Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət”
Bu hekayəmi hələ məktəbliykən bir anda böyüyüb gəlin olan, erkən nikahların qurbanına çevrilən qızlara həsr edirəm...
Salam, mənim adım Nərgizdir. 19 yaşım var. Bəlkə də çox gənc qızın arzuladığı bir həyatı yaşamışam. İki uşağım, onların baxıcıları, evimdə mənim ev işlərimə kömək edən xanım olub. İlin müəyyən dövrlərində bəlkə də çox yaşıdımın ömür boyu getmədiyi dünya ölkələrinə səyahət edir, istədiyim cox şeyi alırdım. Sizcə bütün bunlar bir insanı xoşbəxt edər? Mən həqiqətən xoşbəxt olmuşam? Yoxsa, içimdəki mənlə insanların gördüyü mən arasında uçurumlar var?
Tam 4 il bundan qabaq - 15 yaşında sadaladığım bütün bunlar mənim üçün əlçatmaz idi. Arzularım başqa idi. Oxuyub həkim olacaq, insanların köməyinə çatacaqdım. Dərslərimdə, imtahanlarda yüksək nəticə göstərdikcə mənim özümə inamım daha da artırdı.
Balaca bir qəsəbədə yaşayan biri üçün oxuyub şəhərə, hətta xaricə getmək get-gedə xəyaldan reallığa çevrilirdi. Qazandığım uğurlar məni daha da gücləndirirdi. Ta ki o gün gəlib çatana qədər…
Dostları evə gələndə anamdan başqa bacımla məni bayıra çıxmağa qoymayan atam, həmin günü bizi nədənsə balkona, dostlarının yanına çağırdı. Bacımla mən anama kömək edir, yemək, çay aparıb gətirirdik. Aralarından bir nəfərin baxışı məni çox narahat edirdi. Heç nə deməyib bacımla otağımıza gəldik. Qonaqlar gedəndə birinin atama artıq tez-tez görüşərik, deməsi məni təəcübləndirdi. Düşündüm ki, atamla nə qədər yaxındırlar…
Həmin gecədən sonra atamla anamın tez-tez bizdən gizli söhbət etməsi, atamın anama acıqlanmasının şahidi olurduq.
3-4 gün sonra dərsdən gələndə evimizin önündə hərdən televizorda görüb heyran qaldığım maşınlardan birini gördüm. Evə girəndə tanımadığım xanımlar mənim üzümdən öpür, təbrik edirdilər. Vəziyyət mənə olduqca qaranlıq idi. Anama baxdım, o isə üzümə baxmağa belə utanırdı.
Qadınlar gedəndən sonra anamdan bu olanların səbəbini soruşdum. Anam – “Qızım, hər bir valideynin arzusu odur ki, övladı xoşbəxt olsun. Atanla biz sənin də, bacının da xoşbəxt olmağınızı istəyirik. Oxumağınız sizin üçün yaxşıdır, amma maddi vəziyyətin yaxşı olması sənin üçün hər şeyin əlçatan olması deməkdir.”
Anamın bu dediklərindən heç nə başa düşmürdüm. Bunlar nə demək idi? Anamın sözünü kəsmək istəmirdim. Anam – “Qızm, bu gələn xanımlar atanın o gün gələn dostunun yoldaşı və qohumlarıdır. Atanın dostunun oğlu Həsənin səndən çox xoşu gəlib, evlənmək istəyir. Əgər bu iş alınsa həm atanın işindəki çətinliklər aradan qalxacaq, həm də sən istədiyindən çox şeyə nail olacaqsan.” –dedi.
