Super User
San Karlo Teatrı orkestri Misir piramidalarının qarşısında konsert verəcək
BİZİMKİLƏR DƏ AĞDAMDA KONSERT VERSİNLƏR
Könül, “Ədəbiyyat və incəsənət”
İtaliyanı Avstriya ilə bərabər Avropa operasının nüvəsi hesab edənlər təbii ki, əsla yanılmırlar. Və ən azı, La-Skala teatrı və Vyana operası - dünya mədəniyyətinin iki Məkkəsi bu ölkələrdə yerləşir.
Sizə çatdıracağım xəbər isə İtaliyanın Neapol şəjərində ən qədim opera binasında yerləşən San-Karlo Teatrı Orkestri barədədir. Bu teatr 1737-ci il noyabrın 4-də açılaraq istifadəyə verilib. Teatrın yerləşdiyi bina həmçinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.
Neapolun San Karlo Teatrının orkestrı isə dünyanın ən qədim opera teatrı hesab edilir.
Teatrın nəzdində fəaliyyət göstərən orkestrın tarixi də San-Karlo Teatrının tarixi ilə sıx bağlıdır. Və flaqman olan bu kollektiv daim dünya turnesinə çıxır, öz ecazkar musiqisini təbliğ edir. İndi isə orkestrlə bağlı maraqlı bir xəbər yayılıb.
Demək, San Karlo Teatrı oktyabrın 11-də Misir piramidalarının qarşısında konsert proqramı ilə çıxış edəcək.
Və bu inanılmaz işi gerçəkıəşdirməkçün, konsertin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılar ciddi hazırlıqlar görürlər.
San Karlo orkestrının piramidalar önündə verəcəyi konsertin Misir və İtaliyanın indiyə qədərki ən böyük mədəni tədbirlərindən biri olacağı vurğulanır.
Əlbəttə, Azərbaycan sənətçiləri də özəl konsertlərə meyillidirlər, Elza Seyidcahan heyvanlara, Nadir Qafarzadə həyat yoldaşına konsert verib. Və mən şəxsən çox istəyərdim ki, bu əndrabadilikdən qurtularaq bizimkilər yaxşıdan nümunə götürsünlər.
Və hətta təklifim də var: Ən populyar müğənnilərimiz qoy gedib Ağdamda - ermənilərim xaraba qoyduqları yurdda konsert verib dünyanın diqqətini cəlb etsinlər.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Çox tez uçub gələn qaranquşlar donurlar
“Ədəbiyyat və incəsənət” portalı Etibar Əbilovun ağrılı qeydlərini nəzərinizə çatdırır. Dünyada övlad itkisi qədər ağır nə ola bilər ki. Allah rəhmət eləsin.
Bu gün oğlum Əbilin vəfatının 13-cü ili tamam olur.
...Lev Tolstoyun oğlu dünyasını vaxtsız dəyişəndə, 1895-ci il 12 mart tarixində, böyük yazıçı bu münasıbətlə gündəliyinə yazırdı:
"...Obyektiv baxımdan oğlumun ölümü barədə deyə bilərəm ki, təbiət daha yaxşılarını yetirməyi təcrübə edir və görəndə ki, dünya onları qəbul etmək üçün hələ hazır deyil, onları geri götürür. Lakin irəli getmək üçün təbiət təcrübə etməlidir. Bu labüddür.
Çox tez uçub gələn qaranquşlar donurlar. Lakin onlar hər halda uçub gəlməlidirlər..."
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Avropa dördüncüsü ən azı üçüncü olmağa çalışacaq
SÖHBƏT LOKARNO KİNOFESTİVALINDAN GEDİR
Avropanın kinifestivalları içində Kann, Berlin və Venesiya ən başda getsələr belə Lokarno festivalının da öz yeri var. Və növbəti xəbərimiz Lokarno kinofestivalı barədədir.
