Super User
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.
37–ci dərc
Cavadovun təcridxanaya giriş-çıxış üçün nəzərədə tutulan formallıqları aşaraq tez qayıdacağını düşünmüşdüm. Ancaq bu belə olmadı. Bir xeyli vaxt keçsə də, hələ ki, gəlib çıxmaq bilmirdi. Bir yerdə çox dayanmağı sevmədiyim üçün küçə boyu var-gəl etməyə başladım. Üçüncü dövrədən sonra onun küçəyə çıxıb mənə tərəf gəldiyini gördüm. Addımlarımı yeyinlədib ona tərəf getdim. Mənə uzatdığı telefonumu alıb söndürdüm.
-Salam bu adamın Xamməd olduğunu təsdiqlədi. Görüşü protokollaşdırdığım üçün gec gəldim, -Elbrus dilləndi.
-Çox düz etmisiz. İndi isə maşına oturaq, mən də şəhərə qayıdıram, qalan şeyləri yolda danışarıq. Əminəm ki, sizi təəccübləndirə biləcəm.
Birlikdə Elbrusun maşınına oturduq. Maşın tərpəndikdən sonra xəstəxanaya ilk gəlişimdən bu günə qədər öyrəndiklərimi bir-bir Elbrusa danışmağa başladım. Mən danışdıqca Elbrus başını tərpədir, sona çatmasa belə, hadisələrin haraya gətirib çıxaracağını təxmin etməyə başlayırdı. Rayon polis idarəsinə çatanda hələ söhbətimin axırına çatmamışdım. İdarənin qarşısında dayananda Elbrus üzünü mənə tutub gülümsədi:
-Əziz qardaşım, belə başa düşdüm ki, Xamməd adlı birisi yoxdur. Xamməd də, Qılınc Qabulov da eyni adamdır.
-Çox düz başa düşmüsüz, qardaş. İndi Qabulovu qılıncdan keçirməyin vaxtıdır.
İkimiz də bərkdən güldük. Artıq bu cinayətin açıldığına əmin idik və bu səbəbdən kefimiz xeyli kökəlmişdi. Salamın günahsız olduğuna ilk gündən əmin olan polis zabiti onun təqsirsizliyini sübuta yetirmək üçün gecə-gündüz ən xırda sübutları toplamaqla məşğul olmuş, cinayət işinin materialını prokurorluğa ötürməyə tələsməmişdi. Hətta buna görə danlaq götürdüyünü də eşitmişdim.
Biz, şərə salınan bir gəncin həyatını məhv olmaqdan qurtara biləcək sübutları toplaya bilmişdik. Ancaq hələ irəlidə Elbrusun görəcəyi işlər var idi. Qılınc kimi təhlükəli bir canini hələ «götürmək» lazım idi.
Başqa bir şey də var idi. Əgər mən «Karat»ın qatilini müəyyən edə bilmişdimsə də, onun qətlinin sifarişçisinin kimliyi məhz Elbrusun sürücüdən ala bildiyi məlumat əsasında məlum olmuşdu. Bir müddət istintaqdan yayınan sürücünün yeri də sonda onun tərəfindən müəyyən edilmişdi və ifadəsi alınarkən bu fakt ortaya çıxmışdı. Ancaq yolboyu etdiyim söhbət zamanı sifarişçinin kimliyini ona deməmişdim. Polkovnik Dadaşzadə ilə məsləhətləşmədən bunu edə bilməzdim. Mən sadəcə Qılınc məsələsini onunla məsləhətləşmişdim və hərəkətlərimə «yaşıl işıq» almışdım. Xüsusilə polkovnikin «bu gün və sabah heç bir addım atma» deməsindən sonra Elbrusa hər hansı artıq məlumat verə bilməzdim. Qərarı Arif Dadaşzadə verəcəkdi.
Həbs olunduqdan sonra Qılıncın dərhal danışmayacağını da bilirdim. Belə adamları dilə gətirmək üçün uzun müddət tələb olunur. Bəzən isə ümumiyyətlə faktlar qarşısında qalıb suçlarını etiraf etsələr belə, hər şeyi boyunlarına götürüb yoldaşlarının adını vermirlər. Bunu bir-birlərini çox sevdiklərindən yox, sonradan elə həmin yoldaşların satqınlığa görə alacaqları qisasdan qorxduqları üçün edirlər. Qılınc həbsxananın bu məktəbini çoxdan keçmişdi.
Elbrusla yaxınlıqdakı fotoatelyeyə qədər gəldik. Telefonumdakı şəkil protokola əlavə olunmalı idi. Şəkli çap üçün verib hazır olanadək bəzi şeyləri müzakirə etdik. Qılıncın ünvanını hələ yol gələrkən yazıb Elbrusa vermişdim. Müstəntiq bu barədə sussa da, onun məhz bu gecə Qılıncı həbs etmək niyyətində olduğunu hiss edirdim. Odur ki, şəkil hazır olan kimi sağollaşıb metroya tərəf getdim. Daha burada qalmağa bir lüzum yox idi. İndi Elbrusun vaxtı dəqiqələrlə ölçülürdü. Hələ həbs üçün sanksiya almalı idi. Gedərkən Qılıncın silahlı ola biləcəyi barədə Elbrusu xəbərdar etməyi lazım bilmişdim. Kim bilir, bu qatil neçə insanın həyatına və hansı üsullarla son qoyub.
Axşama az qalırdı. Yaranmış vəziyyət Arif müəllimlə görüşməyi tələb edirdi. Əslində, səhər telefonla danışarkən axşam ziyarətinə gələcəyini eşitdirmişdim. Ona görə də birbaşa ofisə getməyi qərara aldım. Yoldan yeməyə yüngül bir qəlyanaltı alıb sonra gedəcəkdim. Bunu isə metrodan çıxdıqdan sonra etmək ən düzgünü olardı.
* * *
Villanın avtomatik qapısı yavaş-yavaş açılmağa başladı. İkiqapılı «Mercedes» markalı idman avtomobili gurultu sala-sala həyətə girib dayandı. Maşından düşən qız onu qarşılayan «Qızılbaş»a yaxınlaşıb pomadasına bulaşdırmamaq üçün yanağını onun yanağına yaxınlaşdırdı. Sonra gülümsəyib dedi:
-Canım, sağ ol ki, cavabsız qoymadın, elə darıxırdım ki.
-Heç sənin kimi gözəlin mesajını cavabsız qoymaq olar? -«Qızılbaş» siqarını sol əlinə ötürüb sağ əlini qızın belinə saldı və özü ilə villanın qapılarından birinə tərəf apardı.
-Oy, çantam maşında qaldı, -qız birdən dayanıb geriyə boylandı.
-Gəl, çantanı indi gətirərlər. Sənə elə bir yemək hazırlatmışam ki, yedikcə doymayacaqsan.
Birlikdə içəri keçdikdən sonra daha bir qapını açan «Qızılbaş» qızı otağa dəvət etdi. Girdikləri qapıdan başqa bu otaqda iki qapı da var idi. Geniş otağın tən ortasında qoyulmuş böyük masanın üzərində hər cür naz-nemət olan bir süfrə açılmışdı. Bunu görən qız əllərini bir-birinə vurub heyrətlə soruşdu:
-Bu hamısı mənimçündür, mən bunları yesəm partlayarameee?
-Partlamazsan. Gecə də hələ qabaqdadır. Buradan heç uzağa getmək lazım olmayacaq. Bax o gördüyün qapı yataq otağına açılır. O biri qapı isə birbaşa hovuza. İndi otur, yaxşıca yeyib-içək. Sonra gecə boyu hərdən buraya keçib qəlyanaltımızı edərik. Hələ arada bir hovuza da girəcəyik, görəcəksən su necə iştahını açacaq.
Bayaqdan otağın ortasında dayanan qız hündürdaban ayaqqabılarını taqqıldada-taqqıldada keçib masaya oturdu. Oturarkən onsuz da qısa olan tumanı bir qədər də yuxarı sürüşdü və budları tamamilə çöldə qaldı. Bunu görən «Qızılbaş» özündən razı-razı gülüb qızla üzbəüz oturdu və soruşdu:
-Hə, de görüm nə içəcəksən?
-Çantamda dərmanım var. Onu içməsəm yemək yeyə bilmərəm. Mədəm ağrıyar.
Diqqətlə baxan olsaydı, çantanın maşında qalmasından qızın olduqca narahat olmasını hiss edə bilərdi. Ancaq hündürboylu, son dərəcə cazibədar qızın gözəlliyinə valeh olan «Qızılbaş» o hayda deyildi və qız sözünü bitirər-bitirməz tez ayağa qalxıb gəldikləri qapını açaraq qışqırdı:
-Maşından Lalənin çantasını gətirin…
* * *
İşin sonları idi. Ofisin kiçik mətbəxinə keçib qəlyanaltını hazırlayanadək bütün işçilər Arif müəllimlə sağollaşıb evlərinə getdilər. Bu yaxşı oldu. Yemək hazır olanda çaydanı da qaynamağa qoyub süfrəyə oturduq. Lavaş, pendir, göyərti, pomidor və xiyardan düzəltdiyim dürməkləri yeyənədək çaydan qaynadı. İndi çayı dəmə qoyub söhbətə başlamaq olardı.
