Super User
Məhv olan gənclik... - HEKAYƏ
Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət”
Bu hekayəmi hələ məktəbliykən bir anda böyüyüb gəlin olan, erkən nikahların qurbanına çevrilən qızlara həsr edirəm...
Salam, mənim adım Nərgizdir. 19 yaşım var. Bəlkə də çox gənc qızın arzuladığı bir həyatı yaşamışam. İki uşağım, onların baxıcıları, evimdə mənim ev işlərimə kömək edən xanım olub. İlin müəyyən dövrlərində bəlkə də çox yaşıdımın ömür boyu getmədiyi dünya ölkələrinə səyahət edir, istədiyim cox şeyi alırdım. Sizcə bütün bunlar bir insanı xoşbəxt edər? Mən həqiqətən xoşbəxt olmuşam? Yoxsa, içimdəki mənlə insanların gördüyü mən arasında uçurumlar var?
Tam 4 il bundan qabaq - 15 yaşında sadaladığım bütün bunlar mənim üçün əlçatmaz idi. Arzularım başqa idi. Oxuyub həkim olacaq, insanların köməyinə çatacaqdım. Dərslərimdə, imtahanlarda yüksək nəticə göstərdikcə mənim özümə inamım daha da artırdı.
Balaca bir qəsəbədə yaşayan biri üçün oxuyub şəhərə, hətta xaricə getmək get-gedə xəyaldan reallığa çevrilirdi. Qazandığım uğurlar məni daha da gücləndirirdi. Ta ki o gün gəlib çatana qədər…
Dostları evə gələndə anamdan başqa bacımla məni bayıra çıxmağa qoymayan atam, həmin günü bizi nədənsə balkona, dostlarının yanına çağırdı. Bacımla mən anama kömək edir, yemək, çay aparıb gətirirdik. Aralarından bir nəfərin baxışı məni çox narahat edirdi. Heç nə deməyib bacımla otağımıza gəldik. Qonaqlar gedəndə birinin atama artıq tez-tez görüşərik, deməsi məni təəcübləndirdi. Düşündüm ki, atamla nə qədər yaxındırlar…
Həmin gecədən sonra atamla anamın tez-tez bizdən gizli söhbət etməsi, atamın anama acıqlanmasının şahidi olurduq.
3-4 gün sonra dərsdən gələndə evimizin önündə hərdən televizorda görüb heyran qaldığım maşınlardan birini gördüm. Evə girəndə tanımadığım xanımlar mənim üzümdən öpür, təbrik edirdilər. Vəziyyət mənə olduqca qaranlıq idi. Anama baxdım, o isə üzümə baxmağa belə utanırdı.
Qadınlar gedəndən sonra anamdan bu olanların səbəbini soruşdum. Anam – “Qızım, hər bir valideynin arzusu odur ki, övladı xoşbəxt olsun. Atanla biz sənin də, bacının da xoşbəxt olmağınızı istəyirik. Oxumağınız sizin üçün yaxşıdır, amma maddi vəziyyətin yaxşı olması sənin üçün hər şeyin əlçatan olması deməkdir.”
Anamın bu dediklərindən heç nə başa düşmürdüm. Bunlar nə demək idi? Anamın sözünü kəsmək istəmirdim. Anam – “Qızm, bu gələn xanımlar atanın o gün gələn dostunun yoldaşı və qohumlarıdır. Atanın dostunun oğlu Həsənin səndən çox xoşu gəlib, evlənmək istəyir. Əgər bu iş alınsa həm atanın işindəki çətinliklər aradan qalxacaq, həm də sən istədiyindən çox şeyə nail olacaqsan.” –dedi.
