“Ədəbiyyat və incəsənət” portalı Mina Rəşidin bugünkü Anım gününün ovqatına köklənmiş şeirlərini təqdim edir
QƏLBİMDƏSƏN, BİRDƏNƏM
(Şəhid xanımının dilindən)
Hərdən səsin gəlir qulağıma,
sevinirəm.
ah, o təbəssümün...
gülümsəyirəm…
əllərim havalanır,
sənə doğru uçuram…
adın gəlincə qızımızın dodağı büzülür,
oğlumuzun qaşları çatılır...
uşaqların səsinə aşağı enirəm
sənə uzanan əllərimlə
iki balamızı qucaqlayıram.
sənin qoxun gəir,
səsin gəlir,
sən həmişə bizimləsən,
qəlbimdəsən, birdənəm...
HƏR ŞƏHİD BİR BAYRAQDI
Bu ana Vətənimin
Haqq səsidi Şəhidlər.
Min bir adın içində
Müqəddəsdi Şəhidlər!
Şəhid oldu oğullar
Vətən yaşasın deyə.
Qarabağ azad olub
Haqqa qovuşsun deyə.
Şəhidlərin adları
Bütün eli dolandı.
Bayrağımız Şuşada,
Laçında dalğalandı.
O quruca torpağın,
Daşın sağ olsun, Vətən.
Hər Şəhid bir bayraqdı,
Başın sağ olsun, Vətən!
AZƏRBAYCAN ƏSGƏRİ
Oddan-alovdan keçib,
Düşmən üstünə getdin.
Hər barmağı bir silah
Yağıları məhv etdin.
Azərbaycan əsgəri.
Şimşək kimi çaxdın sən,
Zülməti yarıb qalxdın.
Şuşada bayrağımı
Alıb köksünə sıxdın.
Azərbaycan əsgəri.
Ucaltdın adımızı,
Cəsarətlə, şərəflə.
Sən yenidən doğuldun
Qəlbimdə bu zəfərlə
Azərbaycan əsgəri!
Yeni bir tarix yazdın,
Sadiq qaldın andına.
Qurban olum, mən sənin
Şəhid, Qazi adına
Azərbaycan əsgəri!
ŞƏHİDƏM, ÖLMƏMİŞƏM
Şəhiddir mənim adım,
Vətən üçün doğuldum.
Vətən üçün yaşadım,
Uğrunda Şəhid oldum.
Mən cismən olmasam da,
Şəhidəm, ölməmişəm.
Sağım-solum gülüstan
Cənnət budur, gəlmişəm.
Mənimtək neçə oğul
Qurban oldu bu yurda.
Təki Vətən sağ olsun,
Elim qalmasın darda.
Anam da qürurludur,
Adım Vətənlə təndir.
Mənim ilk beşiyim də,
Məzarım da, Vətəndir!
NƏ YAXŞI VARSAN, OĞLUM!
Doğum günün mübarək,
Nahid balam, necəsən?
Ürəyimin parası,
Şəhid balam, necəsən?
Bulud kimi dolub, bax,
Anan da, "Salam!"- deyir.
Bacı-qardaşların hey,..
Hey səni əzizləyir.
Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum!
Fəxr edirəm səninlə
Nə yaxşı varsan, oğlum!
QAR YAĞSIN
İstəyirəm qar yağsın,
Qara gün qarda batsın.
Adamlar bir-birinə
Güllə deyil, qar atsın.
Qara günlər ağarsın,
Dünyaya yağsın bu qar.
Qışın tən ortasında
Günəştək doğsun bu qar.
Müharibə sözünü
Görüm qar-çovğun alsın.
Qar yağsın, qoy silahlar
Qarın altında qalsın.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)