Lokarno Beynəlxalq Film Festivalı İsveçrədə keçirilir. O, Kann, Venesiya və Berlin festivallarından sonra Avropanın dördüncü ən mötəbər kinofestivalı hesab olunur. Bu il festival avqustun 2-dən 12-dək keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, LUMA Fondunun təsisçisi və direktoru Maya Hoffman Lokarno Kinofestivalının prezidenti seçilib. O, festivalın bütün 77 illik tarixində bu vəzifədə çalışan ilk qadın kimi tarixə düşüb.
Maya Hoffmanın təyinatı ilə bağlı məlumat beynəlxalq baxış saytında yer alıb.
Festivalın Direktorlar Şurası Hoffmanın namizədliyini yekdilliklə dəstəkləyib. Bundan əvvəl prezident postunu Marko Solari tuturdu. O, 20 il film festivalına rəhbərlik edib. Qadınlar daha rəhmdil olurlar deyimi burada keçmir. Belə ki, Solari hamıya güzəştə gedən birisi idisə də, Hoffman qətiyyəti və sapıntılarla barışmazlığı ilə diqqət çəkir.
Maya Hoffman sənət kolleksiyaçısı, xeyriyyəçi, sənədli film prodüsseri, impresario və iş qadını kimi tanınır. Onun yaratdığı LUMA Fondu müasir rəssamlara dəstək göstərir.
Maya Lokarno kinofestivalını ən azı qitənin ən nüfuzlu kinofestival üçlüyünə daşımağa çalışacağını bəyan edib. Təbii ki, bu, daha çox blefdir. Amma hər halda, qadının bu iddiası alqışalayiqdir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Eyruz Məmmədovun “Qan düşməni” romanı
Bugünlərdə Azərbaycanın Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist, kinossenarist Eyruz Məmmədovun daha bir kitabı - “Qan düşməni" işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, redaktoru yazıçı-publisist Arif Ərşad olan bu maraqlı roman Sumqayıtın "Azəri" nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilib.
Kitabda hələ ötən əsrin əvvəllərində - rus imperiyası dövründə qədim Zəngəzur mahalında iki nəsil arasında başlanmış "qan davası"nın hətta 1941-45-ci illər müharibəsi dövründə və daha sonra - SSRİ-nin süqutuna qədər də davam etməsindən inandırıcı, təsirli faktlarla bəhs edilir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
“Bir gün Səbinəgildə” - Heyran Zöhrabovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının poçtundan” adlı rubrikamızda redaktorlarımızın redaksiyaya gələn yazılardan seçdikləri növbəti yazını təqdim edirik. Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə...” adlanan hekayəsində qəfildən qırılan xoşbəxtlikdən bəhs edilir.
Səbinə məndən boş vaxtım olanda ibtidai sinifdə oxuyan oğlu Fuadla bir az məşğul olmağımı xahiş etmişdi. Bu günün bazar günü və havanın da çox gözəl olmasından istifadə edib Səbinəgilə yollandım.
Qapını balaca Fuad açdı.
- Salamm,– deyə gülümsədim.
Mətbəx qapısından boylanıb gələnin mən olduğunu görən Səbinə gülər üzlə:
- Xoş gəlmisən, Mələk, buyur keç. Elə mən də təzə çay dəmləyirdim,– dedi.
Səbinənin qaynanası Həcər xala da məni görcək:
- Xoş gəlmisən, qızım, keç otur, necəsən? İşlərin necə gedir?,– deyərək nəzakətlə hal-əhvalımı xəbər aldı.
Fuad əlimdən tutub şirin danışığı ilə:
- Gəl, Mələk xala,– deyərək məni arxası ilə aparıb divanda - Həcər xalanın yanında yer göstərdi.
Təbəssümlə onun başını oxşayıb:
- Şükür Allaha, Həcər xala, çox sağ olun, siz necəsiniz?,– deyə cavab verərək göstərdiyi yerdə əyləşdim.
- Həmd olsun, qızım Allahın köməkliyi ilə dolanıb gedirik yavaş-yavaş.
