Super User
“Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir
Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.
Mərkəzdən verilən məlumata görə, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.
Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir.
Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır.
Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
32–ci dərc
Layiqənin bir neçə gün əvvəl tərk edib getdiyi binanın həyətindəki maşında oturmuş kişi saatına baxdı. Saat 20:10 idi. Bir azdan hava qaralacaqdı. Radionu işə salıb müsiqi gedən kanallardan birinə kökləyən kişi, maşının oturacağına yayxandı. Bu kişi əvvəlcə Layiqəni sığortalamaq üçün göndərilən, sonra isə onu Qubaya aparan adam idi. Şəhərə qayıtdıqdan sonra Layiqənin bu binada yaşayan, onu evində qonaq saxlayan rəfiqəsini qorumaq ona tapşırılmışdı. Qarşı tərəf qızın Layiqənin yeri barədə məlumatlı olduğunu düşünüb ona qarşı hansısa addımlar ata bilərdi. Bunları təhlil edən polkovnik günahsız bir qızın zərər çəkə biləcəyini düşünərək adamına onu qorumağı tapşırmışdı. Qız elə də çox evdən bayıra çıxmırdı, cəmi bir neçə dəfə alış-veriş üçün çıxıb tez də qayıtmışdı. Həmin vaxtlarda onu uzaqdan müşayiət edən adam qalan vaxtları maşında oturmaqla keçirirdi.
Hələ ki, ötən günlər ərzində heç bir təhlükə aşkar olunmamışdı. Ola bilər ki, qarşı tərəf qızın heç nə bilmədiyini, Layiqənin ona sirr verməyəcəyini anlamış, onu rahat buraxmışdı. Rəqibin hansı qərarlar verəcəyini əvvəlcədən yüz faiz hesablamaq mümkün olmur. Ona görə də polkovnik təcrübəsinin və vicdanının ona dedyi kimi davranmış, hər şey bitənəcən bu qızı qorumağı lazım bilmişdi.
Daha çox evdə oturmağa üstünlük verən qızın axşam saat 9-dan sonra ümumiyyətlə evi tərk etməməsi məlum olmuşdu. Saatına baxan adam, təxminən əlli dəqiqədən sonra buranı tərk edə bilərdi. Səhər saat 8-də yenə də buraya qayıtmaq üçün…
* * *
Qılınc qalan işi dediyi vaxtda bitirmişdi, zəhmət haqqını verib məhəllənin yaxınlığında dayanan taksilərdən biri ilə onu Kürdəxanıya yola salmışdım. Özüm başqa bir taksi ilə şəhərə gəlmişdim. Zığ qəsəbəsindən keçəndə telefonu işə salıb mesajlar bölümünü yoxlamış, Elbrusdan məlumat gəldiyini öyrənmişdim. Daha doğrusu bu, dediyim tarixlərdə xəstəxanaya gəlmiş adamların siyahısı idi. Siyahı çox uzun idi. Siyahıdakı adları diqqətlə oxumuşdum. Təəssüf ki, görəcəyimə çox ümid etdiyim bir ad bu siyahıda yox idi. Siyahı ilə birlikdə mesaj göndərən Elbrus, adlardan cəmi ikisinin təkrarlandığını bildirirdi. Onlardan biri on iki və on doqquz aprel tarixlərində xəstəxanaya gəlmiş altmış yeddi yaşlı qadın pasiyent, digəri isə çəliklə gəzən yetmiş iki yaşlı qoca idi. Başqa təkrarlanan ad yox idi. Salamla görüşdüyünü də yazırdı. Salam deyilən tarixdə yanına gəlmiş qonağının adının Xamməd olduğunu demişdi. Ancaq siyahılarda Xamməd adlı birisi də yox idi.
Bütün bu alınan məlumatı sakit bir yerdə oturub təhlil etmək lazım idi. Gecə saatlarına planlaşdırdığım işə hələ xeyli vaxt var idi. Gülanəyə bir neçə gün gəlməyəcəyimi demişdim. İndi yaranmış bir neçə saatlıq fasiləyə görə onun yanına getməyə dəyməzdi. Ona görə də boş kabineti olan bir çayxana tapıb çay sifariş vermişdim. Çay gətirən oğlan qapını örtüb çıxandan sonra ayaqqabılarımı çıxarıb ayaqlarımı qarşıdakı stulun üstünə uzatdım, gözlərimi tavana dikib fikirləşməyə başladım.
Salamın işi ilə bağlı qurduğum fərziyyələrdən yalnız biri təsdiqlənmişdi - Salam, qonağının həqiqətən də solaxay olduğunu demişdi. Onun ünvanı və telefon nömrəsi barədə isə məlumatı yox idi. Ayrıca, Salam onun xəstəxananın ambulator qeydiyyatında olan, mütəmadi oraya gəlib-gedən xəstələrdən biri olmadığını deyib. Onda belə çıxır ki, bu Xammədi Salamın yanına gətirən sırf aralarındakı dostluqdur və hərdən gecələr gəlib onunla çay içməklə, söhbət etməklə başını qatır. Bəlkə o, xəstəxananın yaxınlığında yaşayanlardan biridir və yuxusuzluqdan əziyyət çəkir? Belədirsə, o bütün şübhələrdən kənarda qalmırmı? Bu halda mənim bütün fərziyyələrim «zibil qutusuna» atılmaqdan başqa bir işə yaramır və «Karat»ın qatilini başqa yerdə axtarmaq lazımdır.
