Super User

Super User

 

Sentyabrın 28-də Heydər Əliyev Sarayında Xalq artisti Mirzə Babayevin 110 illiyinə həsr edilmiş möhtəşəm konsert proqramı təqdim olunacaq.

Gecədə unudulmaz sənətkarın repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək. Konsert proqramına Mirzə Babayevin hər kəsin qəlbini ovsunlayan, yaddaşlara əbədi həkk olunan, unudulmaz “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” adlı mahnıları daxildir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Taner Topçu,

Kızılcagün TV-nin Baş koordinatoru, ”Zəfər” qəzetinin müxbiri

 

Türkçədən dilimizə uyğunlaşdırdı: Gülnarə Cəmaləddin

 

“Ədəbiyyat və incəsənət”in təqdim etdiyi bu yazı böyük türk yazıçısı Nazim Hikmətin rəssamlıq fəaliyyəti barədədir ki, bu mövzu barədə də əksəriyyətimiz üçün indiyədək xəbərsiz olmuşuq.

 

Əziz oxucularım! Bu gün yeni bir mövzu ilə qarşınızdayam.

Dünyalarca ünlü, böyük Türk şairimiz Nazim Hikməti hər kəs tanıyır. Amma uzun zaman rəsm çəkdiyi heç kəsə məlum olmamışdır. Çünki çəkdiyi rəsmlər də bəlli deyildi. Biz bu gün sizə onun bir rəsm əsərini təqdim edirik. Bu rəsmlə yaxından tanış olmaq məni çox həyəcanlandırır. Bunu Nazimin çəkdiyini bilirik. Ancaq onun bundan başqa 15- 16 dənə rəsm əsəri olduğu da deyilir. Sadəcə bunlardan bir dənəsidir bu. Bu rəsm əsərini Ankara  könüllüsü, Ankara sevdalısı,  bir rəsm sevdalısı, Ankara qalasında yerləşən Ankara rəsm qalereyasının sahibi  Fatma Tuna öz şəxsi arxivindən çıxartdı və  bizi bu rəsm əsəri ilə tanış etdi. İtkin düşdüyü də yenicə məlum oldu.

 

Nazim Hikmət 1940 –cı ildə Çankırı həbsxanasında yatdığı zaman tanış olduğu  təndirçi İbrahim əfəndinin şəklini çəkir. İbrahim əfəndi xeyli vaxt Nazim Hikmətlə çox sıx dostluq edir və bu rəsm çəkilir. Şəkilə baxdığınız zaman İbrahim əfəndinin  baxışlarındakı mənanı görə və geyimindən bir Ankaralı olduğunu anlaya bilərsiniz. İbrahim əfəndinin həbsxanaya düşməsinin səbəbi o günlərin şərtlərinə görə qanunla qadağan edilmiş günlərdə çörək satması olmuşdu. O qədər gözəl dost olurlar ki, Nazim Hikmətlə. Nazim Hikmət həbsxanada yazdığı şeir dəftərini ona hədiyyə edir,  amma Nazim Hikmət Türkiyədən qaçdıqdan sonra və Türkiyədəki rejim onu yaxaladıqdan sonra o qədər böyük qorxu yaşayır ki, o qorxu hətta bu rəsmə də yansıyır. Rəsm əsərində belə o qorxunun izləri hiss olunacaq dərəcədədir. Həqiqətən şəkildən də İbrahim əfəndinin gizli bir şey saxladığı hiss olunur. Şəkli gizləmək üçün dörd qatlayırlar. Şeir dəftərini də çardağa atırlar. Aradan illər keçir. Ev uçduğu  üçün şeir dəftəri  tapılmır. Amma Nazimin bu rəsm əsəri demək  olar ki, daha yaxşı qorunub saxlanılır.

“20 ildən çox. Sanıram 1991 – ci il idi. Mənə gətirmişdilər. Öncə Çankırıdakı qalereyamda sərgilədim. Əsas məsələ hər kəsin marağını bu mövzuya cəlb etmək deyildi. Bu əsər daha çox Nazim Hikmət aşiqlərinin, Nazim Hikmət koleksiyonerlərinin ala biləcəyi bir əsərdi. Bunu istəyənlər oldu, amma mən vermədim. Düşündüm, bunu evimdən assam, ancaq evimdə mən seyr edəcəyəm və ya yalnız  bizə gələnlər görə biləcək. Halbuki bunun daha geniş ərazidə, geniş ictimaiyyət arasında sərgilənməsi gərəkliyini anlayırdım. Nazim Hikmətin sənətkar olduğunu hər kəs bilməli və öyrənməliydi. Nazim Hikmətin  bu əsəri sadəcə onun çəkdiyi yeganə əsər deyildi. Nazim Hikmətin bir özəlliyi də ətrafındakı insanları maarifləndirmək, öyrətmək olmuşdur. Doqquz ay yarım sonra sağlığında yaranmış problem səsbəbiylə Çankırı həbsxanasından köçürüldüyü Bursa həbsxanasında  da İbrahim Balaban kimi bir dəyəri yetişdirmiş bir sənətkardır Nazim Hkmət. Əslində qan davası ucbatından həbsxanaya düşmüş bir qatil idi İbrahim Balaban.”