- Bax, Mələk xala, Mirzə də bizdədir,– deyib Fuad əlimdən tutaraq üzbəüz kresloda oturan Mirzəyə işarə etdi:
- Necəsən, Mirzə?
- Yaxşıyam, yaxşıyam, mən yaxşıyam, sən necəsən?
- Sağ ol Mirzə, yaxşı olasan, mən də yaxşıyam.
Mirzə Həcər xalanın qaynı oğludur. O, şizofreniya xəstəliyindən əziyyət çəkir, el dilində desək, Mirzə dəlidir.
Çox sakit və yaşının 30-dan yuxarı olmasına baxmayaraq, o, sözə baxan, eyni ilə mülayim təbiətli bir uşaq kimidir. Heç vaxt heç kimi incitməzdi, məhz bu səbəbdən tanıyan hər kəs onu çox sevirdi. Zamanın çoxunu məhəllədəki uşaqlarla futbol oynamaqla keçirirdi. Həcər xala Mirzəni doğma balası kimi çox sevir, Sabirdən (Səbinənin həyat yoldaşı) ayırmırdı.
Az sonra: "Hə, çaylar da gəldi",– deyərək Səbinə əlindəki çay podnosunu stolun üzərinə qoydu.
Çay içib bir az ordan-burdan danışıb, hal-əhval tutduqdan sonra balaca Fuadın dərsləri ilə maraqlanmağa başladım.
- Gülnarın iki qələmi var idi, babası bu gün ona bir qələm daha aldı. İndi Gülnarın neçə qələmi var? Məsələnin şərtini oxuyub gəl indi hesablayaq görək, Gülnarın neçə qələmi oldu?,– deyə Fuada müraciət edib ardınca soruşdum:
- İki üstə gəl bir, neçə edir ?
- Üç.. üç edir, mən bilirəm, üç edir,– deyə bayaqdan sakitcə bizi dinləyən Mirzə hərarətli şəkildə dilləndi. Bir an Mirzəyə baxıb gözlərimi döydüyümün fərqinə varıb təəccübümü gizlətməyə çalışaraq: "Bax, Fuad, Mirzə deyir ki, üç edir, bəs sən nə fikirləşirsən?– dedim.
Bir neçə məsələ daha həll etdikdən sonra Fuadın yorulduğunu hiss edib bu günlük bu qədər bəsdir dedim, ona gedib oynaya biləcəyini söylədim. Fuad qalxıb gedəndən sonra oturduğum yerdəcə pəncərədən çölə boylandım, Mirzə artıq ən sevimli məşğuliyyətində – məhəllənin uşaqları ilə top oynamaqda idi.
Mətbəxdə Səbinəyə yemək hazırlamaqda kömək edən Həcər xala yanıma gəlib:
- Qızım, çay istəyirsənmi, süzüm sənə? – deyə nəvazişlə çay istəyib-istəmədiyimi soruşdu.
- Yox, Həcər xala, çox sağ olun, süfrəniz hər zaman bərəkətli olsun.
- Fuadın qavraması necədir, yaxşıdırmı? Gözün su içir?
- Bəli, bəli yaxşıdır. Hələ yaşı azdır, indidən onu çox da yükləməyə ehtiyac yoxdur, elə bu şəkildə davam etsə, hərgünkü dərslərini bu cür qavrayıb yadında saxlasa, dərslər mürəkkəbləşdikcə çox da çətinlik çəkməyəcək, narahat olmayın.
- Hə, inşallah, qızım, inşallah.
- Həcər xala, olar sizdən bir söz soruşum?
- Əlbəttə, qızım, buyur.
- Bayaq Fuadla məsələ həll edəndə çox qəribə bir şey oldu, – deyib hadisəni Həcər xalaya danışdım.
- Çox təccübləndim açığı, mən buna bir ad verə bilmədim. Siz Mirzəni yaxından tanıyırsınız, bəlkə siz bilərsiniz, sizcə, Mirzə bunu necə bildi?