Xəyallarım və anamın dedikləri arasında nə qədər uçurum var idi. Bir tərəfdə zəhmətlə, əməklə qazanmaq, bir tərəfdə isə asanlıqla, əziyyət çəkmədən sahiblənmək… Həm də atama çox böyük köməklik etmiş olacaqdım. Onun da həyatı asanlaşacaqdı…
Beləliklə ən böyük səhv addımdı, atdıq ailəlikcə… Mən, xəyallarımı və arzularımı yarımcıq qoyaraq, bilmədiyim bir yola çıxdım. Həm də özümdən 10 yaş böyük, tanımadığım biri ilə…
İlk günlər hər şey çox gözəl idi. “Yaxşı övlad” kimi atama da köməklik edib, həm də özümə həyat qurmuşdum. Necə deyərlər – “yediyim önümdə, yemədiyim arxamda idi.” Səyahətlər, gəzmələr, nə istəsəm almalar, nə desəniz var idi. Qaynatam və qaynanam da mənə hörmətlə yanaşırdılar. Diqqətimi çəkən isə o idi ki, yoldaşımdan hamısı çəkinirdilər. Əvvəllər başa düşməsəm də, sonra mənə aydın oldu…
Evliliyimin üç ayında yoldaşım evə gec gəlir, işini bəhanə edir, mən də inanırdım. Amma çox çəkmədi ki, iç üzünü göstərməyə başladı. O hər gün iş adına evdən pul alır, çıxırdı. Sən demə, kef, əyləncə, qumar “əsas işi” imiş… Bunları öyrənəndə artıq gec idi. Mən qızım Larisanı dünyaya gətirmişdim… Yoldaşım düzələr deyə əvvəllər heç nə demirdim, ya da anamla qaynanamın “düzələr” demələri ilə razılaşırdım. Ancaq bir il sonra oğlum Nihadın şikəst dünyaya gəlməsi məni yatdığım yuxudan oyatdı. Həkim valideynlərin narkotik maddə istifadə etməsi, narkoman və alkoqolik olmasının övladlara belə tesir etdiyini izah etdi.
Artıq nə atamın işinin yaxşılaşması, nə də özüm gözümdə idim. Sanki həyatım bir şam kimi yanıb gedirdi. Oğluma hər baxanda özümü hamıdan çox günahlandırırdım. Əvvəllər “döz” dedikləri artiq mənə “dözülməz” idi. Yoldaşıma hərəkətlərinə görə reaksiya verdiyim zaman ailədə söz-söhbət, dava-dalaş qurtarmırdı. Yoldaşımın məni, uşaqlarımı döyməsi bardağı aşıran son damla oldu…
Geri dönüb həmişə mənə açıq olan o qapıya- ata evimə getdim. Sən demə, o qapı çıxdığım gün mənə həmişəlik bağlanıbmış. Atam –“mən camaata nə deyərəm, gəlinliklə çıxdığın evə ancaq kəfənlə qayıdarsan”- deyib bizi qəbul etmədi.
Toyda deyilən sağlıqları indi daha yaxşı dərk edirdim. Sən demə, evdən çıxdığım gəlinlik elə mənim kəfənim imiş. Atam özü biçibmiş mənə….
Yenidən məcburən öz “cəhənnəmimə” geri qayıtdım. Yoldaşımın içkisi, qumarı, narkotik istifadəsi və ən əsası bunlardan qurtulmaq üçün müalicələri qəbul etməməsi ailəni uçuruma aparırdı. Çox çəkmədi ki, borclar ailəmizi iflasa gətirdi və atam da hər şeydən çox sevdiyi işini itirdi…
19 yaşındakı Nərgiz təkcə özünü yox övladlarını da düşünməli idi. Çünki onlar öz arzuları ilə yox, bizim arzumuzla dünyaya gəlmişdilər… Məni 4 il əvvəl vaheh edən bu villa, maşın artıq yox idi.
Yoldaşım xəstəxanada müalicə alırdı. Artıq işini itirmək qorxusu olmayan “fədakar” atamın yanına gəlmişdik.
