Sosial Darvinizm – Zəifə düşmən olmaq Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Daha öncəki buraxlışımızda insanların minlərcə ildir nə üçün güclü olanın arxasınca getdiyini və “survival of the fittest” məntiqini izah etmişdik. Beləcə, “ən qüvvətli olan ayaqda qalmış, ən zəif olanlar isə ələnərək yox olub getmiş” demişdik. Bu dəfə isə həmin məntiqi daha professional bir dil ilə açaraq yaşadığımız həyatda harada və necə işlədildiyinə nəzər yetirəcəyik.

 

Bəzi insanlar bir sıra elmi göstəricilər ilə insanlığın daha da yüksələcəyini, mükəmməl bir mərtəbəyə çatacağını və zəiflərdən qurtulduğumuzda insanlığı aşacağımızı iddia edirlər. Bu bir növü insanlıqdan çıxmaqla eyni şeydir. Zira bütün zəiflər, bütün əlillər və ya bütün zəncilər, bir sözlə bizim kimi olmayan hər kəs yox olacaq. Adətən öz növlərimizə qarşı bir soyqırım edəcəyik və yalnızca layiq olanlar ayaqda qalacaqlar. Bax elə buradan da sosial Darvinizmə keçid etməyə başlayırıq. Amma bu, normal Darvinizm və ya təkamül nəzəriyyəsi deyil. Sosial Darvinizm təməldə necə ki, bütün heyvanlar bir-birini yeyir, ət yeyənlər ot yeyənləri parçalayır və güclü olan həyatda qalır məntiqi ilə irəliləyib, bunun həyatın məqsədi olduğunu müdafiə edir. Bəzi irqlərin, millətlərin təkamül cəhətdən alt təbəqədə olduğunu iddia edir. “Bu-bu irqlər yox edilməlidir” deyə düşünən və ya ən pis ehtimalla  qanlarının son damlasına kimi xidmət göstərib əziyyət  görməlidir deyən bir anlayışdır.

 

 

Sosial Darvinizmə görə üstün olmayan hər irq, onsuz da şikəstdir və boş-boşuna yaşayırlar. Misal üçün, “Ali irq, yəni bəyaz irq üstündürsə,(ki, avropalılara görə elə avropalılar özlərini nəzərdə tutur) o halda bütün qaradərililər, yaxud asiyalılar yox edilməlidirlər. Aşağıda olan yoldan çəkilməli və üstdəkinə itaət edilməlidir. Eynilə əsgərlik məntiqində olduğu kimi. Hərbi xidmətdə də alt rütbədə olanlar, üst rütbədə olanlara xidmət göstərməlidir və heç bir sorğulama haqları yoxdur, eləcə də insanlarda da bir sıra kateqoriyalaşdırmalar olacaq ki, bu irqlər və ya bu millətlər, alt təbəqədən, alt rütbədəndirlər deyiləcək. Əlbəttə ki, kimin alt, kimin üst təbəqədən olduğuna qərar verənlər özlərini üst təbəqə qoyacaqlar. Yəni heç kim qalxıb “Biz əzilmiş, aşağılanmış və ya alt təbəqədən olan bir millətik, buna görə də kölə olmağa, işgəncələr görməyə layiqik” deyə düşünməyəcəkdir.

 

 

Bununla bağlı 1929-cu ildə Britaniyadakı “Rationalist Press Association” nəşriyyatı “Düşünən İnsan Kitablığı” adında bir seriya yayınlamağa başlamışdı. Bu seriya içərisində Joseph William-ın “The Mystery of the Universe”(Bəşəriyyətin Sirri) kitabı da var idi və bu kitabda “insanlığın ən ali irqinin bəyazlar olduğu” söylənilmişdir. Bu “elmi antropologiya” adlandırılan və o dönəmlərdə, həqiqətən, dəbdə olan bir fərziyə idi.

Hətta Tomas Hakslinin nəvəsi olan Culian Haksli də 1931-də “zəncilərin və monqolların təkamül prosesində arada qalmış bir cins olduğunu (yəni nə tam anlamıyla bir insan, nə də bir primat olduğu”nu) söyləmişdi. “Üstün olan, insan olan yalnız və yalnız bəyazlar idi.” 

Amerikalı həkim olan Samuel Corc Morten isə (ki, ona “kəllə skeleti mütəxəssisi” deyə adlandırırlar) guya elmi tapıntılar təməlində kəllə skeletinin ölçüsünü əsas götürərək qaradərililərin ən aşağı təbəqədən olduğunu, asiyalıların orta təbəqədə bir yerdə olduğunu, özlərinin, yəni bəyazdərili avropalıların isə ən ali irq olduğunu qeyd etmişdir.