Sonra Türkiyənin ən böyük rəssamlarından biri olur. 1946-cı ildə Nazim Hikmət Çankırı həbsxanasına göndəriləndə həyat yoldaşı Pirayə xanım da Çankırıya köçür. Yeganə arzuları  Nazimin tezliklə həbsdən azad olma ehtimalıydı. 9 ay yarım boyunca bu arzularını həyata keçirməyi bacarmırlar, sonra sağlığında yaranan problemlə bağlı ev dustağı olaraq bir kənddə məhbusluq həyatını  keçirmək üçün dayısı Ali Fuad Cebesoydan xahiş edirlər. Sonrası isə məlumdur. Daha maraqlı mövzularda görüşmək ümidi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

İyulun 27-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

 

APA xəbər verir ki, ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu vurğulayıb.

 

Xalq artisti çıxışında builki festivalın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu vurğulayaraq, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox böyük hadisə olduğunu bildirib:

 

“Bu illər ərzində bu festivalda böyük ifaçılar çıxış edirdilər. Vaxtilə bu səhnəyə mənim böyük dostum, rəhmətlik Fəttah Heydərovla bir yerdə olmuşuq və həmişə bir yerdə çıxış etmişik. İllər keçəcək, biz hamımız gedəcəyik.

 

Qoy bu festival davam eləsin. Bizdən sonra qoy bu yerdə yeni nəsil gəlib çıxış etsin. Bu festivalın böyük ənənələri və əhəmiyyəti var. Bu il ulu öndər Heydər Əliyevin 100 illiyidir. Bu il ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vyanada, Londonda, Fransada, hər yerdə gözəl konsertlər və festivallar təşkil olunub.

 

Bu festivalı biz ulu öndərə həsr edirik. Çünki Heydər Əliyev və musiqi, bu mövzuda saatlarla danışmaq olar. Festival iki proqramı - “Yeni adlar” və “Gənclərə dəstək” proqramını əhatə edir. Mədəniyyət böyük bir silahdır. Azərbaycanın ordusu var, böyük ordu, amma mədəniyyət də böyük bir silahdır. Gəlin bundan da istifadə edək”.

 

Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.

 

Azərbaycanın Xalq artistlərləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə başlayıb.

 

Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva , Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.

 

Xatırladaq ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı ötən il bu gün rubrikasında 2022-ci ilin 28 iyulundakı ən önəmli hadisələrdən birinə toxunacaq: Roma Papası hindulardan üzr istəmişdi...

 

 

 

Ən böyük mədəniyyət insani rəftar, humanizm deyilmi? Kanadada səfərdə olan Roma Papası Fransisk Kanadanın xüsusi internat məktəblərini ziyarət edən yerli xalqların – hindu ailələrinin uşaqları ilə qəddar davranışa yol verən katolik kilsəsinin hərəkətləri üçün üzr istəyib. O, həmçinin kilsə və dini icmaların bir çox üzvlərinin yerli xalqların mədəni məhvinə və məcburi assimilyasiyasına yönələn layihələrdə iştirak etməsi üçün bağışlanmalarını istəyib. Kanadaya etdiyi beş günlük səfər çərçivəsində Pontifik (Papanın dini rütbəsidir – red.) ölkənin yerli sakinləri üçün ilk milli kilsə olan Edmontondakı Müqəddəs Ürək kilsəsində insanların dualarını qəbul edib.

 

Roma Papası Fransisk mərasim zamanı söyləyib: “Pisliyin, təhqirin və aldadılmış etimadın ləyaqətə vurduğu ləkəni heç nə silə bilməz. Və biz xristianlar heç vaxt üzərimizə rüsvayçılıq yığıb onu silməklə məşğul olmamalıyıq. İndi hər şeyi yenidən başlamaq lazımdır".

