Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) təşkil edəcəyi sərgi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunacaq.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk hər zaman istər sənətə, istərsə də sənətkara xüsusi qayğı ilə yanaşıb, onların bu yolda irəliləməsinə təkan verib. SAKÜDER-in başlıca məqsədlərindən biri Atatürkün miras qoyduğu mədəniyyəti gələcək nəsillərə ötürmək, sənətkarları tanıtmaq və onların əsərlərini sənətsevərlərin diqqətinə çatdırmaqdır. SAKÜDER rəssamın fırçası, yazıçının qələmi, musiqinin səsi, qısaca sənətkarın daxili ahənginin var olması üçün öz mövcudluğunu daim davam etdirəcək.
Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Antalya şəhərlərindən və paytaxt Bakımızdan 19 rəssamın 40-dək əsərləri nümayiş etdirilməsi planlaşdırılır.
Vernisajda təqdim ediləcək dəyərli sənət inciləri arasında Anar Hüseynov, Asım Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas, Mustafa Pişkin kimi önəmli sənətkarların əsərləri yer alacaq.
Həmçinin, tədbir çərçivəsində “SAKÜDER-2023” fəxri mükafatların təqdim edilməsi də planlaşdırılır.
Sərgi oktyabrın 20-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)