DEBÜT-də Leyla Ümidin “Acının şirin təbəssümü” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Debüt rubrikasında sizlərə Leyla Ümidin “Acının şirin təbəssümü” hekayəsini təqdim edirik. Və elə bu yerdə bütün valideyinlərə səslənirik. Çiçəkləri vaxtsız saplaqlarından üzüb, onları solmağa məhkum etməyin! 

 

 

Otağımın içərisində durmadan gah sağa, gah da sola gedirdim. Mədəmdə həyəcandan dərin bir boşluq yaranmışdı. Sanki hər nəfəs aldığımda ruhum o boşluqda süzülərək rəqs edirdi. 

Bugün həyatımın ən böyük xəbərini alacaqdım. Daha doğrusu, hər birimiz

alacaqdıq. Ovuclarımın içi tərləməyə başladığında bir daha dayımın Moskvadan

yolladığı yeni komputerimdən xəbər gəlib-gəlmədiyini yoxladım. Təəssüf ki.. hələ də

yox idi. 

İçimdən bir səs yaxşı olacağını deyirdi və mən başımı qatmaq üçün mətbəxə keçib yeməklər hazırlamağa qərar verdim. Çalmamı saçıma bağlayıb aşağıya eyvana enərək tərəvəzləri gətirdim. Anidən inəkləri  sağmadığımı xatırlayıb qaçaraq

süd vedrəsini götürdüm. Havada quşların cəh-cəhi, günəş şüalarının yumşaq otların

üzərinə düşməsi, dağ nanələrinin qoxusu, həzin əsən meh ilə elə gözəl bir gün idi ki,

insanı bihuş edirdi. 

İnəklərimiz Qaraca qızla, Xallını sığallayıb ehmalca sağmağa başladım və işimi tez bitirib yemək hazırlamaq üçün evə qaçdım. Anam da bugün bazara getdiyi üçün bütün işlər mənim üzərimə qalmışdı. 

Mətbəxə keçərkən mənə zəng gəldiyini gördüm və bu Murad idi. Zəngi açdığımda təlaşla dedi:

-Gülnisə, cavablar çıxdı. Tez bax gör hara qəbul olmusan. Amma telefonu söndürmə,

mən də eşidib bu ana şahid olmaq istəyirəm.

Həyəcandan nəyi hara qoydum bilmədən otağıma - komputerimin başına keçdim.

Bugün universitetə qəbul cavablarımız çıxmalı idi. Mən və yaxın dostlarım beş nəfər

idik. Elə biri də Muraddır. Biz çox əziyyət çəkib ailələrimizi razı salmış, oxumuş və

imtahan vermişdik. Biz dediyim yəni iki rəfiqəm ilə çətinliklə ailələrimizi yola

gətirmişdik ki, imtahana girməyimizə icazə versinlər. Hər birimiz eyni universiteti xəyal

edirdik- Azərbaycan İqtisadiyyat Universiteti. Uşaqlıqdan bəri birlikdə biznes, iş qurmağı, şirkət açmağı və onu özümüz idarə etməyi xəyal edərdik. Doğrusu, eyni yerə düşməyə də bilərdik. Lakin hər nə olursa olsun, Bakıya getməyimiz bizə Allah

tərəfindən ən böyük hədiyyə olardı. 

Əllərim əsərkən Muradın səsini mikrafona qoyub şəxsi kabinetimə girməyə başladım. Ürəyim elə çırpınırdı ki, istidən yanan qulaqlarımda səsini eşidirdim. Və budur! Gördüyüm mənzərə qarşısında göz yaşlarımı tuta bilməyərək qışqırdım. “Murad, qəbul olmuşam. Şükürlər olsun, mən universitetə qəbul olmuşam.

Urraaaa!” ağlayaraq tullanıb düşürdüm. Ayaqlarım, əllərim bir-birinə dolaşmışdı və

əsirdilər. Telefonda artıq neçənci dəfədir bilmirəm verilən o sualı eşitdim: “Hansı

universitet?” Tez telefonu əlimə alaraq qışqırdım:

-Murad, Azərbaycan İqtisadiyyata qəbul olmuşam. İnana bilirsən? Xəyallarım,

xəyallarımız gerçək olacaq. Dayan, bircə dəqiqə sən hara qəbul olmusan?

-UNEC. Yəni eyni yerə daxil olmuşuq, xanım qız.

Əlimi ağzıma tutaraq sevincdən uçurdum. Daha sonra digər dostlarımıza zəng etdik.

Təəssüf ki, Əhməd bizdən uzağa - yəni Gəncə rayonundakı universitetə qəbul olmuşdu.

Bahar və Şahnaz isə ikisi də Bakı dövlətin fərqli fakültələrinə daxil olmuşdular. 

