Oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AzərTAC xəbər verir ki, iclasda 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin xalqımızın həyatında əlamətdar tarix olduğu bildirilib və ölkəmizin bugünkü uğurlarının təməllərinin qoyulduğu vurğulanıb.
Sonra komitə sədri Tahir Mirkişili iclasın gündəliyini təqdim edib. Bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Birinci məsələ “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.
Komitə sədri qeyd edib ki, son illər dünyada baş verən kataklizmlər iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təminatı üçün dövlətin əlavə funksiyaları üzərinə götürmək zərurətini yaradıb. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini üçün dövlət ehtiyatlarının və ərzaq balansının yaradılması istiqamətində atılan mühüm addımlardan söz açan T.Mirkişili 4 fəsil 14 maddədən ibarət yeni qanun layihəsində dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələrin təsbit olunduğunu vurğulayıb.
Qanun layihəsi ilə bağlı danışan Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov əvvəlcə dövlət ehtiyatları sahəsində mövcud qanunvericilik, dövlət ehtiyatları sahəsində effektiv tənzimləmə sisteminin təmin edilməsi üzrə dövlət başçısı tərəfindən verilən tapşırıqlar və atılan addımlar barədə məlumat verib. O, müzakirəyə çıxarılan qanun layihəsinin ölkəmizdə dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi aktın, bu sahə üzrə vahid konseptual yanaşmanın qəbul olunması zərurətindən irəli gələrək hazırlandığını bildirib. Layihənin ümumi strategiyasından bəhs edən agentlik sədri sənəddə dövlət ehtiyatlarının strateji, fövqəladə və səfərbərlik olaraq 3 bloka bölündüyünü bildirib, onların əhatə dairəsi, strukturu barədə danışıb. O, deputatlara, dövlət ehtiyatlarının təyinatı və layihədə təsbit olunan digər tənzimləmə mexanizmləri barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi dövlət ehtiyatlarının dayanıqlılığını və onlardan düzgün istifadəni təmin etməkdir.
Layihənin müzakirəsində çıxış edən komitə sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Mahir Abbaszadə, Vüqar Bayramov, İqbal Məmmədov və Aydın Hüseynov sənəddə nəzərdə tutulan dövlət-özəl sektor əməkdaşlığının mexanizmləri, dövlət ehtiyatlarının hüquqi statusu, strukturu və dinamikası, yerli məhsulların tədarük şərtləri və qiymətləri kimi məsələlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.
S. Sadıqov deputatların suallarına və qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra “Dövlət ehtiyatları haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra deputatlar “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanan “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də nəzərdən keçirərək, birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)