BİRİ İKİSİNDƏ – Əli Çağlanın “Liman” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə yenə söz Nəsrə verilir, Təbrizdə yaşayan soydaşımız Əli Çağlanın “Liman” hekayəsi təqdim edilir.

Yeri gəlmişkən, Əli Çağla həm də bizim portalımızın Güney Azərbaycan təmsilçisidir.                                                         

 

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!..

Xəlil Rza Ulutük

 

Uzaqdan azan səsi eşidilirdi. "Bir neçə dəqiqədən sonra Təbrizin xiyabanlarında olan işıq dirəklərinin hamısının işığı bir göz qırpımında söndürüləcək. Qızım, qaranlıqdan qorxmadın? Sonra kimsə qayışını bağlaya-bağlaya evdən küçəyə atılıb yerə tüpürəcək. Qızımı sənə tapşırıram, İlahi! Bələdiyyə işçilərinin süpürgəsinin səsini avtomobillərin uğultusu batıracaq. Qızım ağıllıdır, bilirəm. Hansısa əsgər çiynində özündən böyük çantası ilə yorğun ayaqlarına təpilmiş məcburi botularını tappıldada-tappıldada kazarmaya geri dönəcək. O gün qızım hara qaçırdı? Kimsə ərini işə getmək üçün oyatdığı zaman, evləndiklərindən bəri it kimi boğuşsalar da, onun gecədən öldüyünü sezdikdən sonra hay qopararaq başına döyüb qonşuları şirin yuxusundan eləyəcəkdir. Qızım, gecəni şirin yata bildinmi? Sonra şəhəri günəşin işığı bürüyəcək, ölü daşıyan avtomobilin sürücüsü mürgülədiyi anda tibb bacısı zəng edib o kişinin cəsədini aparmaq üçün ünvanını təkrarlayacaq. Qızım, harda yatdın bu gecəni? Bir neçə Adəm də gecələr Həvvanın yuxusunu görüb sayaqladıqdan sonra gözünün içini ova-ova çörək növbəsində dayanacaq. Qızım, ac deyilsən? Kimsə tələsə-tələsə bankdan növbə alıb ac-susuzcasına bank işçisinin yuxudan oyanıb iş başına dönməyini gözləyəcək. Qızım, pulun yox idi, anan ölsün, qızım..." – deyərək polis idarəsinin kamerasının soyuq kafelinin üzərində uzanıb şəhərdəki özgür insanları fikirləşirdi. Kameranın qapısının cüyültü səsi qulağının içinə girmək istəyən milçək kimi vızıldamağa başladı. Məhbus qadın diskinib yerindən qalxdı. Uzandığı yerdən boylanıb, kor adamlar kimi tor pəncərəyə baxıb gözlərini qırpdı. Hələ gün təpələrin arxasında gizləndiyinə əmin idi.

"Əşhədü ənnə la ilahə illa Allah" – səsini uzaqdan yel gətirmirdi, polis idarəsinin həyətinin o tayında yerləşən məscidin audio lentindən qalxan səs idi. Qapını açıb içəri keçən agent qadının üzü aydın görünmürdü. Yerdə uzanan məhbus qadın ayağa qalxmağa çalışsa da, gecədən gömgöy göyərən yaraları ağrımağa başladı. Anidən beyninə “Nə çətindir! Bir var, insan vurularkən gözləri açıq olub haradan dəyiləcək zərbənin yerini bədənində qısmağa çalışsın, bir var, qapalı gözləri ilə birdən-birə bədəninin naməlum yerinə zərbə vurulsun! Görünən zərbəni işgəncə, görünməyən zərbəni cinayət adlandırmaq olar!..” fikri gəldi.

Ancaq qadın bir şeyi bilmirdi. O da zərbə vuranın əllərinin məsələsi idi. Əslində, şillə yeyən şəxsin təkcə üzü deyil, şillə vuranın əllərinin içi də onun üzü qədər ağrıyır. Bunu işgəncə verən şəxs hamıdan daha yaxşı anlayır, amma üzə vurmur.

