Super User

Super User

Cümə axşamı, 27 İyul 2023 13:58

Ekranlarımızın Ögey anası

Xalq artisti Nəcibə Məlikovanın anım günüdür

 

Uşaqlıqdan hər birimiz sevə-sevə “Ögey ana” filminə baxmışıq, öncə İsmayılın və nənəsinin tərəfini tutub Ögey ananı - Dilarəni mənfi obraz kimi qavrasaq da tədricən İsmayıl kimi bizim də bu obraza sevgimiz yaranıb. Üstəlik, bu obrazı yaradan Nəcibə Məlikova bir ayrı performans göstərib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 31 il ötür. 

Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.

Öncə kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır. 

Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.

Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

O, Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsu!

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Azərbaycanda ekoloji problemlər səbəbindən son 5 il ərzində 13 yaşa qədər uşaqların xəstələnmə göstəricilərində artım müşahidə olunur.

 

AzərTAC xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masada Azərbaycan Tibb Universitetinin eksperti Şəhla Balayeva deyib.

O vurğulayıb ki, 13 yaşa qədər uşaqlarda tənəffüs, həzm sistemi, göz və digər infeksion xəstəliklər kimi problemlərin rastlaşma tezliyində artım qeydə alınır.

“Eyni zamanda, ekoloji patologiya səbəbindən yaranan törəmələrdə 37,5 faiz artım var. 14-17 yaş aralığı uşaqlarda tənəffüs sistemi, həzm sistemi, göz xəstəlikləri, infeksion və parazit xəstəliklər, sinir sistemi kimi problemlər ən çox rast gəlinən xəstəliklərdə ilk onluğa daxildir. Yeniyetmələr arasında xəstəliklərin artım dinamikası müşahidə olunur. Ən yüksək artım isə dəri və dərialtı xəstəliklərdə qeydə alınır. Həmin xəstəliklər əsasən ekoloji problemlərin təsiri nəticəsində yaranır”, - deyə ekspert bildirib. 

Ş.Balayeva qeyd edib ki, müxtəlif regionlar üzrə Şəki-Zaqatala iqtisadi rayonunda 18 yaşa qədər uşaqlarda törəmə xəstəlikləri ilk sıradadır. Sinir sistemi xəstəlikləri səbəbindən ölüm halları isə rayonlara nisbətən paytaxtda daha çoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Xalq artisti Ofeliya Sənani ilə gənclərin görüşü keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, İctimai Birliyin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə görkəmli diktor və televiziya aparıcısı Ulu Öndər Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini gənclərlə bölüşəcək.

 

“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir müddətində həmçinin “Azərbaycan televiziyasının və milli mətbuatımızın inkişafında Heydər Əliyev amili”, “Azərbaycan milli mətbuatında müasir publisistikanın inkişaf perspektivləri” və “Müasir televiziyanın günümüzdə nüfuzu və cəmiyyətə təsiri” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. 

Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafında gənclərin iştirakını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər https://shorturl.at/fwEKX link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

“Israel Hayom” qəzetində Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların faciəvi nəticələrindən bəhs edən məqalə dərc olunub.

 

“Trend” xəbər verir ki, məqalənin müəllifi israilli jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamdır.

 

“Bu yaxınlarda müharibədən zərər çəkmiş Qarabağ bölgəsini ziyarət etdim. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əraziləri minalardan necə təmizlədiyinin şahidi oldum. Yaşıl zonadan sadəcə keçən istənilən şəxsin asanlıqla yalnız xüsusi cihazların aşkarlaya bildiyi fuqasın qurbanı ola biləcəyini gördüm. Məhz bu səbəbdən yerüstü minalar belə ölümcüldür, axı onlar istənilən insanı, o cümlədən sadəcə futbol oynamaq istəyən uşağı öldürə və ya şikəst edə bilər. Məhz bu səbəbdən piyada əleyhinə minaların yerləşdirilməsi - xüsusən də aydın işarələnməsi yoxdursa - insan hüquqlarının kobud şəkildə pozulmasıdır”, - deyə o yazıb.