-Deməli, düşündüyümüz kimi, bu işdə də Qılınc? -birinci söhbətə Arif müəllim başladı.
Gülümsəyib ona baxdım. Cavaba ehtiyac yox idi. Peşəkar polis zabitləri kimi, ikimiz də gözəl bilirdik ki, bəzən bir cinayəti araşdırarkən izlər çox uzaqlara aparır və bir yox, bir neçə cinayət açılmış olur. Təcrübədə bununla dəfələrlə rastlaşmışdıq.
Hələ ilk dəfə Salamın işini araşdırmağa başlayanda hər iki cinayətdə qatilin eyni dəsti-xətti olduğu diqqətimi çəkmişdi. Bu şübhələrimi Arif müəllimlə bölüşəndə tələsməməyi, faktları toplamağı məsləhət görmüşdü. Nəticədə hər iki cinayətdən Qılınc Qabulova aparan kifayət qədər paralellərin olduğu aşkara çıxmışdı.
Çay dəm almışdı. Qalxıb ikimizə də süzüb yenidən oturdum. Polkovnik daha sual vermir, danışacaqlarımı gözləyirdi. Aramla söhbətə başladım. Bu gün səhər ayrıldıqdan sonra baş verənləri, tibb bacısı Sənəmin saxtakarlığını üzə çıxardıqdan sonra hər şeyin necə yerini aldığını ətraflı şəkildə Arif müəllimə danışdım. Müstəntiq Elbrus Cavadovun Qılıncın həbsinə hazırlaşdığını da dedikdən sonra söhbət Rəmziyə çatdı.
-Düşünürsən ki, «Karat»ın qətlində də sifarişçi Rəmzidir? Fikirlərini əsaslandır.
-«Karat» uzun illər bütün şəhərdə və hüdudlarından kənarda tanınmış brilyant alverçisi olub. Bütün ömrünü bu işə sərf edib və son illər rahatlıqla keçən bir həyat sürüb. O vaxta qədər rahat ki, çoxsaylı biznes sahələrinə malik olan Rəmzi də brilyant bisnesinə baş vurmağı qət edib. Rəmzinin açdığı üç zərgərlik mağazasına malı «Karat» verirmiş və mağazanın birinə də şərikliyi var imiş. Şəriklik isə çox vaxt yaxşı nəticələrə gətirib çıxarmır. Bütün bunlar altı ay əvvəl başlayır. Düşünürəm ki, tədricən aralarındakı münasibətlər korlanmağa başlayıb və get-gedə ən gərgin həddə çatıb. Böyük pulların dövr etdiyi yerdə iki yad adam arasında bu da təbii haldır. Ola bilər ki, bu sahədə hələ çox təcrübəsi olmayan Rəmzinin «Karat»a külli miqdarda borcu yaranıb. Bəlkə də başqa səbəb olub, bunu dəqiq deyə bilmərəm. Ancaq münasibətlərinin korlandığı dəqiqdir. Nüfuzu nə qədər böyük olsa da Rəmzi heç də ondan zəif olmayan «Karat»la bacara bilməyəcəyini başa düşüb. Bundan sonra külli miqdarda sərmayə qoyduğu mağazalarını iflasdan qurtarmaq üçün şərikini aradan götürməyi qət edir. Bununçün təxminən bir ay bundan qabaq əvvəllər də xidmətlərindən istifadə etdiyi muzdlu qatil Qılınca onu izləməyi tapşırıb. Nəticədə Qılınc «Karat»ın həftənin çərşənbə və şənbə günlərində eyni ardıcıllıqla sevgilisinin evində gecələdiyini öyrənib. Bunu mənim xahişimlə Elbrus Cavadov onun sürücüsü vasitəsilə dəqiqləşdirib mənə deyib. Paralel olaraq mütəmadi Ruhi-əsəb xəstəxanasına gedib-gələn Qılıncın diqqətini gecə növbəsində işləyən, yeni işə düzəlmiş gənc Salam cəlb edir. Yeri gəlmişkən, düşünürəm ki, uşaqlıqdan bir küçədə böyüyən Qılınc və Sənəm sevgilidirlər. Maşınını qaçırmaqla «Karat»ı vurub sonra cinayəti onun üstünə yıxmaq planını həyata keçirmək üçün Qılınc Salamla dostluq münasibətləri qurmağa başlayıb. Çünki Salam onun üçün ən ideal şərtlərə cavab verən biridir. Əvvəla qaçırılması daha asan olan sovet istehsalı maşını var, ikincisi, üç gündən bir işləyən Salamın növbə günləri həmin vaxt məhz «Karat»ın üç gündən bir sevgilisi ilə görüşə getdiyi günlərlə üst-üstə düşür. Qılınc bunu çox dəqiqliklə hesablayıb. Özünü Salama Xamməd kimi təqdim edib, həmin tibb müəssisəsinin pasiyenti olduğunu isə ondan gizlədib. Məlum məsələdir ki, iz buraxmamaq üçün. Ardı çox sadədir. Xəstəxanaya gəlişini isə, uşaqlıqdan tanıdığı, ehtimal etdiyim kimi, sevgilisi olan Sənəmin yanına gəlməsi ilə izah edib. Salam gecə növbəsində işlədiyi üçün Qılıncın gündüzlər oraya gəlməsinin heç bir mənası olmazdı. Ona isə, gənc Salamla münasibət yaratmaq və onun etimadını qazanmaq lazım idi. Odur ki, o, növbəni təhvil verməzdən əvvəl, səhər saat 9-a qədər, kim bilir, bəlkə də işə gələn Sənəmlə birlikdə xəstəxanaya gəlir. Yadda qalması üçün bunu bir neçə dəfə təkrar edir. Nəticədə Salamda yad biri olmaması barədə rəy yaradır. Bundan sonra, növbəti gəlişlərində sevdiyi Sənəmin yanına gələn biri kimi sərbəst içəri keçməyə başlayır. Təbii ki, bir kollektivdə işləyən Sənəmin də xahişi burada rol oynayır. Qapıdan bu adla keçdikdən sonra Qılıncı uzun illər üzdən tanıyan tibb işçiləri üçün onun içəridə olması adi hal kimi qarşılanır. Az əvvəl Salamın növbə günləri barədə dediklərimi dəqiqləşdirən Qılınc şənbə gününə, mayın on altısına planlaşdırdığı qətlin tarixini qətli ona sifariş vermiş Rəmziyə xəbər verir. Həmin tarixdən üç gün əvvəl Rəmzi qəsdən İzmir parkında heç bir kameranın qeydə almadığı bir yer seçib «Karat»ı oraya görüşə çağırır. Qəsdən söhbəti gərginləşdirib nəticəsiz yekunlaşdırır və lazım olan anda onu evdən çıxarması üçün üç gun sonra zəng edəcəyini deyib ayrılır. Həmin gecə, artıq Salamla «dostlaşmış» Qılınc səhər saatlarında kameranı sıradan çıxarıb növbədə olan Salamın yanına gəlir. Onun gətirdiyi ruletlə çay içib ayrılırlar. Belə başa düşürəm ki, ayrılarkən Qılınc Salama özü ilə gətirdiyi iki litrlik «Fanta» şirəsini verir. Növbənin axırı olduğu və yenicə çay içdiyi üçün Salamın şüşəni indi açmayacığına əmin olduğundan belə edir. Çünki şirəyə yuxu dərmanı qatır və Salamın şirəni içib yatması ona gələn gecə növbəsində, maşınını qaçırıb cinayəti törətməsi üçün lazım idi. Qəsdən şirənin də böyüyünü, iki litrliyini alır ki, gələn növbəyədək qazı qaçıb xarab olmasın deyə Salam onu açmasın. Salamın şüşəni öz dolabına qoyduğuna əmin olduqdan sonra oranı tərk edir. Bu son dediklərimi necə öyrəndiyimi izah edim. Əvvəla, son növbə gecəsi, ayın on altısında kamera sıradan çıxmazdan əvvəl, təxminən saat 01:30-dək olan görüntülərdə Salamın özünə «Fanta» şirəsi süzüb içməsi əksini tapıb. İkincisi, daha maraqlıdır. Salam polisə aparılan gün atası Qələndər bölmədən qayıtdıqdan sonra onunla görüşmək üçün həyətə düşdüm. Məni görəndə ilk sözləri təxminən belə oldu: -«Bəxtiyar, nahar edib hamımız yatmışdıq, birdən polislər gəldilər, qapını döyüb bizi oyatdılar, sonra Salamı apardılar, dedilər cinayət törədib». Onsuz da, məsuliyyətli biri olan Salamın gecə yuxuya verilməklə maşınının qaçırıldığından şübhələnmişdim. Onun növbəsinə məsuliyyətlə yanaşması on üç may tarixində səhər saatlarında qeydə alınmış görüntülərlə təsdiqini tapır. Həmin görüntülərdə növbəni təhvil verməyə hazırlaşan Salam olduqca yuxulu görünür. Gecə yatıb yuxusunu almış adam o vəziyyətdə olmaz. Görüntülərdə Salamın hadisə baş verən gecə şirə içməsini görəndə Qələndərin bu sözləri yadıma düşdü. Bu iki fakt bir-birinə bağlı ola bilərdi. Layiqəyə bir məktub verib Qələndərə göndərdim və maşını bir neçə saatlıq istədim. Maşın mənə başqa bir ehtimalımı yoxlamaq üçün lazım idi onsuz da. Ancaq bütün ailənin günorta saatlarında birdən-birə yuxuya getməsi mənə çox maraqlı gəlmişdi. Maşını mənə gətirən Layiqəyə Qələndərdən Salam tutulan günü naharda nə içdiklərini soruşmasını tapşırdım. Onun gətirdiyi cavab şübhələrimə son qoydu. Qələndər