Qara çarşablı agent qadın boğuq səsi ilə yerdə uzanan məhbus qadını ayağa qaldırmağa çalışdı. Çarşabının altından qandalı çıxarıb yuxulu məhbus qadının qoluna bağladı. Çarşablı agent qadının sağ qolundakı qızıl bilərziklər bir-birinə toxunaraq səs salırdılar, sarı qızıllar qaranlığın bağrını yararaq gözə girirdilər, qızıldan bir az üstdə, paltarının iki qolunda isə par-par parıldayan içi boş iki sarı ulduz isə agent qadının qızıllarına tay parıldasa da, qızıldan deyildi, amma agent qadının onlara qızıldan daha çox dəyər verdiyi məlum idi. Məhbus qadının heç zaman taxa bilmədiyi qızıl, bəzək əşyaları yadına düşdü. İnsan bir işi görməyirsə, bir şeyi təcrübə etməyirsə, o görmədiyi iş necə yadına düşə bilər?

Çarşablı agent qadın "Qorxma, qızım, səni həkimə aparıram, gecə səni çox əziyyət eləyiblər, bədənin zəifləməyə başlayıb. Bir ağrıkəsici iynəsi vurandan sonra rahat olacaqsan" – deyib məhbus qadını razı salmağa çalışsa da, məhbus qadın iki şey fikirləşdi. “Ya məni asmağa aparırlar, ya da həqiqətən, xəstəyəm. Axı dünən kamera çox soyuq idi. Hə, ümid hər şeydən yaxşıdır, məni bu agent qadın həkimin yanına aparır” – deyərək düşünürdü.

Dərd insanı boğduğu zaman, insan olanları unutmağa məcbur olur. Bu iki gündə məhbus qadına verilən işgəncələrə görə niyə, necə xəstələndiyini özü də anlaya bilmirdi.

Addımlarını birgə atan iki qadın xəlvət zalın bir başından gəlirdilər. Agent qadının yeridiyi anda qara çarşabı havada fırlanıb özü zənn etdiyi azadlıq bayrağı kimi dalğalanırdı.

Səkkiz yaşlı qızını özü böyüdürdü. Lənətə gəlmiş narkoman əri gecələr evə gələndən sonra onu cəlladlar kimi döydüyündən bezar olandan sonra işləri məhkəməyə çəkib boşanmışdılar. Qızını məktəb qabağında gözləyəndən sonra məktəbin son zəngi vuruldu. Məktəbin həyət darvazasının ağzında dayanmış qadın, qızını məktəb uşaqlarının hamısının bir geyindiyi paltarların arasında tanıyıb əl elədi. Uşaqların hamısı çığıra-çığıra atalarının qucağına qaçırdılar, amma qadının kiçik qızı məyuscasına ağır addımlarlla anasına tərəf yeriyirdi. Anası onun kövrək olduğunu düşünüb, qucağını açıb qızını səslədi. Nə adı ilə səslədi? Nə fərqi var, boş ver, onsuz da bu ölkədə yaşayan qızların adının dəyəri yoxdur, hamısı qızdır, hamısı sabah böyüyəndən sonra döş çıxardacaq, qırmızı pomada vuracaq, açıq-saçıq paltar geyinib gəzəcəklər. Onları azadlıq xiyabanında dustaq etdikləri anda o səhnəyə şahid olan bığlı kişilər evlərinə dönüb, ayaqlarını uzadıb çay içdikləri zaman qadınlarına “Bir neçə qızı açıq-saçıq gəzərkən dustaq etdilər” deyib çaylarının soyumamasına tələsərək qurta-qurtla içəcəklər.

Ana ilə bala qucaqlaşdıqdan sonra kiçik qız başındakı yaylığı çıxardıb anasına verdi. Qadın yaylığı özü götürdüyü çantanın içinə qoydu.

– Ana, Bəyani müəllimə sprey almağımızı istədi. Dedi, sabah məktəb həyətinin divarında rəsm çəkəcəyik.

        Gedib alarıq qızım, nigaran qalma.

Qadının yannda pul az olsa da, qızının könlünə toxunmağa dəyməzdi. “Olsun, bu gün taksi pulumuz olmasa da, evə piyada gedərik” – deyə fikirləşdi. Məktəbin yan xiyabanındakı qələm-dəftər satılan dükana keçib qara rəngdə iki sprey alıb qızının çəhrayı çantasına qoydu.