Gəlin faktlara diqqət edək: 1881-1996-cı illərdə Kanadada yerli xalqlardan 150 mindən çox uşaq öz ailələrindən ayrılaraq, əsasən katoliklərin idarə etdikləri internat məktəblərinə göndərilmişdir. Bir çox uşaqlar ana dilində danışdıqları və ənənəvi ritualları tətbiq etdikləri üçün cinsi istismara, döyülmə və digər cəzalara məruz qalmışdır.

Edmonton yaxınlığındakı Kanadanın ən böyük internat məktəbi olan Ermineskinə getməzdən əvvəl Roma Papası bu məktəbin bir çox şagirdinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Ümumilikdə, Kanadanın internat məktəbləri sistemində 4 mindən çox uşaq indiyənədək dünyasını dəyişib.

Gəlin razılaşaq ki, ağdərilər Amerikanı zəbt edtikdən sonra o zamanlar yerli qırmızıdərili xalqlara qarşı necə genosid siyasəti aparırdılarsa, indi də həmin siyasət davam edir. Sadəcə, daha sivil formaya salınıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

 

 

 

Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarlara qeyri-leqal rəsm çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşılarından olan Etam Kryunu təqdim edir.

 

Etam Kryu

İlk olaraq sizə Etam Kryunu təqdim edirik - haqlarında ən çox danışılan küçə rəssamlarını. Bu, iki polşalı küçə rəssamının psevdonimidir. Onların çəkdikləri murallar – divar rəsmləri öz ölçülərinə görə adamı hədsiz təsirləndirir, hətta heyrətləndirir. Onlar tək Polşada deyil, bütün Şərqi Avropada gözəl izlər qoyurlar. İndi planlarında Avropanın Qərbini də bəzəyib Amerikaya üz tutmaq dayanır.

İlk vaxtlarda onlar qeyri-qanuni fəaliyyətə görə cərimələnirdilər, amma indi Polşa hökuməti rəssamlara sifarişlər verir, onlara böyük paralar ödəyir. Onlar da ölkəni, bir növ, abadlaşdırırlar. Təsəvvür edin ki, Polşaya gələn minlərcə turist Varşava, Qdansk, Xojuv, Zaqlembe, Vrotslav, Katovitse kimi şəhərlərdə xüsusi ekskursiya turlarına çıxaraq Etam Kryunun divar rəsmlərinə tamaşa edirlər.

Öz işlərində folklor motivlərinə və sürrealizmə müraciət edən rəssamlar bir işi başa çatdıranacan aylarını sərf edib hədsiz yorulurlar, bununla belə, əsla bezikmirlər. Çünki həqiqətən ortaya şedevr qoyurlar.

Şəkillərdə: Etam Kryunun rəsmləri

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

31–ci dərc

 

Xalid səhər yeməyi üçün lazım olan ərzaqları hələ dünəndən gətirib soyuducuya qoymuşdu. Bircə çörək alacaqdım. O da yaxınlıqdakı təndirxanada bişirilirdi. Ancaq tez durduğum üçün hələ çörək hazır olmazdı.

Gecə cəmi bir neçə saat yatmışdım. Qılıncı söhbətə tutmaq cəhdlərim heç bir fayda verməmişdi. Çayını içəndən sonra qətiyyən yorulduğu hiss olunmayan Qılınc dincələcəyini deyib otağına keçmişdi. Elə həmin saatdan planımın bağa aid əsas fazası işə düşmüşdü. Nəticədə gecə saat 3-də yatmış, 6-da oyanmışdım.

Əvvəlcə bağa keçib dünən görülən işin həcminə baxdım. «Ev sahibi» kimi, bu məni mütləq maraqlandırmalı idi. Bu zalım balası alağı təmizləməklə yanaşı, bir neçə saata bağın az qala üçdə bir hissəsindəki ağacların dibini də belləmişdi. Belə getsə, axşama bütün bağı belləyib qurtaracağına şübhə yoxdur. Nə vaxtsa bu baxımsız bağına gələndə Vaqif müəllimin necə sevinəcəyini təsəvvür edib gülümsədim.

Səhər mehinin gətirdiyi təzə bişmiş təndir çörəyinin iyi burnuma dəyəndə samovarı alışdırdım. Süfrəni hazırlayıb çörək almaq üçün çıxdım. Qayıdanda Qılıncı həyətin ortasında dayanan gördüm. Əl-üzünü yumuş Qılınc sönməməsi üçün samovara odun atırdı.

-Sabahın xeyir, axşam hava qaraldı, baxmağa imkan olmadı, maşallah xeyli iş görmüsən dünən.

-Nə qədər tez olsa, o qədər yaxşıdır, -salamlaşmağımı qulaq ardına vuran «qonağım» işini bacardığı qədər tez qurtarmaq istədiyini eşitdirdi.

