Super User
Fariz Əhmədov beynəlxalq film festivalının münsiflər heyətinə üzv seçilib
Kinorejissor Fariz Əhmədov “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətinə üzv seçilib.
Belə ki, azərbaycanlı kinorejissor və prodüser Fariz Əhmədov avqustun 25-29-da Sankt-Peterburqda keçiriləcək “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətində təmsil olunacaq.
Festivalda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan rejissorların 30-a yaxın bədii və sənədli filmləri nümayiş olunacaq.
Bundan əlavə, festival çərçivəsində ustad dərsləri və kinolayihələrin təqdimatı da nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Jurnalistikanın pərvanəsi barədə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Söz vaxtına çəkər, deyiblər. Bu dəfəki söhbətimin qəhrəmanı da 1977-ci ilin qızmar yay günlərinin birində Amasiya rayonunun Qaraçanta kəndində, Yəhya kişinin ailəsində dünyaya gəlib. Orta təhsilini Gəncə şəhəri 24 saylı orta məktəbdə başa vuraraq, BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. Və "1988-2005-ci illərdə Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb. Ailəlidir, üç övladı var...
Deyir ki;- “1994-cü il idi. Qəbul imtahanlarına az qalmışdı. Tarix fənnindən hazırlıq müəllimim mənə dedi ki, universitetin tarix fakültəsinə qəbul olacağına adım kimi əminəm, əks halda əllərimi biləkdən kəsərəm. Bəlkə də bu bir stimul idi. Çünki ailə vəziyyətimizlə əlaqədar başqa fənlərdən müəllim yanına gedə bilməmişdim. Müəllimimin məni tarixçi, qardaşımın isə filosof kimi görmək istəməsinə baxmayaraq, mən jurnalist oldum. Əslində jurnalist olmaq istəyim və niyyətim heç vaxt olmayıb. Bu haqda heç düşünməmişdim də. Amma humanitar sahəyə meylli idim. Buna arzu demək mümkünsə, az-çox ona çatmışam. Mətbuat və informasiya şöbəsindəki işim isə müdirlikdən daha çox, bütün günü xəbər dalınca qaçan xəbər jurnalisti işinə bənzəyir. Bir vaxtlar jurnalistikaya həvəsi olmayan bir xanım, bu gün onun içində özünü çox xoşbəxt hiss edir.”
Mehriban xanımdır, işində məsuliyyətli və çox çalışqandır. Yorulmaq, usanmaq onun ruhuna yaddır. 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. Sonra on il BDU-nun Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb. Bacrıq və təşkilatçılığına görə onu 2010-cu ildə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. On il də bu vəzifədə işləyib. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir...
“20 il BDU-nun Mətbuat-informasiya şöbəsində çalışdım, təbii ki, bu şöbə mənə çox şey qazandırdı. BDU kimi möhtəşəm bir Universitetin gözəl professor-müəllim heyətini, tələbələrini, şöbəmin su kimi saf kollektivini, dəyərli media rəhbərlərini, əziz jurnalist həmkarlarımı! Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum. Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum! Ötən bu illər ərzində universitetin əsas saytı daxil olmaqla, fakültə, struktur və şöbələrin saytına nəzarət, bəzən gündəlik tədbirlərdə iştirak, xəbərlərin hazırlanması, yayımı və arxivləşdirilməsi, sosial media üzərindən PR işi, sorğulara cavab və universitetin yubileyləri ilə bağlı olan 13 kitabın hazırlanması işində bəzən gecəyarıyadək iştirak etdim və.s.. Vaxtım boşuna getmədi. Dəfələrlə Universitet rəhbərliyi tərəfindən qiymətləndirildim, əziz jurnalist həmkarlarımdan daim dəstək gördüm, müxtəlif kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının, "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğularda bir neçə dəfə qalib oldum! “İlin ən fəal mətbuat katibi”, “İlin ən fəal şöbə müdiri” adına layiq görüldüm. Təhsil Nazirliyi, Mətbuat Şurası, BDU-nun diplom və fəxri fərmanları ilə təltif edildim, 100 illik yubileyimiz münasibətilə yubiley medalına layiq görüldüm. Ən böyük mükafatım isə cənab prezidentin sərəncamı ilə layiq görüldüyüm “Tərəqqi" medalı oldu.”- söyləyir.