Salamın işdən gələrkən gətirdiyi «Fanta» şirəsindən içdiklərini dedi. İstirahət günü olduğu üçün dərsi olmayan Salam növbəni təhvil verib evə gələndə gecədən bir qədər içdiyi «Fanta» şirəsini evə gətirib. Naharda bütün ailə o şirədən içdikdən sonra dərin yuxuya gediblər. Deməli, yuxu dərmanı həmin şirəyə qatılıbmış. Maşınla bağlı da maraqlı bir şey aşkar etdim. Əslində, mənə maşın yox, açarları lazım idi. Layiqənin verdiyi açarı alışqanla qızdırıb burnuma yaxınlaşdıranda zəif mum iyi vurdu burnuma. Muma batırılmaqla açarın surəti çıxarılmışdı. Eyni şeyi maşının qapı açarı ilə də təkrarladım. Nə qədər silinsələr də, açarlardan qızdırılan mumun iyini hiss etmək olurdu. Bunu da Qılıncın fürsət tapıb etdiyinə şübhə yox idi. Beləliklə, üç gün sonra növbəyə gələn Salam, səhv etmirəmsə, saat 00:55-də Qılıncın verdiyi şirədən içir, bir qədər sonra dərman təsirini göstərir və onu yuxu aparır. Rəmzi axşam saatlarında «Karat»a gecə onu gözləyəcəyi barədə xəbər yollayır. Bunu hansı üsulla edir, bilmirəm, ancaq iz qoymur, həmin gün onun «Karat»a telefon zəngi qeydə alınmayıb. Sonra onun evdən çıxacağı təxmini vaxtı Qılınca bildirir. Rəmzi ilə parkdakı görüşündən üç gün keçdiyi üçün «Karat» bu görüşü gözləyirmiş. Gecə həyatına öyrəşmiş biri kimi görüşün bu saatlarda verilməsini də adi bir şey kimi qəbul edir. Zəngin adamların öz həyat tərzi var. Üstəlik də, şəxsi marağı olduğundan bu görüş onun üçün vacib idi. Çıxacağını bildiyinə görə həmişə saat 9-da onu aparmağa gələn sürücüsünə səhər gəlməməsini tapşırıb sevgilisinin evinin qarşısında maşından düşür. Bu yandan əlində maşının açarlarının surəti olan Qılınc daş kimi yatmış Salamın maşınını rahatlıqla qaçırıb lazım olan ünvana gəlir və pusqu qurub gözləyir. Rəmzinin dediyi yerə getmək üçün gecə saatlarında evdən çıxan «Karat»ı görəndə qaranlıq küçədə qəfildən maşınla onu ölümcül vurub uzaqlaşır. Şübhələrin Salama yönəlməsi üçün maşının kamera görüntülərinə düşməsi Qılınca lazım idi və bu məqsədlə də həmin ərazidə kamera quraşdırılmış küçələrdən keçir. Kamera görüntülərində maşının sükanı arxasında olan adamın üzü görünmür. Sifətinin kameralarda əks olunmaması üçün də salondakı günlüyü aşağı endirir. İşini gördükdən sonra yenə maşını yerinə qaytarır və çıxıb gedir. Qılınc qurbanını elə də yüksək sürətlə gəlib vurmur. Belə edərsə, maşında aşkar əziklər qalardı. Bu halda xəstəxanaya qayıdanadək əziklər yol polisinin diqqətini çəkərdi, yaxud da səhər açılanda Salam bu əzikləri görüb özü polisə xəbər verərdi. Ona görə də, asta sürətlə yanlayaraq birdən sükanı döndərib «Karat»ı basır, sonra isə üstündən keçir. Bu dediklərim Cavadovdan öyrəndiyim ekspert rəylərinə əsaslanır. Elə ona görə də maşında aşkar əzilmə izləri qalmır. Təbii ki, səhər evə gələrkən yuxulu Salam maşındakı kiçik əzikləri görmür. Albalı rəngində olduğu üçün maşına sıçramış qan ləkələri də diqqətini çəkmir. Evə gəlib maşını qapıda saxlayır. Sonradan kamera görüntüləri ilə müəyyən edilən maşında isə, ekspert-kriminalistlər həmin əzikləri və qan ləkələrini çox asanlıqla aşkar edirlər. Beləliklə, hər şey cinayətkarların hazırladıqları plan üzrə gedir və bu sübutlarla üz-üzə qalan Salam elə həmin gün saxlanılır. Maşının sükanında və qapısının dəstəyində də heç bir kənar əl-barmaq izi aşkar edilmir. Bu zaman müstəntiq Cavadovun diqqət verdiyi bir şey Salamın xeyrinə işləyir. Sükan arxasında oturan adamın sükanı tutan sol əlinin bir hissəsi görüntülərdə aydın şəkildə əks olunur. Cavadov həmin əlin qeyri-adi ağ rəngdə olduğuna fikir verir və ekspertlərdən sükanı təkrar müayinə etməyi xahiş edir. İlkin olaraq yalnız əl-barmaq izləri axtaran kriminalistlər diqqətli müstəntiqin aşkar etdiyi bu detala əsasən, növbəti dəfə sükanın biokimyəvi ekspertizasını keçirirlər. Nəticədə sükanda, apteklərdə satılan adi ağ rezin əlcəyin mikroelementlərinin qalıqlarının olduğu məlum olur. Bu nəticə Cavadovun Salamın günahsız olması barədə gəldiyi qənaətini daha da möhkəmlədir. Salamın az qala hər yerində izi olan şəxsi avtomobilində o izlərdən bir neçəsini də qoymamağa çalışması absurd bir şey idi və əlcəkdən yalnız iz qoymaq istəməyən kənar şəxs istifadə edə bilərdi. Ancaq bu, digər tutarlı sübutlara qarşı çox zəif sübut olduğundan Salamın təcridxanaya yerləşdirilməsi barədə qərar qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Kaş hər bir kişiyə belə vəfalı, təəssübkeş ömür-gün yoldaşı qismət olaydı...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Heç vaxt reallaşmayacağını bildiyi bir arzusu var- atasını bir daha görmək arzusu. Atasının vaxtsız ölmünü ömrünün ən böyük uğursuzluğu hesab edir və atasıyla belə tez vidalaşmağı, onu çox üzür…
İnanclıdır. Allahın varlığına, qismətə, bəxtə, taleyə inanan adamdır. Bununla yanaşı, insanın həyatda işığı və ya qaranlığı özü seçdiyinə də əmindir…
Deyir ki;- “Mənə görə fiziki mənada uğurun bu həyatda ciddi anlamı yoxdur. Çünki əslində uğur deyə gördüklərimiz əslində həyatda etməli olduqlarımızdır. Bəzən insanlar ali təhsili, uğurlu işi, qazancı ciddi nailiyyət kimi görür, belə deyil. Kainat və Allahla münasibətdə səmimi olub, daim müsbət enerji ilə çalışsaq, demək olar ki, hər addımımız uğurlu olar və əslində belə də olmalıdır. Lakin cəmiyyətin böyük bir qismi "Allahdan buyruq, ağzıma quyruq" prinsipi ilə yaşayır və çox zəngin olmaq istəyir.”
Sevgi dolu insandır. Necə deyərlər, dilinin şirinliyi içindəki insan sevgisindən qaynaqlanır. Hamıya qarşı diqqətlidir. Cümləsinin əvvəl sözü də “can”dır, son kəlməsi də. Çox zirək adamdır. Heç vaxt tənbəl olmayıb. Bəlkə də bu onu uğura aparan ən yaxşı xüsusiyyətlərindən biridir. Həyatı dərindən dərk etməyi bacarır. Ən çətin vaxtlarda belə iradə və sevgi duyğularıyla mənfi enerjiyə qalib gəlir. Bütün ömrü boyu böyük sevgi ilə əhatə olunduğundan bu ruhda böyüyüb və o, sevgini ruhən, mənən almaq istəyən hər kəsə ötürürə bilir...
Bəli, haqqında söhbət açdığım Günel Gözəlova belə bir xanımdır. O, 1982-ci ilin avqust ayında Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 159 saylı məktəbdə başa vuraraq, BDU-nun Jurnalistika fakültəsinə qəbul olunub. 2003-cü ildə bakalavr dərəcəsinə, 2005-ci ildə isə magistr dərəcəsinə yiyələnib. Nəticədə BDU-nu qırmızı diplomla bitirib. 2000-ci ildən həyatını televiziyaya bağlayıb. Əvvəlcə AzTv-də müxtəlif redksiyalarda jurnalist, redaktor, aparıcı kimi çalışsa da, sonradan bir müddət də “Media Holdinq” MMC-də və “Lider” televiziyasında çalışıb. Burada aparıcıdan, baş redaktor vəzifəsinədək yüksələ bilib. Bununla yanaşı ABA universitetində “Azərbaycan jurnalistkası” və “Beynəlxalq jurnalistika” fənlərini tədris də edib. Bir sözlə, Günel xanım əmək fəaliyyətində uzun yol keçib- Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi də olub, “Azərpoçt” MMC-nin şöbə müdiri-sözçüsü də işləyib, NRYTv-nin mətbuat xidmətinə rəhbərlik də edib, nazirin sözçüsü, “Bizimyol” MMC-də və s. təşkilatlarda öz peşəsi ilə bağlı müxtəlif vəzifələridə də çalışıb.