-Mən tələsmirəm, necə istəyirsən, hələ bəlkə bu gecə də burada qalası oldum, -qəsdən özümü heç bir işi olmayan, heç yerə tələsməyən biri kimi göstərdim.

-Samovar qaynadı.

-Aha, əla, sən keç otur, mən çayı dəmləyim.

Qılınc süfrənin arxasına keçib çayı gözləmədən yeməyə başladı. Bir anda həyətdəki masada açdığım süfrədəki altı yumurtadan beşinin ancaq qabıqları qaldı. Bundan sonra yəqin sonuncu yumurtanı mənimçün saxlayan Qılınc yağ-pendirə keçdi. Dünənki müşahidələrimi nəzərə alıb, iki təndir çörəyi götürmüşdüm və başa düşdüm ki, çox düzgün eləmişəm. Qılınc artıq çörəyin birini yox edib ikinciyə keçmişdi. Çayları süzüb mən də süfrəyə oturdum. Oturmağımla gələndən az danışmağa üstünlük verən Qılıncın sual verməsi bir oldu.

-Mən qaldığım otaq kimindir?

Aha, deyəsən nəhayət bu hərifi tarazlıqdan çıxara bilmişəm. Bu sualın veriləcəyini gözləyirdim və cavabım hazır idi. Ancaq cavab verməmişdən əvvəl diqqətlə onun gözlərinin içinə baxdım. Şüşə təsiri bağışlayan gözlərdə heç nə dəyişməsə də, mən orada kiçik bir qığılcım görə bildim. Ani olaraq parıldayıb tez də sönən bir təlaş qığılcımı. Deməli, doğru yoldayam. İndi suala cavab verməyin vaxtı idi.

-O otaq qardaşımındır. Bu bağ bizə atamızdan qalıb. Böyük qardaş olsa da, o bağdan imtina etdi. Dedi, elə bircə otağım olsa bəs edər. Mən də o otağı ayırdım, əşyalarını gətirib yığdı. İndi hərdən-birdən gəlir, elə mənim kimi. Özün görürsən, bura çox da gəlib-gedən yoxdur. O biri otaqları lap toz basıb. Ona görə sənə o otağı ayırdım ki, rahat dincələsən.

-Qardaşının neçə yaşı var ki?

Bəli, hərifin dili açılır. Həyatda bir dəfə də olsun üzünü görmədiyi, «virtual» qardaşımın yaşı Qılıncı maraqlandıra biləcək ən lazımsız məlumat olmalıdır məntiqlə. Ancaq dünəndən bəri üst-üstə üç kəlmə kəsməyən qonağım səhər açılan kimi az qala bülbül kimi ötür. Təbrik edirəm detektiv. Qurduğun planla yenə də özlərini çox ağıllı sayan bu zümrədən yüksəkdə durursan. Bu sualın da cavabı hazır idi.

-Bu yaxında yubileyini qeyd etdik, əlli beş yaşı oldu.

Bu, sağ olarsa, iyirmi beş yaşında qətlə yetirilmiş Əmirxanın indi olacağı yaş idi. Hərif, qardaşımın yaşını soruşmaqla Əmirxanın yaşı ilə müqayisə etmək istəyirdi. Sualına cavab alan Qılınc başını tərpədib heç nə demədi. Ancaq mənə altdan-altdan şübhə ilə baxmağa başladığı nəzərimdən qaçmadı.

Adama bir stəkan da çay içib ayağa qalxdıq. Mən süfrəni yığışdırmaq, Qılınc isə bağa keçmək üçün. Əslində, mənə lazım olan şeyləri dəqiqləşdirmişdim. Ancaq çıxıb gedə bilməzdim. Xüsusilə heç bir işimin olmadığını demişdimsə, səbir edib öz rolumu axıra kimi oynamalı idim. İndiyə elə bir işim də yox idi. Amma bu gecə çox vacib olan bir şeyi edəcəkdim. Elə bir şey ki, onu mənə bu tapşırığı vermiş Arif müəllimdən də gizlətməyə məcbur idim. Günortaya yaxın Xalid yemək gətirəcəkdi. O vaxta qədər yatıb yuxumu almaq, həm bu gecəki yuxusuzluğu, həm də son günlərin yorğunluğunu çıxarmaq pis olmazdı. Bağa keçib Qılınca dedim:

-Mən bir-iki saat yatacam. Nə isə lazım olsa, səslə.

Qılınc yenə başını tərpədib heç nə demədi.

