"Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasında Qəşəm Nəcəfzadədir Featured

 

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

"Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının buhəftəki qonağı səmimi söhbətləri ilə, gözəl şeirləri ilə sevilən, şair-publisist,  AYB-nin "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı sektorunun rəhbəri, AYB-nin idarə heyətinin üzvü,  Azərbaycan Dövlət Televiziyasında redaktor və aparıcı, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadədir. Xatırladaq ki, Qəşəm bəyin nəşr olunan 40 kitabından 18 kitabı xaricdə çap olunub.

Xoş gördük, Qəşəm bəy, səmimi, qəlbəxoş     cümlələrinizi səbirsizliklə gözlədiyimiz üçün təcili birinci sualı “meydana" dəvət edirik.

 

1)   Niyə şagirdlərin duymurlar səni,

Gül kimi dərsində səs eləyirlər.

Mən sevən əllərə, mən sevən gözə,

Mən sevən ürəyə qəsd eləyirlər. 

(Qəşəm Nəcəfzadə)

 

Dəyərli Yaradıcımız, Siz həmin an məktəbin direktorunun "gözün oğurlayıb" sinfə daxil olsaydınız, o dəcəl şagirdlərə nə söyləyərdiniz?

-Salam, Ülviyyə xanım, xoş gördük.

Bilirsiniz ki, mənim uşaq şeirləri kitabım var, həmin o kitabdakı şeirlərdən oxuyub şagirdləri tərbiyələndirərdim.

Şuşada Vaqif Poeziya Günlərində

 "Sənin dərsin" şeirini oxumuşdum və sonra bildirdim ki, müəllimin-həyat yoldaşımın dərsində səs edən uşaqlar bu günün Milli Qəhrəmanları, Şəhidləri, qaziləri, əzmlə vuruşan igidləridir. Onlar-dəcəl şagirdlər sükuta, qayda-qanunlara etiraz edirlər. Həmin  partanın arxasında sakit otura bilməyən şagirdlər Şuşamızı, Qarabağımızı düşməndən azad etdilər.

 

2) Qəşəm bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri  əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

-Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi  həm də rejissor işidir. 

 

3) Qəşəm bəyə söyləsələr ki, məktəb dərsliyinə  üç yazarın əsərlərini daxil etmək lazımdır. Qəşəm bəy kimləri məsləhət görərdi? Mümkündürsə, indiki yazarlarımızdan seçərdiniz.

 

-1. Sevinc Nuruqızı

2. Aləmzar Əlizadə

3. Zahid Xəlil

 

4) Uliyam Şekspir söyləyib ki, " Əgər ağıl olmasaydı, hisslərimiz bizi məhv edərdi.

Məhz ağıl onu cilovlamaq üçün mövcuddur."

Qəşəm bəyin "ağlımı at oynadır, yoxsa hissi?" Ya da onlar bir-biri ilə " dil tapa bilirlərmi?"

 

-Poeziyanın əsas materialı hisslərdir. Ağıl olan yerdə poeziya ölür. Mən poeziyada hisslərimə üstünlük vermişəm. Ağlımın hisslərimə gücü çatmayıb. Mənim hisslərimin ağlı gözəldir. Adam bir çox zirvələrə hissləri ilə çatıb qalib gəlir. Sevgi də, yaxşı şair olmaq da hisslərlə bağlıdır. Ağıl İqtisadiyyat, Siyasət üçün vacibdir. Bir deyim də var ki, riyaziyyatçı olmaq üçün də hisslər lazımdır.

 

5) Samit ağız bağlar, sait dil çalar,

Anlayar halımı könlü alçaqlar.

Sevincim ağlayar, qəmim əl çalar,

Dərdim ortalıqda bəy, oynar?

- Oynar. 

( Qəşəm Nəcəfzadə)

 

Qəşəm bəy, filoloq kimi ikimiz də bilirik ki, incə sait, ya qalın saitin ahəngi zamanı ahəng qanunu pozulmaz.

Bəs ikiüzlü- bir üzündə mələk, digər üzündə iblisi nümayiş etdirib həyatın "müqəddəslik ahəngini " pozanlara Şair-filoloq Qəşəm bəy nə söyləyər?