2022-ci ildən “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İB-nin sədri, 2023-cü ilin iyul ayından isə “MTV Azərbaycan” kanalının baş redaktorudur. Ailəlidir, bir qızı var...
Sədaqətli xanımdır, kaş hər bir kişiyə belə vəfalı, təəssübkeş ömür-gün yoldaşı qismət olaydı. Ötən illərin söhbətidir, həkim səhlənkarlığı ucbatından həyat yoldaşı Anar Gözəlov sağlamlığını itirərək, hətta ailə üzvlərini belə tanımırdı. Günel xanım, ərinin hüquqları uğrunda mübarizə apararaq, onu bu vəziyyətə salan cərrahın cəzalandırılması uğrunda necə mübarizə apardığının çox adam şahidi olub. Öz aramızdır, bu vəziyyət çoxumuza tanışdır. O qədər bəzi başıbatmış həkimlərin səhvindən adamlar ölüb ki... Necə deyərlər, yaxınları da həkim nağıllarına uyaraq, buna göz yumub susublar. Qan da batıb, can da. Şükür Allaha məhz Günel xanımın fədəkarlığı sayəsində uzun sürən müalicələrdən sonra Anarın əmək qabiliyyəti nisbətən də olsa bərpa olunub, II qrup əlildir. Hazırda Azal QSC-də şöbələrindən birində müdir müavini vəzifəsində çalışır...
Çox iradəli, əzmkar insandır. Xüsusi bir hobbisi olmasa da, harada çalışırsa, nə işlə məşğul olursa həmin işi hobbisinə çevirir ki, ən mükəmməlinə nail ola bilsin. Avqustun 5-də qırx bir yaşına adlasa da hələ də özünü gənc hesab edir və gənclərə tövsiyyə edir ki, zamanın, eləcə də sağlamlıqlarının qədrini bilsinlər. “Dünyada ən baha və sonradan geri dönüşü olmayan məhvumdur zaman.”- söyləyir. Və gileylənir ki, özü də zamana münasibətdə çox səxavətli olub, bunu ən böyük uğursuzluğu hesab edir. Ən böyük arzusu isə uzun və sağlam ömür sürməkdir.
Deyir ki;- “İnsan elə bir varlıqdır ki, onun arzuları bitib tükənmir, zaman-zaman dəyişir, hətta reallaşmasa da. Çünki belə olmasa insan kamilləşə və çox şeyin gözəl olmasına nail ola bilməz...”
Bəli, avqustun 5-də növbəti yaşı Günel Gözəlovanın ömrünə ilk qədəmini qoydu. Qədəmləri sayalı olsun! Gedərkən, özündən sonra gözəl izlər, xatirələr qalsın!
Çox yaşayın, Günel xanım!
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Ramil Əhməddən yazmaqda çətinlik çəkənlərə 7 məsləhət
“Ədəbiyyat və incəsənət” portalı Ramil Əhmədin “Yazmaqda çətinlik çəkənlər üçün bir neçə qeyd”ini təqdim edir.
1. Əgər yaradıcı olmadığınızı düşünürsünüzsə, oxuyun. Əgər belə düşünmürsünüzsə, yenə də oxuyun. Bir sözlə, oxuyun.
2. İlham pərilərini gözləməyin. Onsuz da yaza bilərsiniz.
3. Doldura bilməyəcəyiniz boş ağ səhifə sizi sıxırsa, özünüzə daha kiçik bir yazı işi təyin edin. Yazmaq üçün bir təkan tapın. Məsələn, bir xatirə yazın.
4. Özünüzü iş masanıza zəncirləməyin. Bəzən ən yaxşı ideyalar müxtəlif şeylər etməklə gəlir.
5. Yazmaq üçün uyğun vaxtı gözləmək üçün özünüzü şərtləndirməyin. Düzgün vaxt yoxdur. Sadəcə başlayın.
6. Bəzən ilk cümlənizi tapmaq üçün onlarla məşq edirsiniz və silirsiniz. Problem deyil. Yola davam.
7. Yazmaq üçün geniş bir vaxt olmasını gözləməyin. Əgər cəmi 20 dəqiqəniz varsa, 20 dəqiqə yazın.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Rəsm qalereyası: Sakit Məmmədov, “Avtoportret”
Avropa üçün nüvə təhlükəsi artmaqdadır
Ehtimal olunur ki, Kreml ABŞ və Qərbi ciddi şəkildə qorxutmaq üçün əvvəlcə məhz AES-də partlayış törədə bilər
“Ədəbiyyat və incəsənət” portalı siyasi ekspert Elçin Xalidbətlinin olduqca aktual yazısını diqqətinizə çatdırır. İndi hamını yalnız bir şey maraqlandırır: Rusiya nə edəcək?
Rusiya ordusu öz döyüş potensialının təxminən yarısını itirib, ölkənin xəritədən silinmə təhlükəsi Kremli son varianta sürükləyir... Kremldə “nüvə düyməsi” masaya gətirilib, hər an qorxunc qərar verilə bilər...
Ukrayna savaşı Rusiya üçün əsl fəlakət mənbəyinə çevrilib. Kreml bu “savaş bataqlığı”nda Rusiyanın “boğulmaq” üzrə olduğunu artıq anlamağa başlayıb. Ancaq Rusiyanın hərbi-siyasi rəhbərliyi bu vəziyyətdən çıxış yolları tapa bilmir. Çünki Kreml Rusiyanın bu savaşdan “hərbi qənimətlər”lə çıxmasında hələ də israrlı davranır və Qərbdən bu məsələdə güzəşt gözləyir.
Ancaq Ukrayna savaşının ssenari müəllifləri Kremlin belə asanlıqla, üstəlik, “hərbi qənimətlər”lə Rusiyanı xilas etməsinə imkan vermək niyyətindən çox-çox uzaqdır. Hətta Kreml Qərbin və Ukraynanın bütün tələb-şərtlətini qəbul etsə belə, Rusiyanın “savaş bataqlığı”nda hələ uzun müddət saxlamaq planlarının mövcudluğu artıq qətiyyən şübhə doğurmur. Və Rusiyanın hazırda düşdüyü durum Ukrayna savaşının ssenari müəlliflərini daha da cəsarətləndirir.
Məsələ ondadır ki, Rusiya iqtisadiyyatı artıq Ukrayna savaşının yükünü çəkməkdə çətinlik çəkir. Rusiya rublu valyuta birjalarında sürətlə ucuzlaşır. Rusiya ordusunun savaş xərcləri isə durmadan artmaqda davam edir. Son məlumatlara görə, Kreml son iki ay ərzində Rusiyanın maliyyə rezervlərini də xərcləməyə başlayıb və ölkənin ehtiyatları 120 milyard dollar azalıb. Və Kreml hazırda dövlət büdcəsində qeyri-hərbi sahələrin maliyyələşdirilməsini məhdudlaşdırmaqla, vəziyyətdən çıxmağa çalışır.
Halbuki, bu, o qədər də ümidverici nəticələr vəd etmir. Hər halda, qeyri-hərbi sahələrdən maliyyə kəsintiləri yaxın gələcəkdə sosial-ictimai böhran təhlükəsi də yaradır. “Vaqner”in silahlı qiyamından sonra mövcud olan vəziyyət Rusiyanın ölkədaxili sosial-ictimai təlatümlərə tab gətirmə imkanlarını da məhdudlaşdırıb. Bu isə o deməkdir ki, Rusiyanın ətrafında dairə daralır. Və Kremlin taleyüklü qərarlar almaq məcburiyyətində qala biləcəyi mərhələ artıq o qədər də uzaqda deyil.
Məsələ ondadır ki, Kreml Rusiya ordusunun hərbi ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. Son məlumatlara görə, Rusiya ordusu Ukrayna savaşının başlanmasından indiyə qədər öz hərbi texnika arsenalının böyük bir hissəsindən məhrum olub. Rusiyanın yalnız 2500-dən çox tank itirdiyini nəzərə aldıqda, vəziyyətin katostrafik olduğu qətiyyən şübhə doğurmur. Çünki Rusiya bir il ərzində cəmisi 200 tank istehsal etmək imkanındadır. Bu hesabla, Kremlin yalnız itirilmiş tankları yeniləri ilə əvəz etməsi üçün təxminən 10 il vaxt lazımdır.
Ona görə də, Qərb hərbi ekspertləri əmindirlər ki, Rusiya ordusu savaşdan öncəki döyüş qabiliyyətlərinin yarısından çoxunu artıq itirib. Savaşın bir qədər də uzanması Kremli əlacsız duruma sala bilər. Halbuki, elə indidən Rusiya ordusunun aciz vəziyyətə düşməkdə olduğu da müşahidə edilir.