Mən nə olursa olsun, övladlarımı böyütməli idim…
Kitablarımı görəndə qollarını açaraq gülümsəyən “həkim” Nərgizin xəyalı canlandı gözlərimin önündə. Amma xəyllarımla qucaqlaşmaq artıq o qədər də asan deyildi, hətta mümkün olmayacaqdı… Beləcə mən “həkim” Nərgizi necə öldürdüyümü gördüm. Xəyallarımdan vaz keçməyin ən böyük səhvim idi…
Təəsüf ki, cəmiyyətimizdə hələ də erkən nikah üzündən yüzlərlə uşaq uşaqlığını yaşamadan böyüyür, kimiləri valideynlərinə dəstək olmaq, mal-mülk qarşılığında özlərindən bir neçə yaş böyük adamlara gəlin olurlar.
Erkən nikah qurduğuna görə çox insanın xəyalları yarım qalır… Məktəb forması əvəzinə bəyazdan gəlinlik görünüşündə kəfən geyinərək həyatlarına davam edirlər. Cismən yaşasalar da ruhən ölürlər…
Erkən nikahların əksəriyyəti böyük ailə münaqişələri, psixoloji sarsıntılar, hətta erkən boşanma və daha böyük faciələrə yol açır.
Sağlam, xoşbəxt bir gələcək üçün erkən nikahlara yox deyək!
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Tolga Çevik Bakıya gəlməyə hazırlaşır
Onun yumoru Azərbaycanda çox sevilir.
“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.
“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Sözün hikməti
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Həyatın ritmlərini bizim səs tonumuzun enib-qalxması ilə eyniləşdirə bilərik. Həyatın xüsusi ritmi yoxdur, hər kəsin özünəməxsus ritmləri vardır və bizim həyatımızın hansı yönə çevrilməsinə oynanan hava bizim səs tonumuz, sözlərimizdir. Əslində, sözlər də bir musiqidir zənnimcə, sözlər həyatımızın oynamasına, ahəngini dəyişməsinə şərait yaradır. Şah İsmayıl Xətaidən bizə miras qalan bir kəlam qədər dəyərli ifadə vardır. Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı.
Mən bu ifadəni məhz 2-ci Qarabağ müharibəsi ilə əlaqələndirəcəyəm. Bəli, qələbəmizin səbəbkarı Ali Baş Komandanımız və onun şanlı əsgərləri oldu. Bəs müharibənin həllində rol oynayan digər bir məsələni necə unudaq?!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik danışıqlarını nəzərdə tuturam. Məsələn, 28 oktyabrda alman jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına təqdirəlayiq, elmi, dəqiq cavabı buna bariz nümunədir. Elə müharibənin sonunu, Laçın, Ağdam və Kəlbəcərin taleyini diplomatik danışıqlar həll etdi. Biz bu 3 bölgəni silah gücünə yox, söz gücünə azad etdik. Təqribən 200 ilə yaxın müharibələrdən ərazi itkisi ilə çıxan Azərbaycan bu dəfə müharibəni ərazi bütövlüyünü təmin edərək, məğrur və qürurla bitirdi.
Sözün hikmətinə baxın, İlahi. Silaha, raketə, bombaya, bir insanın hünərinə bərabər güc-Söz!
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
“Darıxmaq öyrədir bu şəhər mənə” POETİK QİRAƏTdə
“Ədəbiyyat və incəsənət” portalının çox izlənən Poetik qiraət rubrikasında bu dəfə sizlərə Yardımlıda yaşayıb yaradan İqbal Nəhmətin “Darıxmaq öyrədir bu şəhər mənə” şeirini təqdim edirik.
Darıxmaq öyrədir bu şəhər mənə,
Hər dəfə kiçilir hər gəlişimdə.
Mən uzaq adamam bu küçələrə,
Bir şəhər yox olur hər gedişimdə.
Adam çox, nəfəs yox bir udum udam,
Qalır boğazımda şəhər havası.
Suya batırmağa çörək axtarır,
İradə Aytelin ala qarğası.
Darıxmaq öyrədir özü də necə,
Azdığım küçədə yenə azıram.
