Mən böyüyərkən günəş yağmur ələyirdi - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Ən son saat səkkiz idi, indi baxıram on iki olub . Yəqin bir az sonra baxsam, gün artıq bitmiş olacaq. Günlər əqrəblərin əsiri olduqdan sonra həyatdan başqa bir şey gözləmək axmaqlıq olardı. 

 

Keçən zaman sənin əzabını içində böyütməkdən başqa bir işə yaramır. Ən ağırı isə geriyə baxanda səni keçmişinə bağlayan o körpünün çoxdan viran qalmasıdır. Sən o anlara sadəcə xəyallarında qayıda bilərsən və xəyallar sənə ağrı-acıdan başqa bir şey verməz. İrəli addımladıqca əvvəlki addımını həyata bağlayan körpünün parçaları yox olmağa başlayar. Yerində dursan da, yenə irəli gedərsən, çünki zaman bağışlamaz. Deyəsən, düşünmək bir ömür yolumuzda çarə deyil. Elə olsa idi, hər qapıda bir çarə yatardı. 

Həyat bizdən qorxularımıza doğru addımlamağı, yıxılmağı, yenidən qalxmağı bacarmağı və günün sonunda sağlam durmağı tələb edir. Bizim həyatda seçdiyimiz mövqe aldığımız yaraların əsəridir. Bir zamanlar qəlbi təmiz olan insan sonda qəlbindən vicdanı silsə, artıq qınamaram, qınamazlar. Çünki insan insandan canavar yaradır və o canavar ən birinci öz vicdanını yeməyi öyrənir. Həyatın bu riyakarlığının səbəbi məni çox düşündürür. 

Bu dünyanı məhz həyatın qollarını açıb qarşıladığı insanların pis əməlləri məhv edir. Mənə elə gəlir ki, ölmüşük və bu nəfəs bizə cəhənnəmdə verilən əzabdır. Bəlkə, alimlər doğru yolda deyil? Bəlkə, birləşərək ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyimiz bu məsələ elə büsbütün yanlışdır? 

Axı öldükdən sonra geriyə qayıtmırıq. Axı insan sadəcə gözəllikləri atıb gedə bilməz. Yoxsa bu sonsuz əzaba niyə dözsün ?

Bəlkə, oradakı əzablar buradan daha sadədir? 

Bəlkə, orada qar yağarkən donmuruq, ya da günəş çıxarkən yanmırıq? 

Bəlkə, məhz o sonsuzluqda dostumuzu və düşmanımızı yaxşı seçirik? Bəs bu sonsuz xoşbəxtlik sıxıcı olmazmı? 

 Deyirlər ki, insanoğlu hər şeydən tez sıxılır. Yeni oyuncağından, paltarından, əlində olanların hər birindən. Məsələn, bunları deyərkən öz-özümə gülürəm, sonra gülməkdən də sıxılıram. Bir az sonra gözlərim sadəcə bir nöqtəyə zillənir. O gözlərdə nifrətinmi yoxsa sevgininmi göründüyü özümə aydın olmur. Bəlkə, mən də hər ikisi tükənib? Gözlərimin keçmişimə, yoxsa gələcəyimə boylandığını da artıq bilmirəm. Deyəsən, bu dünya bizdən ruhumuzu oğurlayır ki, o dünyada xoşbəxt  yaşayaq. Son nəfəsimiz də elə ruhumuzun ölümü ilə başa çatır. Məncə, insan iki dəfə doğulur:"Bir ana bətnindən dünyaya gəldikdə, bir də son nəfəsini verəndə". Birinci dəfə uduza bilərik, lakin mən inanıram ki, ikinci dəfə mütləq qazanırıq. Ona görədir ki, artıq bir bəhanəmiz qalmır. Bizə əzab verən ruhumuz da bədənimizdən ayrılaraq öz buludlarına qovuşur. Görəsən, özümü niyə bu yalanlara inandırıram? 

Amma olsun, xəyallar bizə həyatın vermədiyi bütün gözəllikləri verir. Kaş hər şey və hər kəs xəyallarımızdakı qədər gözəl və özəl qalsa idi. Əslinə baxsaq, xəyallar bizim duyğularımızla oynadığı üçün ən böyük günahkardır. Əgər bütün bunları yaşamasaydıq , şüalarına aldandığımız günəş  şiddətli ildırım çaxaraq üzərimizə yağmuru ələməzdi. Həyatımıza doğru insan çox gec gəldi və artıq  çox dəyişmişdik, çünki yanlış insanlara verdiyimiz dəyər, onların bizə vurduğu zərbələr bütün güvənimizi sarsıtdı. Bütün bunların nəticəsidir ki, sonda çətirimiz bizi günəşdən qorumağa xidmət edirdi, aləm isə büsbütün yağmura qərq olmuşdu....

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.