 

-Saitlərin deyilişi zamanı dodaqlar qapanmır, saitlər ağzı açır. Musiqi də saitlərdən yaranır, adamın qəlbin, dodağın açır.

İblis-mələk məsələsinə gəldikdə isə bu, həyatın qanunudur. Sevgi olmasa, nifrət olmaz, ayrılıq olmasa, vüsal olmaz, qaranlıq olmasa, gündüz olmaz. Tutaq ki, nifrəti qovaq, sevgi ilə də tam yaşamaq olmur axı, çünki sevgini tam yaşamaq üçün bir tərəfində ayrılıq olmalıdır. Nifrət özü elə sevgidir, sevdiyin adama ayrılarkən nifrət edirsən, deməli, sənin üçün əhəmiyyətlidir. Nifrətin özü bir dəyərdir. Nifrət etmədiyin adamın artıq sənin üçün heç bir əhəmiyyəti yoxdur. Həyatın bu qütbləri çox vacibdir. İnsanda yaxşı və pis xolesterin var. Pis xolesterin səhhətə ziyan vurur, yaxşı xolesterin isə orqanizmi qoruyur. Nifrət, sevgi, ayrılıq- bunlar bir-birini tamamlayan qütblərdir.

 

6) Mövlanə gözəl söyləyib ki: " Dilinin küsdüyü insanla qəlbin saatlarla danışar"

Qəşəm bəyin səbri çatır saatlarla özü ilə danışsın, yoxsa, əlini telefona atıb: " Gəl  üz-üzə danışıb, problemləri həll edək" - söyləyir?

 

-Həyatda mənəvi-psixoloji  əziyyət çəkib çox gərginliklər yaşamışam. Nadanın biri mane olduqda susmuşam, amma üsyan etmək də pis deyil, zərbələri özümə vurmuşam. Telefonla heç nəyi həll etməmişəm. Telefon əşyadır, hissləri ifadə edə bilməz. Ona görə də həmin adamın özü ilə söhbət edirəm, ya marşrutda, ya bir küncdə əyləşib kofe içərək, ya onunla  öz maşınıma əyləşib İsmayıllı meşələrinə gedərək..

 

7)Dəyərli Yaradıcımız, "Şeirimin bəxti" bu adı seçərkən nəyi vurğulamaq istəmisiniz?

 

-“Şeirimin bəxti" çoxdan çap olunan kitabımın adıdır. "Şeirimin bəxti" məni iztirablara salsın, məni düşüncələrə qərq etsin. "Şeirimin bəxti" odur ki, xalqımın yanında dayansın, Qarabağda döyüşsün, yaxşılara kömək etsin, tələbələr onu əzbər bilsin. 

Bu gün sizin kimi gənc müəllimin məndən müsahibə alması elə "Şeirimin bəxti" dir. Haqqımda gözəl cümlələr söyləyirsiniz, suallar verirsiniz, şeirlərim olmasaydı,  siz məni haradan tanıyardınız?!

 

8) Qəşəm bəy, tədbirlərin birində hər kəsin Sizə olan sevgisini, dəyərini görmüşəm, hətta yadımdadır,  çəkingən xarakterdə olduğum üçün özünüz hiss edib gənc istedadlı kimi haqqımda rəy bildirdiniz. Səmimiyyətinizə görə təşəkkür edirəm. 

Aristotelin bir aforizmində:

 "İnsanlar sünbüllərə bənzəyirlər, içləri boş olduqda başları havada, dolduqda isə aşağı əyilirlər" - söylənilir.

Qəşəm bəy içi, başı, daxili boş, burunları havada olanlara ata nəsihəti kimi nə söyləyərdi?