Elə bil atamın tikdiyi evdə,
Anamın dilində şeir yazıram.
Əlimi atıram cibimə sarı,
Bənizi dəyişir qaraçı qızın.
Sallanır maşının qapılarından,
Yaxılır şüşəyə qarası qızın.
Allah xatirinə kömək et deyir,
Bəzən bu ,,köməyin" biri bir təpik.
Düşür ovuclara qara daş kimi,
Allahın xatiri iyirmi qəpik.
Sınır qədəhlərin səsində şəhər,
Açılan süfrənin məzəsi olmur.
Hamı dost olmağa çalışır amma,
Dostun köhnəsi var, təzəsi olmur.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Müqəvva - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan vizualizasiya nəticəsində beynində milyonlarla hüceyrə və neyronlardan törənmiş düşüncələrin təsiri altında xeyli müddət qala bilir. Eynən bu şəkildəki kimi..
Şəkil insanı 5 dəqiqə gözünü ayırmadan analiz etməyə doğru yönəldir. Yol, qar örtüyü və insan…
Hər şey insan beyninin məhsulu olaraq qələmə verilmişdi əslində. Öncə yolu, sonra bəyaz qar örüyünü ən sonda isə səliqəli geyimdə, ancaq üzü görünməyən kişi surətini bir az gözdən keçirdim. Maraqlıdır, kənarlara qar yağıb ağ kağız görüntüsü aldığı halda asfalt necə təmiz qalmışdı?
Bir daha nəzər salıram və göz yanıltmacını nisbətən dərk edirəm.
Ucu-bucağı görünməyən yol, əslində, bizim şüurumuzun qət etdiyi yolu əks etdirdiyindən dolayı ayaq izlərimiz qar örpəyini silib süpürmüşdü. Ağ qar örpəyi isə hələ şüurumuzun dərk edə bilmədiyi, ayaq qoymağa çəkindiyi bəmbəyaz və saf duyğuların məskəni kimi göz yanıltmacı yaradırdı zənnimcə.
Bir daha bozumtul kostyumlu yarımbaşlı adama nəzər salıram..
Bu dəfə kadrlar beynimdə daha dolğun canlanır. İnsanoğlu doğulduğu andan bəri düşünür və daim nələrisə götür-qoy edib müəyyən qərarlar verir. Şəkilə diqqətlə baxanda düşünürsən, sanki kişi həmən yolun altında qalıb, lakin yol kişinin beynidir. Beyindən çox düşüncələridir desəm, yerinə düşər. Bir növ hər gün asfaltda gəzən yaşayan ölülərin timsalında obraz öz işini görür. Yəni, yenə düşünür və bir qərara varmalı olduğunu dərk edir. Ancaq ki, seçim çətin məsələdir. Hər zamanki qara asfaltlı, ucu-bucağı görünməyən yola addım atmaq yoxsa dəli cəsarəti?
Ya da xoşbəxtliyə gedən yolun axtarışı?
Hmm, düşünəndə insan qəribə hiss edir
özünü.
Kişinin kostyumunu bir az da gözdən keçirəndən sonra onun ortastatistik bir müasir kölə olması hər halından bəllidir. Müəyyən standartlar altından ömrünün bilmirəm neçə ilini bəyaz yaxalı qara düşüncəli olaraq keçirən,
daim sıxıntıları, standartları və hər zaman görməli olduğu işlərin qəlibini kostyum deyə əyninə geyinmiş kapitalist kölə.
Bir anda azad olmaq istəsə bəs?
O buna addım ata bilərmi?
Bəyaz qarlar ya onun illərdi heç toxunmadığı, hər kəsdən gizli saf duyğuları, xəyalları, arzu və istəkləri idisə?
Nə etməli idi o?
Qorxmalı, ya addım atmalı?