 

Məqalədə bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində arıçılıqla məşğul olan dinc sakinin xəsarət aldığı qeyd olunur.

 

“Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın sədr müavini Emil Həsənov bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanda piyada əleyhinə minalar nəticəsində 303 nəfər həlak olub. Onun sözlərinə görə, Azərbaycanda bir milyondan çox piyada əleyhinə mina yerləşdirilib. O bildirib ki, Azərbaycan əhalisinin sayı 10 milyon nəfər olduğundan, Azərbaycanda hər 10 nəfərə bir piyada əleyhinə mina düşür. Yerüstü minalar da ətraf mühitə ciddi zərər vurur. Torpaqda uzun müddət minaların olması müəyyən kimyəvi reaksiyalara səbəb olur”, - deyə o yazıb.

 

İsrailin “Open Minded Solutions Ltd.” mina əleyhinə şirkətinin baş direktoru Roy Naxari Qarabağda təbii mühitin problemi kəskinləşdirdiyini qeyd edib.

 

“Qarabağın dağ rayonlarında yerüstü minaların kiçik çaylar, ərimiş qar və ya su ilə axıb getmək təhlükəsi çox böyükdür. Bu problemi daha da kəskinləşdirir. Minaların yayılma sahəsi nəhəngdir. Bu səbəbdən onların harada olduğunu və hansı məsafədə gedə biləcəyini müəyyən etmək çətindir”, - deyə o vurğulayıb.

 

Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun Partlamamış Hərbi Sursatların Zərərsizləşdirilməsi Şöbəsinin rəisi Kinqsli Çike Axukanna yerüstü minaların bütün dünyada sülh, təhlükəsizlik və inkişaf üçün ölümcül təhlükə təşkil etdiyini və Azərbaycanın istisna olmadığını söyləyib.

 

“Beynəlxalq birliyin yerüstü minaların ləğvinə tərəfdar olmasına baxmayaraq, bu, Ermənistanın, hətta Azərbaycanla sülh sazişi barədə danışıqlar aparmasına baxmayaraq, bölgədə minalar yerləşdirməsinə mane olmur. Amerika-Azərbaycan Mədəniyyət Fondunun təsisçisi Nurit Qringer isə öz növbəsində minalarla çirklənmənin Qarabağda ən ciddi problemlərdən biri olduğunu qeyd edib. Qringerə əsasən, çayların çirkləndirilməsi ekosiddir. Onun sözlərinə görə, burada ən böyük cinayətkarlardan biri Kanada şirkətidir”, - deyə məqalədə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Cümə axşamı, 27 İyul 2023 14:00

Sadəcə Flora Kərimova...

XALQ ARTİSTİNİN ÖTÜB KEÇƏN NÖVBƏTİ DOĞUM GÜNÜNƏ

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

23 iyul Ağdamın işğalı günü olduğuna görə, düz 28 il doğum gününü ya bir gün əvvəl, ya da ki, bir gün sonra keçirib. Xalqımızın məlum qələbəsindən sonra, nəhayət ki, ad gününü vaxtında qeyd etməyə başlayıb...

 

Deyir ki,- “Mən hədiyyələrə çox biganəyəm. Hədiyyə kimi gül dəstəsini qəbul etmirəm. Çünki gül dəstəsi qadın üçün çox azdır. Qadının ömür boyu yadında qalacaq nələrisə hədiyyə etmək lazımdır. Demirəm, bahalı hədiyyələr olmalıdır, əsas odur ki, yadda qalan olsunlar...” 

 

Heç vaxt əqidəsinə dönük çıxmayıb. Qorxmaz, cəsarətli, sözünü deməyi bacaran adamdır. Elə buna görə də bir vaxtlar onu bəzi telekanallar efirə dəvət etmirdilər. 

