Kitabın təbliği işində ortaya gərgin əmək qoyan Şahbaz Xuduoğlu həm rəhbərlik etdiyi “Qanun” nəşriyyatı vasitəsi ilə biri-birindən gözəl kitablar ərsəyə gətirir, həm də “Ali və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli ilə kitab yarmarkaları, ədəbiyyat festivalları təşkil edir.
Bu günlərdə cütlük ölkədə kitab təbliğatında daha bir ilkə imza atıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Şahbaz Xuduoğlunun öz dili ilə sizlərə məlumat çatdırır:
-Nigarla çoxdan bu layihə barədə plan qururduq. Bir neçə yerdə kitab qovşaqları yaratdıq, kitabxanalara, ucqar məktəblərə pulsuz kitablar göndərdik. Amma bu azdır, daha çox etmək lazımdır.
Ucqar kəndlərdə kitab dükanı açmaq real görünmür. Ən yaxşısı hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən sosial layihə kimi "Təkərli kitab dükanı" yaratdıq. Cibimizə uyğun maşın aldıq, rənglədik, içinə kitab rəfləri yığdıq və kitabla doldurduq.
Plan belədir ki, hər həftə hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma alında poeziya, yaradıcılıq, qiraət axşamları təşkil edək; kitab mühiti yaradaq.
Bizim həyatımız kitabla bağlıdır.
Yalnız Bakıda kitab yaymaq, elə bil, işimizin və həyatımızın mənasını yarımçıq ifadə edir. Bu səbəbdən istədik bütün Azərbaycanı qarış-qarış gəzək, insanlarımızla kitab sevgimizi paylaşaq!
Biz də Şahbaz bəyin bu fikirlərinə bir cümlə əlavə edək: Yolunuz açıq olsun!
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)