Qarşıda iki seçim var səni nəyin gözlədiyini bilmədiyin, amma qəlbinin dərinliklərində eşitdiyin "xoşbəxtlik oradadır" pıçıltısına doğru bir addım atmaq, ya da "mən belə gəlmişəm, belə də gedəcəm"şüuru ilə düşüncələrdən qopub mental qəliblərə sığışdığımız standartlar dünyasında köləliyə davam?
Əlbəttə ki, seçim sərbəstdir. Gedəcəyin cığırı özün seçməlisən. Lakin unutma, ölümdən sonrası ehtimal olduğu halda ölümdən öncəsi sənin ən gözəl şansındır. Şansını dəyərləndir və ən azı bir dəfə yaşadığını hiss edə bilmək üçün qəlbinin gülüşünün gözlərində parıldaması üçün özünə şans ver.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
İmram Kriya: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
"Report"un məlumatına görə, bunu “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalında iştirak etmək üçün Azərbaycana gələn kriya yoqa ustası, musiqiçi və bəstəkar İmram Kriya mətbuat konfransında jurnalistlərə deyib.
"Mən Dağıstandan gəlirəm və sizin iqlim qurşağınız mənim doğulduğum yerə çox oxşayır. Bu, mənim ölkənizə dördüncü səfərimdir", - Kriya deyib.
İ.Kriya əlavə edib ki, o, vaxtilə musiqiçi olduğundan, tez-tez toylarda Azərbaycan mahnıları ifa edib və ruhən ölkəmizdə olub:
“Azərbaycan mədəniyyəti mənə çox yaxındır. Azərbaycan musiqisi həmişə ülvi bir şeydən danışır”.
Yoqa ustası daha sonra meditasiyadan, insanın öz daxilində harmoniyanı necə tapmaq qaydalarından bəhs edib:
"Ətrafınızdakı dünyanı dəyişdirmək üçün şüurunuzu dəyişdirməlisiniz. İlk növbədə, özünüzü sevməlisiniz. Bunun üçün də özünüzü dərk etməlisiniz. Meditasiya bu məsələdə kömək edə bilər".
Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq bu festival iştirakçılara insanın harmonik inkişafı ilə bağlı bütün müasir qlobal tendensiyalarla tanış olmağa imkan verəcək.
“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə baş tutur.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir
Oktyabrın 8-dən 11-dək Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşır. Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.
Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər bu gündən etibarən oktyabrın 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.
Festivala türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslər də qatılıb. Ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edir.
Kino şöləninin əsas özəlliklərindən biri də türk dövlətlərindən tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakıda zirvə toplantısının keçirilməsidir.
Festival çərçivəsində sabah - oktyabrın 10-da Qırğızıstanın görkəmli teatr və kino aktrisası, SSRİ-nin Xalq artisti Baken Kıdekeyevanın (1923-1993) 100 illiyinə həsr olunan tədbir keçiriləcək. Yubiley tədbiri Qırğızıstan nümayəndə heyəti və TÜRKSOY tərəfindən təşkil olunub.
Xatırladaq ki, “Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və mərasimi Heydər Əliyev Mərkəzində baş tutub.
“III “Korkut Ata” film festivalı türk dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək” - “Report” un xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov III “Korkut Ata” Türk Dünyası Film Festivalının açılışı zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bu gün türk dövlətləri arasında çoxçeşidli əməkdaşlıq mövcuddur: “Təbii ki, bu əməkdaşlıq kino sahəsində də xüsusilə davam etdirilir və türk dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək”.
F.Cəfərov vurğulayıb ki, festival çərçivəsində Nizami Kino Mərkəzində 36 film nümayiş etdiriləcək: “Əminəm ki, xalqımız nümayiş olunan filmləri izləyəcək və paytaxtımızda kino bayramı abu-havası yaşanacaq”.
“Korkut Ata” III Türk Dünyası Film Festivalının bağlanış mərasimi oktyabrın 11-də Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
“Azərbaycan gəncinə öz xəyalındakı gələcəyə çatmaqda yardım etmək idi əsl amalım” - MUSAHİBƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Salam dəyərli oxucular. Qonaq otağında bugünkü müsahibimiz Pərviz Həsənovdur.