İndi baş verənlərə əks tərəfdən yanaşaq. Salam qadağan olduğu halda, qapalı müəssisənin qapısını açıb dostu bildiyi bu adamı içəri buraxır, onunla çay içir, saatlarla söhbət edir. Bu, olduqca məsuliyyətli olan Salamın həmin adama son dərəcə etimad etməsinin göstəricisidir. Ancaq maraqlı burasıdır ki, bu dərəcədə etimad etdiyi adamın adının Xamməd, özünün isə solaxay olmasından başqa haqqında heç nə bilmir. Bu necə dostluqdur? Ən azından, Xamməd qonşuluqda yaşayanlardan birisi olsaydı, Salam bunu bilməli deyildimi? Adətən gözətçi işləyənlər ətrafda yaşayanları yaxşı tanıyırlar. Bu halda məntiq nə deyir? Belə məlum olur ki, bu Xamməd kimdirsə, düşünülmüş şəkildə iz vermir.
Yaxşı, ortaya Xamməd adlı yeni fiqurant çıxıbsa və mənim fərziyyələrim özünü doğrultmayıbsa, belə çıxır ki, az qala üç günə başa gələn bu siyahıları nahaq yerə əldə etmişik və bu qədər zəhmət də hədər imiş? İndi haqqında demək olar ki, heç nə bilmədiyimiz bu adamı harada axtaraq?
Stəkana çay süzüb bir qurtum içdim.
Açığı, xəstəxanadakı müşahidələrimə əsaslanaraq, siyahılarla və Salamın qonağının kimliyi bilinməklə bu qətl hadisəsinin açılacağına ümid etsəm də, elə ilk andan hər şeyin belə sadə olması məndə bəzi tərəddüdlər yaratmışdı. Ancaq xəstəxanada apardığım araşdırmalar ilə, bu cinayətin Salama aid hissəsində, hadisələri ardıcıllıqla bərpa edib onların doğruluğuna o qədər əmin olmuşdum ki, bu tərəddüdləri qovub nəticəni gözləməyi qərara almışdım. Nəticənin müsbət olacağına isə ümidim böyük idi. İndi belə məlum olur ki, nəyi isə gözdən qaçırmışam. Maraqlı təzadlar yaranır. Mənim az qala kino lenti kimi gözümün qabağından keçirdiyim, doğruluğuna əmin olduğum və sonradan etdiyim bir eksperimentlə doğruluğu təsdiqlənmiş fərziyyəm birdən-birə puç olur. Özü də tamamilə puç olur. Bu isə mümkün deyil. Əgər qismən, hansısa hallar təsdiqlənməzsə, bununla barışa bilərdim. Tam təsdiqlənməmə isə, hər şeyin səhv olduğuna yox, nəyisə nəzərdən qaçırdığıma dəlalət edir. Məhz elə ilk andan tərəddüdlərimə səbəb olan bir məqamı nəzərdən qaçırmağıma.
Yaxşı, bəs bu nə ola bilər? Nə qədər fikirləşsəm də, hələ ki, ağlıma bir şey gəlmirdi. Deyəsən, bir müddət Salamın işini bir kənara qoymalı olacağam.
Elədirsə, qayıdaq Qılınca. Onu yola saldıqdan sonra Kürdəxanıya çatdığı andan bir müddət sonra iyirmi dörd saat nəzarətdə olacağını bilirdim. «Bağ əməliyyatı»nın qırx faizi oradakı müşahidələrimə hesablanmışdısa da, qalan altmış faiz Qılıncın məhz bağı tərk etdikdən sonrakı addımlarını öyrənməyə yönəlmişdi və əgər mesajım ünvana çatıbsa, çox güman ki, indi polkovnikin adamları bununla məşğuldurlar. Səbirlə hadisələrin gedişatını gözləmək lazım idi.
Qılınc, heç də göründüyü kimi sadə biri deyilmiş. Bunu, birlikdə olduğumuz müddətdə müəyyən edə bilmişdim. Ancaq az danışmaqla və kontakta getməməklə qurduğu strategiya mənim əvvəlcədən onun üçün qurduğum planın yanında darmadağın olmuş, onun əsil simasını ortaya qoya bilmişdim.