20-dək elmi, 200-dək publisistik məqalənin və 10 kitabın bir neçəsinin müəllifi, bəzilərinin isə tərtibçi-müəllifidir. Gözəl təkliflərə dəstək verir, çalışır ki, orta məktəblərdə media savadlılığı tədris olunsun. Düşünür ki, hər bir yeniyetmə media alətlərindən aldığı informasiyanın mahiyyətini dərk etməli, özünü zərərli məlumat axınından qorumalıdır. Mənbəyindən asılı olmayaraq bütün məlumatları tənqid edən, oxuduqlarını başa düşən, yaxşı ilə pisi seçməyi ayırd edən bir nəsilin yetişməsini arzulayır. Bu baxımdan jurnalistlərin məsuliyyətli olmasını, dilə gətirir...
Deyir ki;- “Finlandiyada, İsveçdə, Niderlandda, Böyük Britaniyada media ilə əlaqəli qurumlar, sistematik olaraq media savadlılığı ilə bağlı müxtəlif irimiqyaslı tədbirlər təşkil edir, tədris materialları hazırlayır. Həmin ölkələrdə təlimatlar məktəb kurikulumlarına daxil edilib, gənclərə, valideynlərə və pedaqoqlara mediadan təhlükəsiz və məsuliyyətlə istifadə etməyə kömək edən şəbəkələr, portallar, “Onlayn Media Savadlılığı Strategiyası” hazırlanıb. Media savadlılığı məsələsində jurnalistin də məsuliyyəti çoxdur ki, o, birbaşa informasiya ötürücüsüdür, cəmiyyəti əsasən o, məlumatlandırır, bu baxımdan jurnalistin bu istiqamətdə rolu heç kim və heç nə ilə müqayisə oluna bilməz. O, cəmiyyətə təsir gücünü nəzərə alıb ancaq fakta əsaslanmalıdır, saxta, təsdiqlənməmiş məlumat yayarsa, cəmiyyətdə çaşqınlıq yaradar. Belə deyim var, “doğru ayaqqabılarının bağını bağlayana qədər, yalan dünyanı gəzib gəlir”. Biz həmişə doğru yazaq, doğru deyək, çünki bunu bizim peşəmiz tələb edir...”
...Bəli, qızmar yay günlərinin birində dünyaya gəlib. Bəlkə də onun bu qədər enerjili, çalışqan olmasında elə ömrünün ilk gününlərindən canına hopan yayın istisi, gözlərini qamaşdıran Günəşin şüaları olub, bilmirəm. Amma onu yaxşı bilirəm ki, Azərbaycan jurnalistikasında Pərvanə İbrahimova adında bir alim var...
Söz vaxtına çəkər, deyiblər. Avqustun 3-ü Pərvanə xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
“Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin qədim zamanlardan bəri möhkəm təməli var”
“Tarixə baxanda Özbəkistan və Azərbaycan xalqları arasında daim ədəbi əlaqələr mövcud olub. Təəccüblü deyil ki, bir çox Azərbaycan yazıçıları Özbəkistanda yaşayıb-yaradıblar. Eyni zamanda Özbəkistan yazıçıları Azərbaycanda yaşayıb-yaradıb, ədəbiyyatına böyük töhfə veriblər.
Üç gün müddətində Azərbaycanda keçirilən Özbəkistanın mədəniyyət günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər ədəbiyyat sahəsini də əhatə edir.
“Nümunə kimi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrini göstərə bilərik. Tədbirdə alimlərin qeyd etdiyi kimi, Azərbaycanla birlikdə görəcəyimiz vacib işlərimiz var. İki ölkə arasında tarixən formalaşan ədəbi tərəfdaşlıq bu gün də davam edir və bu əlaqələr sayəsində dünyada böyük nailiyyətlər qazanacağıq. Bu, bütövlükdə, türk ədəbiyyatının nüfuzunun dünya miqyasında artmasına kömək edəcək. Bu gün biz bunun şahidiyik. Ədəbi əlaqələrimizin qədim zamanlardan bəri möhkəm təməli var. Lakin mədəniyyət sahəsində əlaqələr Özbəkistan və Azərbaycan xalqının, bütün türk dünyasının ədəbi potensialını dünyaya nümayiş etdirməsinin bəlkə də ən düzgün yoludur”.
Sitat Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekova məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimal edilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah - avqustun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13 metr təşkil edəcək, səhər 15-20 metr/saniyə olacaq, axşam arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 30-35° isti olacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz əsasən şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Maestro Niyazinin xatirəsi yad olunub
Avqustun 2-də məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 39 il ötür.
AzərTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin mənzil-muzeyinin rəhbərliyi və əməkdaşları, tanınmış musiqiçilər, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Niyazinin məzarını və Bakı şəhərindəki abidəsini ziyarət ediblər.
