“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı davam edir

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilir.

Festival oktyabrın 1-dək davam edəcək.

 

Qeyd edək ki, festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü”dür.

Festivalın proqramı 43 nümayişdən ibarətdir. Bu müddət ərzində beş kateqoriya üzrə 60-dan çox film nümayiş etdiriləcək. “Ən yaxşı tammetrajlı film”, “Ən yaxşı qısametrajlı film” və digər nominasiyalar üzrə qalibləri 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək.

 

Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara mükafatlar veriləcək. Bu il mövcud “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı da təqdim olunacaq.

 

Festival tərəfdaşlarının sayı ildən-ilə artır. Bu il Bakıda keçirilən festivalda Saloniki Beynəlxalq Film Festivalının nümayəndəsi Yanis Palavos, eləcə də Lissabon Sənədli Filmlər Festivalının proqram tərtibatçısı Castin Cekl iştirak edir.

 

Nəzərinizə çatdıraq ki, festival nazirliyin maliyyə dəstəyi ilə 2017-ci ildən bəri hər il keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.