““AzTV”, “Space”, “Lider”-də qadağadaydım. Yalnız “ANS” və “Xəzər” TV məni ara-sıra efirə çağırırdı. Yubiley tədbirlərində, hər hansı konsertdə ifam olan zaman isə “ATV” həmin hissəni kəsirdi. Amma mətbuata borcluyam, çünki onlar məni gözdən düşməyə qoymadılar. Mənə insani yanaşdılar, tələsmədilər. Kimlərinsə təsirinə düşüb məni unutmadılar. Xalqım da məndən üz döndərmədi, məni sevdi, qiymətləndirdi...”- söyləyir…

 

Həyat dolu xanımdır, yaşamaq eşqi heç vaxt onu tərk etməyib. Gülümsəməyi xoşlayır, mehribandır. Mürəkkəb vəziyyətlərin həllində asanlıqla təşəbbüskarlıq göstərir. Ən çətin problemləri belə həll edə bilən zəkası var. Qürurlu və inadkardır. Tükənməz enerjiyə malikdir. Bu enerjisi vasitəsilə ətrafında olan insanları oyadır, canlandırır və gücləndirməyə çalışır. Mərd və sədaqətlidir. Sevdiklərini hər zaman qorumağa səy göstərir...

 

Haqqında söhbət açdığım Flora Kərimova 1941-ci ildə, ikinci dünya müharibəsi dövründə Bakıda anadan olub. On dörd yaşından bədii öz fəaliyyət kollektivlərində, Tibb İnstitutunun “Çinar” ansamblında, Dövlət Filarmoniyasında çıxış edib. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib.

Klassik Avropa operası, milli opera janrı, xalq və bəstəkar mahnılarının, klassik art-estrada janrlarının mükəmməl sənətkarıdır. Azərbaycan klassik art-estrada janrının banisidir. 1992-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb...

 

 Onun fəaliyyətini təkcə müğənniliklə məhdudlaşdırmaq olmaz, həm də ictimai-siyasi xadim kimi Vətənə xidmət göstərib. 1988-ci ildə ermənilər Qarabağda Topxana meşəsini məhv edəndə, sonradan torpaq iddiası qaıdıranda Flora xanım “Azadlıq Meydanı”nda etirazını bildirən ilk qadın olub və 1989-1992-ci illər hərəkatının ən fəal aktivistlərindən birinə çevrilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxaraq öz etirazını cəsarətlə ifadə edib. Həmin vaxt Flarmoniyanın yanında toplaşan kütlənin üzərinə sovet tanklarından biri qəflətən irəliləməyə başlayıb. Bu zaman hər kəs qaçaraq ətrafa səpələnəndə, Flora xanım qollarını açaraq tankin önündə dayanıb və onun bu cəsarətli hərəkəti tankı durmağa məcbur edib...

 

“Şükür Allaha, müharibə qələbəmizlə qurtardı. İndi torpaqlarımız hiyləgər düşmənimizin minalarıyla doludur. Allah hərbiçilərimizi, minaçılarımızı qorusun. İndi çox adam gedir, yarı yoldan qaytarırlar. Bu gedənlərin təhlükəsizliyi üçündür. Çox istəyirdim gedim. Ancaq narahat getmək istəmirdim. Bu, mənim yaşıma yaraşmazdı. Cavanlar səhv edəndə nöqsanı o qədər də çox görünmür. Ancaq mən dünyagörmüş xanımam. Mənim yaşım icazə vermirdi ki, bildiyim bir qaydanı pozum. Utanaram, mənim üçün ayıb olar. Nəhayət qismət oldu və mən Şuşaya gedə bildim...”- söyləyir.

 

İfası ilə insanları düşündürə, sevindirə, kövrəldə bilən, xidmətlərilə yaşamaq haqqını qazanan, bu xanımın qoy bütün arzuları beləcə çin olsun! Çox uzatmayacam, çünki Flora Kərimovanı hamı tanıyır. Söhbətimi elə öz sözlərilə tamamlamaq istəyirəm.

