İslam Qədirli: "Televiziya təbliğat maşını olmamalıdır" - MÜSAHİBƏ Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Qonaq otağımızda bu dəfəki müsahibimiz tanınmış jurnalist, Baku TV-nin xəbər aparıcısı İslam Qədirlidir. 

Onunla həmsöhbət olduğumuz müddət ərzində jurnalistika və televiziya ilə bağlı bir çox maraqlı nüanslara toxunduq. 

 

- İslam bəy, sizcə, jurnalist kimdir, bir jurnalistdə başlıca olaraq hansı keyfiyyətlər olmalıdır? 

 

- Məncə, jurnalistika iş deyil, həyat tərzidir. Mən bunu həmişə demişəm, adi insan həyata subyektiv, hətta qərəzli, emosional yanaşa bilər. Amma jurnalistdə bunlar olmamalıdır. Jurnalist hər bir hadisəyə obyektiv baxmağı bacarmalıdır. Çünki bizdə qərəz olsa, tamaşaçıya real informasiyanı yox, mövqe sərgiləmiş olarıq, bu da yolverilməzdir. Deyim ki, jurnalistikaya gələndən sonra mənim şəxsi həyatımda da müəyyən dəyişikliklər olub, mən hadisələrə tamamilə başqa gözlə baxmağa başlamışam. 

İndi mən diksiya dərsləri keçirəm və çalışıram, bu dərslərdə tələbələrimə təkcə diksiyanı, nitqi, səhnə danışığını yox, həm də həyata obyektiv baxmağı öyrədim. Əks təqdirdə sənin təqdim etdiyin şey nitq olmur, “diqtə” olur. Nitq insanlarla empati qurmağı və düzgün müşahidə aparmağı bacarmaqdır. Məncə, bu həm də jurnalist olmağın şərtidir. Yəni, düzgün müşahidə, analiz qabiliyyəti və obyektiv yanaşa bilmək bacarığı.

 

- Xəbər aparıcıları xoş və bəd olmaqla insanlara bir çox müxtəlif xəbərlər çatdırır, necə bir hissdir bu, nə kimi çətinlikləri var xəbər aparıcılığının? 

 

- Xəbər aparıcısı olmağın çətinliyi ondadır ki, sənin o anki əhval-ruhiyyənin necə olması tamaşaçıya maraqlı deyil. Sən efirdə həmişə pozitiv və enerjili görünməlisən. Bu da, yenə, tələbələrimə öyrətdiyim yanaşmadır: Ola bilər, siz bu gün sevgilinizlə dalaşmısınız, ailənizdə problemlər var, maddi çətinlikləriniz artıb, tutalım, kirayəpulunu ödəyə bilmirsiniz amma bunları efirdə, yaxud səhnədə yansıda bilməzsiniz. Bu, tamaşaçıya maraqlı deyil. Siz hər bir halda tamaşaçı üçün gülümsəməlisiniz. Fərqi yoxdur, efirdə, yoxsa səhnədəsən.

Mən aparıcı olmazdan öncə jurnalistəm. Mən xəbəri yalnız təqdim eləmirəm, həm də yazıram, həmçinin, xəbərin şərhini yazıram. Bəzən siyasi hadisələri sadə hekayələrlə şərh edirəm və o hekayələr sosial şəbəkələrdə izləyicilər tərəfindən paylaşılır, sevilir. Bu zaman isə soyuqqanlılıq da tələb olunur. Buradan yola çıxaraq, mən bir daha qayıdıram öncə dediyim söhbətə ki, jurnalistika iş deyil, həyat tərzidir. Həyat tərzi olaraq, xarakter olaraq sən əgər emosiyalarını, hisslərini idarə edə bilən insansansa, jurnalistika sənin üçün bir o qədər də çətin sahə olmur. 

 

- Bildiyimiz kimi jurnalistikadan əlavə bədii qiraət və natiqlik dərsləri ilə də məşğul olursunuz, istərdik bir qədər bu fəaliyyətləriniz haqqında da danışasınız. 

