İnsan bəzən unutmaq istəyər, heç vaxt unutmaq istəməyəcəyini… - ESSE Featured

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

İnsan bəzən ayağını arxasıyca sürükləyə-sürükləyə, çıxıb getməli olar, qalmağı ən çox istədiyi yerdən...

Qəlbinin bir parçasını orda qoyub, çantasına xoş xatirələri yığar və bir də artıq ömrü boyu üzərində daşıyacağı iztirabı  atar çiyninə və çıxıb gedər...

İnsan bəzən qapısından qovmalı olar, qapısına gəlməsini ən çox istədiyi qonağı...

Sonra arxasıyca uzun-uzun göz yaşlarıyla su səpər, ayaqqabılarını qapımdan əksik etmə deyə hər gecə Allaha dua etdiyi insanın.

Hələ bir də küsər, inciyər ondan, gileylənər niyə getdin deyə.

İnsan bəzən sevgisini gizlətməli olar, bəlkə

də ən ülvi, ən təmiz hislərlə sevdiyi, özünə doğma, məhrəm bildiyi insandan.

Qəlbindəki yerinə cənnət köşəsi adı verdiyi ən qiymətlisinə, zahirdə buzdan divarlar hörüb o divarların arxasına sığınar.

İnsan bəzən  yox olmaq istəyər, var olmağı əslində ən çox istədiyi yerdə.

Reallıqda imtina edər, xəyalında dəfələrlə  pərvaz edib  uçmaq istədiyi məkanlardan...

İnsan belədir, bir istədiyi belə, bir istədiyi ilə tutmaz heç bir zaman.

İnsan suallar verər, bəzən bilmək istədiyi üçün bilmədiklərini soruşar, bəzənsə  eşitmək istədiyi üçün bir ümidlə eşitmək istədiklərini soruşar. 

Bəli, insan bəzən də suallar verər,  eşitmək istədiyi cavabları almaq diləyi ilə.

İnsan danışar, danışar da susmaz, sonra susar da bir də heç vaxt danışmaz.

İnsan bəzən acılayar, dünyanın ən şirin sözlərini, ən gözəl şeirlərini onun hüzurunda, məhz elə ona xitabən səsləndirmək istədiyi insanı.

İnsan bəzən unutmaq istəyər, heçvaxt unutmaq istəməyəcəyi, son nəfəsinədək sevmək istədiyi insanı.

İnsan bəzən cığallıq edər, oynamağı ən çox sevdiyi oyun yoldaşına qarşı.

İnsan bəzən gün gələr, utanar sevdiyi şeylərdən.

Küləyi sevməkdən utanar məsələn, ağacların budaqlarında özlərinə yuva qurmuş kiçik quşların, balaca uçuq-sökük komalarda yaşayan insanların var olduğunu xatırlayanda...

Qarı sevməkdən utanar məsələn, sobası yanmayan evlərin, üşüyən, xəstələnən uşaqların var olduğunu xatırlayanda.

Həyat sevdiyi şeyləri ən böyüyündən, ən kiçiyinə qədər bir-bir alar insanıın əlindən.

Gün keçdikcə həyat kimi, insanlar kimi, yavaş- yavaş, bircə-bircə, sevdiyi şeylərdə, istəmsizcə mənasızlaşar gözlərində.

İnsan bəzən oturub çarəsizcə izləyər, bəzən ovuclarından süzülüb gedən xoşbəxtliyini, bəzən boşa xərclənən gəncliyini.

İnsan səhvlər edər, günah işləyər, üzülər, peşman olar, əfv olunmaq istəyər, gec olar...

İnsan sevər, unutmaq istəyər, insan yaşayar, ölmək istəyər.

Amma nə unuda bilər, nə ölə...

Bəzən də yaşadığı hər gün ölmək istəyən bir insan bir gün gələr, yaşamaq istəyər, bax o gün ölər..

İnsan dəfələrlə hıçqıraraq ağlayar qəlbinin bir köşəsində, kimsə duymaz gözlərinin qızartısını.

Bəzən insanın içindəki uşaq şıltaqlıq edər, oysaki o heç vaxt uşaq olmamışdır.

İnsan hər zaman ümid edər bəlkə birgün deyə, çünki çarəsizliyi bütün ruhu və qəlbiylə dadıb, hiss etmişdir.

İnsan nə istəyər ki...

İnsan uzun bir yol istəyər, bir də yoldaş...

Fərq etməz enişli, yoxuşlu olsun, dağ, təpə, çıxmaz, lap sonu uçurum olsun.

İnsan bir ev istəyər iki sakin...

Koma olsun, daşdan, taxtadan, palçıqdan olsun, divarları soyuq, havasına qarışan nəfəs isti olsun.

İnsan bir diz, bir çiyin istər başını hüzurla yaslaya bilsin, insan rahat nəfəs ala biləcəyi, yarğılanmadan, heçnədən çəkinmədən, utanmadan rahatlıqla özü ola  biləcəyi  bir yer istər.

İnsan ən çoxda nə istəyər iki çay, amma dəmi çaynikdən deyil iki könüldən süzülmüş olsun.

İnsan bir kitab istəyər, kiitabın əlfəciini, yanı başında oturan digər kitabsevərin barmaqları olsun.

İnsan bir roman olmaq istər, ən sevdiyi yazarın qələmindən...

İnsan yol istəməz ki, yoldaşla çiyin-çiyinə, ələ-ələ yol getmək istər, insan çay istəməz ki, içini isidən söhbət, məhəbbət istər.

Və bir gündə gələr insan yorular, və heç nə  istəməz. 

Onun hər dəfəsində nəyəsə uzatdığı əlini boşluqda, havada saxlayan bu həyatdan heçnə istəməz daha...

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.