 

 

Hətta Atatürk bu fərziyyələrə cavabən antropoliya çalışmalarına başlatmışdır. Lakin biz bu saydıqlarımıza “Sosial Darvinizm” adını versək də, dünya tarixi bu sadalananları Çarlz Darvindən çox-çox öncələr tətbiq etməyə başlamışdı.

İki millət savaşdığında qazanan tərəf, məğlub tərəfi yağmalayırdı, kölələşdirir və ya cariyəyə çevirirdi, eləcə də edam etdirib ağlınıza gələ biləcək hər cür üstünlüyü qururdu. Və deyirdi ki, “biz qazandıq, buna görə də biz üstün olan tərəfik. Sizlər isə məğlub oldunuz, buna görə də hər cür aşağılanmaya layiqsiniz. Hətta Tövratda belə İsrail oğulları üstün irq olaraq qeyd edilmişlərdi. Digər irqlər isə tanrıya görə daha aşağıda sayılmışlardı. Yəni Tanrı belə, bir irqi müqəddəs bilən, başqa irqləri isə daha normal və ya alt təbəqə kimi görən bir varlıq kimi təsvir olunmuşdu.  

Eyni qaydada “Əhdi-Ətiq”də Tanrı İsrail oğullarına filan kəndi yandırmalarını və orada yaşayan hər kəsi öldürmələrini əmr edir.

“İndi kişilərlə yatmış bütün oğlanları və qadınları öldürün. “Özünüz üçün yalnız bakirə qızları sağ buraxın” (Çöldə sayım 31:17-18).

“Rəhm etmədən öldürün və ya şəhərin hər yerində heç kimə rəhm etməyin. Qocanı, gənci, qızı, qadını və uşaqları öldürün (Yezekel 9;5-6)

Və ya Qurana baxdığımızda köləliyi birdəfəlik aradan qaldırmalı olduğumuzla bağlı bir ayə ilə qarşılaşmırıq. Hətta onlara yaxşı davranın deyərək bir növü köləliyi davam etdirən, yalnızca yumşaltmağa çalışan nəsihətlərlə qarşılaşırıq:  

Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər.   (Nisa, 25)

..... əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! (Nisa, 35)

Ey Peyğəmbər! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. (Əhzab sürəsi, 50)

Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. (Mücadilə surəsi, 3)

Bununla bərabər, Romada, Misirdə və ya hər toplumda köləliyin yayılmış olduğunu, hətta bu kölələrin zövq məqsədi ilə öldürüldüyünü, zövq məqsədi ilə “bu gün, görəsən, neçə adam öləcək” deyərək qladiator döyüşlərinə baxmağa getdiklərini bilirik.  

Qladiator sistemi nə cür ortaya çıxmışdır? İlk öncə savaşlarda əldə edilən kölələri öz aralarında döyüşdürməyə başlayırlar, ardından zövq məqsədi ilə bəzi insanları vəhşi heyvanlara, aslanlara-pələngələrə yem edirlər və ən sonunda “biz bunları bir az daha təlim keçək, həmən ölməsinlər” deyərək qladiatorluq deyilən bir sistemi yaradırlar və yenə o arenalarda ən qüvvətli olanlar həyatda qala bilir.  

 

 

Bax elə Sosial Darvinistlər də deyir ki, bütün dünya özü bir arenadır və hər kəs bir qladiatordur. Bu səbəbdən də zəifləri qollamaq, qorumaq və ya bizdən aşağıda olanları çiynimizdə daşımaq axmaqlıqdır, onlar ancaq yükdür. Hər kəs öz çıxarlarına baxmalı, ən qüvvətli olanlar həyatda qalmalı və ən qüvvətli olanlar bir yerlərə gəlməlidir”.

Təbii ki, bu əsnada din, dil, əxlaq və çeşidli doqmalar arxada buraxılacaq. Çünki özlərini “üst insanlar” sayanlar nə əxlaqa, nə də dinə ehtiyac duyar. Bu cür şeylər ancaq alt təbəqədən insanlara və topluma xitab edər. Zira insanlar əsasən axmaqdır. Axmaqlar da bir arada qalmaq və ya rahat idarə oluna bilmək üçün nəyin doğru, nəyin yanlış olduğunu söyləyən, nəyin yaxşı, nəyin pis olduğunu diqtə edən bir sıra kitablara ehtiyac duyarlar. Misal üçün deyilir ki, “adam öldürmə,  günahdır”.  Tamam öldürməyək, amma bunu öz başı ilə idrak etməyə zəkası yetmir. Buna görə də bu insanlara bunlar lazımdır.

Amma yetərincə üstə çıxmış bir insan onsuz da bütün dəyərlərini yenidən quracaq və öz əxlaq qanunlarını yenidən yaradacaqdır...

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.