Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əməkdar jurnalist Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” adlı şeirlər kitabının təqdimat mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Murad Qoçuoğlu ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib. “Mən hər gün günəşi qarşılayıram” müəllifin ikinci şeirlər kitabıdır. Şairin bundan öncə "Bir az gecikəndə" adlı şeirlər kitabı çap olunub. Şeirləri respublikamızda və ölkənin hüdudlarından kənarda müxtəlif mətbu orqanlarda işıq üzü görüb.
Təqdimat mərasimini aparan tənqidçi Əsəd Cahangir müəllif və onun yeni kitabı barədə geniş bilgi verib.
Şairin əsas bədii subyektinin, predmetinin insan olduğunu qeyd edən Əsəd Cahangir deyib ki, Murad Qoçuoğlu öz tipologiyası etibarilə fəlsəfi düşüncəyə meyilli şairdir və bu fəlsəfilik onun təkcə Allaha müraciətlə yazdığı şeirlərlə məhdudlaşmır, onun təbiət, dünya, insan, sevgi və digər mövzulardakı şeirləri də fəlsəfi düşüncə axarında yazılıb, lakin bu mövzuların hər biri fərqli psixoloji aura, mental iqlim, ab-havaya malikdir.
Əsəd Cahangir qeyd edib ki, şairin poetik dünyası öz ruhunun dərinliklərindədir və dünyanın üç əsas obrazı var - Allah, dünya və insan!.
Təqdimatda çıxış edən digər natiqlər Murad Qoçuoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıb, kitab haqqında öz fikirlərini bölüşüblər.
Tədbirdə ədəbi ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Sonra iştirakçılara yeni kitab hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)