Super User
Bu gün XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Bu gün XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlaylr. Zövqlü və elitar musiqinin məkanına çevriləcək Qəbələdə yenidən musiqi virtuozları bir araya gələcəklər.
Avqustun 2-nədək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.
Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.
2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.
Bir sözlə, baxmağa və dinləməyə dəyər!
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
“Komandanta” ilə başlanğıc
80-ci Venesiya Film Festivalında nümayiş olunacaq filmlərin adları açıqlanıb
İtaliyada bu il 80-ci dəfə keçiriləcək Beynəlxalq Venesiya Film Festivalında nümayiş olunacaq filmlərin adları açıqlanıb.
“Ədəbiyyat və incəsənət” portalı XXL-ə istinadən xəbər verir ki, avqustun 30-dan sentyabrın 9-dək keçiriləcək festivalın açılış filmi Edoardo De Angelisin "Komandanta" filmi olacaq ki, bu film də əsas müsabiqə kateqoriyasına daxil edilib.
Həmçinin rejissor Nikolay Arselin "Bastarden", Luc Bessonun "Dogman", Bertran Bonellonun "La Bete", Stefan Brizenin "Hors-Saison", Pietro Castellittonun "Enea", Bredley Cooperin "Maestro", “Sofia Coppolanın "Priscilla", Saverio Costanzo Finalmente “L'Alba”, Edoardo De Angelisin "Komandanta", Corcio Dirittinin "Lubo", Ava DuVerneyin "Mənşə", David Finçerin "Qatil", Mişel Frankonun "Yaddaş", Matteo Qarronun "İo Kapitano", Yorgos Lanthimosun "Poor Things", Pablo Larrainin "El Conde", Mixail Mannın "Ferrari", Stefano Sollimanın "Adagio", Malgorzata Szumowska və Miçel Englertin “Kobieta Z... (Woman Of)" və Fien Troch'un “Holly” filmləri festivalın baş mükafatı “Qızıl Aslan” uğrunda mübarizə aparacaq.
Festivalın “Üfüqlər” (Orizzonti) kateqoriyasında nümayiş etdiriləcək 17 ekran əsəri arasında 2 türk rejissorunun filmi də yer alır.
Rejissorlar Selman Nacarın “Tərəddüd xətti” və Nehir Tunanın “Yurd” filmi “Üfüqlər” kateqoriyasında Venesiyada kinosevərlərə ilk dəfə təqdim olunacaq.
Sentyabrın 9-da isə festivalın mükafatlandırma mərasimi olacaq.
Bu arada onu da qeyd edək ki, Holluvud aktyorlarının və filmlərinin Venesiyaya gələ bilməməsi təhlükəsi hələ də realdır. ABŞ Kinematoqrafçılar Gildiyaaının elan etdiyi tətil davam edir.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Bu gün həm də görkəmli bəstəkar Şəfiqə Axundovanın anım günüdür
Bu gün - iyulun 26-sı görkəmli yazıçı İsmayıl Şıxlının və görkəmli rəssam Nəriman Əbdürrəhmanovun anım günüdür. Amma tək onların yox. Bu gün həm də Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anım günüdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açan Şəfiqə Axundova A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını alan Şəfiqə Axundova ustadından bəhrələndiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Ş.Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirib. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. “Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edib. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlib və əsərə uğur qazandırıb.
Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və digər şairlərin əsərlərinə mahnılar bəstələyib.
Şəfiqə Axundovanın əsərləri Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs və bir çox istedadlı ifaçılar tərəfindən sevilə-sevilə oxunub, bu gün də ifa edilir.
Xalq artisti Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Şəfiqə Məmmədova ilə Rasim Balayevin rəhbərlik etdiyi qurumlar birləşib
Şəfiqə Məmmədova ilə Rasim Balayevin rəhbərlik etdiyi qurumlar birləşib, yəni, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.
İttifaqlardan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı bu gün ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib.
İclasın yekunu olaraq, ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Rəsm qalereyası: Nəriman Əbdürrəhmanov, “Yurd”
Xalq rəssamı Nadir Əbdürrəhmanovun anım gününə
Öncəki yazılardan birində bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anım günü olduğunu qeyd etmişdik. Bu gün həm də Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Nadir Əbdürrəhmanovun anım günüdür. Onun vəfatından 15 il ötməsinə baxmayaraq, yaratdığı sənət nümunələri hələ də aktuallığını itirməyib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq rəssamı N.Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər görkəmli sənətkarlarımızla birlikdə ölkəmizdə gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak edib. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə o, Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən N.Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıdıb. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xəti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynayıb. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilib.