-Öncəliklə xoş gördük və bugününüzü bizə ayırdığınız üçün təşəkkür edirəm. İlk sualımızla başlayaq. Pərviz Həsənov kimdir? Tam olaraq nə işlə məşğuldur?
-Əvvəla xoş gördük, çox xoşdur sizinlə həmsöhbət olmaq. Mən Pərviz Həsənov-rəsmi status baxımından desək, Beynəlxalq dərəcəli neft sektorunda mühəndisəm. Amma eyni zamanda da Azərbaycanda "Xəyalımdakı gələcək" konsepti altında fəaliyyət göstərən spiker, təlimçi, motivatoram.
-Pərviz bəy, keçmişinizlə bugününüz arasında necə bir bağ görürsünüz? Keçmişə və ya gələcəyə baxanda nə görür, nə xəyal edirsiniz?
-Suala görə təşəkkür edirəm öncəliklə. Şükür ki, bugün yaşadığım həyat tam olaraq 15 yaşlı Pərvizin xəyal etdikləri üzərində qurulmuş həyatdır. Elə məqsəd də bu idi ki, o 15 yaşlı Pərvizin xəyallarını reallaşdırım. Bugün tam olaraq o xəyalımdakı gələcəyə çatmış olmasam da, o yol üzərində irəliləyirəm. Hal-hazırdakı bütün fəaliyyətlərim, uğurlarım da bu səbəbdəndir.
-Xəyalınızdakı gələcək sizi Azərbaycanda idarə etdiyiniz layihəni də yaratmağa vadar edib. Bəs "Xəyalımdakı gələcək" konsepti nədir? Bu necə başladı?
-Bu hekayə bir az - 15 il əvvələ gedir. Mənim ilkin hədəflərim yaxşı bir iş, yaxşı bir maaş və bu həyatda sağ qalmaq idi. O vaxt mənə verilən tövsiyələrə əsasən neft ixtisasını seçdim. Düsündüm ki, bu ixtisası seçərsəm, əgər, o zaman özümə lazım olan gəliri və s. əldə edə bilərəm, elə də oldu. Çox çətin oldu, amma nəhayət nəticədə dünyanın aparıcı neft server şirkətlərindən birində hal-hazırda aparıcı mühəndislərdənəm. Lakin geriyə baxdıqda gördüm ki, mənim gəldiyim yolu gəlmək istəyən, gələ bilməyən minlərlə gənc var. Bir dəfə mənə təsadüfi messengerdən gələn bir sualla-o sual işə qəbul haqda tövsiyə istəyən bir gəncdən idi-mənim həyat amalıma yeni bir şey əlavə olundu. Təcrübəmi o gənclə bölüşdüm, o getdi və intervyu prosesindən uğurla keçdi. O öz tanışlarına məndən bəhs etdikcə mənə yazanların sayı artmağa başladı. İstədiyim maddi gəlirə çatdıqdan sonra yeni amalım gənclərə xəyalındakı gələcəyə çatmağa yardım etmək oldu. Getdikcə tərəfkeşlərimiz, bizi dinləyənlər artırdı. Həmin dönəmdə də Bakıda artıq spikerlərin, motivatorların artdığı ilkin dönəmlər idi. Gənclərin də tövsiyələriylə mühəndislik klublarından biri məni öz səhnələrinə dəvət etdi. İlkin vəziyyətdə olduqca həyəcanlandım və qorxdum, lakin bu layihənin bu qədər səs gətirməsini gözləmirdim. Bir qərar verdim ki, mən özüm kimi olacağam o səhnədə. Professional bir natiq yox, tələbənin dostu olaraq ona məsləhət vermək istədiyimi anladım. İlk çıxışımda gənclərin gözündəki