BİRİ İKİSİNDƏ - Əlizadə Nurinin essesi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Əlizadə Nurinin “Ver sözə ehya ki...” adlı essesini təqdim edəcəyik.

 

 

Ədəbiyyat və Əbədiyyət sözləri arasında təkcə söz oxşarlığı, forma yaxınlığı yox, həm də ciddi bir mahiyyət, məna oxşarlığı, linqvistik qohumluq axtarmaqdan özümü saxlaya bilmirəm. Əbədi olmayan hissin, duyğunun, obrazlı təfəkkürü ifadə edən sözün Ədəbiyyatın içində nə işi? Əbədi olmayan Ədəbiyyat da deyil, – olsa, bu, nonsensdir!

Ədəbiyyat bəzən illüzor, utopik xoşbəxtliklər vəd etsə də, hər halda, cəzbedicidir. Çörçilsayağı yanaşsaq, axı ondan yaxşısı da yox hələ!

"Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz" deyib Akutaqava. Öz təlatümlü fiziki ömrünü poeziyayla harmoniyada keçirən Bodlerin bir misrası neçə-neçə "obıvatel"in, ömrünü "zövqü-səfa"da keçirən meşşan xislətlərin ömründən üstün deyilmi?

Ərəblərin bir sözü var: "Məna arı bətin hinar", yəni hər bir şairin, sözün içinə hopmayan, pünhan saxlanılası sirri də olmalıdır. Bir gün mən də özümə və yaxın çevrəmə söz verdim ki, daha şeirin daşını atacam. Bəzi sirlərimi özüm üçün saxlayacam. Ancaq şeirin "daşı" çox ağır imiş – onu atmağa gücüm çatmadı...

Bir sevgi şeirimdə deyildiyi kimi:

 

Nə yaxşı, unuda bilmədim səni –

Nə yaxşı, durmadım sözümün üstə...

 

İfrat dərəcədə özümdən razı adam olmasam da, heç təvazökar da deyiləm (ona görə yox ki, indi təvazökarlıq dəbdə deyil). Məncə, sənət adamı daxilən saf, mükəmməl olmalıdırsa, bu, onun zahiri görünüşünə də nüfuz etməli, zahiri xoşluq, daxili məmnunluq yaratmalıdır. Sənət adamı kasıb olmalıdır moizəsi, Markes demişkən, əclafların fikridir (necə ki, nasionalizm əclafların son sığınacaq yeridir).

Həyat kimi, ölüm də poeziyanın ədəbi mövzularındandır. Qədim Zen-buddist fəlsəfəsində belə bir fikir var: "Həyatımız uzun ölümümüzdə qısa fasilədir". Yaradıcılıq bir az da öz gücünü ölümdən alır. Həyat insanın nazını çəkdiyi kimi, insan da ölümün nazını çəksin gərək!

Qəribə səslənməsin: Fikrimcə, insan elə bir həyat yaşamalı ki, ölümə layiq olsun! Insan bəzən bu dünyada axtardığı sakitliyi, rahatlığı gedib ölümün ağuşunda tapır... Həm də axı Puşkin demiş: "Dünyada xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var". Bir də hələ 740 il əvvəl böyük Mövlanə deyirdi: "Onun adına ölüm deyib bizi qorxutmayın, onun ki adı qovuşmaqdır; haqqa, Tanrıya qovuşmaq!"

Nə badə bu fani dünyada "tamah"a tamah salasınız:

 

Dərdi dünya olanın

Dünya boyda dərdi var.

 

"Dahi şairlərin olması üçün dahi oxucular lazımdır" – unutmuşam bu kimin fikridir, amma hər halda, müəlliflə mübahisə edərdim. Dahi oxucuların olması dahi əsərlərin yaranmasından sonrakı mərhələyə aiddir. Əslində, ədəbiyyatın "Xam torpaq"larına elə bədii toxum əkmək lazımdır ki, yetişən məhsulun alıcısı (oxucusu) çox olsun. Həm də ədəbiyyat elə müqəddəs "qab"dır ki, ağzınacan dolu olsa belə, (gözəl əsərlərlə) o qaba qiymətli nəsə qoymaq istəsən, qabda mütləq yer tapılacaq!

Bayaq ölümdən danışdıq, təxminən "ölüm bir qadın kimi dünyaya sığal çəkir" – dedik, ədəbiyyat da insan ruhuna, hiss və duyğulrına, əxlaqına sığal çəkən fövqəl və xarüqəladə bir hadisədir, ilahi bir ştampdır...

Bu illər ərzində nəyi dərk etdim? Dərk etdim ki, Tanrının yanından gələn Sözün ayağına durmaq lazımdır! Mövlanə demişkən:

 

Aqil odur, yazıb qoya bir əsər,

Bir əsər qoymayanın yerində yellər əsər...

 

Puşkin "poeziya əxlaqdan ucadı" deyirdi. Amma bu o demək deyildi ki, poeziya əxlaqsızdı. Əksinə, poeziya bütün əxlaqi göstəricilərin, mənəvi dəyərlərin barometridir. Əxlaqdan kənar yerdə ədəbiyyat yoxdur! Yoxdur!..

Eşq uğrunda ölmək özü eşqdi!.. Yox, mən sizi eşq uğrunda ölmək yox, yaşamaq üçün ədəbiyyatın kölgəsinə çağırıram...

 

P.S. Azərbaycan şairi Əlizadə Nurinin həyat və yaradıcılığı haqqında Türkiyənin paytaxtı Ankarada kitab çap olunmuşdur. İlkin Qulusoyun və Həbibə Ayın həmmüəllifi olduğu kitab "Çağdaş Azərbaycan şairi Əlizadə Nurinin şiir dünyasına yolculuq" adlanır.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.