 

- Mən bədii qiraətlə məşğul deyiləm. Mən həm də səs sənətçisiyəm, reklamlar, video çarxlar səsləndirirəm. Fəaliyyətimin ilkin dönəmlərində - tələbəliyimdə intellektual məzmun da səsləndirmişəm, özüm sənədli film də çəkmişəm, onu dilimizdə, yaxud ingiliscə səsləndirmişəm də. Amma  “səsimi daha böyük kütləyə necə çatdıra bilərəm?” sualına cavab kimi bilmişəm ki, kütləyə bu yolla çatmaq qeyri-mümkündür, ona görə də daha sadə yol kimi şeir səsləndirməyi seçmişəm və həqiqətən yanılmamışam. Yüzminlərlə insan o şeirləri dinləyib və müəyyən qədər səsim tanınıb. Sonra təbii ki, bu səsləndirmələrin bəzilərini yutubdan silmişəm, bəziləri isə qalır, xatirə kimi saxlamışam. 

Davamında AzTV, Azərbaycan mətbuat agentliyi, report informasiya agentliyi, yenə AzTV, sonra Baku TV olmaqla fəaliyyətim davam etdi. Aparıcı kimi tanınmağa başlayandan sonra bir-iki dəfə olub ki, dostlarımla oturmuşuq, onların ayrılıq hekayəsi, yaxud nəsə problemləri olub, dərdləşiblər, mən də şeir oxumuşam, çəkiblər məni. Yəni, mikrofon arxasında peşəkar bir səsləndirmə etməmişəm. Dostlarım çəkiblər və elə onların təkidi ilə də paylaşmışam.

“Səni alana baxıb səni verənə şükür necə deyim, əzizim?” -deyə bir şeir var idi və o şeir instagramda elə 3 milyona yaxın izləndi. Elə onu da dostlarımın təkidi ilə paylaşmışdım. Düşündüm ki, yüz min, iki yüz min insan izləyər, sonra silərəm, amma elə oldu ki, milyonlarla insan izlədi. Növbəti bir şeirimi yenə də dostlarımın təkidi və xahişi ilə səsləndirmişəm və öz instagram səhifəmə belə qoymamışam, başqa səhifələr paylaşmışdı. Qısası, ona görə mən özümü qiraətçi hesab etmirəm və qiraətçi kimi tanınmaq da istəmirəm. 

Diksiya məsələsinə gəldikdə, insan özünü inkişaf etdirdikcə, öyrəndikcə və bildiyi, öyrəndiyi müxtəlif bilikləri sintez edib ortaq məxrəcə gətirdikcə, kimlərdəsə bunları öyrənmək tələbatı yaranır. Hazırda təlim prossesi çox yaxşı davam edir. Hər ay orta hesabla 50-60 tələbəm və şirkətlərdə keçdiyim korporativ təlimlər olur. Şükür, hər birinin nəticəsi məni qürurlandırır. 

 

- Öz işində uğurlu olmağın sirrini nədə görürsüz? 

 

- Düşünürəm ki, bu hər kəsdə individualdır, hər kəsdə fərqlidir. İnsan var ki, sırf işə fokuslananda daha çox uğur qazanır. İnsan var ki, iş, şəxsi həyat və əyləncəni ortaq nöqtədə birləşdirəndə uğur qazana bilir. Zənnimcə, bu hər kəs üçün fərqlidir, amma ümumilikdə möcüzəvi bir kokteyli yoxdur ki, onu içəsən və sabah uğurlu olasan. Hər bir uğurun arxasında müəyyən əziyyət dayanır. Düzdür, şans vacibdir, amma əziyyət də mütləqdir. Əziyyət deməyək, zəhmət deyək, zəhmət mütləqdir. Çünki adətən, zəhmət çəkirsən və qarsılığını görürsən. Adam var, bir zəhmət çəkib bir qarşılıq görür, adam var bir zəhmət çəkir beş qarşılıq görür. Amma mütləq ki, qarsılıq görülür. Heç zəhmət çəkmədən qarşılıq almaq imkansız kimidir. Hansısa bir dayaqla, dəstəklə də irəliləyiş olacaq, amma o cür yüksələn adam əgər layiq deyilsə, o yüksəklikdən  nə vaxtsa yıxılacaq. 