- Ehh, qızım, – deyə köks ötürərək sözə başlayan Həcər xala mənə Mirzə haqqında bu günə qədər bilmədiyim elə şeylər danışdı ki, duyduğum təəssüf hissini sözlərlə ifadə etmək çətindir.
***
- Mən Səməd kişi ilə evlənəndə Mirzənin 13-14 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, çox anlayışlı, ağıllı və məqsədli bir uşaq idi. Bu xarakterinə görə Səməd onu çox sevərdi. Həmişə də fəxrlə deyərdi ki, onun adını mən qoymuşam, Mirzə savadlı adam deməkdir. Deyərdi, mən əminəm ki, o, çox böyük adam olacaq, futbola böyük bir sevgi və marağı olsa da, bununla yanaşı, dərsləri də çox yaxşıdır. Sabirin 3 yaşı olanda Mirzə artıq orta məktəbin son sinfində oxuyan, yaraşıqlı, yeniyetmə bir oğlan olmuşdu. Ali məktəbə hazırlaşırdı, sevdiyi bir qız da var idi hətta.
Həcər xala yenidən köks ötürüb çətinliklə sözlərinə davam etdi.
-Yay ayları idi, orta məktəbi yenicə bitirmiş, ailələr arasında söz də kəsilmişdi, imtahan nəticələrini gözləyir, nişanlanıb birlikdə ali təhsil almaq xəyalları qururdular.
Kənddə toy idi o gün, qohum olan ailələrdən biri bizim kənddən, digər ailə isə qonşu kənddən idi. Gecə qonşu kənddən gələn cavan oğlanlarla bizim kəndin cavanları arasında bir dava düşər. O ki var içib, sərxoş olub özlərindən çıxan gənclərin sözləri bir-birinin boğazından keçməyəndə başlayarlar yumruqlarını işə salmağa. Mirzəylə birlikdə bir neçə yoldaşı daha vəziyyəti belə görəndə savaşan tərəfləri ayırıb, sakitləşdirməyə çalışarkən, gicgahından dəyən yumruq zərbəsiylə yerə yıxılan Mirzənin başı zərblə daşa dəyir və o, oradaca huşunu itirir.
Gözləri dolmuş Həcər xala göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı.
-Sonrası da məlum məsələdir, bir neçə dələduzun boş və mənasız, axmaq mübahisəsinə görə, o gecə günəş kimi parlaq bir gələcəyi olan, qızıl kimi qiymətli bir gəncin həyatı, xəyalları, arzuları məhv oldu.
Yaylığı ilə göz yaşlarını silib bir az toxdadıqdan sonra Həcər xala sözünə davam elədi.
-Ehh, qızım, hələ o yazıq qızcığaz. Mirzə yıxılıb başından zədə aldığı gün onun da dünyası başına yıxıldı. Bir gecənin içində bütün arzuları, birlikdə universitetə qəbul olmaq xəyalları puç oldu. Mirzə bəlkə o gün ölmədi, amma, inan ki, ilk zamanlar onu belə görmək ölümdən də betər idi. Bir müddət sonra imtahan nəticələri çıxdı, qismətə, bax, ikisi də eyni univerisitetin eyni ixtisasına qəbul olmuşdular. Qohum-qonşu, dost-tanış yığışıb dərs ili başlayana qədər bir təhər yazıq qızı dilə tutub gedib oxumağa razı sala bildilər. O da gedib təhsil almaq, hər gün Mirzəni bu vəziyyətdə görməkdən daha asan olar hər halda, deyə düşünüb çıxıb getdi. Təhsilini bitirəndən sonra da təyinatını başqa yerə aldırıb bir də kəndə qayıtmadı. Bir neçə il sonra da evləndi, yazıq balam dilinə, bir dəfə olsun içki dəyməyən uşaq sanki qızın toy günü olduğunu hiss edib o gecə içib sərxoş olmuş, səhərə kimi sayıqlamışdı. Hələ o gün anasını gördüm qızın, deyir, oğlunun adını Mirzə qoyub.