Rusiya ordusunun strateji əhəmiyyət daşıyan Baxmut şəhərindən tədricən geri çəkilməsi barədə məlumatlarsa, Kremlin məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacağı vaxtın sürətlə yaxınlaşdığını göstərir. Və artıq heç kimdə şübhə yoxdur ki, bundan sonra yalnız müdafiə taktikasına məhkum olan Rusiya ordusundan əkshücum həmləsi gözləmək sadəlövhlük olardı.
Əslində, Rusiya ordusunun indiki zəifləmiş durumu onun Ukrayna savaşında məğlubiyyətini yaxınlaşdırsa da, bunun təhlükəli nəticələri də ola bilər. Belə ki, Kreml Ukrayna savaşında məğlubiyyət variantı üzərində qətiyyən düşünmür. Əksinə, Rusiya siyasi dairələri məğlubiyyətin ölkənin parçalanaraq, dağılmasına yol aça biləcəyini düşünürlər. Və bunun qarşısını almaq üçün bütün variantlardan istifadə ediləcəyini vurğulayırlar.
Hazırda bütün dünya üşün ən təhlükəli olan məqam da məhz bununla birbaşa bağlıdır. Hələ bir müddət öncə Kreml ABŞ və Qərbə xəbərdarlıq etmişdi ki, Ukraynaya hərbi dəstəyi dərhal dayandırsın. Əks halda, bu, ABŞ və Qərbin özünə qarşı əsl fəlakətin başlanğıcı da ola bilər. Kreml bu təhdidlərini nüvə dövlətinin adi savaşlarda məğlubiyyətinin mümkün olmaması ilə izah etmişdi. Və dolayısı ilə Rusiyanın rəqiblərini nüvə savaşı ilə hədələmişdi.
Bəzi məlumatlara görə, “Vaqner”in hərbi qiyaməndan sonra Kremldə təşviş qarışıq aqressiv əhval-ruhiyyə hökm sürür. Rusiya siyasi dairələri hesab edirlər ki, əgər, Ukrayna savaşında məğlubiyyət qaçılmaz olarsa, nüvə silahından istifadə etməkdən başqa çarə qalmayacaq. Və bu dəhşətli savaş modelinə isə elə indidən hazırlaşmaq vacibdir.
Maraqlıdır ki, Kreml nüvə savaşına hazırlıq prosesinə artıq başlamış kimi görünür. Belə ki, prezident Vladimir Putinin göstərişi ilə Rusiyanın qərb bölgələrindəki bütün nüvə sığınacaqlarının hazır vəziyyətə gətirilməsinə start verilib. Eyni zamanda, Rusiya öz nüvə potensialının bir hissəsini Avropa ölkələrinə daha yaxın olan Belarusa yerləşdirib. Və bu, yaxın gələcəkdə nüvə düyməsinə basılma ehtimalını artırır.
Digər tərəfdən, Kreml Ukraynanı Zaparojye Atom Elektrik Stansiyasını partlatmağa hazırlaşmaqda da suçlayır. Üstəlik, Rusiya ordusunun həmin AES-in ərazisini sürətlə tərk etməyə başladığı barədə də məlumatlar yayılır. Hesab olunur ki, bütün bunlar AES-ə zərbə endirilməsi barədə planın hazır olmasının ilkin əlaməti sayılmalıdır.
Adətən, Kreml Ukraynanı hansısa hərbi cinayətdə ittiham edirsə, bu, mütləq baş verir. Ancaq sonradan məlum olur ki, Kreml Ukraynanı ittiham etsə də, hadisə Rusiya tərəfindən törədilib. UkraynadaSES-invurulmasından öncə də, KremlrəsmiKiyeviittihamedirdi.Və sonradanbuqorxuncaddımınRusiyaordusutərəfindənatıldığı barədə sübutlaryayıldı.
İndidə AES-ə qarşı eynihadisələrtəkrarlanmağabaşlayıb.Ehtimalolunurki, KremlABŞ və Qərbiciddi şəkildə qorxutmaq üçünəvvəlcə məhzAES-də partlayış törədə bilər.ÇünkiAES-də partlayış nüvə savaşınınməhdud çərçivədə sınaqdan çıxarılması anlamı daşıyacaq.Yalnızbundansonradaəgər, ABŞ və QərbRusiyayaqarşı hərbiqarşıdurmanı davametdirərsə, KremlinAvropa ölkələrinə realnüvə zərbəsiendirəcəyigümanolunur.
Göründüyü kimi, dünyaolduqcarealnüvə təhdidiilə üzləşib.Ukraynarəsmidairələridə əmindirlərki, Kremlənyaxıngünlərdə AES-ə zərbə endirəcəkvə bölgəyə qonşu ölkələrdə daxilolmaqla, böyükbirəraziradiaktivməkana çevriləcək. Və bubaxımdan, dünyanınhərannüvə savaşınaməruzqalmaehtimalı hazırdatamamilə inandırıcı görünür.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Əsas Liderlik konsepsiyaları
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Ayrı-ayrı psixoloqlar, sosioloqlar, alimlər illər uzunu liderlik təlimləri yaradıblar. Effektiv liderliyin universal stilinin müəyyənləşdirilməsinin bu cür ənənəvi konsepsiyaları dünya tarixinin inkişafında müəyyən rol oynayıblar, bu, istinasızdır. Bəsitdən mürəkkəbə, ibtidaidən aliyə təkmilləşən bu təhqiqatların öncə yarananlarında qeyd olunurdu ki, istənilən şəraitdən asılı olmayaraq lider müəyyən aparıcı xüsusiyyətlərə malik olmalıdır ki, məhz bunlar liderliyi şərtləndirməlidir. Sonrakı dövrdəki təlimlərdə isə daha çox şəraitin qiymətləndirilməsinə önəm verildi.
Liderlik – bir çox alimlərin təhqiqat obyekti olduğundan artıq bu gün liderlik problemlərinin öyrənilməsinin əsas teoretik yanaşmaları formalaşdırılmışdır.
Beləliklə, effektiv liderliyin ən vacib faktorlarının müəyyənləşməsi üçün 3 klassik metod mövcuddur: davranışa görə yanaşma, şəxsi keyfiyyətlər mövqeyindən yanaşma, şəraitə uyğun yanaşma.
Bu üç metoddan ən çox önəm veriləni davranış metodu hesab olunur. Liderliyin davranış əsası 2-ci Dünya muharibəsi ərəfəsindən başlayaraq ötən əsrin 60-cı illərinə qədər davam edib. Liderlik keyfiyyətlərinə davranış yanaşılmasının ən vacib fərqli cəhəti bu konsepsiyanın liderlərin xüsusi proqramlarla hazırlanmasını nəzərdə tutmasıdır. Davranış yanaşması konsepsiyalarının ən geniş yayılmışları bunlardır: ABŞ-ın Ohayo ştatı Universitetinin təhqiqatları, ABŞ-ın Miçiqan universitetinin təhqiqatları, Laykert idarəçilik sistemi, Bleyk və Moyton idarəçilik çərçivəsi, təltif və cəzalandırma konsepsiyası, liderliyin əvəzlənməsi konsepsiyası.
Təbii ki, bütün bu konsepsiyaların üzərində ayrı-ayrılıqda dayanmağımız qeyri-mümkündür, kitabımızın bütün səhifələri buna bəs etməz. Qısaca olaraq onu deyək ki, məhz davranış yanaşması hesabına hazırda çox aktual olan rəhbərlik stili kvalifikasiyası əsasları yaranıbdır ki, bu kvalifikasiya da əksəriyyətimizə yaxşı bəllidir: demokratik rəhbərlik, avtoritar və liberal rəhbərlik. Üstəlik, bu yanaşma hesabına davranış stilləri də müəyyənləşdirilib. Amma bu metodda şəxsin əsas götürülməsi, konkret şəraitə önəm verilməməsi qüsurlu yanaşma hesab olunur.
Şəxsi keyfiyyətlər mövqeyindən yanaşma metodu davranış metodundan da əvvəl yaranıb, daha çox öz bəsitliyi və sxematikliyi ilə seçilir. Bu metodda lider şəxsin uğur qazanmaq formulu onun ətrafdakı digər insanların malik olmadığı müsbət keyfiyyətlər toplusuna malik olması üstünlüyü hesab olunur. Ancaq hətta ən müsbət keyfiyyətlərə malik olsa belə, lider ola bilməyən insanların hansı səbəbdən mövcudluğuna, təbii ki, bu metod aydınlıq gətirə bilməz.
Bu metodların hər ikisi nəzərə almayıb ki, motivasiyanın bilavasitə liderliyin dualist təbiətinə aidiyyatı var, nəzərə alınmayıb ki, kim və necə pozision liderliyə, kim və necə prosesual liderliyə yüksələ bilər.
Amma, oxucularımın nəzərinə onu da çatdırmaq istəyirəm ki, hazırda bir çox böyük korporasiyalar, menecment təsisatları öz fəaliyyətində bu liderlik konsepsiyalarını əldə rəhbər tutmaqdadırlar.