El arasında «dəlilik kağızı» adlanan arayışın arxasında ikili həyat yaşayan, iti yaddaşa malik, kifayət qədər dünyagörüşlü Qılınc Qabulov, mən səni tanıdım. Bir azdan sən də məni tanıyacaqsan…
* * *
Təxminən üç saat əvvəl tərk etdiyi bağa qayıdan Xalid maşından düşüb qapının zəngini basdı. Qapını açan olmadığını görüb özündəki açarla açıb həyətə keçdi. Həyətdə heç kim yox idi. Bir qədər irəli gedib bağa boylananda oradakı işin bitdiyini, bütün ağacların altının belləndiyini görüb vəziyyəti başa düşdü. İndi o, burada yır-yığış edib bağı əvvəlki vəziyyətinə gətirməli, qapıları bağlayıb açarları polkovnikə çatdırmalı idi. Əvvəlcə evə keçib oradakı otaqlara əl gəzdirdi. Otaqları qıfıllayab həyətə qayıtdı. Həyətin ortasındakı samovarı, bağdakı alətləri aparıb yerinə qoyduqdan sonra bayaqdan diqqətini çəkən, axıra saxladığı masaya yaxınlaşdı. Dünən gələrkən gətirdiyi və içərisində nə olduğunu bilmədiyi iri idman çantası masanın üstündə idi. Ona tanış olan bağlama da çantanın yanında qoyulmuşdu. Onun nə çantanın, nə də bağlmanın içərisinə baxmağa ixtiyarı yox idi. Bunlardan başqa, şam ağacından düzəldilmiş masanın üstünə sancılmış bir mətbəx bıçağı da var idi. Bıçağın deşib masaya pərçimlədiyi dördqat bükülmüş kağız parçasında «Təcili» sözü yazılmışdı. Məktubun Arif Dadaşzadəyə ünvanlandığı aydın idi. Onun bu məktubda yazılanları da oxumağa ixtiyarı yox idi. «Təcili» sözünü oxuyan Xalid, cəld bıçağı çıxarıb məktubu cibinə qoydu, sonra çantanı və bağlamanı götürüb bağı tərk etdi. İndi, tez şəhərə getməli, məktubu sahibinə çatdırmalı idi. Maşını yerindən sürətlə götürəndə arxa oturacağın üstünə qoyduğu, şam yeməyi üçün gətirdiyi ərzaq dolu bağlamalar diyirlənib ayaqaltına aşdı. Ancaq o buna əhəmiyyət verməyib sürətlə şəhərə doğru üz tutdu. Məktubda yazılanları təcili ünvana çatdırması üçün bir dəqiqə də itirə bilməzdi.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
500 milyon dollar - “Barbi" filminin gəlirləri rekord həddə çatıb
QRETA QERVİQ ÇOX MƏMNUNDUR
Sizə bu barədə məlimat vermişdik. Hollivudun son nailiyyəti sayılan rejissor Qreta Qerviqin çəkdiyi “Barbi” filmi inanılmaz auditoriya toplamağa müvəffəq olub. Son xəbər isə filmin artıq rekord qırmasıdır. Belə ki, son uik-enddən sonra “Barbi”nin 500 milyon dollardan çox gəlir əldə etdiyi bildirilir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat yayır. Kiçik qızların sevimlisi olan məşhur gəlinciyin sərgüzəştlərindən bəhs edən ekran əsəri yerli nümayişlərdən gələn gəlirə görə hətta məşhur “Betmən”, “Supermən” və “Harri Potter” filmlərini geridə qoyur.
Qeyd edək ki, “Barbi”nin ilkin büdcəsi marketinq xərcləri nəzərə alınmadan 145 milyon dollar təşkil edib. Ekran əsəri “Warner Bros.” kinostudiyasının Barbi kuklalarını istehsal edən ABŞ oyuncaq istehsalçısı “Mattel” şirkəti ilə əməkdaşlığının nəticəsidir.
Qeyd edək ki, rejissor Q.Qerviq 2017-ci ildə çəkdiyi “Ledy bird” və 2019-cu ildə lentə aldığı “Kiçik qadınlar” adlı ekran əsərləri ilə rejissor kimi tanınıb. Ona kimi hamı onu aktrisa kimi tanıyırdı. Hər iki film xeyli sayda “Oskar” və “Qremmi” nominantı olub. Ona əsl şöhrəti isə, gördüyümüz kimi, “Barbi” gətirdi.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Murad Köhnəqala, Nigar Arif, Məti Osmanoğlu, Nəcib Fazil Qısakürək və digərləri
Bu “Ulduz” çox maraqlı “Ulduz”dur
"Ulduz" jurnalının iyul-avqust sayının işıq üzü görməsi barədə sizləri bilgiləndirmişdik.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalın redaksiya heyəti bu sayın olduqca maraqlı olmasının anonsunu verib. Belə ki, jurnalın bu sayında poeziya və nəsr həvəskarlarına çox mükəmməl nümunələr təqdim ediləcək.
NƏSR
Alpay Azərin "Hörüksüz qızın imtahanları", Məmməd Məmmədlinin "Zülmətdən doğan günəş", Könül Məmmədovanın "Möcüzələr diyarı", Murad Köhnəqalanın "Buğdanın göyə çəkilməsi", Mahir Rəsuloğlunun "Daltonikin etirafı", Vüsal Bağırlının "Köhnə avtomobil" hekayələri, Ayna Əhmədlinin "Ümidlərin yenidən doğulduğu gün-Zəfər günü", Arzu Muradın "Məktub" silsilə esseləri, eləcə də Bakı Dövlət Universitetinin tələbələri arasında keçirilmiş və görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nümunələri jurnalın bu sayında yer alır.
Tatar ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, dramaturq, tərcüməçi və rejissor Rabit Batullanın "Canından can ver" hekayəsi isə Məleykə Mirzəlinin tərcüməsində təqdim edilir.
POEZİYA
Jurnal Nigar Arifin özüylə söhbəti və şeirləri ilə açılır.
“Şeir vaxtı"nda Müşfiq Cəbinin, Firəngiz Sabirqızının, Ceyhunə Mehmanın, Rəşad Abidoğlunun, Qismət Məsimin, Təranə Dəmirin, Yusif Mürsəlin, Zahid Əzizin, Əziz Yaqubzadənin və Nuranə Təbrizin şeirləri təqdim edilir.
"Dərgidə kitab"da isə Əvəz Qurbanlının şeirləri oxucuların ixtiyarına verilir.
ƏDƏBİYYATŞÜNASLIQ
Taleh Mansurun "Yazı masası"nın budəfəki qonağı şair İbrahim İlyaslıdır.
Professor Məti Osmanoğlunun təqdim etdiyi "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu İppolit Tenin "Mədəni-tarixi məktəb"i və müəllifin Sent-Bövə həsr etdiyi "Sənətdə ideal haqqında" başlıqlı mülahizələridi.