Eşitdiklərimin təsirindən donub qalmış nə deyəcəyimi bilmirdim. Birdən: "Qoooool, qoool", – deyə uşaqların şən səsi bütün məhləni götürdü. Qalxıb eyvana çıxdıq.
Mirzə hər şeydən xəbərsiz vurduğu qolun sevincini yaşayırdı.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Sabah “Qırmızı ləçəklər” romanının müzakirəsi keçiriləcək
Xocalı barədə xeyli bədii ədəbiyyat nümunəsi var və bunların içində “Qırmızı ləçəklər” romanının xüsusi yeri və çəkisi var. Sevgi nədir, ayrılıq nədir, vətəndə vətənsizlik nədir, həbsxanada basqılardan qurtulmaq necə olur, vəzifə başında çoxsaylı bədxaha əyilməmək, döyüşdə düşmənə qan uddurmaq necə olur, bütün bunlar həmin romandadır. Bu roman gənclərə necə sevməyi öyrədir. Vətənini necə sevməli, xalqını necə sevməli, ailəni necə sevməli…
Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varislə sabah “Libraff” mağazalar şəbələsinin Elmlər filialında görüş keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş müəllifin Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən "Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutacaqdır.
Təşkilatçılar gənclərin nəzərinə bir məlumatı çatdırmaq istəyir ki, görüşdə iştirak etməklə bu dəyərli əsər haqqında müəllifin özündən məlumat ala, fikir mübadiləsi apara və onları düşündürən suallara cavab tapa bilərlər.
Tarix: 29 iyul 2023-cü il, saat 16:00
İştirak üçün qeydiyyatdan keçin: https://bit.ly/VarisYolçuyevləgörüş
Qeydiyyat üçün son tarix: 28.07.2023, saat 22:00
Qeyd: Yalnız müraciəti müsbət dəyərləndirilmiş şəxslərlə əlaqə saxlanılacaqdır.
#ANAİB #BöyükQayıdış #VarisYolçuyev #Qırmızıləçəklər #Görüş #böyükqayıdış2023
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
XIII Beynəlxalq Qəbələ Musiqi Festivalında ilk olaraq “Gənclərə dəstək” layihəsinin iştirakçıları çıxış edib
İyulun 27- də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsinin iştirakçıları konsert proqramı ilə çıxış ediblər.
AzərTAC xəbər verir ki, konsert proqramı XIII Beynəlxalq Qəbələ Musiqi Festivalı çərçivəsində təqdim olunub.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, festivalın önəmindən danışıb: “Heç təsadüfü deyil ki, festivalın ilk konsertində gənc, böyük səhnələrə ilk addımlarını atan musiqiçilər çıxış edir. Çünki Qəbələ Beynəlxalq Musiqi Festivalı yaradıldığı gündən öz səhnələrini gənc musiqiçilərə açır və onların gələcək uğurlarına təkan verir. Gənc musiqiçilərin milli dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi, dünya elm və mədəniyyətindən bəhrələnməsi üçün dövlətimiz tərəfindən mühüm işlər görülür. Fürsətdən istifadə edib bu möhtəşəm festivalın təşkilatçılığına görə Heydər Əliyev Fonduna və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm".
"Gənclərə dəstək" layihəsi barədə məlumat verən Xalq artisti deyib ki, layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə çərçivəsində gənclərin ilk konserti 2016-cı il noyabrın 15-də olub və həmin vaxtdan mütəmadi olaraq hər ay bir neçə dəfə silsilə konsertlər davam etdirilərək, onlar artıq öz dinləyici kütləsini yaradıb, geniş auditoriyanın rəğbətini qazanıblar.