Azərbaycan torpağının əsrarəngiz gözəllikləri və müasirlərin qurub yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olub. Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. N.Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yadda qalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Xalq rəssamının Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında xidmətləri də təqdirəlayiqdir. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilərək, sənətsevərlərin rəğbətini qazana bilib.
Onun, həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirib.
Xalq rəssamı Nadir Əbdürrəhmanov 2008-ci il iyulun 26-da ömrünün 83-cü ilində vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Əbədi yaddaşlarda qaldı: Böyük yazıçı kimi, əsl vətəndaş kimi, əsl kişi kimi
BU GÜN XALQ YAZIÇISI İSMAYIL ŞIXLININ VƏFATININ 28-Cİ İLDÖNÜMÜDÜR
Sovetin qılıncının dalı və qabağı kəsən bir zamanda ədəbiyyata Cahandar ağa obrazını gətirərək ideologiyaya meydan oxudu İsmayıl Şıxlı. Kommunistlərin ali tribunasından kommunistləri cəsarətlə ittiham etdi İsmayıl Şıxlı. Xalq azadlıq hərəkatının öncüllərindən olub meydanlarda sel kimi kükrədi İsmayıl Şıxlı…
O, zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Məşhur “Dəli Kür” romanı ilə ədib ictimai şüurda dönüşə və özünüdərkə yol açdı. Sovet imperiyası tərkibindəki türk respublikalarında qazax xalqı üçün Oljas Süleymenov, qırğız xalqı üçün Çingiz Aytmatov kim idisə, Azərbaycan xalqı üçün də İsmayıl Şıxlı odur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 28 il ötür. O, 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində, daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhədə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant , müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.
İsmayıl Şıxlı şeirdə çox yubanmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.
“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi.
Ədibin bir neçə əsəri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. İ.Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi"ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirmişdi. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunur.
Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.
"Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Dörd nəfərə üş paraşüt, yaxud kədərli yumor
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün əslində kədərli bir yumor danışacam. Hərşənd, mahiyyətə varmayıb uğunub gedən də az olmayacaq.
Demək, NATO təlimlərimdə isveçli pilot və 3 əsgər: ermeni, rus və azərbaycanlı təyyarədə uçurlar. Təcili yerə atlanmaq lazım gəlir. Təyyarədə də cəmi
3 paraşüt olur.
Pilot deyir: - Biz dörd, paraşüt üç. Mən hərənizə bir sual verəcəm. Kim cavabını tapsa paraşütü alıb gedəcək.
Əsgərlər deyirlər ki, olsun.
İlk sual erməniyə gəlir:
-Ermənistanın paytaxtı haradır?
Cavab dərhal səslənir:
-Əlbəttə Yerevan.
Erməni paraşütü götürüb aşağı tullanır.
Sonra rusa sual gəlir:
-Rusiyanın paytaxtı haradır?
Rus gülərək: -Təbii ki, Moskva- cavabını verir. O da paraşütünü götürüb aşağı tullanır.
Növbə azərbaycanlıya çatanda pilot soruşur:
-Burkina Fasonun Terremo Qalli əyalətinin Hansu mahalının inzibati mərkəzi haradır?
Azərbaycanlı köks ötürərək deyir:
-Daha de ki, vermirəm də.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Günün fotosu: İspaniyanın parçalanma təhlükəsi ciddidir
Günün fotosu: İspaniyanın parçalanma təhlükəsi ciddidir
Euronews xəbər verir ki, Kataloniya partiyaları İspaniyada keçirilən seçkilərin nəticələrinə görə nazirlər kabinetinin formalaşmasında həlledici səs ala bilərlər.
Belə ki, başa çatmış seçkilər ölkənin siyasi xəritəsində güc nisbətini tam dəyişib. Nə sollar, nə də sağlar lazımi sayda mandat əldə edə bilməyiblər ki, parlamentdə çoxluğa sahib olsunlar.
Fotoda katalon separatçılarını görürsünüz. (Müəllif hüquqları: Kristina Giner)
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Naxçıvan Filarmoniyasına status verilib
Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı bu gün filarmoniyada tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası (NMR) Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov bildirib ki, NMR-in Nazirlər Kabineti Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Filarmoniyasında 200-ə yaxın sənət adamı fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)