Redaksiyamızın poçtuna Sumqayıtda yaşayıb yaradan Şəlalə Adilqızının şeirləri daxil olub. Onların bir qismini bu gün sizlərin ixtiyarına veririk.
Gedişin də möhtəşəmdi ürəyimdə;
Gedən sənsən...
Tufan qopur gözlərimdə;
Gedən sənsən...
İstəmirəm, söyləmə də
Gedişinin səbəbini...
Sus!
Səmtini də demə mənə
Gedəcəyin uzaq yerin...
Baxmaram
Heç nəyə, heç kimə;
Mən də gedərəm səninlə.
Gedərəm...
“Sənsiz yaşamaram!” sözümə
Sahib çıxaram!
Dolayaram dikdabanıma dünyanı,
Çiynim üstdən arxaya ataram...
Və...
Və harda olsan,
Gəlib səni taparam!
***
Gözlərimə mil çəkərəm;
Əksin görən olmasın...
Dilimdə tikan əkərəm;
Adını bilən olmasın...
...Külli-aləm nakam qalsın
Sevgimiz boyda sirdən...
Sus!
Sən də pıçıldama eşqimizi dənizə...
Büküb-bürmələyib əmanət etmişəm
Eşqimizi ömür düyünçəmizə...
Sus!
Adını dilimdən,
əksini gözlərimdən,
səni ürəyimdən oğurlayan
pisniyyət fələk oyanar birdən...
***
Adına şəhadət gətirdim,
Rəsminə tapındım sənin...
Bir ağac əkdim adına,
Bir arzu kəsdim qurbanlığına...
Belə sevdim səni, əzizim;
Belə aldandım sənə...
Üzgünəm...
Günahkaram,
Bidətçiyəm, bilirəm...
Səni gözəl sevdiyim üçün
Allah babadan üzr istəyirəm...
***
Cənab yeməkpaylayan,
Menyunuzda eşq varmı?
Ədviyyatı səadətdən,
Sousu azadlıq olsun...
Əlimi silməyə kağız gətirmə,
Göz yaşı bəsimdi; sevincdən olsun!
Eşq bulağının suyundan dəmlə çayı,
Süz ovcuma;
Ömrə gəlib-gedənlərə
Yetməz fncan sayı...
Şokolad kağızından qəhqəhə çıxsın,
Dişləyim, ruhuma cüt qanad taxsın...
Uçum-uçum göylərə,
Ömür də Tanrı payı...
...Cənab yeməkpaylayan,
Hesabı yaz... Oldumu?
...Bir ömür xərcləmişəm,
Hesabın düz oldumu?
***
Sonunda sevdalıların
Muradına yetdiyi nağılları söylə mənə...
Arzulardan çay dəmləyim...
Xəyalları film kimi izləyək...
Deyək-gülək...
Ümidlərin dibçəyinə sevinc göz yaşı tökək...
Sonra...
Sonra da çıxaq vüsal şəhərinin
Ən yüksək nöqtəsinə...
Ordan seyr edək həqiqəti;
Ayrılığın ulduz –ulduz parladığı zülməti...
***
Ana
Anı yaşamağa qoymayanda
Uşaqlığı itiririk...
Bircə anda böyüyürük...
Ata
Ömrü çərçivəyə salanda
Özümüz qırırıq qanadımızı...
Arzularımızın önünə
“qırmızı xətt” çəkirik...
Qardaş
Önümüzdə “qara daş”dısa,
"Zəncirlənmiş Prometey"
xəyali dostumuz olur...
Bacı
Olmayanda “səbir daşı”mız,
Həmdərdimiz “Kerri bacı”,
Dərdimiz qorxusuz olur...
***
Gözünün yaşı söndürər
Yaşam eşqini; ağlama!
Gülüşün gülə döndərər
Ovcundakı dərdini: ağlama!
Bil ki,
Ömrə gələn gedəsidir; gülümsə...
Sev ki,
Sevgi dünyalararası
Savaşın atəşkəsidir; gülümsə...
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)