Qeyd edilib ki, layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur. Proqram və janr baxımından çox zəngindir. Buraya vokal, fortepiano, kamera-instrumental musiqisi, simfonik musiqi, eləcə də muğam axşamları aiddir. "Gənclərə dəstək" layihəsi Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçıları, hələ təhsilini davam etdirən və ya son illərin məzunları olan gənc bəstəkarları da unutmamışdır. Onların kamera-vokal və orkestr əsərləri mütəmadi səslənir.
Qeyd edilib ki, "Gənclərə dəstək" layihəsi yeddi ildir yaranmasına baxmayaraq, artıq ölkəmizin hüdudlarından kənarda da tanınır.
Sonra tədbir respublika və beynəlxalq müsabiqələr laureatı olan gənc və yeniyetmələrin konsert proqramı ilə davam edib.
Konsert çərçivəsində görkəmli bəstəkarların əsərləri ifa olunub.
Konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, avqustun 2-dək davam edəcək XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup kino xadimini mükafatlandırıb
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə kino xadimlərini mükafatlandırıb.
ARKİ-nin yaydığl məlumata görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Milli Kino Mükafatı”na bu il kinomuza verdikləri töhfələrə görə, eyni zamanda Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə İttifaqın təsisçiləri və idarə heyətinin yekdil qərarına əsasən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və Əməkdar incəsənət xadimi kinoşünas, kinorejissor Ayaz Salayev layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi ilə əlamətdar olan cari ildə yubiley yaşları tamam olan Xalq artistləri Oqtay Mirqasım (80), Vaqif Mustafayev (70), Əməkdar incəsənət xadimi Cəmil Quliyev (60), Əməkdar mədəniyyət işçiləri Elçin Hami Axundov (75) və Sabir Vəliyev (85), təsvir rejissoru Rafiq Əliyev (70), Əməkdar artist Əliqulu Səmədov (70), aktyor Nadir Əzməmmədov (70), rəssam Elyaz Səfərov (60), prodüser Vladimir Dudniçenko (75), ssenarist Rəmziyyə Cilqamlı (70), eləcə də peşə bayramı münasibətilə ARKİ-nin ömrünü kinoya həsr etmiş 11 nəfər veteran üzvləri pul və digər mükafatlara layiq görülüblər.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Gənclər “Libraff”da Varisin “Qırmızı ləçəklər” romanının müzakirəsinə dəvət edilir
Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyevlə görüş keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş müəllifin Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən "Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutacaqdır.
Təşkilatçılar gənclərin nəzərinə bir məlumatı çatdırmaq istəyir ki, görüşdə iştirak etməklə bu dəyərli əsər haqqında müəllifin özündən məlumat ala, fikir mübadiləsi apara və onları düşündürən suallara cavab tapa bilərlər.
Tarix: 29 iyul 2023-cü il, saat 16:00
Libraff (Elmlər filialı)
İştirak üçün qeydiyyatdan keçin: https://bit.ly/VarisYolçuyevləgörüş
Qeydiyyat üçün son tarix: 28.07.2023, saat 22:00
Qeyd: Yalnız müraciəti müsbət dəyərləndirilmiş şəxslərlə əlaqə saxlanılacaqdır.
#ANAİB #BöyükQayıdış #VarisYolçuyev #Qırmızıləçəklər #Görüş #böyükqayıdış2023
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Məşhur amerikalı ssenarist Bo Qoldman vəfat edib
Məşhur amerikalı ssenarist Bo Qoldman 90 yaşında vəfat edib.
TASS agentliyi xəbər verir ki, “Qadın ətri” filminin ssenari müəllifi, “Oskar” mükafatı laureatı B.Qoldman Kaliforniyadakı evində dünyasını dəyişib.
Xatırladaq ki, ssenarist “Qu quşu yuvasının üzərindən uçarkən”, həmçinin “Melvin və Hovard” filmlərinin ssenarisinə görə “Oskar” mükafatına layiq görülüb. Onun eyni zamanda məşhur layihələri arasında "Tanış olun, Co Blek", "Qadın ətri", "City hall", "Paradine işi" kimi ekran əsərlərini misal çəkmək olar.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)