 

- Televiziya sadəcə xəbər və insanların istirahət vaxtını xoş keçirməsi üçün əyləncə xarakterli deyil, nümunə, örnək, öyrədici, təbliğat, təşviqat xarakterləri də daşıyır. Mədəniyyətin və milli mənəvi dəyərlərin də ən geniş auditoriya qarşısında təbliğ olunduğu yer televiziyadır deyə düşünürəm. Bəs sizcə, bizim televiziyamız bu misiyalarını nə dərəcədə yerinə yetirir? 

 

- Ümumiyyətlə, jurnalistikanın üç əsas prinsipi var: Maarifləndirmək, məlumatlandırmaq və əyləndirmək. Hər üç prinsipi biz yeni media, yaxud ənənəvi media alətlərində tətbiq edirik. Əgər sualınız televiziya üzərindəndirsə, artıq televiziya kanalları ümumi kanal anlayışından, ixtisaslaşmış kanal anlayışına keçiblər. Daha dəqiq desək, keçmək prosesindədirlər. Məsələn, mənim hazırda  işlədiyim Baku TV xəbər üzərində ixtisaslaşmış kanaldır. Yaxud, Azərbaycanda “Real” televiziyası həmçinin, yenə xəbər üzərində ixtisaslaşmış kanaldır, dünyada da bunun nümunələri çoxdur. Sırf əyləncə üzərinə ixtisaslaşmış kanallar da var, bizim özəl televiziyalar arasında belələri çoxdur, biz bunu yaxşı bilirik. Həmçinin, radiolarda da bu proses gedir. Buna baxmayaraq, hazırda yenə də hibrid yayım siyasətini davam etdirən televiziyalarımız da var və bu televiziyalar, məncə, bu missiyanın öhtəsindən layiqincə gəlirlər. Yəni, bəli, yetərincə maarifləndirici verilişlər var, intellektual verlişlər var. Təkcə İTV-nin özündə 3,4, bəlkə də daha çox intellektual veriliş var. Təkcə bir kanalı dedim. Mədəniyyət televiziyasında, AzTV-də də intellektual verlişlər gedir. 

Ardınca məlumatlandırmaqdır, o da xəbərlərin və analitik verilişlərin missiyasıdır ki, bu da teleməkanımızda kifayət qədər peşəkarcasına mövcuddur. Və əyləndirmək məsələsi də təbii ki, vardır, müzakirə eləmirəm ki, bu nə dərəcə bayağı yumordu, yoxsa keyfiyyətli zarafatlardı və s. amma bu və ya digər şəkildə əyləncə formatı da mövcuddur. 

Təbliğat, təşviqat məsələlərinə gəldikdə, bəli, təəssüf ki, bütün dünyada ənənəvi medianın gəldiyi yer təbliğat və təşviqatdır. Bu da yeni medianın və vətəndaş jurnalistikasının tamaşaçı üçün aktuallığını artırır, dolayısıyla fakenews (saxta xəbərlərin) daha çox yayılmasına gətirib çıxarır. Sualınızda bu söz var deyə mən bunu xüsusi olaraq vurğulayıram, məncə, media təbliğat maşını olmamalıdır. Bəzən incəsənətin də üzərinə bu missiya  qoyulur amma nə incəsənətin, nə də medianın elə bir borcu var.

Amma bu təbliğat və təşviqat ifadəsini bir qədər dəyişib kütləyə təsiretmə, yaxud kütlədə fikir formalaşdırma şəklinə salsaq, bəli, medianın bu gücü danılmazdır. Yəni, media kütlədə fikir formalaşdıra bilir və ona görə də biz, xüsusən də mediada olan insanlar bir qədər ehtiyatlı davranmalıyıq, çünki bizim izləyiciyə təqdim etdiyimiz bir çox şey - istər yumor, istər fikirlər və s. olsun, onlar üçün meyar ola bilər.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.