Onlar xiyabandan keçdikləri anda qızı uzun bir dəmirin üstündə dalğalanan İran bayrağını göstərdi:

– Ana... Ana... – dedi. – Bayraq necə dalğalanır? Bu nə səbəbdəndir? Bəyani müəllimə yelin əsdiyinə görə onun dalğalandığını deyir. Ana, axı indi yel əsmir, o necə dalğalanır?

Qadın, kiçik qızının qulpundan yapışdığı məktəb çantasını qolunu aşıraraq çiyninə atdı.

– Qızım, – dedi, – bayraq dalğalanmır, bayraq yel ilə birgə əsmir. Bayraq rəqs edir, bilirsən?

– A... Bu olan işdir axı?

Qadın bu işin həqiqi olub-olmamasını dəqiq bilməsə də, öz sözünə yekun vurub təsdiqləməyə məcbur idi:

– Bəzən qeyri-adi işlər olmağa başlayır. Hər ölkənin bayrağı da yelin qammaları ilə rəqs edir. Bir bayraq zəfər qammaları, bir bayraq kədər qammaları, məğlubiyyət qammaları ilə rəqs edir. Bax, qızım, indi sənin sarışın saçların da rəqs edir, sənin yeriş qammaların ilə.

– Bunu Bəyani müəllimyə danışacağam.

 

Polis idarəsinin uzun, xəlvət zallarında addımlayan agent qadının çarşabı döngələri döndükcə daha çox rəqs etməyə başlayırdı. Məhbus qadının çarşabı kədər, ayrılıq, dustaq, işgəncədən yaranan qammalar ilə, qızıl bilərzikləri cingildəyən agent qadının çarşabı isə özündə vizuallaşdırdığı dindən yaranan özgürlük, sevinc qammaları ilə rəqs eləyirdi. Məhbus qadın kiçik qızının sarışın saçlarının necə rəqs elədiyini gözündən yayındıra bilmirdi.

Məktəbdən qızı ilə qayıdan zaman “Bu yol nə qədər uzundur, niyə evə çatmırıq?” – deyən qadın indi klinikaya getdiyi yolun uzun olduğunu düşünən məhbus qadına çevrilmişdi.

– Bu boyda polis idarəsinin işgəncə bölməsinin bir klinikası var – agent qadın yorulmuşdu. – Biri xəstələnərsə, kameradan klinikaya gələnə qədər yeddi kəfən çürüdər.

Məhbus qadının canına qorxu çökdü:

– Biri xəstələnərsə? Məgər mən xəstələnməmişəmsə, klinikada nə işim var?

Artıq azanın səsi kəsilmişdi. Agent qadın nəfəsini dərib saxlayandan sonra qabaq dişlərinin sınıq yerindən eşiyə buraxdıqda, xəlvət zalda firt səsi divarlara dəyib qayıtdı:

– Füsssüüüü... Bu yollarda sümük sındırmışam,  sonunda kəfən çürütməsəm, yaxşıdır.

Məhbus qadının kiçik qızı yadından çıxmasa da, dilinin altında mızıldadı:

– Sən niyə narahatsan?

– Narahatam, ana, bilirsən nədən?

– Sənə qurban olum, qızım, nədən narahatsan?

– Saçlarımın necə dalğalandığından narahatam. Saçlarımdan qorxuram, birdən kədər qamması ilə dalğalanacağından qorxuram. Kaş oğlan olaydım, ana, böyüdükdə saçlarımı qırxdırıb şəhərdə yaylıqsız, özgürcəsinə gəzə biləydim.

Qadın qızının əlini bərkdən sıxaraq udqundu:

– Yox, qızım, bu sözü bir də dilinə gətirmə. Sənin saçların kişi özgürlük qammaları ilə dalğalanır. Qızım, sən saçlarının dalğalanmağını özün görmürsən, amma mən görürəm.

Kiçik qız anasının əlini bərkdən sıxaraq ah çəkdi. Xiyabanın o tayında üç kişi polis dayanmışdı. Çiynində üç böyük sarı ulduzu olan kişi polis sanki o biri dayanan kişi polislərin rəisi idi. Çiynində çəhrayı məktəb çantası ilə gedən ana ilə kiçik qızını görən kimi donub dayandı.