İlham Abbasovun "Latın Amerikası ədəbiyyatının şahzadə xanımı" sərlövhəli yazısı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriela Mistralın həyat və yaradıcılığının mühüm məqamlarına işıq tutur.
Dayandur Sevginin tənqidçi Vaqif Yusifli ilə müsahibəsi xüsusi maraq doğurur.
Professor Cəlal Məmmədovun hazırladığı "Qısa fikirlər xəzinəsi"ni Nəcib Fazil Qısakürəyin, Somerset Moemin və başqalarının deyimləri bəzəyir.
İNCƏSƏNƏT
Aytac Sahədin "Sələf-xələf"inin qonaqları "M-Teatr"ın rəhbəri, Xalq artisti Vidadi Həsənov və teatrın aktrisası Oksana Rəsulovadır.
"Dərgidə sərgi" rubrikasında isə qrafist-rəssam Mayis Həsənlinin əsərləri yer alıb.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
ABŞ-da Şimali Karolinadakı Aziz Sancar Mərkəzində Azərbaycan icması ilə görüş təşkil edilib
ABŞ-ın Çapel Hill (Chapel Hill) şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Şimali Karolina ştatında yaşayan Azərbaycan icması ilə görüş və ölkəmizə həsr olunmuş “Azerbaijan – My Land, My Soul” (“Azərbaycan – torpağım, ruhum”) adlı rəsm sərgisi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, komitənin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərimizə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.
Sonra Komitə sədri Azərbaycanın böyük dostu və dünyaşöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medallarını təqdim edib.
Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. “Azərbaycan – mənim Vətənimdir”, - deyə Aziz Sancar çıxışında söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal diaspor təşkilatının həyata keçirdiyi layihələrdən danışıb, fərdi sərgiləri təşkil olunan güneyli soydaşlarımız - Şimali Karolina ştatında yaşayan azərbaycanlı rəssamlar Lalə Bağırzadə (Laleh Bağherzadi) və Bəhram Yusifinin (Bahram Yosifi) tarixi vətənləri Azərbaycana həsr etdikləri əsərləri barədə qısa məlumat verib.
Lalə Bağırzadə bildirib ki, məqsədi Azərbaycan mədəniyyətini Şimali Karolina ştatında yaşayan bütün icmalara təqdim etməkdir. “Burada ölkəmizi tanımayanlara xalqımızın mədəniyyətinin, adət-ənənələrinin zənginliyini göstərmək istəyirəm”, - deyə rəssam vurğulayıb.
Komitənin adından azərbaycanlı rəssamlara “Xarıbülbül” və kələğayı dəsti hədiyyə olunub.
Sərgidə nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında, o cümlədən yerli ictimaiyyətin nümayəndələrində böyük maraq doğurub.
Sərgi “City Ligths Jazz” musiqi qrupunun çıxışı ilə davam edib.
Qeyd edək ki, Azərbaycan əsilli Lalə Bağırzadə Urmiya Universitetinin və Şimali Karolina Dövlət Universitetinin məzunudur. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Roli (Raleigh) bölgəsində bitki fizioloqu vəzifəsində çalışır. O, ABŞ-da həm də rəssamlıq arzusunu həyata keçirib. 2020-ci ildə Nyu-York şəhərində keçirilmiş “Biz hamımız zəncirlənmişik” adlı rəsm sərgisində ilk mükafatını qazanıb. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun tədbirlərində fəal iştirak edən Lalə Bağırzadə bir sıra tədbirlərin aparıcısı olub.
Bəhram Yusifi İranın Piranşəhr şəhərində doğulub. Bakalavr mərhələsində təhsilini qrafika və rəssamlıq ixtisası üzrə alıb, sonra Tehrandakı İncəsənət Universitetində şərqşünaslıq üzrə magistraturanı bitirib. Ömrünün 23 ilini rəssamlıq sənətinə həsr edib, məktəblərdə və müxtəlif müəssisələrdə rəssamlığı tədris edib. Hiss və duyğuların ifadəsi onun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. 60-dan çox mükafata layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
“Mənə sevməyi öyrət!” – İlkin Əbəlfəzin şeirləri
İlkin Əbəlfəz Bakıda yaşayır. Ali təhsilli iqtisadçı menecerdir.
İlk şeir yazmağa hələ məktəb illərindən başlasa da o vaxtın təfəkkürü ilə indiki təfəkkür uzlaşmır deyə əvvəlki şeirlərini deyil, 2020-ci ildən bəri topladığı şeirlərinin dərc edilməsini istəyir.
“Ədəbiyyat və incəsənət” portalında bu gün onun son yazdığı şeirlərdən bəzilərini sizlərin mühakiməsinə verəcəyik.
SON BİR NƏĞMƏ İSTƏYİRƏM SƏNDƏN, ŞAİR
Son bir nəğmə istəyirəm səndən, şair,
Dərdlərimi ovutmağa.
Həzin-həzin, köz-köz olan
Ürəyimin atəşini soyutmağa,
Göz yaşımı qurutmağa…
Son bir nəğmə istəyirəm səndən. şair,
Arzularım dilə gəlsin.
Heç kimim yox bu dünyada,
Elə bil ki, tək qalmışam,
İtirdiyim xəyallarım, duyğularım
Geri gəlsin…
Son bir nəğmə istəyirəm səndən, şair,
Təkliyimi onla bölüm.
Nəyim varsa verim ona,
Ən dəyərli əşyamı da,
Başımdakı ağlımı da,
Olan-qopan yaddaşımı,
Qəbirdəki baş daşımı verim ona.
