“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
32-Cİ DƏRC
-Oktyabr ayında bu şəxs Naxçıvanı bolşeviklər üçün almaq fəaliyyətinə girişib, Şaumyanın vədinə görə bu Azərbaycan torpağının Ermənistanla birləşdirilməsi yolunda mücadilə aparıb, amma yenə də türklərə məğlub olaraq Zəngəzur dağlarına çəkiləsi olub. İndi də o, Zəngəzurdakı müsəlman kəndlərini talan etməyə, azərbaycanlıları qırmağa başlayıb. 18 kəndi yer üzərindən silməklə 50 min azərbaycanlını didərgin salıb, öldürüb, yaralayıb. Ardınca Cavanşir və Cəbrayıl uyezdlərində 100 kəndi yerlə yeksan edib. Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyi ilə o, oradakı azərbaycanlı kəndlərinə basqınlar edib, yüzlərlə insanın qətlini həyata keçirib. Antanta müttəfiqləri və Rusiya ilə anlaşma ala bilməyəndə bu şəxs mühacirətə getməyə qərar verib. Ameriikada yaşayıb, ikinci dəfə ailə həyatı qurub, bu dəfə diaspora xətti ilə Ermənistana və ermənilərə yardımlar təşkil edib. 1927-ci ildə ürək xəstəliyindən Kaliforniyada dünyasını dəyişib. Təxmini hesablamalara görə bütün həyatını türklərə qarşı terror, qiyam və müharibələrdə keçirən bu şəxsin hesabında 50 -55000 insanın qətli var.
Gənc hakim oxuyub mətni bitirən kimi tamaşaçılar uğultu qopardılar, bu uğultunun fonunda Baş Hakimin bir replikası öncə eşidilmədi, ancaq uğultu nisbətən səngiyəndə bu replika təkrar səsləndi:
-Ozanyan – Ozan türkcə sazın müşayiəti ilə şeir oxuyan xalq sənətkarına deyilir. Sonralar türklər daha çox “aşıq” variantından istifadə ediblər. Dünənki prosesdəki mənim gənc kolleqam türkcə oxuyan erməni ozanlarının ifalarını sizə çox ustalıqla təqdim etmişdi, bir xatırlasanız.
Publika yenidən gənc hakimi alqışladı.
Ardınca Baş Hakim sözünə davam etdi:
-Biz prosesin əvvəlinci günü, xatırlayırsınızsa bir məsələyə toxunmuşduq, ermənilər türk toponimlərini sürətlə erməniləşdirməklə yaşadıqları ərazilərin özlərinə məxsus olması iddialarını rəsmiləşdirmək istəyirlər. Amma erməni mifinə görə Tanrının erməni uşaqlarını öldürməsi fonunda türk uşaqlarına qıymaması səbəbindən erməni uşaqlarına türk adları verilməsi reallığından da söz açmışdıq, bu zaman ona da diqqət ayırmışdıq ki, tarixi toponimləri dəyişsələr də, ermənilər insan adlarını dəyişməmişlər. Belə ki, milyonlarla insanın adını dəyişmək, nəsil şəcərələrini itirmək qeyri-məqbul sayılmışdır. Türk adı verilənlərdən biri də cənab Andronik Ozanyanın babası olmuşdur. O, türklərin nəğməçisinin adı ilə şərəflənmişdir.
Baş hakim bunu söyləyib Müttəhimlər kürsüsündə qəzəbdən bığını çeynəyən Andronik Ozanyana tərəf baxdı, gözlərindən qan daman Andronik hakimin baxışlarını görüb, qəzəblə başını əks tərəfə çevirərək üzünü görünməz etdi.