işıq özümə güvənimi artırdı. Onların xoş reaksiyalarını gördükcə danışmaq daha maraqlı hala gəldi və ilk seminarım gecə 11-də bitdi. Bununla da yolumuz başlandı. O gənclər məni öz universitetlərinə, klublarına dəvət etdikcə də davam etdi, davam edir. Dəvət olunduğum bütün qurum və universitetlərdə seminarlarım uğurla başa çatdı. Bu əslində mənim həyata olan təşəkkürüm idi. Cünki mənim əslində heç də mükəmməl bir istedadım yox idi, natiq deyildim. Sadəcə eyni yolu getdiyim, gedəcəyim gənclərə yol göstərmək istəyirdim. Konseptin adı da elə bununla əlaqəlidir. Azərbaycan gəncinə öz xəyalındakı gələcəyə çatmaqda yardım etmək, faydalı olmaq idi əsl amalım. Yol məni o yerə apardı ki, asistanımın da təklifi ilə "Xəyalımdakı gələcək" kitablarını yazdım. İndi isə növbəti addım, biz artıq öz məkanımız, öz kafemizdə söhbət edirik. Seminarlarımıza da məhz burada davam edirik. Burada sadəcə biz yox, gənclər də istədikləri kimi istifadə edir. Xəyalımdakı gələcək komandası, ailəsi öz inkişafı üçün təlimlərini burada keçirə bilir. Bu isə elə ayrı bir uğurdur.
-Elədir ki var. Bəs, "Xəyalımdakı gələcək" komandası necə toplandı?
-Mən gənc tələbə ikən hər zaman iş adamlarına həsrətlə baxırdım və deyirdim ki, mən də sizin kimi olacağam. Həmin vaxt isə istəyirdim ki, onlardan birinin asistanı olum, amma bacarmadım. Bir vaxt gəldi ki, mən həyatın o yerinə çatdım ki, o adamların asistanı yox, elə o adamlardan biri oldum. Mən artıq istədiyim gəlir səviyyəsində idim. Həyatın birinci məsuliyyəti isə qida, ehtiyaclar və sairdir. Biz də bunları pul vasitəsiylə qazanırıq. Karyera qururuq, pul qazanırıq, qarşılığında vaxtımız gedir. Tələbələrin, gənclərin vaxtı var, pul axtarır, bizlərin isə pulu var, vaxt axtarır. Buna görə də gənclərlə mübadilə etmək qərarına gəldim. Mənim yerinə yetirmək istədiyim xəyallarım vardı, lakin işlədiyim şirkətlər vaxtımı məndən alırdı. Mən də qarşımdakı tələbə Pərvizlərdən bir neçəsiylə yola çıxdım. Ona lazım olanı, bəlli bir gəlir və təcrübəni verəcəkdim, o da mənə işlərimdə yardım edəcəkdi. Bu niyyətlə bir yola atıldıq və bacardıq. Əslində məncə komanda yox, ailə deməliyik. "Xəyalımdakı gələcək" ailəsi getdikcə böyüdü, gənc yaşına baxmayaraq məsuliyyət götürə bilən şəxslərlə işlədik. Qarşılıqlı bir-birimizə fayda verdik. Komandaya aldığımız şəxslər isə gülərüz, disiplinli, məsuliyyətli, mehriban olmalıdır. Bu da belə.
-Çox gözəl. Pərviz bəy, siz öz keçmişinizi danışdınız. Bəs sizi tanıyan və ya bu müsahibədən sonra tanıyacaq olan gənclərə indiyə və gələcəyə dair nə demək istərdiniz?