Nolar yenə vurma düyün,
Onu görüm, sonra ölüm…
Son bir nəğmə istəyirəm səndən, şair,
Notlarında o da olsun.
Gah bəmində, gah zilində,
Hərdən evin bir küncündə
Durub elə mənə baxsın.
Gah da yolun döngəsində
Keçib dayansın qarşımda,
Dalğalansın göz yaşımda…
Gah bəmində, gah zilində,
Hər ayrılıq nəğməsində
Xatırlatdın onu mənə,
Ağrı oldun ürəyimdə.
Olan olub, keçənlər də keçib, şair,
Son bir nəğmə istəyirəm səndən, şair…
MƏNƏ SEVMƏYİ ÖYRƏT
Ay dərdimi dən bilən,
Sevincimi qəm bilən,
Ay sevgimi kəm bilən,
Mənə sevməyi öyrət!
Gecə ulduzum, ayım,
Tanrıdan sevgi payım,
Yazı yazım, say sayım?
Mənə sevməyi öyrət!
Danlayırsan, dinmirəm,
Alçaldırsan, enmirəm,
Mən sevməyi bilmirəm?
Mənə sevməyi öyrət!
Yundursa, əyləş didək,
Misal deyil həll edək,
Hansı məktəbə gedək?
Mənə sevməyi öyrət!
Aşiqinə çəkmə dağ,
Bəyənməyirsən nahaq,
Bir qələm al, bir varaq,
Mənə sevməyi öyrət!
ŞAİR
Nə yaman duyğusal olmusan, şair,
Bir az dözümlü ol, bir az möhkəm ol.
Nə yaman ərköyün olmusan, şair,
Bir az soyuqqanlı, azca ötkəm ol.
Nə yaman başını qatıblar yenə,
Yenə için-için düşüncədəsən.
Vallah, hamı səni anlaya bilməz,
Səni sevəndəsən, düşünəndəsən.
Nə yaman gözlərin qızarıb belə,
Bəbəyin elə bil qan çanağıdır.
Nə etsən, nə desən faydası olmaz,
Lap göz yaşların da el qınağıdır.
Səsində kövrəklik xırıltı nədir,
Nəsə oğurlanıb, nəyinsə sınıb?
Küskün baxışların söylə kimədi,
Kimsə, elə bil ki, qəlbini qırıb?
Amandır özünü toparla, şair,
Üzündən qəm-kədər silinsin bir az.
Yenə də ürəkdən yaz, yarat, şair,
Acı keçmiş ilə yaşamaq olmaz.
ÜSYAN
Elə dərd verdi ki, Allahım mənə,
Min ağrı bu dərdə bərabər oldu.
Gülən gözlərimin dərinliyində
Ömrüm selə döndü, dərbədər oldu.
Elə dərd verdi ki, Allahım mənə,
Hər nəfəs aldıqca dağlanır içim.
Hər şəkil, hər dəfə adı gələndə
Ox olub sancılır, köç edir köçüm.
Elə dərd verdi ki, Allahım mənə,
Bu dərdim ömürlük yoldaşım oldu.
Fərmanı verildi gələn günlərin,
Cəlladtək üstünə möhürün vurdu.
Elə dərd verdi ki, Allahım mənə,
Dərd də özlüyündən utandı, vallah.
Daha yorulmuşam, daha ölürəm,
Məni öz yanına apar, ay Allah.
DÜNYA
Hamımızın gözündə nəm,
Əsir alıb sevinci qəm,
Qan ağlayır dünya-aləm.
Nə boşluğun bir boşluğu,
Nə dolunun dolusu var.
Hər şeyin bir yalanları,
Hər şeyin öz doğrusu var.
Kitablar da səhv yazılır,
Quş da quştək civilləmir.
Topuğuna daş dəyənlər
Aslan kimi inilləmir.
Bağlı qapı arxasında
Min hoqqadan çıxır ismət.
Sevgi bitir yataqlarda,
Allah kərim, ya da qismət.
Gücü çatmır çöldəkinə,
Söz deməyə ər kişinin.
Xəyanətsiz öz evini
Yaşatmağa hər kişinin.
Seçim qoyur qarşımıza,
Heç baxmayır yaşımıza,
Yazır qəbir daşımıza
“Bu, dünyadan nakam gedir.”
Yavan çörək doyuzdurmur
Yetim-yesir uşaqları.
Nə atılan körpələri,
Nə boş qalan qucaqları.
Qurban etmə günahlara,
Qıyma yazıq insanlara.
Ömrü keçən qarı dünya,
Çovğun edən qarı dünya.
Bizi kama yetirməsən,
Səni görüm qarı, dünya.
MƏN ÖLƏNDƏ
Ölən vaxtı hamını yığacam ətrafıma,
Mən öləndə qəbrimə heykəl də qoydurarsız.
Sevmirəm sadə qəbir, yaraşmaz heç adıma,
İmkan olsa, heykəli mərmərdən yondurarsız.
Qoy uzaqdan seçilsin sadə qəbir içində,
Bolluca ehsan verin üçündə, yeddisində,
Tanınmış molla olsun qoy mənim məclisimdə,
Adıma üç-dörd “kuplet” şeir də yazdırarsız.
Malımdan və mülkümdən kimsəyə pay verməyin,
Mən kasıbı sevmirəm, kasıbı dindirməyin,
Dəyməyin pullarıma, acları güldürməyin,
Nəyi qoyub getmişəm, eləcə saxlayarsız.
Onsuz da bilirəm ki, haqqıma girəcəksiz,
Bu nanəcib, vicdansız, bu alçaq deyəcəksiz,
Kömək etmədim deyə arxamca söyəcəksiz.
