“Bir mahnını tarixçəsi bir qəhrəmanın taleyində" Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Çox sınadı bizi zaman,

Neçə şəhid getdi qurban,

Sinəsiylə sipər olan,

İgid əsgər, möhkəm dayan… 

 

Ya azad ol, ya candan keç, ya candan keç…

İki yoldan birini seç, birini seç…

Azadlığın şərbətini iç, şərbətini iç…

İgid əsgər, möhkəm dayan… 

 

Salam vətən, salam ana,

Çətin gündə bizi sına,

Qanla cavab verək qana,

İgid əsgər, möhkəm dayan… 

 

Şəhid qanı axan torpaq,

Yad ayaqda olmaz tapdaq…

Düşmənlərin qan qusacaq,

İgid əsgər, möhkəm dayan… 

 

Adətən söz yazarı, bəstəkar və ifaçı birləşib bir mahnının bünövrəsini qoyurlar. Fəqət İgid əsgər mahnısı bunun tam əksinə olaraq misralarıyla bir qəhrəmanın qəlbinə yol tapmaqla üç fərqli insanı, bir həkimi, bir qəhrəmanı və bir hərbi diktoru öz bünövrəsində birləşdirdi.

İstərdim bu gün sizə məhz bu mahnının qəlbinə yol tapdığı o qəhrəman haqqında, Yusif Mirzəyev haqqında danışım. 

 

Yusif Vəli oğlu Mirzəyev 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub. 

O, 1975-ci ildə İ.Səfərli adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, 1976- cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlamışdır. O, işləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (İndiki Bakı Dövlət İqtisad Universiteti UNEC) ali təhsil alıb. 1987-ci ildə həmin institutun mühasibat uçotu fakultəsini bitirmiş və Bakıdakı Bankların birində müfəttiş vəzifəsinə təyin olunmuşdur.

1988-ci illərdə Xalq Hərəkatına qoşulmuş, 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilmişdir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnmiş 1 uşaq atası olan Yusif Mirzəyev həbsdən çıxdıqdan sonra 1991- ci ilin sonlarında könüllü olaraq cəbhəyə yollanır. 

 

İlk döyüşü Ağdərə Goranboy istiqamətində olur. O qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir.

Yusif Mirzəyev 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətindən çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür.

Komandanlıq onun belə cəsur əsgər olduğunu görüb, briqada komandirinin təchizat üzrə müavini təyin edir. 

 

1992-ci ildə  Yusif Mirzəyev Ağdərədə özünün könüllü təkidləri nəticəsində Ağdərəyə döyüş bölgəsinə göndərilmiş hərbi diktor Şəmistan Əlizamanlı ilə tanış olur və onların arasında möhkəm bir dostluq yaranır.

Lakin sonralar Yusif Mirzəyevin böyrəklərindəki xəstəlik ağırlaşdığı üçün onu bir müddət Bakıya gedib müalicə almağa razı sala bilirlər.

Təsadüf Yusif Mirzəyevlə Şəmistan Əlizamnalını burada da qarşılaşdırır və onlar eyni palatada müalicə alırlar.

Burada Yusif Mirzəyevin həkimi bir müddət könüllü olaraq cəbhə bölgəsində hərbi həkim kimi də fəaliyyət göstərmiş həm həkim, həm şair, həmdə bəstəkar olan Şahin Musaoğlu olur. 

 

Hələ Azərbaycanın ilk batalyonu olan və Şıxov batalyonu adlandırılan, batalyon şəhidlər xiyabanında and içib cəbhəyə yollandığı gün Şahin Musaoğlu da öz dostlarını yola salmaq üçün orada olur və orada keçirdiyi hisslərin təsiri ilə igid əsgər mahnısının sözlərini qələmə alır.

Sonralar o mahnının sözlərinə musiqi bəstələyir və mahnını ifa etmək üçün respublikanın xalq artisti Faiq Ağayevə müraciət edir. Faiq Ağayev isə o ərəfələrdə Sankt Peterburqa getməli olduğundan bəstəkar mahnısı üçün başqa bir ifaçının axtarışına çıxır.

Yusif Mirzəyev onun çalışdığı xəstəxanada müalicə aldığı dövrələrdə o Yusifə bu mahnıdan və mahnı üçün ifaçı axtardığından bəhs edir.

Yusif Mirzəyev mahnının sözlərini eşidən kimi çox sevir və xəstəxanada müalicə aldığı günlərdə həmişə bu mahnını özü üçün zümzümə edir.

Şəmistan Əlizamanlı Yusifin bu mahnını bu qədər çox sevdiyini görəndə bu mahnını onun üçün özü oxuyacağına söz verir. 

Lakin bir müddət sonra 1992-ci ilin sonu Yusif öz müalicəsini yarımçıq saxlayaraq yenidən müharibəyə yollanır.

Bakıda ona müxtəlif vəzifələr təklif edib onu saxlamağa çalışsalarda bu mümkün olmur. O, söyləyirki: "Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir."

Deyilənlərə görə Yusif Mirzəyev böyük bir səbirsizliklə igid əsgər mahnısının ifa olunmağını gözləyir və öz əsgərlərinə də bu mahnını öyrədirmiş. 

 

O, 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə silah yoldaşlarını mühasirədən çıxararkən həlak olmuş, Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respubliksaı Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakının  Nəsimi rayonundakı 44 saylı orta məktəb 1993-cü ildən etibarən qəhrəmanın adını daşıyır. Həmçinin məktəbin qarşısında onun büstü qoyulmuşdur.

1993-cü ilin mart ayında Şəmistan Əlizamanlı Yusif Mirzəyevə verdiyi sözü tutur və mahnını ifa edərək ona həsr edir. Və Azərbaycan dövlət televiziyasında Yusif Mirzəyev haqqında hazırlanmış verlişin sonunda bu mahnı səsləndirilir. 

Müstəqil Azərbaycanın hərbi himni sayılan bu mahnı o vaxta qədər heç vaxt mahnı ifa etməmiş Şəmistan Əlizamanlının və o günə qədər heç bir mahnısı ifa olunmamış Şahin Musaoğlunun həyatında bir dönüş nöqtəsi yaradır və özündən sonra Çağırır vətən, Birinci batalyon, Cənab Leytenant, Vətən əmanəti, And içirik, Qalx Azərbaycan, ağ ümid kimi 30-a yaxın hərrbi vətənpərvərlik nəğməsinin yaranması üçün yol açır. 

 

Bu yurdun insanlarına qan udduran o düşmən əvvəl-axır bir gün mütləq qan qusacaq!

Allah şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.