Evə girib ikinci mərtəbəyə, yataq otağına qalxdım. Məmnuniyyətlə telefonumu işə salıb Elbrusdan məlumat gəlib-gəlmədiyini yoxlayardım. Ancaq bunu burada etmək olmazdı. Çarpayıya uzanıb gözlərimi yumdum.

 

* * *

Yuxudan ayılan «Qızılbaş» uzandığı yerdə gecədən içdiyi içkinin təsirindən keyimiş gicgahlarını ovdu. Gecə həddən çox içmişdi, səhərə yaxın yuxuya getmişdilər. Bir qədər gözləri açılanda başını döndərib uzandığı iri çarpayıda sol tərəfinə baxdı. Yorğanı sinəsinə çəkmiş Lalə mışıl-mışıl yatırdı, uzun saçları balışa səpələnmiş, dizdən qatladığı sağ ayağı yorğandan bayıra çıxmışdı. Bir qədər onun çılpaq ayağına baxan «Qızılbaş» özü-özünə, -«İt qızı, elə bil şeytandır, imkan verməyib yatım» -deyib çarpayıdan qalxdı və duş qəbul etmək üçün hamam otağına keçdi. Bir azdan əlində qətfə qurulana-qurulana otağa qayıdanda qızı hələ də yatan gördü. Yaxınlaşıb onun çiyninə toxundu. Qız nə isə mızıldanıb üzü üstə çöndü. Bunu görən «Qızılbaş» dartıb yorğanı onun üstündən çəkib yerə atdı.

-Dur görüm, yatıb qalmışam, yeməyimin vaxtı keçib, dur keç yuyun, yeməyə düşürük.

Təzədən arxası üstə çevrilən qız tənbəl-tənbəl gözlərini açıb ona baxdı, sonra gülümsəyib nazlana-nazlana dedi:

-Sabahın xeyir, canım, hirslənmə, dururam.

-On beş dəqiqədən sonra səni aşağıda gözləyirəm.

Bunu deyən «Qızılbaş» qurulandığı, bədəninə keçirdiyi hamam xalatının kəmərini bağlaya-bağlaya qapıya tərəf getdi.

Qız çarpayıdan qalxıb çılpaq bədənini oynada-oynada hamam otağına keçdi, oradakı buxardan tərləmiş bədənnüma güzgünü əli ilə silib bir qədər özünə baxdı, sonra baxışlarını aşağı endirdi. Göbəyinin altında, sol tərəfdə döydürdüyü qırmızı rəngli tikanlı qızılgül döyməsini əli ilə sığallayıb gülümsədikdən sonra qaynar suyu açıb duşun altına girdi. Görüşdüyü kişiləri ehtirasa gətirən bu döymənin onun üçün nə məna daşıdığı yalnız özünə məlum idi…

 

* * *

Qapının zənginə oyandım. Yəqin Xalid yeməyi gətirib. Deməli günortadır, xeyli yatmışam. Saata baxdım, ikinin yarısı idi. Yuxumu almağım yaxşı oldu. Qalxıb aşağı endim. Həyətə düşəndə zəng bir də çalındı. Yaxınlaşıb qapını açdım. Əlində yemək dolu zənbil tutmuş Xalid salamlaşıb zənbili mənə uzatdı. Təlimata görə o burada ləngiməməli idi. Bu, Qılıncın fürsət tapıb onu artıq sorğu-suala tutmasının qarşısını almaq üçün idi.

Ona görə də yeməkləri verib tez də sağollaşdı. Qapını təzədən bağlayıb həyətdəki masanın yanına gəldim. Yeməkləri masaya düzə-düzə gözucu bağa tərəf baxdım. Bağın dördə üçünü belləmiş Qılınc öz işində idi.

-Gəl yuyun, yemək gəlib, -deyib, onu səslədim.

Qılınc əlindəki beli torpağa sancdı. Ağacdan asdığı köynəyini götürüb çiyninə atdı və həyətə tərəf gəlməyə başladı.

Bir azdan yuyunub süfrəyə oturanda, -Mən iki saata işimi qurtaracam, -deyib, yeməyə girişdi.

-Lap yaxşı, uşağa dedim işlərini görüb qayıtsın. O vaxtacan gəlməsə, səni taksi ilə yola salaram.

Xalidin Qılıncı gətirməsində heç bir şey yox idisə də, onu geriyə, Kürdəxanıya aparması, bağda ləngiməməsi kimi, qətiyyən nəzərdə tutulmamışdı. Qılıncın, axtardığımız adam olmasına uyğun gələn xeyli əlamətlərin olması, xüsusilə gecəki müşahidələrimdən sonra doğru yolda olduğuma əminliyimin artması onun bu təcrübəsiz gənclə uzun bir yolu gedərək onu söhbətə tutmasını da təbii ki, yolverilməz edirdi. Ona görə, Xalidin belə tez gəlməyəcəyini bilsəm də, «qonağıma» bu yalanı uydurmaq vacib idi.