Gülə-gülə səkidə addımlayan kiçik qız ilə qadının önündə dayandı. Bir əlini belindəki Zoaf adlı tapançasının qundağına, bir əlinin də iç üzünü açıq şəkildə qadın ilə kiçik qız gələn tərəfə tutub “Dayanın” – dedi. Kiçik qız ən gözəl sığınacaq yer anasının kürəyidir deyə, anasının buduna sarılaraq gizləndi.

Qadın “Buyurun cənab, nəsə olub?” – dedi.

– Çantanı boşaldın.

– Hansı çantanı, cənab.

– Hər ikisini də.

– Nədən?

– Sizə deyirəm çantaları boşaldın.

 

– Sənə deyirəm çantanı boşalt.

Həkim qadın idi, əsəbiləşmişdi.

Agent qadın, ayağa qalxıb iynə, şərbət, dərman olan çantaya tərəf addımladıqda dönüb həkim qadının önündə kinolarda bir-biri ilə öpüşən iki aşiq kimi üzünü üzünə yapışdıraraq:

– Mənə bir də belə əmr eləmə. Səni it gününə qoyaram. Hambal axtarırsansa, odur, rəisə məktub yaz, yardım üçün yanında tibb bacılarından birini gecələr saxlasın, nə istəyirsənsə, qabağında tir-tir əssin.

Həkim qadın uşaqyana sifətini çevirib öz işinə görməyə başladı. Ona toxunsaydın, ağlayacaq kimi görünürdü. Sanki evdəki böyük bacısı üstünə çımxırıb ona yemək payını az vermişdi. Məhbus qadın klinikanın içinə ayaq basdığı andan fikir onu boğurdu.

– Fikirləşməyə gərək yoxdur. Bir polis olaraq çantaları boşalt deyirəmsə, boşaltmalısan.

Kişi polis tapançasını çıxardıb qadına tərəf tutdu. Kiçik qız ağladı. Səhnəni dövrələyib baxan adamlar bir neçə addım geri çəkildilər. Xiyabanın o tayında polis avtomobilinə söykənən başqa kişi polislər də qadın ilə kiçik qızı mühasirəyə saldılar.

Qadın kiçik qızına təsəlli verdi. İlk öncə öz çantasını çıxardıb yerə boşaltdı. Pomada, sürmə, bəzək əşyaları, qızının ağ yaylığından başqa heç nə yox idi. Özünü itirmədi, çantadan boşaldılan bəzək əşyaları ilə ağ yaylığı bir-bir çantanın içinə qaytardı.

– O biri çantanı da boşalt.

Qadın, kiçik qızının məktəb çantasını çiynindən aşırıb fermuarını açdı. Önündə dayanıb tapança ilə qadını hədəfə alan kişi polis qışqırdı:

– Çevir, nə varsa, yerə boşalt.

Qadın çantanı tərsinə tutub içində olan əşyaları boşaltdı. Çantanın içindən qızının dəftərləri, kitabları, qələmi yerə düşdü. Sonda isə iki sprey yerə düşüb səkidə diyirləndi. Polis bir əlini tapança ilə qadının üstünə tutduğu zaman bir əli ilə sinəsində olan ratsiyanın böyrünü sıxıb başını bir az da endirdi.

– Mərkəz... Mərkəz... Əməliyyat uğurla görüldü. Çantanı boşaltdıq, içində sprey var idi.

– Yox, yox, bizim heç günahımız yoxdur.

Kiçik qız qollarını anasının qıçına daha bərkdən dolayıb çığırdı:

– Ana... Ana...

– Bunlar... Bu... Bu... Bunlar nədir?.. Nə... Nəd...

– Ana, ana.

Polislərin biri çığırdı:

– Sənə deyirik özünü təslim elə. Diz çök, əllərini başına qoy.

– Ana... Ana...

– Qızım... Qızım... – deyib polisə üz tutdu – Nə olar? Qızımla işiniz olmasın. Qızım...

Mikroavtobusun arxasından iki qadın polis düşüb sel kimi dalğalanan camaatın arasından gəmi kimi yol açıb səhnəyə girdi. Çarşablarını yellədə-yellədə xiyabanı adlayıb qadın ilə kiçik qızına tərəf gəldi.