Muzeyin kollektivinin hər il sənətkarın doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi haqqında məlumat verilib.
Çıxışlarda görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.
Qeyd edilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.
Bildirilib ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.
Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.
Sonra hər dəfə olduğu kimi, bu dəfə də muzeydə “Açıq qapı” günü təşkil olunub.
Həmçinin muzeyin Musiqi Həvəskarları Klubunun üzvləri Maestro Niyazinin xatirəsini yad etmək üçün muzeyi ziyarət ediblər.
Qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Bu gün Azərbaycan Kinosu Günüdür - Ruhun şad olsun, kinomuzun generalı
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
2 avqust kino günüdür. Azərbaycan kinosunun tarixinə adı qızl həriflərlə yazılan bənzərsiz aktyorlardan biri də Hamlet Xanızadə olub. O, parlaq istedadı ilə Həsənəğa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərzadə, Səməndər Rzayev, Fuad Poladov kimi sanballı aktyorların sırasında özünə yer alıb. Cəmi qırx səkkiz il ömür sürüb. Amma bu qırx səkkiz ildə elə uğurlara imza atıb ki, bu uğurlar ona xalq məhəbbəti qazandırıb, ölməzlik gətirib. Adı hələ də ehtiramla yad olunur, ruhuna rəhmətlər dilənilir. Onun yaratdığı obrazların heç biri tamaşaçı diqqətindən kənərda qalmayıb, hər biri yaddaşlarda dərin iz buraxıb...
O, təkcə istedadlı aktyor deyildi, həm də Azərbaycanın qeyrətli oğullarından biri idi. Vətənin, xalqın namusunu çəkən, onun yolunda ölüməyə belə hazır olan aktyor əslində 20 Yanvar faciəsinin qurbanı oldu. 1990-cı ilin yanvar hadisələri onu çox sarsıtmışdı. Tez-tez “Şəhidlər Xiyabanı”na gedir, şəhidlərin məzarlarını ziyarət edirdi.
Növbəti dəfə fevralın 2-sində, çəkilişdən sonra dostlarıyla birlikdə şəhidlər xiyabanına yollanır. Orada güclü başağrıları tutduğu üçün dostları onu evinə gətirirlər. Özündə olmadığını görüb təcili xəstəxanaya çatdırırlar. Bir gün reanimasiyada qalandan sonra, səhərə yaxın keçinir.
Hətta şəhidlərimizin 40 mərasimini görmək belə ona nəsib olmadı…
Bu gün həm də onun günüdür. Yaşasaydı, bu gün 82 yaşlı sənətkar kino gününü yəqin ki, həmkarları ilə birlikdə qeyd edəcəkdi. Amma heyf, çox heyf ki, 33 ildir aramızda yoxdur...
Ruhun şad olsun, kinomuzun generalı- Hamlet Xanızadə!
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Bu gün uşaqların Ələkbər əmilərinin anım günüdür
Kino və teatrda sənətdən başı çıxan böyüklərin təlabatını ödəyib onlara özünü sevdirmək üçün ustalıq bəs edir. Amma uşaqların sevgisini qazanmaq üçün tək ustalıq da kifayət etmir. Burda gərək həm də bir psixoloq olasan. Uşaqların sevə-sevə “Ələkbər əmi” adlandırdıqları Əməkdar Artist Ələkbər Hüseynov məhz belə bir sənətkar idi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün unudulmaz aktyor, öz duzlu-məzəli çıxışları ilə tamaşaçı qəlbinə yol tapan Ələkbər Hüseynovun vəfatından 16 il ötür.
Bir çox televiziya tamaşalarında uğurlu, özünəməxsus obrazlar yaradan, eyni zamanda, Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bir-birindən maraqlı obraz və tamaşalar qalereyası ərsəyə gətirən Əməkdar artist Ələkbər Hüseynov yaradıcılığı ilə ürəklərə yol taparaq, böyük tamaşaçı sevgisi qazanıb.
Ələkbər Hüseynov 1961-ci il iyulun 7-də Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.
Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layiq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını alıb. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Əməkdar artist Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də uzunsürən xəstəlikdən vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Teatr ustadı
Bu gün Xalq artisti Tofiq Kazımovun anım günüdür
Ona Azərbaycan teatrının Staniskavskisi də deyirlər… Bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun vəfatından 43 il ötür.
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.
Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.
Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar ozamankı teatrsevərlərin yaxşı xatirindədir.
Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Meyn ştatındakı icmamız XXI Millətlər Festivalında uğurla iştirak edib
ABŞ-ın Portland şəhərində keçirilmiş XXI Millətlər Festivalında ölkəmizi Meyn Azərbaycanlıları Cəmiyyəti təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, “Deering Oaks” parkında gerçəkləşdirilmiş festivalda Meyn Azərbaycanlıları Cəmiyyətin sədri Tərlan Əhmədovun rəhbərliyi ilə Azərbaycan pavilyonu təşkil edilib. Burada xalqımızın zəngin mədəniyyətini, milli mətbəxini əks etdirən nümunələr və Azərbaycan brendinə məxsus məhsullar nümayiş etdirilib.
Tərlan Əhmədov bildirib ki, Azərbaycan bayrağının festivaldakı digər ölkələrin bayraqları sırasında yer alması icmamıza xüsusi qürur hissi yaşadıb. Onun sözlərinə görə, yerli sakinlər Azərbaycan mədəniyyətinə və mətbəxinə böyük maraq göstəriblər: “300-dən çox iştirakçı pavilyomuzun qarşısında növbə tutaraq milli mətbəx nümunələrimizə qonaq oldular. Meyndəki icmamız və Bostondan gələn dostlarımız bu hadisəni yaddaqalan etdilər”.
Qeyd edək ki, icma fəalları Azərbaycan guşəsini ziyarət edənlərə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də Meyn Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Ana dilim bal kimi
Dünən Ana Dili Gününü qeyd etdik. “Ədəbiyyat və incəsənət” portalı Mina Rəşidin bu tarixə həsr edilmiş yazısını təqdim edir.
Dil millətin yaranışı və inkişafı ilə meydana gəlir. Buna uyğun olaraq, elmi rəylərə görə, Azərbaycan dilinin inkişafı III-VII əsrlərdə başlayıb, XI əsrdə Qafqazda və qonşu ölkələrdə geniş yayılıb, XII əsrdə isə ədəbi dil kimi tam formalaşıb. Səfəvilər dövlətində saray və ordu dili kimi dövlətin ilk rəsmi dili Azərbaycan dili olub.
Əski dövrün Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə seçilir. Zaman-zaman Azərbaycan dili "türki", "türk dili", "Azərbaycan türkcəsi", "tatar dili", "Qafqaz tatarlarının dili" kimi adlandırılıb.
1929-1939-cu illərdə latın qrafikalı əlifbamız olub. Sonra bu kiril əlifbası ilə əvəz edilib. 1991-ci ildən Azərbaycan yenidən latın qrafikalı əlifbaya keçib.
Ana dilinin müasir anlamda dövlət dili kimi işlənməsini vacib edən ilk qəti rəsmi sənəd Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsilə bağlıdır. Qeyd edək ki, o vaxt dilimiz "Türk dili" adlanırdı. AXC 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib.
Müasir Azərbaycan dövlətinin memarı Ümummilli liderimiz Heydər Əliyev dilimizə, mədəniyyətimizə həmişə xüsusi qayğı göstərib. Onun 2001-ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi naminə verdiyi Fərman da bu qayğının nümunəsidir. 2004-cü ildə Naxçıvan şəhərində dilimizin şərəfinə "Ana dili" adlı abidə ucaldılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da, dövlətimizin, onun ali rəhbərliyinin Ana dilimizə olan həssas, qayğıkeş münasibətini əks etdirir.
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş siyasəti və güclü ordumuzun sayəsində işğalçılardan azad edildi. Bu, böyük bir Zəfərdir! Doğma Ana dilində ölkə rəhbərimizin söylədiyi "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" kimi unudulmaz şüarlar bütün dünyaya səs saldı. Öz haqqı uğrunda savaşıb Zəfər qazanmış bir millət kimi dünya bizi öz dilimiz və əməlimizlə daha yaxşı tanıdı...
Şükürlər olsun ki, bu gün Vətənimizin əsas atributları olan üçrəngli Bayrağımız, səkkizguşəli Gerbimiz, qəlb oxşayan Himnimiz və özümüzə məxsus gözəl, rəvan dilimiz var.
Bayramımız mübarək!
Ana Dilim - bal kimi,
Danışmaqdan doymuram.
Mən onu neçə dilin
İçində qoruyuram.
Anamın laylasıyla
Mən boy atıb böyüdüm.
Onun şirin diliylə
Fərəhlənib öyündüm.
Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.
Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.
Çox sevirəm yurdumun
Bayrağını, Himnini,
Mən sevirəm anamı,
Həm də, ana dilimi!
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)