Təşkilati səviyyədə liderlik təliminin ən uğurlusu liderin korporativ mədəniyyətin qurulmasında və idarəçiliyində rolunu nəzərə alan, habelə liderlik stilinin təşkilatın həyat nəbzinin döyünməsindən asılılığına önəm verən şəraitə uyğun yanaşma metodu hesab oluna bilər. Amma bu metodda da subyektivliyə istinad obyektivlikdən kənarlaşmaya səbəb olub. Xüsusən, qloballaşma şəraitində liderliyin milli stilinə maraq, təhqiqatların multikultural orientasiyaya yönəliliyi, irrasional komponentlərə istinad kimi faktorların nəzərə alınmaması bu metodun qüsuru hesab edilə bilər.
Qısaca olaraq kitabımızın bu bölümündə ənənəvi liderlik konsepsiyalarına da toxunmaq istəyirəm. Bu cür konsepsiyaları bir çox alimlər işləyib hazırlamışlar, biz ən çox istinad olunanlarına nəzər yetirək.
Beləliklə, ənənəvi liderlik konsepsiyasının liderlik keyfiyyətləri təlimi (a), habelə liderlik davranışı təlimindən (b) ibarət iki tərkib hissəsi fərqləndirilir.
a) Mövzunun tanınmış mütəxəssisi – amerikalı psixoloq Ralf Stoqdillin qənaətinə görə, lideri xarakterizə edən 5 əsas keyfiyyət var: ağıl və intellektual xüsusiyyətlər, başqalarına nüfuz edəbilmə və hökmranlıq edəbilmə qabiliyyəti, özünəinam, aktivlik və fəalliq, habelə işi bilmək, mənimsəmək.
Mövzunun başqa bir mütəxəssisi – yenə də Amerika psixoloqu, ABŞ prezidentlərinin daim müşaviri olmuş Uorren Bennis isə 4 qrup liderlik keyfiyyətləri müəyyənləşdirilib:
- diqqətləri idarə etmək; bu və ya digər məsələnin həllini, məqsədə gedən yolu ətrafdakılara cəlbedici və maraqlı olacaq qədər izah etmək;
- mənanı idarə etmək; bəhs olunan mövzunun, yaradılan obrazın mənasını ətrafdakılara aydın olacaq qədər izah etmək;
- etimadı idarə etmək; öz fəaliyyətini ardıcıllıqla, daimi qurmaqla ətrafdakıların etimadını qazana bilmək.
- özünü idarə etmək; öz güclü və zəif tərəflərini o dərəcədə bilmək ki, zəifliklərini aradan götürmək üçün kənar resurslardan, nümunə sayıla biləcək başqalarının resurslarından istifadə edə bilmək.
b) Liderlik davranışı təlimləri konsepsiyalarına isə aşağıdakılar aid edilir:
- avtoritar, demokratik və passiv liderlikdən ibarət üç liderlik stili;
- Ohayo ştatı Universitetinin təhqiqatları nəticələri: onların məqsədi idarəçiliyin ikifaktorlu təliminin hazırlanması olub ki, bura da münasibətlər strukturu (lider qrupda münasibətlər strukturunu formalaşdırır) və bu strukturlarda münasibətlərin keyfiyyəti (liderlə onun ardıcıllarının münasibətinin xarakteri) daxildir.
- Miçiqan Universitetinin təhqiqatlarının nəticələri: onların məqsədi effektiv və qeyrieffektiv liderlərin arasındakı fərqləri müəyyənləşdirmək olub.
- Amerikanın sosial psixoloqu Rensis Laykertin idarəçilik sistemi: effektiv liderlər əsas diqqəti insan faktoruna yönəldirlər və qoyulan məqsədə çatmaq üçün qrup halında yanaşmanı inkişaf etdirirlər.
- Bleyk və Mutonun (Amerika alimləri Robert Bleyk və Ceyn Muton) idarəçilik qəfəsi: liderlik davranışının horizontal (son nəticəyə, istehsalata maraq) və vertikal (insanlara maraq) xətlərinin kəsişməsi.
Beləliklə, böyük empirik baza, yüzlərlə təhqiqatlar, təcrübələr olmasına baxmayaraq liderliyin tam öyrənilməsinə, bu fenomenlə bağlı bir çox problemlərin açılmasına hələ də istənilən səviyyədə nail olunmamışdır.
Buna görə də son illərdə ənənəvi liderlik konsepsiyalarının uğursuzluğuna rəğmən alimlər liderliyin təhqiqinə yeni yanaşma metodları təklif etməkdədirlər. Bu metodlardan da biri «şərait metodu»dur ki, onun da məğzi liderlik davranışının hər şəraitdə müxtəlif olmasıdır. Gəlin razılaşaq ki, lider olmaqçün sivilizasiyanın mərkəzi Amerikada, yaxud intellektuallığın mərkəzi Yaponiyada lazım olan liderlik keyfiyyətləri və şəraitlə, tutalım, hələ də yarımvəhşi insanlar yaşayan Qvineya-Bisauda lazım olan liderlik keyfiyyətləri və şəraitlər heç də eyni ola bilməz. Eləcə də, postsovet məkanında, lap elə bizim Azərbaycanda. Milli adət-ənənələr, mental xüsusiyyətlər, dövlət quruluşu, iqtisadi-siyasi vəziyyət, cəmiyyətin strukturu, xarakteri və daha nələr, daha nələr günümüzdə şərait metodunu xeyli aktuallaşdırıb.
Kitabımızda biz mütləq bir neçə ən çox qəbul olunan şərait liderliyi konsepsiyasından bəhs etməliyik, onlardan oxucularım üçün mən Fidlerin şərait liderliyi modelini, Tannenbaum – Şmidt liderlik davranışı kontiniumunu, Hensey və Blanşardın şərait liderliyi modelini və Hauz və Mitçelin «Yol-məqsəd» liderlik modelini seçmişəm.
Gəlin növbəti hissələrdə bu modellərlə ötəri də olsa tanış olaq, onların mahiyyətinə diqqət yetirək.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
“İnsan ancaq Allahın işığında özünü bilə bilər” - Seyyid Hüseyn Nasr
“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsi rubrikasında bu dəfə sizlərə Seyyid Hüseyn Nasrın aforizmlərini təqdim edəcək.
Düşünən kəs üçün gözəllik Əbədi Olana açılan bir qapıdır...
***
İnsan ancaq Allahın işığında özünü bilə bilər.
***
Allah öz Gözəlliyini seyr etmək üçün Kainatı yaratmışdır.
***
Bilginin ən üstün dərəcəsi Allahı idrakdır. Allahı dərk etmənin isə imandan başqa yolu yoxdur, mümkün də deyil.
***
Yalnız məna göyündə bir ulduz olmağa çalışmaqla insan dünya ilə ahəng içində yaşaya bilər.
***
İnsan təbiətdəki ahəngi və gözəlliyi öz zəifliyinin fərqinə vararaq Yaradıcının Hikməti qarşısında boyun əyməklə kəşf edə bilər.
***
Modern insan heyrət duyğusunu itiribdir; bu, müqəddəslik duyğusunu itirmiş olmağının nəticəsidir.
***
Əgər görmənin anlamını cismani gözün gördüyünün fövqünə çıxarsaq, görmək – inanmaqdır.
***
Allah ilə barışıq olmadığı müddətcə insan özüylə barışıqda ola bilməz və özüylə barışıqda olmadığı müddətcə də təbiətlə barışıqda ola bilməz.
***
Mənəvi yol üzərində irəliləyiş nəfs ilə Ruh arasında sürəkli təkrarlanan qarşılaşmalarla doludur... Nəfs – xəzinəyə çata bilməsi üçün qəhrəmanın öldürməli olduğu əjdahadır.
***
Gözəlliyin çirkinliyə, ahəngin nizamsızlığa necə hakim olduğunu görmək üçün mizanı insan əliylə pozulmamış saf təbiəti seyr etmək yetər.
***
Qəlb gözü ki bircə dəfə örtüldü, daha insan haqda əsl bilgiyə yetmək mümkün deyil.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
“Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi…” - Kəmalə Abıyevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı “Lirika dəftərindən” rubrikasını təqdim edir. Bu dəfə qonağımız şair Kəmalə Abıyevadır. Onun şeirlərindən tək birini xatırlatmaq kifayətdir, “Məktəb illəri”.
Məktəb illəri
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi
Aman Allah, nə xoşbəxtdik biz onda!
Bir müəllim töhmətiydi dərdimiz,
Bu töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.
Bu dünyada qara rəngdə bizimçün
Təkcə yazı lövhəsiydi elə bil,
Al-əlvandı ötən günlər, saatlar,
Yamyaşıldı ömrümüzə gələn il.
Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ
Tanrı yazan pozulmayan yazıdan.
Hərdən dərsə gecikəndə bilməzdik,
Gecikməyin əzabları necədir.
Hansı dərsi danışsaydıq o saat,
Bilərdik ki, qiymətimiz neçədir.
Bu dünyanın bütün varı, dövləti,
Bizim üçün bir çantaya sığırdı.
Eyni yolu qət etsək də hər səhər,
Bu yollardan, sanki sevinc yağırdı.
Bir məktəbin binasıydı yuvamız,
Neçə evdən bir ünvana gələrdik.
Bu binanı ən möhtəşəm, ən gözəl
Saraylardan doğma, üstün bilərdik
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Hələ onda kədərimiz bir damcı
Hələ onda sevincimiz çox idi.