Baş Hakim şahid ifadələrini dinləmək zamanının yetişdiyini bildirdi. Bu zaman gənc hakim Baş Hakimdən icazə alıb bu sözləri xitab etdi:
-Andronik Ozanyanın və onun quldur dəstəsinin vəhşiliyi barədə erməni tarixçisi Anahid Lalayanın çox qiymətli fikirləri var. Tarix üçün ən dəyərli sənəd məhz bir xalqın cinayətinə həmin xalqın öz nümayəndəsinin münasibəti hesab edilir. Lalayan yazıb: "Andronikin başçılıq etdiyi daşnak dəstələri türk kəndlilərinin, uşaqların, qadınların və qocaların qətli zamanı "böyük sücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu, xarabalığa çevrilirdi". Mənim şəxsi dəvətimlə Anahid Lalayan hazırda buradadır, hətta Divanın ekspert köməkçilərindən biri kimi fəaliyyət göstərmək belə istəyir. Mən möhtərəm Baş Hakimdən xahiş edərdim ki, ona söz versin.
Baş Hakim məmnuniyyətlə sözü olduqca qoca olan, əsayla hərəkət edən şəxsə verdi. O, ağır-ağır tribunaya çıxdı:
-Milliyyətcə erməni olan Anahid Lalayanam, uzun illər erməni millətçilərinin, mürtəce daşnak partiyasının əleyhinə çıxışlar etmişəm. Bilirsinizmi, Sovetlər dönəmində İosif Stalinə bu məsələni çözməyə onun yanında əyləşmiş bizim millətdən olan Anastas Mikoyan mane olub. Çox xöşbəxtəm ki, Axirət Divanı mənim arzularımı gözümdə qoymur, erməni xalqının qəhrəmanları kimi sırınan bax bu Andronik kimi alçaqlar öz layiqli cəzalarını alırlar!
Andronik Ozanyan yerindən dik atıldı, amma mühafizəçilər onu yerində əyləşdirdilər. Anahid Lalayan davam etdi:
- Zamanında böyük rezonans doğuran “Əksinqilabi “Daşnaksütun” və 1914–1918-ci illər imperialist müharibəsi” adlı məqaləmdə “Daşnaksütun” partiyasının quldur dәstәlәrinin Basarkeçərdə törətdikləri vəhşiliyi erməni zabiti Vaһramın dili ilə təsvir etmişəm.
Gənc hakim söylədi:
-Cənab Lalayan, həmin hissəni diksiya ilə diktorlarımız oxusa daha yaxçı olar.
Belə də oldu. Kişi diktor gözəl artistliklə, mimika və jest mükəmməlliyi ilə mətni oxudu:
-”Mәn Basarkeçәrdә һeç nәyi nәzәrә almadan türk әһalisini qırdım” – deyә, daşnak başkәsәni lovğalanırdı. – “Lakin bәzәn güllәyә һeyfim gәlirdi. Bu itlәrә qarşı әn yaxşı üsul odur ki, döyüşdәn sonra salamat qalanların һamısını su quyusuna doldurub, üstündәn ağır daşları tökәsәn ki, onlardan әsәr-әlamәt qalmasın”. O, sözünә davam edәrәk deyirdi: “Mәn elә dә etdim: bütün kişilәri, qadınları vә uşaqları öldürüb doldurdum quyuya vә üstünü dә daşla doldurdum...”. Bu qədər insanlığa sığmayan bir cinayətin etirafı. Dəhşətdir deyilmi?
Diktor tamaşaçılara baxdı, onlar yerbəyerdən “əlbəttə dəhşətdir” deyə səsləndilər. Ardını Laloyan özü gətirdi:
-Daşnakların hakimiyyəti dövründə İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımının miqyası, daşnak hökumətinin yeritdiyi silah gücünə etnik təmizləmə siyasəti mənim 1938-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının nəşri olan “İstoriçeskie zapiski” çoxcildliyinin 2-ci cildində yer almiş “Daşnaksütun” partiyasının əksinqilabi rolu” məqaləmdə tam çılpaqlığı ilə öz əksini tapmışdır. Həmin məqaləndə yazmışam ki...