Qəbirdən xortdayaram, çox dərin basdırarsız…
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Den Valdşmidtdən 6 il əlavə yaşamaq sirri
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.
Ömür çox qısadır, deyilmi? Uğur qazanmaq üçün əlində daha böyük zaman resursunun olması, əlbəttə ki, hədsiz əhəmiyyətə malikdir.
«Özünün ən yaxşı versiyan ol» kitabı ilə adi insanların görkəmli insanlara çevrilməsi yollarından bəhs edən tanınmış sosioloq Ven Valdşmidtin örnək göstərici bir həyatı olub. İlk dəfə universitetdən qovulan, məntiqlə bir qara sent belə qazanmamalı olan Den milyonlarla dollar qazanıb. «Rəhbər kimi mən on illər ərzində böyük satış artımına nail oldum, məsləhətçi kimi bu işi dünya üzrə bir çox kompaniyalara öyrətdim. Mən iyirmi beş yaşımda kompaniya rəhbəri oldum. Mən iş adamı, biznesmen olmaya-olmaya təsadüfən bu sahəyə düşüb özümə yol açdım. Mən bilirəm ki, qaydaları pozıb necə superulduz olmaq mümkündür. Özü də tək biznesdə yox, həyatın hər bir sahəsində. Yox, mən heç də sehirkar, qeyri-adi insan deyiləm. Mən adi bir oğlanam ki, bir neçə qeyri-adi işlər görüb başgicəlləndirici uğurlar əldə etmişəm».
Den Valdşmidtin uğur düsturu heç də düşündüyünüz qədər mürəkkəb deyil. Onun bir cümlədə şərhi təxminən bu cürdür:
«Öz həyatınızın məsuliyyətini hərtərəfli olaraq öz əlinizə götürün, dedi-qodulara, kənar müdaxilələrə arxa çevirərək öz gələcəyinizi qurun!»
- Nə olsun ki, əvvəllər bunu heç kəs etməyib. Siz ilkə imza atın;
- Nə olsun ki, bu sizdə bir neçə dəfə alınmayıb. Öz işəyanaşmanızı dəyişin;
- Nə olsun ki, sizin ali təhsiliniz yoxdur. Məqsədyönlü olun. Oxuyun. Təhsil almaq heç vaxt gec deyil;
- Nə olsun ki, sizə heç kəs inanmır. Sizin uğur qazanmağınız üçün başqasının təsdiqinin əhəmiyyəti yoxdur;
- Nə olsun ki, çətin olacaq. Böyük uğurlar həmişə böyük ağrı və itkilər tələb edir;
- Nə olsun ki, siz əziyyət çəkir, cəhd edirsiniz və heç nə alınmır. Cəsur olmaq, məqsədyönlü olmaq həmişə ən düz qərardır;
- Nə olsun sizə zər hansı bir ziyan dəyəcək? Cəsurluğun qiyməti həmişə belə olur;
- Nə olsun ki, sizi qiymətləndirmirlər? Bu o demək deyil ki, dəfnə çələngi başınıza taxılmayacaq;
- İndiyədək öyrəndiklərinizin heç biri dolğun, dürüst olmadı?
Belə isə özünüzün qaydalarınızı yaradın;
- Nə olsun ki, ekspertlər sizinlə razılaşmır? Ekspertlər səhv də edə bilər;
- Nə olsun ki, siz aldığınızdan çox verirsiniz? Bəlkə siz, sadəcə xoşbəxt olmaqdasınız?
Den Valdşmidtə görə, insan öz qəlbinə baxmalı, ona uğur gətirməyə mane olan şeytanlarla mübarizə etməlidir. Sizi tutub saxlayan uğursuzluq və qorxuya nə qədər ki fikir verəcəksiniz, siz qalib ola bilməyəcəksiniz.
İlk öncə siz inanmalısınız ki, hazırda hansı durumda olmağınızdan asılı olmayaraq ən böyük uğura imza ata bilərsiniz.
«Sizin taleyinizi sizin qərarlarınız formalaşdırır», - yazır sosioloq. Və çox maraqlı bir dəlil gətirir: Bizim hər günümüzün reallığı gecələr yuxu yatmağımızdır, deyilmi? Necə də olsa, eyni vaxtlarda olmasa belə, günümüzün adi, yaxud gərgin və stresli olmasına məhəl qoymadan gecə mütləq yatırıq. Bəzilərimiz hətta vaxt tapıb günorta da ya yataqda, ya da masa arxasında, televizor önündə, divanda, harada gəldi mürgüləyirik. Den Valdenşmidt yazır, ömrünüzün növbəti əlli illik dönümünü (o, gənclərə xitabən yazır) yuxudan cəmi 1 saat tez oyanmaqla keçirin. Demək, siz təqribən 2281 əlavə iş günü, yaxud 6,25 il qazanacaqsınız, bunu da öz məqsədləriniz üçün sərf etməklə görün necə böyük bir xəzinə əldə etmiş olacaqsınız.
Necədir? İlk baxışda çox adi bir tövsiyədir. Hər gün 1 saat tez oyanmaq. Amma nəticədə 50 il əvəzinə 56, il yaşayacaqsınız, bunun nəyi pisdir ki?
Sosioloqun gətirdiyi digər rəqəmlər də olduqca maraqlı və ibrətamizdir.
