Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin vəfatının 50-ci ildönümü ilə əlaqədar “Cümhuriyyətin üzü” adlı konsert proqramı təqdim olunub.
Tədbir Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə çıxış edən Bakıda Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç Aşıq Veysəlin yaradıcılığından bəhs edib: “Aşıq Veysəl daha çox panoramik baxa bilən, Türkiyənin xaotik məsələlərinə dərindən gələn iç səsinin əks sədası ilə səslənə bilən, böyük problemləri böhrana çevirmədən Türkiyənin siyasi və mədəniyyət xadimlərinə təkliflər verə bilən böyük bir sənətkardır. Onun Türkiyənin sosial problemlərinə səssiz qalmadan cəmiyyəti xəbərdar etməsinin nə dərəcədə böyük sənətkar olduğunu göstərir. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair deyə bilərdik, amma Veysəl Türkiyə və türk milləti mövzularını cəsarətlə qələmə aldığı üçün milli romantik şairdir”.
Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca, tanınmış sənət adamları və bir çox qonaqlar iştirak ediblər.
Xatırladaq ki, tədbir Türkiyə Cümhuriyyətinin 100 illiyi, “UNESCO-nun Aşıq Veysəl İli” və vəfatının 50-ci ildönümü çərçivəsində reallaşıb.
Gecədə Əməkdar artist Nuriyyə Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynkva doqquz nəfərlik orkestr ilə Aşıq Veysəlin sevilən mahnılarını səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)