Şəhidlərimizi tanıyaq: MƏHƏRRƏM SƏMƏDOV

 

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Tərcümeyi-hal:

Əsgər Səmədov Məhərrəm Elxan oğlu 27.03.2001-ci ildə Maştağa qəsəbəsində dünyaya göz açıb. Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbi bitirib, 2016-ci ildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbində  avtoelektrik ixtisasına yiyələnib. 

Peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanan Məhərrəm Goranboy rayonunun Ballıqaya kəndində hərbi xidmət keçmiş, daha sonra Tərtər rayonunda yerləşən “N” saylı hissədə hərbi xidmətini davam etmişdir. Ağdərədə gedən döyüşlərdə qərhəmancasına şəhidlik zirvəsinə ucalan Məhərrəm 24.10.2020-ci ildə Maştağa qəsəbəsində dəfn edilmişdir. Ölümündən sonra "Vətən uğrunda” və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Cəsur Məhərrəm

Səmədov Məhərrəm Elxan oğlu Maştağanın II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən şəhidlərindəndir. Müharibə başlayanda onun təxris olunmasına cəmi dörd gün qalıbmış. Ailə üzvlərinin  dediyinə görə o, müharibə başlayanda "Mən şəhid olacağam" deyib.

Uşaqlıqda üzərinə qaynar çay dağıldığına görə bǝdənində izləri qalıbmış. O, hərbi komissiyaya gedəndə elə geyinir ki, ləkələr görünməsin və onu hərbi xidmətə aparsınlar. İlk hərbi xidmət yeri Goranboyda Ballıqaya olmuşdur. Atasının sözlərinə görə Məhərrəm əsgər gedəndən bir həftə sonra atası onun yanına gedir. Məhərrəm hər bir şeydən razılığını bildirir. 3 aydan sonra isə Tərtərə yollanır və buradan da razılıq edir. Axı onun ürəyində istəyi var idi. Bir şeyi ki ürəklə arzuladıqda hər zaman çətinliklərin öhdəsindən gələ bilirsən. Daha sonra cəsur oğul Tǝrtərin Tülkü dərəsi kəndinə yollanır və tez-tez ailəsi ilə əlaqə saxlayır, onları nigaran qoymur. Bir dəfə telefonla danışarkən deyir ki, bizi (2 nəfər) kursa göndərəcəklər, ola bilər bir neçə gün zəng etməyim. Məhərrəm sonrakı zəngində Manqa komandiri olması ilə bağlı xəbəri söyləyir ailəsinə. Noyabrın 10-u məzuniyyətə gəlir və bu onun son gəlişi olur.

Özü də, ailəsi də bunu bilməsə də Məhərrəm, "ata, iyun ayında 2 ci məzuniyyətə gələcəyəm deyir". Lakin karantinlə əlaqəli evə gələ bilmir. Cəsur şəhidimiz artıq günləri sayırdı. Ailəsi ilə görüşə "son aylar qalıb, gələcəyəm" deyirdi. O, hardan biləydi ki,...

Va o gün gəlir. 27 sentyabr və əbədiyyət. Məhərrəm yenə də ailəsi ilə əlaqə saxlayır, hər şeyin yaxşı olacağını deyir. Evə son zəngi oktyabrın 6-ı olur. Nənəsi ilə, atası ilə danışan Məhərrəm ondan sonra bir daha zəng eləmir. Əmisi oğlu və atası qaynar xəttə zəng edirlər, onlara Məhərrəmin sağ olduğu deyilir.  Ürəyinə su səpilən ata nə bilsin ki, sonrakı zəng Məhərrəmin şəhid olması xəbərinin zəngi olacaq. Yevlaxdan vətən oğlunun cansız bədəni gətiriləndə onun başında qəlpə yarasının izi olduğu görünür.

Ölümündən əvvəl ona əmanət verilən telefon var imiş. O, yoldaşlarından ayrılıb Cəbrayıla yola düşən zaman bir də geri qayıdıb dostlarının əmanətini onlara qaytarır və onlarla halallaşır. Bütün hərbi hissə onun ürəkli, igid olmasından bəhs edir. Komandirinin sözlərinə görə o, Məhərrəmə getmə deyəndə, Məhərrəm "siz nə danışırsınız, mən Manqa komandiriyəm, necə dostlarımı tək qoyum" deyirmiş. Onun ilk şəhid olma xəbəri, təxmin edilir ki, müəllimi Natiq Quliyevə çatıb. Ondan evlərinin ünvanlarını göstərməsini istəyəndə isə "mən Elxana belə eləyə bilmərəm, deyə bilmərəm"-deyir. Natiq müəllim həm də deyir ki, Məhərrəmin şəhadətinə bütün məktəb həm çox kədərlənir, həm də eyni anda onun kimi bir igid vətən oğlu yetişdirə bildiklərinə görə qürurlanırlar.

Onunla həm bir sinfi bölüşən, həm də böyük qardaşı olan Şahin Səmədovun sözlərinə görə bir çox insan onları əkiz bilirmiş. Şahin qardaşı ilə son dəfə ayın 3-ü və 4-ü telefonla danışıb. Şahin deyir ki, Məhərrəm ona ayrıca zəng edərdi. Onlar həm qardaş həm də dost idilər.

Dostu Həsənağa Zeynalov Məhərrəmlə 5-6 ildir ki, dostluq etdiyini söyləyir. Məhərrəm ona böyük bir sirrini açır və Həsənağa sözünü tutur, dostuna qardaşlıq edir. O, hamıdan fərqli, ürəkli idi deyir. Əlbəttə ki elə də  olmalıdı. "Mən şəhid olacam" deyib bunu belə qəbul edən oğullarımız əsil Azərbaycan qəhrəmanları idi. Şəhidlik zirvəsinə hamı layiq görülməz. Zirvən mübarək, şəhidim! Ömrü açılmamış solan şəhidim! Torpaq üçün cavan canını, özünü sipər edən şəhidim! Bakıda böyüyüb qəlbi Qarabağla döyünən şəhidim. Körpə qəlbində kişi qeyrətini ta uşaqlıqdan formalaşdıran ər oğlu, ruhun şad olsun Qanınız yerdə qalmadı. Sizlər zəfərə gedən yolun əbədi izlərisiz. Daima Azərbaycanın qəlbində döyünən qəlb, müqəddəs amalsınız. Siz 1918-ci ildə kəndinə düşmən girməyən mərd kişilərin mərd oğulları, cəsur davamçılarısız. İndisə sizin qoyduğunuz bu yol, aşıladığınız bu vətənpərvərlik hissi hamıya örnək olacaqdır.

Son olaraq məqaləmi bu sözlərlə sonlandırmaq istəyirəm. Hər bir peşə sahibinin borcudur  ki, öz peşəsi üzrə şəhidlərinin xatirəsini əbədiləşdirəsi nələrsə etsin, daha çox kəsə tanıtdırsın.

Mən də bu yolda bir mənəvi vəzifəyə yüklənmişəm. Həm qürurla, həm də gözyaşı ilə yazdığım bu yazıları yazanda elə hiss edirəm ki, onlar bunu duyur və bizdən onları daha çox gələcək nəsillərə aşılamağımızı arzu edirlər. 

Allah cənnət mələklərimizə rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.