– Ana... Ana...

Bir qadın polis kiçik qızın, o birisi də qadının qollarına qandal vurmaq istəsə də, ana ilə kiçik qızı dartınırdılar.

– Ana... Ana...

Kiçik qız, qadın polisin əllərindən qurtulub anasına tərəf qaçmaq istədiyi zaman qadın polis kiçin qızın saçlarından yapışıb yoldu. Yerdə sürütləyib ayağa qaldırdı. Başının ortasından qapaz vurduğu zaman kiçik qız pişik kimi vəngilti səsi çıxartdı.

Qadın bu səhnəni gördüyü zaman dartınıb onu qandallamaq istəyən qadın polisin əlindən çıxdı. İnsanın hirsindən dişi bağırsağını kəsdiyi zaman daha çox güclənər, qabağını heç kim saxlaya bilməz. Qadının gözləri dərhal yerdəki para kərpicə sataşdı. Bu kərpici bura kim atdığı ilə işim yoxdur, amma sanki kərpici ora qısas ilahələri qoymuşdular, birinin başına çırpılmaq üçün.

– Bu kərpicləri bura nəyə qoyubsunuz?

Agent qadın idi. Çantanı yerə boşaldıb ayağa qalxdıqdan sonra gözlərinə sataşmışdı.

– Sabah, yox, yəni bu gün nahar çağı işçilər gəlib divar işləyəcəklər.

Həkim qadın məhbus qadının qolunu əli ilə açıb mavi rəngdə bir bağ bağlayıb sıxdı. Sonra spirtli pambığı damarın üstündə oynatdı. Sonu ölümə gedən yolda mehribanlıq nəyə gərəkirdi?

Spirt nə idi? Pambıq nə idi? Yoxsa özünü and içib xəstələrə yardım etmək üçün çalışan həkimlər kimi aparırdı? Bəlkə də, bu iş adət üzrə idi.

– Əlini yum, sıx.

Məhbus qadın, iynənin damarına keçdiyi an qorxdu. Həkim qadın iynənin içini məhbus qadının qanı ilə doldurdu. Agent qadın “Çəkdin?” – deyərək dodağındakı gülüşü saxlaya bilmədi.

– Siz demişdiniz iynə vuracağıq, xəstəsən. Bəs nədən qanımı çəkirsiniz?

Həkim qadın ilə agent qadın qəhqəhə ilə güldükləri zaman klinikanın həmən otağındakı nahara qədər işçilərin yolunu gözləyən kərpiclər diskindilər.

– Bir də çək, bir də çək.

Agent qadın idi. Həkim qadın sevindiyindən çığırdı:

– Birini də çəkirəm, daha bəsdir, urra... Aha...

İynə yenə də damara keçib qan ilə dolduqda agent qadın üzünü arxada kreslonun üstündə olan şüşələrə çevirib saydı.

– Bir, iki, üç, dörd, beş, altı.

– Bunu da al.

– Yaxşı, yeddi. Ha-ha-ha-ha... Qəhbənin it canı var, qanını soruruq, qurtarmır. Ha-ha-ha-ha...

Məhbus qadın artıq sözlərini də itirmişdi. Başı gicəllənirdi. Otaqda olan həkim qadın ilə agent qadın gah gözünün önündə şişirdi, gah neçə qadına çevrilirdi.

– İtin qızı. Səni it gününə qoyacağıq.

Sanki burda adamları it gününə qoymaq dəbdir. Bir az öncə agent qadın isə Həkim qadın ilə dalaşdığı zaman bu sözü deyirdi.

– Qəhbə...

Qadının əlindən kərpic çıxdığı zaman qışqırdı:

– Qəhbə...