 

Deyir ki,- “Cavanlıqda məndən soruşurdular ki, xoşbəxtəsənmi? Mən "hə" deyirdim. Sonra soruşurdular ki, xoşbəxtliyin düsturunu deyin. Deyirdim, ya xoşbəxtsən, ya da bədbəxt. Bu da olsun xoşbəxtliyin düsturu. İllər keçdi, yaşa dolduqca başa düşdüm ki, övladlarından yarıyan qadın xoşbəxt qadındır. Daha sonra zaman ötdü, düşündüm ki, sənə ağlayan insan varsa, deməli xoşbəxtsən. Yaş keçdikcə, müdrikləşdikcə, özünü tanımağa çalışırsan. Mən səksən ildir özümü tanımağa çalışıram. Xasiyyətimi, kimliyimi bilmək istəyirəm. Həyat elə bir cəlladdır ki, bir də görərsən, başına elə bir iş gəldi, son nəfəsində son sözünü deməyə, əlindən tutmağa yanında adam olmadı. Bunu heç kimə arzulamıram. Bəli, əsl xoşbəxtlik odur ki, nə qədər yaşayırsan yaşa, son anında kimsə sənə yiyə dursun.  

Dünyadan köçəndə mülkündən, övladından nigarançılığın yoxdursa, bu, artıq xoşbəxtlikdir...”

 

Flora xanımın 82 yaşı tamam olub. Ona möhkəm can sağlığı arzulamayıb neyniyək.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

“Prezident İlham Əliyevin sərəncamı ilə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün müvafiq qurumlara 13,7 milyon manat vəsait ayrılıb. Həmin vəsaitdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı radioyayımın təşkil edilməsi üçün müasir infrastruktur yaradılmalıdır”.

 

Bu fikirləri Oxu.Az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib. Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə radioyayım şəbəkəsinin təşkili üçün yeni avadanlıqlar alınmalı və müvafiq tezliklərlə Azərbaycanın bütün ərazisinə radioyayım təşkil olunmalıdır:

“Təəssüf ki, yerli yayım kanallarının gücü lazımi səviyyədə olmadığından qonşu respublikaların radio kanalları ölkəmizin ərazisinə daxil olur, burada yayımlanır. Məsələn, Azərbaycanın cənub bölgəsində İran televiziya kanalları yayımlanır, bununla ərazimizə müdaxilə olunur. Digər ərazilərdə də belə hallar mövcuddur. Xarici radioyayımın ölkə ərazisinə daxil olması, o ölkənin məqsədlərinin təbliği üçün şəraitin yaranması deməkdir. Ona görə də, radioyayım sahəsinin müasirləşdirilməsi üçün yeni avadanlıqlar alınmalı, ölkə ərazisi kənar radiotezliklərdən qorunmalı və yerli radioyayım bütün əraziləri əhatə etməlidir.

Cənab Prezidentin imzaladığı sərəncamla radioyayımın genişləndirilməsi üçün maliyyə ayrılması və növbəti üç ilin dövlət büdcəsində bu məqsədlərlə bağlı vəsaitin nəzərdə tutulması istiqamətində tapşırıq verilməsi radioyayım sahəsinin müasirləşməsinə və mövcud problemlərin aradan qalxmasına imkan verəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mən okean görmüşəm. Sakit okeanı. Dənizlə ilk baxışda okeanın heç bir fərqi yoxdur. Nəhayətsiz mavi ümman. Amma okean dənizdən daha vahiməlidir. Suyu da qaramtıl, daha cox boza çalandır. Həm də səsi yüksəkdir. Sakit deyilən okean bir səsli-haraylı idi ki. Bəlkə də bu ən böyük okean okeanların başlarına açılan fəlakətdən danışırdı mənə? 

 

BBC telekanalının bir proqramı çox üzücü və həyəcanlı mövzuya toxunurdu: Alimlər müəyyən ediblər ki, hazırda dünya okeanında 171 trilyon ədəddən çox plastik tullantı üzür. Bu plastiklər balıqların və digər dəniz canlılarının məhv olmasına səbəb olur və nəticədə insan orqanizminə də yol tapır. Həmin tullantıların daha az zərərli olması üçün isə bir neçə yüzilliklər lazımdır. 