Xəyallarım və anamın dedikləri arasında nə qədər uçurum var idi. Bir tərəfdə zəhmətlə, əməklə qazanmaq, bir tərəfdə isə asanlıqla, əziyyət çəkmədən sahiblənmək… Həm də atama çox böyük köməklik etmiş olacaqdım. Onun da həyatı asanlaşacaqdı…
Beləliklə ən böyük səhv addımdı, atdıq ailəlikcə… Mən, xəyallarımı və arzularımı yarımcıq qoyaraq, bilmədiyim bir yola çıxdım. Həm də özümdən 10 yaş böyük, tanımadığım biri ilə…
İlk günlər hər şey çox gözəl idi. “Yaxşı övlad” kimi atama da köməklik edib, həm də özümə həyat qurmuşdum. Necə deyərlər – “yediyim önümdə, yemədiyim arxamda idi.” Səyahətlər, gəzmələr, nə istəsəm almalar, nə desəniz var idi. Qaynatam və qaynanam da mənə hörmətlə yanaşırdılar. Diqqətimi çəkən isə o idi ki, yoldaşımdan hamısı çəkinirdilər. Əvvəllər başa düşməsəm də, sonra mənə aydın oldu…
Evliliyimin üç ayında yoldaşım evə gec gəlir, işini bəhanə edir, mən də inanırdım. Amma çox çəkmədi ki, iç üzünü göstərməyə başladı. O hər gün iş adına evdən pul alır, çıxırdı. Sən demə, kef, əyləncə, qumar “əsas işi” imiş… Bunları öyrənəndə artıq gec idi. Mən qızım Larisanı dünyaya gətirmişdim… Yoldaşım düzələr deyə əvvəllər heç nə demirdim, ya da anamla qaynanamın “düzələr” demələri ilə razılaşırdım. Ancaq bir il sonra oğlum Nihadın şikəst dünyaya gəlməsi məni yatdığım yuxudan oyatdı. Həkim valideynlərin narkotik maddə istifadə etməsi, narkoman və alkoqolik olmasının övladlara belə tesir etdiyini izah etdi.
Artıq nə atamın işinin yaxşılaşması, nə də özüm gözümdə idim. Sanki həyatım bir şam kimi yanıb gedirdi. Oğluma hər baxanda özümü hamıdan çox günahlandırırdım. Əvvəllər “döz” dedikləri artiq mənə “dözülməz” idi. Yoldaşıma hərəkətlərinə görə reaksiya verdiyim zaman ailədə söz-söhbət, dava-dalaş qurtarmırdı. Yoldaşımın məni, uşaqlarımı döyməsi bardağı aşıran son damla oldu…
Geri dönüb həmişə mənə açıq olan o qapıya- ata evimə getdim. Sən demə, o qapı çıxdığım gün mənə həmişəlik bağlanıbmış. Atam –“mən camaata nə deyərəm, gəlinliklə çıxdığın evə ancaq kəfənlə qayıdarsan”- deyib bizi qəbul etmədi.
Toyda deyilən sağlıqları indi daha yaxşı dərk edirdim. Sən demə, evdən çıxdığım gəlinlik elə mənim kəfənim imiş. Atam özü biçibmiş mənə….
Yenidən məcburən öz “cəhənnəmimə” geri qayıtdım. Yoldaşımın içkisi, qumarı, narkotik istifadəsi və ən əsası bunlardan qurtulmaq üçün müalicələri qəbul etməməsi ailəni uçuruma aparırdı. Çox çəkmədi ki, borclar ailəmizi iflasa gətirdi və atam da hər şeydən çox sevdiyi işini itirdi…
19 yaşındakı Nərgiz təkcə özünü yox övladlarını da düşünməli idi. Çünki onlar öz arzuları ilə yox, bizim arzumuzla dünyaya gəlmişdilər… Məni 4 il əvvəl vaheh edən bu villa, maşın artıq yox idi.
Yoldaşım xəstəxanada müalicə alırdı. Artıq işini itirmək qorxusu olmayan “fədakar” atamın yanına gəlmişdik.
Mən nə olursa olsun, övladlarımı böyütməli idim…
Kitablarımı görəndə qollarını açaraq gülümsəyən “həkim” Nərgizin xəyalı canlandı gözlərimin önündə. Amma xəyllarımla qucaqlaşmaq artıq o qədər də asan deyildi, hətta mümkün olmayacaqdı… Beləcə mən “həkim” Nərgizi necə öldürdüyümü gördüm. Xəyallarımdan vaz keçməyin ən böyük səhvim idi…
Təəsüf ki, cəmiyyətimizdə hələ də erkən nikah üzündən yüzlərlə uşaq uşaqlığını yaşamadan böyüyür, kimiləri valideynlərinə dəstək olmaq, mal-mülk qarşılığında özlərindən bir neçə yaş böyük adamlara gəlin olurlar.
Erkən nikah qurduğuna görə çox insanın xəyalları yarım qalır… Məktəb forması əvəzinə bəyazdan gəlinlik görünüşündə kəfən geyinərək həyatlarına davam edirlər. Cismən yaşasalar da ruhən ölürlər…
Erkən nikahların əksəriyyəti böyük ailə münaqişələri, psixoloji sarsıntılar, hətta erkən boşanma və daha böyük faciələrə yol açır.
Sağlam, xoşbəxt bir gələcək üçün erkən nikahlara yox deyək!
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)