 

-Bəli, yadımdadır, xatırlayıram. Əslində orta məktəbdə, universitetlərdə də müəllim işləyəndə, hansı tələbə susardısa, danışmırdısa, onlar məni maraqlandırırdı. Əllərini tez-tez qaldırıb cavab verənlər yox, sakit dayananlar məni düşündürüb. Poeziya görüşlərində müxtəlif dairələrdə oluram, sakit dayanan, danışmayanların suallarını eşitmək mənim üçün daha maraqlı olardı, bəzən səs-küylü zalda sakit dayanmanın yaxşı mənada özü bir reklamdır. Aforizmə əsasən, söyləyim ki, dolu sünbüllər sakit dayananlardı, əl qaldırıb " atılıb-düşənlər" isə boş sünbüllərdi ki, zamanın küləyi onları o tərəf, bu tərəfə yelləyir.

 

9) Hecanı dodağınla ölçdüm,

Çiçəyi nəfəsinlə ölçdüm,

Küləyi saçınla ölçdüm

Həsrəti küsməyinlə ölçdüm.

Ayaqlarından öyrəndim yolların uzunluğunu,

Gözlərin çölün düzünü nişan verdi

Qollarınla havanı arşınladım,

Sükutunla sözün böyüklüyünü ölçdüm. ( Qəşəm Nəcəfzadə)

 

Qəşəm bəy, ailənizə olan bitib-tükənməz sevginizi oxucular duyur və alqışlayır.

Gənc ailələrə sevgilərinin ölməməsi üçün hansı tövsiyələri verərdiniz? 

 

-Mənim şeirlərimdə nəsihət, tövsiyə, didaktika, pedaqogika  yoxdur. Kiməsə məsləhət verən şeirləri bəyənmirəm, çünki insan özü anlamalıdır, görməlidir.

Gənc ailələrin dağılmaması üçün sevgi lazımdır, hörmət  lazımdır.

Bir gənc ailə vardı, oğlan və qız hər saat bir-birlərinə tutarlı cümlə axtarıb məğlub etmək istəyirdilər. Bir dəfə oğlana söylədim ki, nə olar, məğlub ol.

Dedi: - necə?

Söylədim, üzr istə. Hətta günah həyat yoldaşında olsa da, sən ondan  üzr istə.

Oğlan söylədi: " Nə olacaq ki?"

Bildirdim ki, xanımın yumşalacaq və özü səndən üzr istəyəcək, beləliklə, qalib elə sən olacaqsan. Çünki üzr istəmək qarşındakının dəyərini bildirməkdir. Bir də, sevgiyə aid çox cümlələr işlətmək lazım deyil, onun alternativinini tapmaq lazımdır.

Əsas da həyat yoldaşını izləməmək lazımdır, çünki izləmək ona qarşı bir zərbə vurmaqdır. İzləmək olsa da, " açıq-saçıq" olmamalıdır. Bu gün bir hadisə baş veribsə, başına qaxmamalısan. Qadının gözəlliyi məğlub olmağındadır, çünki bu elə onun qalib olmağıdır. Qadının evdə qayınanaya, baldıza üsyan edərək cavab verməsi yaxşı hal deyil.

 

10) Nəhayət onuncu-sonuncu sualımız. Qəşəm Nəcəfzadənin istedadından pay alan, cəsarəti ilə sevilən, Savalan babanın verilişində atasının şeirini sevərək söyləyən Kəramət Böyükçölün yazılarına bir peşəkar gözü ilə 10 ballıq şkala üzrə neçə bal  verərdiniz?

 

-Kəramət çox istedadlıdır, təkcə mənim üçün yox, xalq üçün, cəmiyyət üçün. Elə ona  10 bal da verərdim. Onu çox istəyirəm və ondan öyrənirəm. Kəramət fiziki mənada mənim oğlumdur, mənəvi mənada o xalqının, Ədəbiyyatın, zamanının oğludur.

 

-Qəşəm bəy, rubrikamızın qonağı olduğunuz, bizlərə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Ən çox hansı sualımızı bəyəndiniz?

 

-Ülviyyə xanım, bütün suallarınız gözəldir, heç mənə belə suallar verən olmamışdır.

9-cu sual da, elə cavab da xoşuma gəldi.

 

-Dəyərli Yaradıcımız Qəşəm bəy, ömrünüzdən Əbülfətqızı suallarına pay ayırdığınız üçün Sizə minnətdarıq, yaradıcılığınızda uğurlar, sağlam həyat arzulayırıq. Allaha əmanət olun!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.