BBC deyir ki, 2005-ci ildə okeanda plastik tullantıların miqdarı 16 trilyon ədəd olub və həmin vaxtdan bu rəqəm 10 dəfədən də çox artıb. Dünya okeanının plastiklərlə çirklənməsi üzrə yeni qiymətləndirmə 1979-cu ildən bəri mövcud olan məlumatların təhlilinin kombinasiyası və xüsusi torlar vasitəsilə dənizlərdən tullantıların toplanması ilə məşğul olan ekspedisiyaların nəticələri əsasında əldə olunub. Tədqiqatın aparıcı müəllifi, okeanda plastik tullantıları müşahidə edən “5Gyres Institute” ictimai təşkilatının təmsilçisi, doktor Markus Eriksen bildirib ki, təqdim edilən 171 trilyon rəqəmi həm bu yaxınlarda okeana atılan, həm də köhnədən qalan və artıq eroziya nəticəsində çürümüş plastiklərə aiddir. Birdəfəlik istifadə edilən butulkalar, qablar və balıq tutmaq, bəzi əşyalar hazırlamaq üçün nəzərdə tutulan plastiklər zamanla günəş şüalarının təsiri altında və mexaniki proseslər nəticəsində daha kiçik hissələrə parçalanır. Dəniz heyvanları, o cümlədən balinalar, tısbağalar, balıqlar və bəzi dəniz quşları səhvən plastikləri qida kimi qəbul edir və onları mədələrinə doldurduğu zaman sadəcə aclıqdan ölə bilərlər. Mikroplastik içməli suya da düşür və bu baş verdikdə, onun hissəcikləri ağciyərdə, venalarda və insan plasentasında belə aşkar olunur. Alimlər bunun insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu tam müəyyən edə bilməyiblər. 

2005-ci ildə toplanmış məlumatlarda plastiklərin azalması və ya artması təmayülü müşahidə edilməyib, lakin doktor Eriksen hesab edir ki, bunun səbəbi faktların az və qeyri-sistematik toplanması ilə əlaqədar ola bilər. Tədqiqatda iştirak etməyən Plimut Universitetinin professoru Riçard Tompson bildirib ki, əldə olunmuş məlumatlar okeanların çirklənməsinə dair faktlara uyğundur. O əlavə edib: “Biz hamımız okeanda çoxlu miqdarda plastik olduğunu bilirik. Bu problemin həlli istiqamətində təxirəsalınmaz tədqiqatlara başlamaq lazımdır”. 

Hazırda okeanlarda plastik tullantıların ən böyük miqdarı Atlantik okeanının şimal hissəsində qeydə alınıb. Başqa yerlərdə də, məsələn, Sakit okeanda bəzi nəhəng tullantı “ləkələri” aşkar edilib. 

Hesabatın müəllifləri, həmçinin hesab edirlər ki, 2000-ci ilədək dəyişən çirklənmə səviyyəsi okeanların çirklənməsi ilə mübarizə üzrə ayrı-ayrı zamanlarda imzalanmış sazişlərin müxtəlif səmərəlilik dərəcəsi ilə əlaqədardır. 1980-ci illərdə imzalanan və hüquqi cəhətdən yerinə yetirilməsi icbari olan bir neçə beynəlxalq sazişdə balıqçı və hərbi-dəniz gəmilərindən dənizə plastmas atılması qadağan edilirdi. Müəlliflərin sözlərinə görə, sonradan həmin tələblər könüllü razılaşmalar ilə əvəz olunub ki, bu da daha az səmərə verib. Martın 5-də qeyri-rəsmi olaraq “Açıq dəniz haqqında Saziş” imzalanıb və bu sənəd okeanların mühafizəsini nəzərdə tutur. Uzun illər davam edən danışıqlardan sonra 100-dən çox ölkə dünya okeanın qorunmasına dair tarixi sənədə imza atıb. Sazişdə razılaşdırılmış hüquqi bazaya əsasən, dünya okeanının ayrı-ayrı dövlətlərin ərazi sularından kənarda yerləşən 30 faizi (bu, onun üçdə ikisi deməkdir) mühafizə olunan ərazi hesab olunur. Sənəddə, həmçinin dünya okeanının qorunması üçün əlavə vəsaitlərin ayrılması və dənizlərdə təbii ehtiyatların bərpası istiqamətində işlərin aparılması nəzərdə tutulur. 