Süfrəyə baxanda, bir qədər də geciksəm, mənə heç nə qalmayacağını görüb əlimi yeməyə uzatdım. Ola bilərdi ki, bu gün daha nə isə yemək imkanım olmasın, ona görə də kəmərin altını mütləq bərkitmək lazım idi.

Bir azdan, taxıl zəmisini biçən kombayn kimi süfrənin o başından girib bu başından çıxan Qılınc doyub bərkdən gərnəşdi. Daha samovar qaynatmağa heç bir həvəsim yox idi. Ona görə də Xalidin gətirdiyi mineral su şüşəsinin qapağını açıb ikimizə də su süzdüm. Qılınc suyu qurthaqurtla içib ayağa qalxdı. Süfrəyə oturarkən geyindiyi köynəyinin düymələrini aça-aça bağa tərəf getdi.

Əgər Qılınc səhv etmirdisə, iki saatdan sonra işini bitirəcəkdi və onu yola salacaqdım. Bundan sonra mənim burada qalıb vaxt itirməyimə bir lüzum yox idi. Xaliddə bağın ehtiyat açarları var idi. Axşam yemək gətirmək üçün gələndə qapının bağlı olduğunu görüb özü hər şeyi başa düşəcək, özündəki açarla qapını açıb burada yır-yığış edib gedəcəkdi. Mənsə, taksi ilə şəhərə qayıdacaq, orada görəcəyim işləri əldən çıxaracaqdım. İndiki halda məni ən çox maraqlandıran Elbrusdan xəbər gəlib-gəlmədiyini bilmək idi. Bunu bir qədər uzaqlaşdıqdan sonra taksidə telefonumu işə salıb öyrənəcəkdim. Həqiqətən də, bu araşdırma heç bir əvvəlki araşdırmaya bənzəmirdi. Telefondan davamlı şəkildə istifadə edə bilməməyimiz işimizi xeyli çətinləşdirirdi. Ancaq bütün bunlar qarşı tərəfin kimliyi nəzərə alınıb edilən təhlükəsizlik tədbirləri idi və edilməsi son dərəcə vacib idi.

Görüşlərimiz zamanı Arif müəllimin qayğılı görünməsi, hətta məni xəbərdar etməsi elə-belə deyildi. Bunun nə olduğunu gözəl anlayırdım. Böyük ehtimalla mənim ölüm hökmüm verilmişdi. Rəqib - küçədə qadınların qulağından sırğanı və ya boğazından qızıl zənciri qoparıb qaçan soyğunçular yox, əlaqələri ölkə hüdudlarından da çox-çox uzaqlara şaxələnən bir «imperiya»nın başında duran, başqalarının qanı bahasına qurduqları bu «imperiya»nı dağılmaqdan qorumaq üçün hər şeyə hazır olanlar idi. Daha cinayətkarlar illər əvvəl olan cinayətkarlar deyildilər. Onlar, mümkün olan hər yerə öz adamlarını yeləşdirir, bizneslərinə ən savadlı mütəxəssisləri cəlb edir, hər ayın sonunda aparılan leqal və «qara» mühasibatlığın nəticələri onlara təqdim olunur. Bu adamların adları və imzaları heç yerdə, heç bir sənəddə keçmir, hər şeyi kənardan idarə edirlər. Əksər hallarda onlara işləyən adamlar kimə və nəyə xidmət etdikləri barədə məlumatsız olur, vicdanla onlara tapşırılan işləri yerinə yetirirlər. 