Andronikin natiqə yönəli “Qələt eləmisən, başını daşa döymüsən” replikasına Divan heyətindən qəti etiraz gəldi, ona etik qaydalara riayət etmək tapşırıldı.
Natiqsə “Əsas dünyada bu və bunun kimilər mənə o qədər təhdid ediblər ki” sözlərini söyləyib mətnin davamını gətirdi:
-“Daşnaksütun” partiyasının Ermənistanı “erməniləşdirmə” siyasəti azərbaycanlı və kürd əhalisini məhv etmə, yerdə qalan milli azlıqları təqib etmə və ölkədə milli ədavəti qızışdırmaq yolu ilə həyata keçirilmişdir. Daşnakların hakimiyyətdə olduqları 2,5 il ərzində Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı müharibə apardıqlarını, heç bir fərq qoymadan dinc əhalini öldürüməklə və talan etməklə, azərbaycanlı kəndlərini viran qoymaqla məşğul olduqlarını qeyd etmişəm. 1918–1919-cu illərdə Daşnaksütun hökumətinin azərbaycanlı və kürd kəndlərini “dövlətin tələblərini yerinə yetirdiklərinə görə” dağıtdığını qeyd etmişəm. Daha sonra yazmışam ki, Ermənistanda 1920-ci il may üsyanının yatırılmasından sonra daşnaklar yenidən azərbaycanlı və kürd kəndlərini bombardman etmiş, “Müsəlmanlar bizim düşmənimizdir” şüarı ilə dinc sakinləri məhv etmişlər. Ermənistan Dövlət Arxivində saxlanılan sənədlərə istinadən daşnak ordusunun zabitlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə də məlumat vermişəm. Həmin sənədlərdən birində daşnak ordusunun Baş Gərnidəki dəstəsinin rəisi, podpolkovnik Melik–Şahnazarovun 7 noyabr 1918-ci ildə diviziya komandirinə yazdığı raportunda bu bölgədəki 30 türk kəndinin bombardman edilərək ələ keçirildiyi qeyd edilmiş, qalan 29 kəndində bombardman edilməsi üçün isə diviziya komandirindən icazə istənildiyi bildirilmişdi. Mərkəzdən qalan kəndlərə hücum əmri alındıqdan sonra daşnak başkəsənləri onlarca azərbaycanlı kəndini yerlə-yeksan etmiş, qadınları, uşaqları, gənclərı, qocaları öldürmüş, əmlaklarına yiyələnmişdilər.
Bundan başqa mən “Joğovurd” qəzetinə istinadən (№ 105, 1920-ci il) bu yazılanları da öz arxivimdə saxlayıram: “Daşnak hökumətinin zabitlərindən Q. Muradyan ermәni һökumәtinin Göyçә gölünün şimal saһilindә olan azәrbaycanlı kәndlәrini viran qoyan bandit dәstәlәrinin əməllərini təsvir etmişdir: “...Bizim һökumәtin gördüyü tәdbirlәr nәticәsindә Toxluca, Ağbulaq, Ardanış kəndlərinin әһalisi Ermәnistanın sәrһәdlәrini tәrk etmişdir. Mәn saһibsiz qalan kәndlәri gördüm, orada bir neçә pişik, iki-üç it qalmışdı. İtlər ölü sükutdan vahimələnərək qәribә səslə ulayırdılar. Bu kәndlәrin әһalisi çox böyük saһәlәrdә kartof, buğda vә arpa әkini qoyub getmişlәr. Hökumәt bu kәndlәrdәn iki milyon pud buğda vә yarım milyon pud kartof götürә bilәcәkdı...”