Bununla yanaşı, alimlər iddia edirlər ki, problemin həlli üçün okeanların təmizlənməsi və plastiklərin təkrar emalı deyil, məhz onların istehsalının və istifadəsinin dayandırılması istiqamətində tədbirlər görülməlidir. Yalnız belə olan halda plastik tullantıların artmasının qarşısını almaq mümkündür.

Təhlükənin miqyasına diqqət yetirək, laqeyd qalmayaq gəlin! 

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Qərbi Azərbaycan İcmasında Dövlət Turizm Agentliyinin nümayəndələrinin təmsil olunduğu heyətlə geniş tərkibdə görüş keçirilib. 

 

İcmanın yaydığı məlumata görə, görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətləri barədə danışdı, İcmanın yaradılması, strukturu, fəaliyyəti və qarşıda duran məqsədlər barədə məlumat verib. Bildirilib ki, Qərbi Azərbaycan barədə reallığın dünyaya çatdırılması baxımından turizm sektoru böyük önəm daşıyır. Əziz Ələkbərli bu istiqamətdə İcma ilə Agentliyinin görə biləcəyi birgə işlərə toxunub. 

Dövlət Turizm Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi Orxan Abbasov Qərbi Azərbaycan, onun tarixi, əhalisi, mədəniyyəti və sair istiqamətlərin turizm sektorunda yer almasına dair təkliflərini səsləndirərək birgə atılacaq addımları dilə gətirib.

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin məsləhətçisi Müzəffər Ağakərimov və digərləri çıxışlarında turizm sektorunda Qərbi Azərbaycan həqiqətləri, eləcə də tarixi və mədəniyyəti ilə bağlı elementlərin yer almasının önəmini vurğulayıb. 

İcma rəsmiləri və Agentliyin nümayəndə heyəti Qərbi Azərbaycan, onun tarixi, mədəniyyəti, eləcə də qeyri maddi mədəni irsi, mətbəxi və ənənələri barədə məlumatların turizm sektoru vasitəsilə təbliğ edilməsinin yolları barədə müzakirələr aparıblar.

Tədbirin sonunda səsləndirilən bütün təkliflər toplanaraq qarşıdakı birgə fəaliyyət üçün qeydə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı Türk dövlətləri mədəniyyətinin təbliğinin vahid mərkəzi olan TÜRKSOY-un fəaliyyət xronikasında ən əhəmiyyətli səhifələri təqdim etməkdə davam edir.  Bu gün sizlərə Türkiyənin Bolu şəhərində Koroğlu abidəsinin açılışını işıqlandıracağıq...

Rubrikanı Habil Yaşar aparır

 

Türkiyənin Bolu şəhərindəki Koroğlu parkında xalq qəhrəmanının nəhəng abidəsi 2019-cu ilin Martın 19-da ucaldılıb. Həmin gün Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Türkiyədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, rəsmilər, türkdilli ölkələrdən gələn qonaqlar, Boluda təhsil alan xarici tələbələr, yerli ictimaiyyətin nümayəndələri və mətbuat təmsilçiləri iştirak ediblər.

Rəsmi hissədə Bolu bələdiyyə başqanı Ələddin Yılmaz, Bolu valisi Əhməd Ümid, TÜRKSOY-un ovaxtkı baş katibi Düsen Kaseinov, Qazaxıstan Rəssamlıq Akademiyasının prezidenti Amandos Akanayev və Koroğlu abidəsinin müəllifi, Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurovun çıxışları dinlənilib.

