“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab ərsəyə gətirilib.
Nəfis tərtibatda işıq üzü görən kitab aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunub.
Layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir: “Sazbəndlik sənəti və sazbəndlər olmasaydı, aşıq sənəti də bunca inkişaf edə bilməzdi. Zaman-zaman bir sənət sahəsi kimi, sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Sazbəndlik özünəməxsus incəlikləri olan, sazbənddən peşəkarlıqla yanaşı, aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə dair zəngin bilik və geniş dünyagörüşü tələb edən spesifik bir sənət sahəsidir.
Ancaq təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca vacibdir”.
Kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba yazdığı “Ön söz”də vurğulayıb: “Təəssüf ki, indiyə qədər sazla bağlı instrumental fəaliyyətin tarixi kökləri, evolyusion inkişaf dinamikası, bir sözlə, sazbəndlik sənətinin incəlikləri, onun zaman içərisində keçirdiyi dəyişikliklər heç də lazım olan səviyyədə öyrənilməyib. Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.
Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.
Kitabın elmi redaktoru ADPU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, müəllifi isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar və eləcə də geniş ictimaiyyət faydalana bilər.
(Yazı AzərTAC-ın materialları əsasında hazırlanıb)
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)