-Birincisi, xəyal qurmaq lazımdır, onu istəməlidir, cəmiyyət istəyi öldürsə də vaz keçməməlidir. O xəyalda özünü tapmalı, tanımalıdır. "Mən kiməm? Kim olmaq istəyirəm?" deyə sual verməli, özünün axtarışında olmalıdır. Bu suallara cavab tapdıqdan sonra yola çıxmalı və özünün ən mükəmməl formasına, potensialına çatmağa çalışmalıdır. "Ola biləcəyimin ən yaxşısı oldum” cümləsini qura biləcək formada yaşamaq lazımdır. Özünə bir idol, bir kumir və ya mentor seçməlidir. Seçməlidir ki, o idol ona desin, izah etsin, öyrətsin. İdolunuzu doğru seçin. Getmək istədiyiniz yolu bəlirləyin və o yolu getmiş birini seçin. Çünki artıq yolu getmiş birinin öyrətdikləri sizin yolunuzu asanlaşdıracaqdır. Bundan əlavə öz təhsiliniz, şəxsi keyfiyyətləriniz olmalıdır. Mükəmməl mən'i əldə etmək üçün dayanmamaq lazımdır. Gənclər mentorlara bir az önyarğıyla yanaşmadan, öyrənməyə meyilli olmalıdır. Bir mentorun tələbəsi 10 ilə gediləcək yolu çox rahat şəkildə 5 ilə gedə bilər. Çünki o artıq məlumatlı olacaqdır. Tövsiyəm budur, bu qədər.
-Olduqca maraqlı məlumatlar və tövsiyələr idi, Pərviz bəy, təşəkkür edirəm hər şey üçün.
-Mən təşəkkür edirəm, Leyla xanım, diləyirəm faydalı olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
“Son nöqtədən sonra” adlı kitab işıq üzü görüb
Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından yeni kitab işıq üzü görüb.
Muğam Mərkəzindən bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru, Gülhüseyn Kazımlının "Məşədi Məhəmməd Fərzəliyev- Son nöqtədən sonra" adlanan kitabı böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyevin İstanbul həyatının tədqiqinə həsr olunub.
Kitabda xanəndəni şəxsən görmüş insanların xatirələri yer alıb. Həmçinin xanəndənin XX əsrin əvvəllərində müxtəlif firmalarda səsini yazdığı valların fotoları və kataloqu daxil edilib.
Kitabın redaktoru Amin Namazlı, məsləhətçi Turan İbrahimovdur.
Qeyd edək ki, əslən Şuşadan olan xanəndə 1929-1962-ci illərdə İstanbulda yaşamış, “Azəri musiqi heyəti” yaradaraq muğam və xalq mahnılarımızı təbliğ edib.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılıb
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Türkiyənin SAKÜDER Beynəlxalq İncəsənət və sənət ustaları Birliyinin “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgisi açılıb.
Öz ölkələrinin tarixində silinməz iz qoymuş iki irimiqyaslı şəxsiyyət - müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk incəsənətin inkişafına töhfə verərək, hər zaman həm incəsənətə, həm də incəsənət ustalarına xüsusi qayğı ilə yanaşıblar.
AzərTAC xəbər verir ki, sərgidə Ankara, İstanbul, İzmir, Antalyadan olan 19 rəssam, o cümlədən Asim Yucesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas və Mustafa Pişkin öz əsərlərini nümayiş etdiriblər. Sərgidə, həmçinin Azərbaycan ustaları – Xalq rəssamı Arif Hüseynovun və məşhur naqqaş Anar Hüseynovun əsərləri də təqdim olunub.
Qeyd etmək lazımdır ki, hər bir rəsm əsərini müşayiət edən etiketdə QR kodunun istifadəsi sayəsində ziyarətçilər müəlliflər haqqında ətraflı məlumat əldə edə bilirlər. Beləliklə, “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” sərgisi ekspozisiyanın bədii kanvasına müasir səs verməklə yanaşı, “SAKÜDER”in əsas məqsədlərindən biri - Atatürkün vəsiyyət etdiyi mədəni irsi gələcək nəsillərə ötürmək, rəssamlarla tanış etmək və sənətsevərlərin diqqətini onların əsərlərinə cəlb etmək məqsədini daşıyır.
SAKÜDER, birliyin incəsənəti və rəssamları dəstəkləməyə davam edəcəyini vurğulayıb.
“Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi oktyabrın 20-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)