Hələ dünya bizim üçün nağıldı,
Min arzuyla alışardıq, yanardıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanardıq.
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.
Məktəb illəri
Ömrümün ən şirin,
ən təmiz günləri.
Məktəb illəri,
Hər anı bir ömrə bərabər
Qayğısız günlərim.
Ağrı
Nə vaxtdır ağrılar didir qəlbimi,
onsuz da sağalmır yaralı canım.
O dərdli Urmunun suları kimi
quruyur mənim də damarda qanım...
İllərdi Borçalım gözü yaşlıdı,
Dərbənd həsrətində bəndə düşmüşəm.
İllərdi elə bil başım daşlıdı,
elə bil çarəsiz dərdə düşmüşəm...
Torpaqtək doğrayın elə məni də,
elə paramparça yaşayım mən də.
Ağrıyla, acıyla sürünüm bir az,
yaralı canımı daşıyım mən də.
Göyçəyə, Vediyə çata bilməyən
ayağımı kəsin, əlimi kəsin.
Ərdəbil, Xoy deyib haray salmayan,
illərdi o susan dilimi kəsin.
Bir az ovutmaqçün həsrət torpağı,
Bir əlimi atın Dərəçiçəyə.
Bəlkə o dərədə dinə ağrısı
Bir gün o yerlərdə dönər çiçəyə
O taylı-bu taylı Vətən sözləri
varlığımı çəkir çarmıxa hələ.
Babək qalasına həsrət gözlərim
ovulub tökülsün Araza elə.
Səpilsin torpağın yaralarına
dözüm heykəlinə dönən ürəyim.
Atın dörd bir yana paralarımı.
bəlkə bir azacıq toxdaya bilim.
Bilirsənmi
Kim ağrıdar yerim kimi...
Bəhruz Niftəliyev
Bilirsənmi mənim kimi
sevmək necə olur, necə?..
İçin-için sevirsən.
Sakitcə. Ölüncə.
Kimsəni şərik edə bilmirsən.
Qula dönürsən.
Gedə bilmədiyin yer olursan.
Gedə bilsəm... Getsəm...
boşalacaq yerim. Boş qalacaq.
Yerimə kimi qoysan olmayacaq...
Bilirsənmi, Ruhum ağrıyır, gecəyə qarışır,
qaranlığa dolaşır...
aydan imdad diləyir, cismimi də sürükləyir,
darıxır əllərim, gözlərim.
Darıxır deyə bilmədiyim
eşitmək istəmədiyin sözlərim.
çırpır özünü ürəyimin divarlarına.
əks sədası dolur qulaqlarıma.
Uğuldayır kafam,
elə bil minaya düşmüşəm kontuziyalıyam.
Adımı da, kimliyimi də unuduram.
Bilirsənmi, bu necə əzabdı, necə ağırdır?
Yaralı ruhum necə ağrıyır,
bilirsənmi yaralar necə ağlayır...
Sevməkdən...
Ötəsimi var? Hə, bir də ayrılıq var.
Bilirsənmi, necə olur
geri dönüşü olmayan ayrılıqlar?
Onsuz gedəsiyəm mən geri dönmədən,
Amma sən məni itirmədən,
mən səni itirmədən...
Heyf... bilməyəcəm kim oxşayacaq
sevgimi sənin kimi.
Kimi oxşayacaqsan mənim kimi...
Bir də... bir də blirsənmi
"kim ağrıdar yerim kimi"...
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Heydər Əliyev Fondu “Məhəbbət əfsanəsi” baletini yenidən səhnəyə qaytarır
Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur. Belə ki, sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. “Məhəbbət əfsanəsi” möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfasanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması heç də təsadüfi deyil. 2023-cü il həm dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, həm də görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyidir.
Ümummilli Lider Heydər Əliyev Arif Məlikovu bir sənətkar və insan kimi həmişə olduqca yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirdi və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunmuşdu.
“Məhəbbət əfsanəsi”nin tarixi təqdimatı üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini görkəmli türk şairi Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Arif Məlikov 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.
“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub.
1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.
“Məhəbbət əfsanəsi” baleti bu günədək dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.
“Məhəbbət əfsanəsi”nin 18-19 sentyabr nümayişinin biletləri tezliklə şəhərin kassaları və iTicket.az saytında satışda olacaq.
Anşlaq olacağı dəqiqdir!
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Təvəkkül Boysunarın “Uğursuz gün” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Nəsr silsiləsində sonuncu dəfə gənc yazarın hekayəsini təqdim edirik. Bu dəfə Təvəkkül Boysunardır və onun “Uğursuz gün” hekayəsidir.
UĞURSUZ GÜN
(Yumor üçün)
Keçmiş iş yoldaşım Jalə məni toyuna dəvət eləyəndə axırda belə bir cümlə də yazdı:
– Səni elə masada əyləşdirəcəm ki, bir ay sonra sən də məni toyuna çağırassan.
Gülümsəyib sağollaşdım və iki həftə sonra zala daxil olub, məni qarşılayan adamın göstərdiyi masaya doğru gedəndə Jalənin zarafat etmədiyini başa düşdüm.
Cəmi üç oğlanın əyləşdiyi həmin masada qalan qonaqların hamısı qız idi və qızların hamısı da elə gözəl və gözqamaşdırıcı görsənirdilər ki, ürəyimdə ciddi bir təəssüf hissi ilə dördüncü oğlan olaraq masaya əyləşdim.
Təəssüfüm ona görə idi ki:
İşdən çıxıb birbaşa bura gəlmişdim və günorta da heç nə yeməmişdim deyə, çox ac idim, hətta o qədər ac idim ki, başqa masaların arasından keçib öz masama doğru gedərkən az qalırdım, əl atıb digər stolların üstündəki ət tikələrini, blinçikləri qapım.
İndi isə bu səkkiz gözəlin qarşısında ürəyim istəyən kimi yemək yeyə bilməyəcəyimin qorxusu məni möhkəm narahat edirdi.
Oturan kimi oğlanlarla salamlaşıb guya ünsiyyət qurmağa çalışdım ki, yavaş-yavaş yeməyə girişə bilim. İlk fürsətdə qızları da diqqətlə süzdüm. Elə bəzənib düzənmişdilər və gözəl görsənmək üçün bütün var qüvvələrini elə səfərbər etmişdilər ki, bir anlıq iştahımın qaçacağını düşündüm.
Amma baxışlarımı təzədən süfrənin üstünə qaytaranda daha heç nə fikirləşmədən öz boşqabıma yeməklərin ən ləzzətli görünənini çəkdim. Salat olaraq isə həmin an yeməkdən də ləziz görsənən qıpqırmızı bir pomidoru çəngəlimin ucu ilə götürüb boşqabıma qoydum.
Fikir verdim ki, masada oturanların hamısı çəngəl və bıçaqdan olduqca incə-incə, səliqəli şəkildə istifadə edirlər. Məcburən mən də elə elədim, amma bıçağım, deyəsən, çox küt idi, çünki pomidoru kəsməyə bir cəhd elədim, alınmadı, iki cəhd elədim, alınmadı, üçüncü cəhdimdə əsəbiləşib pomidora öz gücümü göstərməyi qərara aldım və bıçağı bayaqkından daha möhkəm sıxanda pomidor sağ tərəfdən elə partladı ki, içindəki dənələri qırmızı suyu ilə bir yerdə fışqıraraq sağımda oturmuş qızın açıq-mavi rəngli paltarına çiləndi.
Bıçaqdan fərqli olaraq, baxışlarım çox iti idi. Pomidorun fışqıran suyunun necə trayektoriya cızdığını və cızdığı trayektoriyaya uyğun formada qızın üstünə özünü necə atdığını dəqiqliklə müşahidə elədim. Onu da müşahidə edə bildim ki, qız sanki üstünə ilan hücum edibmiş kimi, baş verən bədbəxt hadisənin şokunda həyəcanla ayağa sıçradı, bir az qışqırdı və sonra təzədən stuluna oturub nə edəcəyini bilmədən ağlamağa başladı.
Pomidorun dənələri isə onun paltarı üstündə elə harmonik və ahəngdar düzülmüşdü ki, elə bil qızın mavi rəngli donunda ağlı-qırmızılı balaca-balaca düymələr var idi.
O qədər rüsvayçı vəziyyətdə idim ki, hamının gözündən yayınmaq üçün yoxa çıxmaq, yerin dibinə girmək istəyirdim.
Masadakı qızlar "zərərçəkmiş"in yanında dayanıb ona kömək etməyə çalışır, kimisi salfetka ilə pomidorun dənələrini paltardan təmizləməyə cəhd edir, kimisi qıza təsəlli verir, kimisi də ona qoşulub ağlayırdı.
Özümü itirmişdim, nə deməli və nə etməli olduğumu bilmirdim. Qızların onun başına yığışdığını görüb əvvəlcə istədim deyəm ki, narahat olmayın, o qızı özüm alacam. Amma birtəhər ağlımı başıma yığdım və yadıma saldım ki, bu addım daha böyük faciələrdən sonra atılır. Ağlıma ikinci gələn şey zaldakı bütün qonaqların gözü önündə, çalğıçıların çaldığı dramatik musiqi sədaları altında qızı elə yerindəcə qamarlayıb qucağıma almaq və qapıya doğru qaçmaq idi. Ancaq deyəsən, bu da daha ağır qəza hallarında yerinə yetirilən bir şey idi.