Atılan kərpic qadın polisin başına dəydi, o, yerə sərildi. Arxadan yetişən kişi polislər qadını zopa ilə xiyabanın ortasında döydülər. Qadın yerdə qan içində boğulurdu. Hələ də gözləri qızını axtarırdı. Gözləri camaata sataşdı. Camaat gözündə qoyuna çevrilmişdi. Sanki qoyunları hasarın o tərəfində saxlamışdılar, bu qoyunların dilini kəsmişdilər, mələyə bilmirdilər. Kişi polislərin bir neçəsi də yerə sərilən qadın polisin başının üstündə dayanmışdı. Yerdə ayağından sürünən qadın başını səkinin bu biri tərəfinə çevirdiyi zaman gözləri axtardığı nöqtəni tapmışdı. Kiçik qızı ağlaya-ağlaya dönüb anasına baxıb qaçırdı. Qadının gözləri zəiflədi, qaraldı, yumuldu. Bir də gözlərini açıb baxmaq istəyirdi. Gözünü açdıqda görə biləcək qabiliyyəti olduğuna əmin deyildi, kor olduğunu düşünürdü. Yavaş-yavaş, bir, iki, üç. Açdı.  Kiçik qız qaçıb uzaqlaşdıqca qadının gözlərində daha çox kiçilirdi. Sarışın saçları dalğalana-dalğalana qaçırdı... Qaçırdı... Qaçırdı...

Qadın üzünün yerdə sürtülüb yaralandığı yaranı, zopa yerlərinin ağrısını unutmuşdu, gözləri sabit dayanaraq kiçik qızının qaçıb uzaqlaşdığı yola baxırdı.

Səhnəyə göydən baxsaydınız, daha aydın görünürdü. İki futbol topu kimi mütəhhəriksiz qan, bir sarı kərpic, bir çəhrayı rəngdə məktəb çantası, kitablar, qələm qabı, dəftərlər, iki sprey, toplanıb hadisəyə baxan dilsiz qoyunların qara saçları, müxtəlif rəngdə köynəklərinin çiyinləri, qaçan adamlar, polislər, polis avtomobillərinin mavi-qırmızı sirena işıqları. Şəhər bir-birinə qarışıbdır. Səkinin yanında olan baqqal bir vedrə su töküb qanı yuyur. Qan getdikcə sıvaşıb daş xalçalara yapışır.

Ax-ax... Getmə, dayan, səhnəni çək yaxına gətir. O nədir? Hə, qandır, mən də dedim bəs nədir, qadının yerdə sürtülmüş üzünün qanıdır. Qandır, qan, qan...

– Mənim qanımı neynəyirsiniz?

– Ha-ha-ha-ha...

– Qanını sorub içirik.

– Ha-ha-ha-ha... Şərbətdir elə bil, bəh-bəh.

Baqqal bir vedrə də su töküb mızıldandı:

– Mürəbbədir. Qan deyil ki, mürəbbədir elə bil.

Agent qadın qan dolu bir şüşəni əlinə alıb məhbus qadına göstərərək: “Qan deyil ki, mürəbbədir elə bil.” – deyib həkim qadına üz tutdu.

Qadını mikroavtomobilə mindirdilər. Həzyan deməyə başlamışdı:

– Qızım. Hardasan? Qammalar. Dalğalar. Bayraqlar. Sarışın. Qızım. Saçlar...

Artıq gicəllənməyin sonuna çatmışdı. Bu qədər qan əldən verəndən sonra iki qadının gülüş səsini eşidirdi. Sayıqlayırdı:

– Qanım... Qızım... Qanım dalğalanır... Qızım rəqs edir...

– Ha-ha-ha-ha...

– Mən... Ölürəm... Bayraqlar... Rəqs eləyir... Qızım... Qammaların üstünə yel əsir.

– Yox, yox. Ölmə, sən ölsən, biz yaşaya bilmərik.

– Ha-ha-ha-ha...

– Mən ölürəm, qızım... Ölürəm... Ölürə... Ölür... Ölü... Öl... Ö...

– Ha-ha-ha-ha...

– Ha-ha-ha-ha...

– Rəisə zəng elə. Ha-ha...

Həkim qadın həddən artıq güldüyünə görə gözlərindən yaş axırdı.

Agent qadın mobili dinamikə vurub həkim qadına üz tutdu:

– Bu bizim dərəcəni nə zaman verəcək? Ha-ha-ha...

Yuxudan təzəcə oyanan bir şəxs telefonun o tayından səsləndi:

– Alo, buyur, eşidirəm.

– Alo, rəis, qurtardıq.

– Cəsədini qızı ilə bir yerə qoyun, limana göndərəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.