Açılış nitqi ilə çıxış edən Düsen Kaseinov bildirib ki, türksoylu xalqların ortaq milli dəyəri olan Koroğlunun Boluda möhtəşəm abidəsinin ucaldılması ümumiləşdirilmiş şəkildə xalq qəhrəmanlarımıza ehtiramın göstəricisidir: “Koroğlu türksoylu xalqlarda nəsillərin formalaşmasına böyük təsir göstərən əbədi qəhrəmandır. Xalqlarımız bundan sonra da Koroğlunun qəhrəmanlıq obrazından iftixar duyacaqlar. Buraya gələn qonaqlar bu abidəni seyr etməkdən zövq alacaqlar”.

Bələdiyyə başqanı Ələddin Yılmaz bildirib ki, Koroğlu deyəndə Bolu, Bolu deyəndə Koroğlu yada düşür: “Arzu edirik ki, Koroğlunu xalq qəhrəmanı kimi sevən bütün insanlar, o cümlədən, azərbaycanlılar şəhərimizə gəlib burada ucaldılan möhtəşəm abidəni görsünlər. Bu abidənin ucaldılması tarixi hadisədir. Əminəm ki, Türk dünyasının ayrı-ayrı məkanlarından, eləcə də Azərbaycandan gətirilən əsərlər Boludakı Koroğlu muzeyini daha da zənginləşdirəcək”.

Abidənin müəllifi Murad Mansurov TÜRKSOY-un təşəbbüsü ilə həyata keçirilən layihənin tarixi əhəmiyyətini vurğulayaraq qurumun rəhbərliyinə və münsiflər heyətinə minnətdarlığını bildirib: “Koroğlu türksoylu xalqları birləşdirən, haqqında iftixarla danışdığımız ortaq bir el qəhrəmanıdır. Bu möhtəşəm abidənin müəllifi olmaq mənim üçün sevindirici və qürurvericidir”.

Sonra mərasim geniş bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Koroğlu abidəsinin ucaldılması TÜRKSOY-un təşəbbüsü ilə 2016-cı ildə elan edilən müsabiqə əsasında həyata keçirilib. TÜRKSOY-da təşəbbüs isə məhz qurumun Azərbaycan təmsilçisi Elçin Qafarlıya məxsus olub.

Müsabiqədə 11 layihə iştirak edib. Münsiflər tərəfindən qazaxıstanlı heykəltəraş Murad Mansurovun layihəsi qalib seçilib.

Abidənin yerləşdiyi Koroğlu parkının ərazisi 100 min kvadratmetrə (10 hektar) yaxındır. Abidə Qazaxıstanda düzəldilib və hissələrlə Boluya gətirilərək quraşdırılıb. Abidə kompleksinin altında Koroğlu muzeyi və sərgi salonu yaradılmalıdır. Muzeydə türkdilli ölkələrdə Koroğlu ilə bağlı yaradılan ən dəyərli əsərlərin sərgilənəcəyi elan edilib. Amma təəssüf ki, bu öhtəliyi götürən Bolu Bələdiyyəsi hələ də sözünə əməl etmir.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında bu dəfə tanınmış statusman Hümbət Həsənoğlunun pritçasını təqdim edir. 

 

Qaya və qum

(pritça)

Qaya və qumun küləyə münasibəti fərqlidir. Qaya küləyə qarşı mətin dayanır, külək onu yerindən heç tərpədə bilmir. Külək nə qədər güclü əssə də, qaya heç qımıldanmır da, elə həmişə olduğu yerdə də qalır.

Qumu isə külək hara istəsə, apara bilir. Qum heç müqavimət də göstərmir, əksinə küləkdən istifadə edib qum yerini dəyişir, yeni yerlər görür, yeni təəssüratlar yaşayır. Eyni zamanda küləyin bütün cəhdlərinə baxmayaraq qum da qaya kimi dəyişmədən, elə qum kimi də qalır.

İnsanın da həmişə seçimi olur, problemlərə qaya kimi sinə gərsin, ya da problemdən istifadə edib yeni imkanlar arasın, yeni təəssüratlar yaşasın, əvvəl olmayan şanslardan yararlansın.

Qaya, ya qum? 

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.