Natiq köks ötürərək davam etdi:
-Bu çox acı bir etirafdır, bizim millətçilər tək türk insanlarına deyil, nəbatata, heyvanata da xətər yetirmişlər. Bütün əlimdə olan sənədlər ekspertlər rəyində öz əksini tapacaq əlbəttə, sadəcə çıxışımın sonunda Ermənistan daşnak hökumətinin baş naziri olmuş Ovanes (Ruben) Kaçaznuninin 1923-cü ildə “Daşnaksütun” partiyasının qurultayında etdiyi hesabat məruzəsi (bu məruzə sonradan “Daşnaksutyunu bolşe neçeqo delat” adı ilə rus dilində kitab halında çap da olunmuşdur) barədə də bilgi vermək istəyirəm. Partiyadaşlarının hakimiyyəti illərində daşnakların Zəngəzurda, Ağbabada, Vedibasarda, Naxçıvanda, Şərurda kütləvi surətdə müsəlman əhalisini qırdıqlarını, yaşayış məntəqələrini dağıtdıqlarını etiraf etməklə bu şəxs erməni millətçiliyinin cinayətlərini sübut etmək üçün misilsiz xəzinə qoyub getmişdir. İndi isə icazə verin, qoca adamam, çox yoruldum, gedim evimdə bir qədər uzanım, dincəlim, sabah gəlib prosesdə mütləq iştirak edəcəyəm.
Baş Hakim yerindən durub hədsiz minnətdarlığını bildirərək Laloyanın qoluna girdi, onu pillələrlə səhnədən aşağı düşürtdü, Divan mühafizəçilərindən xahiş etdi ki, islanmasın deyə başına çətir tutaraq onu evinə aparsınlar. Yerinə qayıdıb yenicə əyləşmişdi ki, sağ böyründə əyləşmiş yaşlı hakim də söhbətə müdaxilə etdi:
-Əlbəttə ki, bir xalqın cinayətinə ən gözəl sübut həmin xalqın özünün tarixçilərinin, yazıçılarının, siyası və ictimai xadimlərinin etiraflarıdır. Ağsaqqal tarixçinin çıxışı çox ibrətamiz, faktlarla zəngin oldu. Mən möhtərəm Baş Hakimdən xahiş edərdim ki, zərərçəkənlərə, şahidlərə söz verməzdən əvvəl reqlamentdə dəyişiklik edərək mütləq sözü erməni tarixçisi Hovannes Ter-Martirosyana versin. Bizim Axirət dünyasında yüz il öncədən məskunlaşmış bu şəxs 20-ci əsrin əvvəllərində ermənilərin törətdikləri qırğınlar zamanı yer alan vəhşiliklər barədə “A-Do” imzası ilə kitab çap etdirib. 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli həmin kitab “Qafqazda erməni-türk toqquşmaları (1905–1906-cı illər) sənədli, statistik, topoqrafik izahlarla” adlanır. Müəllif 1905–1906-cı illərdə Cənubi Qafqazın 12 qəzasında və 7 şəhərində baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. Həmin kitab hətta gəlib bizim Texasa da çıxmışdı.
Baş Hakim söylədi:
-Vəsadət qəbul edildi, xahiş edirəm Hovannes Ter-Martirosyan çıxış üçün səhnəyə gəlsin. Mən həm də cəsarətinə görə bu tarixçiyə minnətdarlığımı bildirirəm. Çünki bir xalqı qəflət yuxusundan oyatmağa cəhd edən şəxs o xalqı qəflət yuxusuna sürükləyən çoxluqla mücadilə edirsə, demək ən böyük qəhrəman odur. Çox təəssüf ki, tarix boyu millətçilik badəsindən zəhər içən ermənilər bu cür aydınları deyil, bax bu Andronik Ozanyan kimilərini özlərinə qəhrəman seçirlər.
Alqış sədaları altında tribunaya arıq, çəlimsiz, yaşlı kişi çıxdı, optik eynəyini gözünə taxıb aram-aram əlindəki kitabından oxumağa başladı:
-Mən əsərində 1905-ci ildə İrəvan qəzasında toqquşmalar zamanı azərbaycanlı əhalinin tərk etmək məcburiyyətində qaldığı və böyük itkilər verdiyi kəndlərin siyahısını vermişəm....
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)