Bir xeyli qanqaraçılıqdan sonra rəfiqələri qızın üstündəki pomidor dənələrini təmizlədilər. Daha sonra onlar qızı ayağa qaldırıb birlikdə çölə çıxdılar.
Bütün bu hadisələr baş verərkən masadakı oğlanlar özlərini o qədər ciddi aparırdılar ki, guya bunların gözü dünyada heç kəsi görmürdü.
...İştahım qaçmışdı. Amma kor-peşman çəngəl-bıçağı əlimə götürüb başımı qatmağa çalışdım.
Bu vaxt hiss elədim ki, masada qalan iki-üç qız məndən qorxduqları üçün ayağa qalxıb stullarını bir qədər uzağa sürüşdürdü.
Bir az sonra qızı gətirdilər.
O, əməlli-başlı pərişan olmuşdu. Üzümə də baxmadan keçib yerlərində oturdular. Amma mən gözucu nəzər salanda ləkə düşən yerin hələ də qurumadığını görürdüm.
İlk fürsətdə imkan tapıb qıza tərəf əyildim və çalışdım ki, üzrxahlıq edəndə vəziyyəti daha da korlamayım.
– Xanım... həqiqətən... çox üzr istəyirəm, bilmirəm necə oldu, siz Allah, bağışlayın. Yəni... bilmirəm, necə yuya bilərəm günahımı, paltarın xərci-filan nə qədərdisə...
Qız sözümü kəsdi və acıqla üzümə baxdı:
– Ehtiyac yoxdu.
Daha nəsə deməyə qorxdum. Kirimişcə boşqablarıma tərəf qayıtdım və bu uğursuz gecənin tez başa çatmasını, zaldan çıxıb evə rədd olacağım anı səbirsizliklə gözləməyə başladım.
Bir-iki dəfə həyətə düşüb qayıtdım, bir dəfə bəylə gəlinin yanına gedib onları təbrik elədim və şəkil çəkdirdim.
Və hər dəfə masama qayıdanda həmin qız mənə daha gözəl görsəndi.
Baş verənlərin xoşagəlməz dadını unutmaqdan ötrü içdiyim bir neçə qədəh arağın təsiri altında beynim azacıq dumanlanmışdı.
Bir qədər sonra toy meydançasında gənc cütlüklərin romantik rəqsi başlandı.
Masadakı oğlanların hərəsi bir qızı dəvət edib ayağa qaldırdı. O biri qızlar isə yan masalardan gələn oğlanların təklifinə etiraz etmədilər. Deyəsən, onlardan bəziləri tələbə yoldaşı idilər. Hər kəs ayağa qalxıb yanındakı həmkarı ilə rəqs meydançasına üz tutdu. Sağımda oturan və məyus baxışları hələ də dəyişilməyən qızla məndən başqa bizim masada heç kəs qalmadı.
Vurduğu dodaq boyasının daha da nəzərəçarpan etdiyi dodaqları bir anlıq mənim gözümdə sevgiyə o qədər təşnə görsəndi ki, kənarları qara sürməylə haşiyələnmiş gözləri, biçimli qaşları, yarıaçıq çiyinləri, ətraflı təsvir etməyə qısqandığım incə bədəni elə aşiqedici görsəndi ki, bir az içkinin, bir az da bu gözəlliyin təsiri ilə azacıq sərxoş olduğumu hiss elədim və özümdə necə cəsarət tapdımsa, çox tərəddüd etmədən səsli dodaqlarımı ona tərəf yaxınlaşdırdım:
– Rəqs eləyə bilərik?
Qız üzümə baxdı:
– Ayağa qalxmaq istəmirəm, üzrlü hesab edin. Ləkənin izi qalıb.
– Qaranlıqdı. Heç kim ləkə görmür, – dedim.
– İstəmirəm, – deyə ikinci dəfə təklifimi rədd elədi.
– Heç kim ləkəni görməyəcək, yəni ən azından mən yanınızda olacam, görsənməyəcək.
Qız sözümü eşitdi, amma cavab vermədi, mənsə sonrasının nə olacağını düşünmədən içkinin verdiyi cəsarətlə əlimi qıza tərəf apardım və onun əlindən tutmağa çalışdım. Bunu gözləmirmiş kimi qeyri-ixtiyari əlini çəkmək istədi və bu vaxt paltarı rəngində boya vurulmuş uzun dırnağı əlimə ilişdi. Amma o, əlini çəkməyə müvəffəq ola bilməmişdi. İncə əli artıq əlimin içindəydi.
Tutduğum əlini buraxmadan ayağa qalxdım və onu da ayağa qaldırdım.
Çaşqın-çaşqın üzümə baxdı. Vəziyyəti yumşaltmaq üçün gülümsəyib:
– Rəqs eləyək. Çox çətin şey deyil ki. Siznən rəqs eləmək istəyirəm, – dedim və onu rəqs meydançasına tərəf apardım.
Sağ əlim onun incə belində öz yerini tutdu, onunsa sol əli mənim sağ çiynimin üstündə dayandı.
İçimdəki qəribə və gözəl hisslərin fırtınasını hiss edə-edə onun üzünə diqqətlə nəzər saldım. Qaçırmaq istədiyi baxışlarına, gözlərinə, dodaqlarına, arxasında bir ürəyin döyündüyü köksünə baxdım.
Yarıaçıq çiyinlərinə baxmadım, baxmaq istəmirdim. Bu vaxt ürəyimdə düşündüm ki, deməli, doğrudan da, hər şeyin bir səbəbi var imiş, əgər o xoşagəlməz hadisə olmasaydı, indi, bəlkə də, bu gözəl qızla rəqs edən mən olmayacaqdım. Gözlərinə yenidən baxanda mənə baxdığını gördüm, amma baxışlarını təlaşla qaçırdı.
Ona tərəf əyilib sözə başladım:
– Məncə, bu rəqsdən sonra məni az da olsa, bağışlayarsız.
– Nə əlaqəsi var? – deyə cavab verdi.
– Adi bir ləkəyə görə kefinizi çox pozursuz, məncə. Həm də o ləkə heç mane ola bilməyib sizin gözəlliyinizə, – dedim, amma özüm də hiss elədim ki, deyəsən, getdikcə sırtıqlaşıram.
Onun üzündə azacıq da olsa, təbəssümə nail olmaq idi mənim məqsədim. Və deyəsən, buna nail olmaq üzrəydim. Çünki qız son sözlərimə cüzidən də cüzi bir təbəssümlə:
– Çox sağ olun, – deyə cavab verdi.
– Siz Jalənin nəyisiz? – fürsətdən istifadə edib söhbəti davam etdirdim.
– Tələbə yoldaşı olmuşuq magistrda.
– Magistr da oxumusuz? Bəs indi işləyirsiz?
O işlədiyi yerin adını dedi və bir-iki cümləylə işini təsvir də elədi. Aramızdakı buzlar əridiyinə görə bir xeyli şad idim.
Hətta bir az da söhbət edəndən sonra daha da qudurdum, onun evə taksiylə qayıdacağı məlumatını öz sözlərindən dolayı yolla əldə etmişdim deyə, etiraz etməsinə şərait yaratmamaq üçün ciddi-ciddi dedim:
– Ümid eləyirəm, günahımı yumaq üçün icazə verərsiz, toydan sonra sizi taksiylə mən yola salım, hə?
Bu dəfə onun üzündə ikinci kiçik təbəssümü gördüm və bunu öz aləmimdə razılıq əlaməti kimi qəbul elədim. Sonra rəqs bitdi, hər kəs öz yerinə tərəf çəkilməyə başladı, biz birlikdə, bayaqkı təbəssümlü söhbəti davam etdirə-etdirə masamıza tərəf addımladıq.
Jalənin məni toya dəvət edərkən yazdığı mesajı xatırladım və mənə elə gəldi ki, indi yanımda yeriyən bu gözəl xanımla mənim aramda, doğrudan da, ciddi bir münasibət yarana bilər. Amma elə bu fikir ağlıma gələn kimi, masamıza gedən yol üstündəykən ayağım çəkilişçilərin andıra qalmış şunurlarına ilişdi. Əvvəlcə ciddi heç nə olmadı, səndələyib bir az qabağa gəldim, bu gün baş verən uğursuzluğum yadıma düşdü, sonra stula ilişdim, müvazinətimi saxlamağa çalışdım, amma bacarmadım və tərslikdən yerə yıxılarkən necə oldusa, əl atıb yanımdakı qızdan da yapışdım və hər ikimiz birlikdə yerə yıxıldıq. Hiss elədim ki, toydakıların az qala hamısı diqqətlə bizə baxır. Yaxınlıqdakı adamlardan bəziləri bizə kömək edib ayağa qaldırdı və mən masaya qayıdandan sonra o qızın üzünə xəcalətimdən bir də baxa bilmədim.
İlk fürsətdəcə zaldan çıxdım, pul qabımdakı yüzlüyü zərfin içinə qoyub sandığa salandan sonra isə şadlıq sarayını tərk edib birbaşa taksi dayanacağına yollandım.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)