- Gün ərzində 20 dəfə özündə pozitiv əhval-ruhiyyə yaratsan, 15 il ərzində gələcəyini daha xoşbəxt etmək üçün 109500 şans əldə edə biləcəksən;
- Hər gün əvvəlkindən 1 dəfə artıq doğru danışmaq – özünə inanmaq üçün 365 əlavə səbəb deməkdir;
- 22 il ərzində hər həftə bir kitab oxumaq – dünyanın ən ağıllı adamlarından 1144 ideya öyrənməklə nəticələnir;
- Hər ay 5 çox vacib yeni tanışlıq əldə etsəniz 35 il ərzində ən çətin anınızda güvənə biləcəyiniz 2100 nəfəri tanıyacaqsınız.
- Hər il cəmi 1 artıq qələbə əldə etməklə həyatınız boyu otuz ağlasığmaz, başgicəlləndirici müvəffəqiyyətə imza atmış olacaqsınız.
Və o sual edir: «Məgər sizin əlavə 109500 xoşbəxt anınız, 30 müvəffəqiyyətiniz, özünə güvən üçün 365 səbəbiniz, 1144 yeni ideyanız və 2100 yeni dostunuzun peyda olması pisdirmi?»
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Rəngbərəng gözəllik - II Milli Qurama Festivalı bölgələrdə davam edir
Xəbər verdiyimiz kimi, həftəsonu İçərişəhər ərazisində II Milli Qurama Festivalı başlayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivala yürüş ilə start verilib.
Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qədim tikmə növü olan, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu xüsusən ölkəmizin Qərb bölgəsində geniş yayılıb. Amma get-gedə qurama unudulmaq təhlükəsi yaşayır.
Festivalın açılışında milli sənət nümunəmizə həsr edilən Milli Qurama Festivalı müxtəlif tədbirlərlə davam edib.
Festival proqramına “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə qurama sənətkarları ilə yanaşı, həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi daxildir.
Qeyd edək ki, II Milli Qurama Festivalı İçərişəhərdən başladıqdan sonra bölgələrdə davam etməkdədir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
“Xudavi” – Rəvan Cavidin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində Nəsr saatı davam edir. Bu gün sizlərə Rəvan Cavidin “Xudavi” hekayəsini təqdim edəcəyik.
XUDAVİ
...Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan...
Adı Xudaviydi. Xudadan gələn, Xudaya gedən, Xudada yaşayandı. İllər bu kişini qocaltmamışdı, sanasan, alnının, əllərinin qırışını ilmə-ilmə toxuyub nağılların Allah babasının canlı rəsmini çəkmişdi. Saqqalının salxımları, saçlarının düyünlü ucları, seyrək kirpikləri, qalın qaşları, cod dərisi, qabar əlləri, div ayaqları vardı Xudavi babanın. Kəndin uşaqları ondan qorxmurdu, kəndin kişiləri, arvadları onu bəsləyirdi, kəndin itləri onu qoruyurdu. Mən Xudavini tanıyandan kənd onu unudana qədər küçələrdə “Pepsi”, “Kola”, “Fanta” qutuları yığırdı. Məktəbdən evə gedən uşaqların dalınca gəzir, dar su arxlarına tullanan plastik tör-töküntünü çiynindən aşırdığı çirkli boğçasına atırdı. Sonra o qutuları hara aparırdı, kimə satırdı, aldığı pulu hara xərcləyirdi, bilmirdik. Günəş səmanı qucaqladımı, Xudavi baba da yay-qış, fərq etməz, düşürdü küçələrin canına. Onun sayəsində kəndimizin küçələri, arxları, yekə-yekə kəhrizləri təmiz qalırdı.
Deyirdilər ki, onu evdən qovan arvadı, iki də oğlu var. Oğlunun biri traktor sürürdü. Biçin vaxtı kənd camaatı Xudavinin oğlu Öməri qapı-qapı axtarırdı. Evinin önündə bığıburma kişilər növbə tuturdu. Həmin iki-üç ayı Ömərin cibi pulun qalınlığından, sinəsi də zəhmətin verdiyi qürurdan şişirdi. Əli cibində o kafedən çıxıb bu kafeyə girirdi. Dükanlara olan borcunu sıfırlayırdı. Evə əsl kişi kimi bazarlıq edirdi. Di gəl, atasını küçələrdən yığıb-yığışdıra bilmirdi. Qarılar Ömərin üzünə gülüb arxasınca danışırdılar ki, pul qazanmaqla deyil, vallah, dədəsi bütün günü zibil eşəliyir, dədə qədri bilməyən köpəyin oğlu. Bir Ömər, bir Xudavi, bir də Allah bilirdi ki, Ömər dədə qədri bilən köpəkoğlu idi. İntəhası, Allah Xudavinin ağlını başından almışdı.
Kiçik oğlu Əli hərbi xidməti bitirəndən sonra “maxe” kimi qalmışdı dağların başında. Muzdlu əsgərlik edirdi. O, bu gün vətəni qorumaq, sabah da ölmək üçün maaş alırdı. Ayda bir dəfə, iki aydan bir evə gəlirdi. Anasını, qardaşını görüb, nişan verdiyi qızla görüşüb, küçədə rastına çıxsa, atası ilə salamlaşıb qayıdırdı Murova. Murov nə Murov. Qar dizdən, şaxta da balta kimi. Ayağını atmağa düz yeri, baxmağa göz yeri yox. Uzandıqca uzanan sonsuz dumanlıq. Kəndin qarıları Xudavinin sonbeşiyi haqqında danışırdılar ki, bu da getdi özünü oda-alova atdı, camaatın qızına nişan taxıb, Allah bilir, nə vaxt qayıdıb gələcək. Amma bir Allah bilirdi ki, Əli o nişanlı qızın yanına qayıda bilməyəcək.