Canavar sürüsü öz ərazisinə daxil olan istənilən canlını parçaladığı kimi, canavar qanunlarının hökm sürdüyü bu aləmdə də istənilən kənar müdaxilə müdaxilə edənin tikə-parça olması ilə nəticələnirdi. Heç kimin və heç nəyin bağışlanmadığı bu aləmin adamları təhlükənin sovuşmasına yalnız qan gördükdən sonra əmin olurdular. Mənimsə, kimlərsə tərəfindən parçalanmaq heç cürə planlarıma daxil deyildi. Kifayət qədər qıcıqlandırmağa nail olduğum bu adamların indi əlimdən necə zəncir çeynədiklərini təsəvvür edirəm. Ancaq bu xoşbəxtliyi onlara nəsib etməyəcəyəm. İndiyə qədər mən onların yalnız əsəbləri ilə oynamaqla kifayətlənir, eyni zamanda buraxdıqları səhvlərdən faydalanırdım. Bu gecə isə, onlara ilk ağır zərbəni endirməyi düşünürəm. Artıq buz qırıldı, cənablar. Mən yenidən ovdan ovçuya çevrilirəm. Kələfin ucu əlimdədir. İndi onu yumaq kimi yığa-yığa sizə yaxınlaşacağam. Çox yaxınlaşacağam. Nəfəsimi boynunuzun arxasında hiss edəcək, ancaq çönüb baxanda heç kəsi görməyəcəksiniz. Görə bilməyəcəksiniz. Çünki mən, sizin yemişbaşınızdan, qoca çəkməçini izləyən, Layiqəni qaçırmağa gələn və başqa neçə-neçə adamınızdan, başını qızıla bərabər tutduğunuz «Qızılbaş»ınızdan, məni öldürməyi tapşırdığınız qatilinizdən qat-qat təcrübəliyəm. Mən, Daxili İşlər Nazirliyinin əməliyyat aparatının yetişdirdiyi, bu işlərdə sizin ağlınıza belə gətirə bilməyəcəyiniz kombinasiyalar qura bilən, oddan-alovdan keçmiş əməliyyatçı, peşəkar polis zabitiyəm. Məni axtarırdınız, gözləyin, mən özüm gəlirəm…

 

 

 “Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə sizlərə Qulu Ağsəsin “Yuxarıdan düşürəm indi” essesini təqdim edirik. Altı-yeddi ilin söhbətidir, amma hesab edin ki, elə indi olub.

 

 

 

 

ESSE

 

Qulu AĞSƏS

 

 

"YUXARIDAYAM, DÜŞÜRƏM İNDİ..."

 

         Altı-yeddi ilin söhbətidi, qaşınmayan günlərimdən biriydi, hə, lap dəqiq...

Əlisəmid Kür olsa, yazıya belə başlayardı:

içmədiyim gün idi,

Aydın Can:

dalaşmadığım...

İyulun elə istisidi ki, deyirsən, bu saat yayın oxu yanacaq. Birinci Qarabağ müharibəsi veteranı kitab təqdimatına çağırıb, müəllifi görməsəm də, əminəm:

bizim kənddən nəsə yazıb,                                                 

ya orda döyüşüb,

ya yaralanıb,

ya da elə-belə adını çəkib.

Səhər işə gələndə maşını kölgədə saxlamışam, oğlana da bərk-bərk tapşırmışam gün çıxanda yerini dəyişsin, elə bil Hunday-ın burnundan qan açılasıdı gündə...

Günorta aşağı düşəndə nə görsəm, yaxşıdı:

arabam günün altında,

açar üstündə,

"parkovşik" də ilim-ilim itib.

Əlimi gözümün üstünə qoyub Nərimanovun heykəlinə sarı sürdüm, hündür binanın qabağında saxlayıb ətrafı gözdən keçirdim. Saat ikinin yarısıdı. Küçədəsə heç yarım adam da yoxdu ki, soruşum Müşfiq kitabxanası hardadı. Maşından düşüb aşağı-yuxarı təpik döysəm də, bir bəni-Adəmə rast gəlmədim. Günün altında bişən Nərimanova yazığım gəldi, fikirləşdim, imkan tapsam, onu da tədbirə aparacam.

Nəriman Nərimanov – öldürülüb, Mikayıl Müşfiq – o da... Müşfiqin qəbri də yoxdu... onu dənizə atıblar...

Xəzərə nifrətlə baxdım. Utanıb üzünü çevirdi...

Gün təpəmi deşir artıq, Müşfiqin kitabxanası, deyilənə görə, buralardadı. Bircə tapsam!

Dənizdən meh əsdi qəfil. Elə bildim, Müşfiqin ruhudu.

         Başımı qaldırıb çığırdım:

– Hardasan, ay Müşfiq?!

Səsim küçəni başına götürdü...

– Yuxarıdayam, Qulu Ağsəs!

Tez özümü maşına təpdim, qazsız su, üstündən də saqqız, özümə gəldim. Gün vurub məni. Keçdi...

Düşüb bir də bağırdım:

– Ay Müşfiqqq!..

– Yuxarıdayam, düşürəm indi...

Səsə sarı boylandım...

Gün-zad vurmayıbmış məni:

Müşfiqdi!

Eyvanda siqaret çəkir!

Maykada!

Müşfiq Cabiroğlu.

