Türk dünyasının kino xadimləri Şuşa şəhərində səfərdə olublar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə oktyabrın 8-dən 11-dək III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, zəngin proqramı olan festivalın münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən, ölkəmizin qədim musiqi və söz-sənət beşiklərindən olan Şuşa şəhərinə səfər ediblər.

Səfərin məqsədi Azərbaycan mədəniyyətinə, ədəbiyyat elminə görkəmli şəxsiyyət bəxş etmiş Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olmaqdır.

Türk dünyasından gəlmiş kino xadimləri şəhərdəki “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Seyidli məscidini (XVIII əsr) və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə şəkillər çəkdiriblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə sosial infrastrukturun qurulması ilə yanaşı, əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası həyata keçirilir.

Qala-şəhərimiz qonaqlarda unudulmaz təəssürat yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.