İllər keçdikcə keçdi. Fəsillər kəndimizin dağdağan ağaclarını gah yaşıla boyadı, gah da lüt-üryan qoydu. Mən böyüdüm, Xudavi qocaldı, kəndin qarıları öldü, anamın, atamın yadından çıxdı Xudavi. Ruh kimi gəzirdi. Kəndimizin körpə uşaqları indi bellərində çanta, ciblərində telefon rayon məktəblərinə gedirdilər. Kənd məktəbindən evə qayıdan uşaqların əllində fanta qutuları yox, əl boyda telefonlar olurdu. Ömrün elə günü qaralırdı ki, Xudavinin boğçası heç dolmurdu da. Hansısa qapıda qatıq, çörək yeyib qarnını doyurur, sonra da gedirdi kənddə bircə nəfərin də tanımadığı komasına. O vaxt nənəm deyirdi ki, Xudavi qəbiristanda yatır. Mənim də ağlımda elə qalmışdı.
Əlqərəz, bir gün xəbər gəldi ki, Xudavinin oğlu Öməri erməni snayperi düz alnından vurub. Biçin vaxtı tez-tez olurdu belə atışmalar. Tap-Qaraqoyunlu kəndi sərhəd idi. Ermənilər hərdən zəmiləri yandırır, hərdən camaatı güllə-baran edirdi. Sonra bizimkilər də o tərəfə atırdı. Yarım saatdan-zaddan sonra sakitləşirdilər. Olan da il boyu biçini gözləyən kəndliyə olurdu. Bu dəfə güllə Xudavinin oğluna dəymişdi. Dəyib öldürmüşdü. Öldürüb Xudavinin əlindən Öməri almışdı. O gün kəndin camaatı yığıldı Xudavinin arvadının evinə. Qapısında traktor üçün növbə tutan bığıburma kişilərin çiynində o dünyaya getdi Ömər. Hamı Ömərin qəbrinin üstündə idi, Xudavidən başqa. Xudavi yox idi. Xudavi neçə gün görünmədi. Qeyb olmuşdu. Camaat deyirdi ki, gecə Xudavi Ömərin gorunu qazıb girib içinə. Nə bilim, hərə bir şey danışırdı. Mən onda Bakıda o restorandan çıxıb bu paba girirdim. Düzünü desəm, Ömər ölməsəydi, Xudavi hamının yadından çıxacaqdı. Atam deyirdi ki, Ömər öləndən sonra arvadı Xudavini tapıb, deyib ki, gəl evinə. Biz də bir ailə olaq. Camaat ağzına gələni danışırdı. Xudavi də heç nə demədən çirkli boğçasını çiyninə atıb getmişdi yenə zibil yığmağa.
Gün o gün oldu, müharibə başladı. Kəndin cavan oğlanları davaya getdi. Kənd boş qaldı. Qocalar namaz üstündən durmadı, atalar, analar gözü yollarda oğlunu gözlədi. Həmin payız bizim kəndin pəncərələrini gah yağış yudu, gah anaların göz yaşları. On dörd şəhidi var idi kəndimizin müharibə qurtaranda. Balaca bir kənd igid-igid ərlərini dilbilməz gülləyə qurban vermişdi. Əli də şəhid olmuşdu. Dəfn günü Xudavini heç kim tanımadı. Saqqalı yox, saçı yox. Kostyumda, bəy libasında. Min il cavan görünürdü. Bircə yerişindən, bir də heç nəyə, heç kimə baxmayan gözlərindən tanıdılar Xudavini. İkinci oğlunu da vətənə qurban eləmişdi. Arvadı gah Ömərin, gah da Əlinin adına ağı deyirdi. Gah da Xudaviyə qarğış edirdi. Elə bilirdi ki, hər şey onun küçə-küçə sülənməyindən sonra başlayıb. Xudavidən bir səs çıxmırdı. Ağlamırdı. Gözləri dolmamışdı. Heykəl kimi tabutun başındaca gözləyirdi. Həmişə boğça salladığı çiynini oğlunun tabutu altına verdi. Getdi hər gün getdiyi yolla. Hər gün yatdığı yovşanlığa Əlini basdırdı. Qayıtdı. Yenə qeyb oldu.
Xudavinin arvadı çərlədi öldü. O ki öldü, kənddə hamı yadırğadı Xudavini. Sanasan, belə adam yaşamayıb dünyada. Kəndin hər tərəfində “Pepsi”, “Kola”, “Fanta” qutuları peydə oldu. Arxlar zibillə dolub-daşırdı. Camaat əkini suvaranda kanalların ağzını zibildən zorla təmizləyirdi. Biçin vaxtı traktor qəhətə çəkilirdi. Dava düşürdü. Qızlar əsgərliyə gedib gəlməmiş oğlanlara könül vermirdi. Xudavinin oğlanları öləndən, özü də qeybə çəkiləndən sonra kəndin mizanı pozuldu.
Dövlət, bəlkə, Xudaviyə ev də verərdi. Şəhid oğluna görə hamı ona hörmət də edərdi. Camaatın güzəranı pis idi, müharibədən sonra dolanışıq lap çətin idi, amma Xudaviyə verməyə hamının bir parça çörəyi var idi. İstəmədi. Hara getdi, hara yox çıxdı, bilən olmadı.
Adı Xudaviydi. Xudadan gəlmişdi, Xudaya gedəcəkdi, Xudada yaşamaq üçün.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)