Blokdakı lövhə indi gözümə sataşdı: Burda Xalq şairi Cabir Novruz yaşamışdır...

– Mən... o biri Müşfiqi axtarıram. Sən düşmə, özüm taparam...

Ötən həftə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına dəvət almışdım – kitab satınalma komissiyasına. Həmin yerdən keçdim.

Dü-üz ordan! Müşfiq Cabiroğlunun eyvanına baxdım. O, beş ildi ki, bir az da yuxarı qalxıb...

Özü də iyunda...

Böyük Müşfiqin 110 illik yubileyindən 5 gün sonra...

Cabir Novruz oğluna bu adı nakam şairin şərəfinə qoyubmuş...

Həmin binanın qabağından dənizə baxdım.

Əsən mehdən siqaret iyi gəlirdi...

 

 

P.S. Sən demə, orda Müşfiq adına kitabxana yox imiş, məni Cəfər Cabbarlı adına kitabxanaya çağırıblarmış...

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

        

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.

 

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. Gəlin bunlara diqqət yetirək:

1.     Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

2.     Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız. Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz.

3.     Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

4.     Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

    Sabitlik arzulayan hər kəs uduzur.

    Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni    

    çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın  

    sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey   

    alınar.

5.     Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

6.     İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli, klassik ədəbiyyatı oxumalısınız.

7.     İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.

8.     Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.

9.     Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız. Bəzən hiss edirsiniz ki, bir yerdə dayanmısınız. Bu o deməkdir ki, öz potensialınızı xərcləmisiniz, beyninizi «cari məsələlərlə» doldurmusunuz. Belə vəziyyətdə pauza götürmək, necə deyərlər, «valı dəyişmək» lazımdır. Bağa getmək, kitab oxumaq, tam gərginlikdən çıxmaq lazımdır. Təklik çox faydalıdır. Bax belə bir pauza prosesində siz düzgün yolu seçə bilərsiniz.

10.Əgər siz ölüm döyüşündə qalib gəlmək istəyirsinizsə qabaqcadan ölməlisiniz. Çünki ölünün əsəbləri olmur.

11.Həyat imtahanı verməkdən, vacib kontrakt imzalamaqdan öncəki gün çalışın beyninizə tam rahatlıq verib fikrinizi həmin vacib imtahan və kontraktdan kənarlaşdırasınız. Ertəsi gün – imtahanqabağı tam dincəlin, filmə baxın, yaxşı musiqi dinləyin, dadlı çay için. Az ünsiyyətdə olun, sadəcə orqanizmə və şüurunuza dinclik verin. Nəticədə tam harmoniyada olacaqsınız. Siz artıq uduzmağa da hazırsınız, amma udacağınıza tam əminsiniz. Əsəblər möhkəmdir, səhv etməyəcəksiniz.

12.Özünüzü və ailənizi təmin edəcəyiniz qədər qazanmağa çalışın. Daha çox pul qazanmağa meyl etsəniz daha çox zaman itirəcəksiniz pul idarəçiliyinə. Artıq pullar enerjinizi aparacaq. Ona görə də tamahınızı boğun.

13.İqtisadi böhran gec-tez qurtaracaq. Onu sakit keçirmək üçün, çökməmək üçün özünüzü qoruyun, öz şəxsiyyətinizi hansısa müvəffəqiyyətdən, karyeradan daha çox sevin. Pullar isə mütləq gələcək.

İrina Xakamadanın təliminin 13-cü bəndini oxucularıma təkrar-təkrar oxumağı tövsiyə edirəm. Bəli, yəqin ki, məhz indi, oxucularımın əksəriyyəti dünya iqtisadi böhranının tərkib hissəsi kimi öz ölkəsində yaşayan böhrandan əndişəlidirlər. Hətta bəzilərini bu böhran tam ümidsizləşdirib də.

Amma ruhdan düşüb əl-qolunuzu yana salmaq, fikir eləyib xəstəlik tapmaq sizi elə bir məğlubiyyətə gətirib çıxara bilər ki, böhran qurtarandan sonra dirçəlməyiniz daha mümkün olmaz.

Kənd yerinə gələn şiddətli seli təsəvvürünüzə gətirin. Qarşısına çıxan zəif, müqavimətsiz hər şeyi qoparıb aparır. Amma sonra sel keçib gedir, qalanlar, duruş gətirənlər isə mövcudiyyatını davam etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

Məşhur braziliyalı musiqiçi Mario Bakuna gəlir

 

Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq. 

Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. 

Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir. 

 

Biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Cümə, 28 İyul 2023 11:45

Ferhat Göçer yenidən Bakıya gəlir

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.

 

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.