Dünya deyilən sənmişsən”, “Cübran Xəlil Cübran” “Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri”, “Şərq-Qərb-ortaq mənəvi dəyərlər” kimi kitabların biblioqrafik təsviri və annotasiyası yer alıb.
Hazırlanmış material kitabxananın ryl.az rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.
Məlumatlanmağa dəyər!
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)