Muradla sağollaşıb mətbəxə qaçdım. Bu axşama möhtəşəm süfrə qurmağı planladım. Sevinc gözyaşlarımı silərək işə qoşuldum. Bir neçə saata gözəl qoxular ətrafı bürümüşdü. Hətta çörək belə bişirirdim. 

Anam bir azdan gəlir, ona bu xəbəri gəldiyi andaca verəcəkdim.

Amma ən çox atama demək üçün həyəcanlıyam. Atamın bircə qızı Gülnisəsi axı dövlət universitetinə qəbul olmuşdu. O indi hər yerdə bu şad xəbəri deyəcək və mənimlə fəxr edəcəkdi. Qardaşım da gələn ay əsgərlikdən gəlir. O da oxumağımı daima dəstəkləyirdi.

Canım ailəm onları elə çox sevirəm ki, yanlarından ayrılıb oxumağa gedərkən çox

darıxacağımı bilirdim. Eh... Amma mən ali savadlı, təhsilli, başı dik bir qadın

olmalıydım. Bunu bacaracam və sonra ailəmə özüm baxacam.

Nəhayət, anam evə gəldi. Əlindəki torbaları tez alıb yerə qoydum və anidən birnəfəsə

dedim:

-Ana, mən universitetə qəbul oldum!

Anam gözləri bərələ formada heç nə demədən donub qalmışdı. Bir neçə saniyə sonra ağlayaraq məni qucaqlayıb yanaqlarımdan öpdü. Əllərini göyə açaraq: “Ay Allahım, sənə şükür. Balam qəbul oldu, ay Allah”-deyib çölə qaçaraq qonşulara səslənməyə başladı. Sevincdən nə etdiyini bilməsə də onun bu gülüşlərinə, hamıya xəbər etməsinə qarışmadım. 

Atam bir azdan gələcəkdi və hər şeyi hazır etmişdim. 

…Atam gülərüzlə evə gəldi. Qabağına qaçıb geyinməsi üçün başmaqlarını verdim və ona bu şad xəbəri süfrəni göstərdikdən sonra demək istədim. 

O yeməkləri görüb dedi:

-Nə yaxşı ki, yeməklər bişirmisən, qızım. Birazdan qonaqlarımız olacaq. Boşqab sayını artır.

-Kimlər gəlir, ata?

-Sən tanımırsan, amma yaxşı insanlardılar və xeyir işə gəlirlər. Boşqab gətir, qızım.

Boşqabları gətirmədən qabaq atama bu xəbəri demək istədim:

-Ata, sənə bir şey deməliyəm.

-Buyur, de görək.

-Ata, bilirsən də imtahan vermişdim. Bugün onun cavabları çıxdı.

Atam heç nə demədən, reaksiyasız sözümü bitirməmi gözləyirdi. Bu üz ifadəsi çox

xoşuma gəlməsə də xəbəri eşidəndə sevinəcəyini bilirdim:

-Azərbaycan İqtisadiyyat Universitinə qəbul olmuşam, ata. İş quran, iqtisadiyyatçı bir

qız olacam. Sonra çoxlu pulum olacaq, sizə elə özüm baxacam.

Sözümü bitirdiyim an atam ayağa qalxıb qaşlarını çatdı, qarşımda dayandı. Sonra səs tonunu qaldıraraq anamı çağırıb dedi:

-Sənin bu qızın nə danışır belə? İqtisadiyyat nədir? Qız uşağının orda nə iti azıbdır?

Buna bu cəsarəti sən verib qudurtmusan, Gülnaz! Bu qızıva ağıl ver!

Gözlərim gördüklərinə, qulaqlarım eşitdiklərinə inana bilmirdi. Necə yəni? Qızam deyə iqtisadiyyat oxuya bilmərəm? Ağlamayım deyə özümü sıxdığımda boğazım düyümlənmişdi. Atamın üzünə baxıb böyük ümidlərlə çırpınaraq dedim:

-Ata, qurban olum, bu nə deməkdir? Sən ki, icazə vermişdin mən oxuyam, təhsilli

olam. Niyə belə deyirsən?

-Fikrimdən daşındım. İqtisadiyyat olmaz, həm də sənin day oxumana gərək qalmadı.

Bir azdan evə gələnlər elçidir. Səni çox yaxşı, varlı ailəyə verirəm.

Bunu necə deyim, bilmirəm, amma heç olubmu ki, diliniz ağzınızdan yox olub

danışmır və nəfəs borunuz 3-4 əl tərəfindən sıxılır. Ürəyinizin döyüntüsü qulağınızda,

biləyinizdən hər tərfinizdən eşidilir. Ürək bulantı hissi ilə fəryad etmək istəyi birlikdə

üstünüzə gəlirlər. Bu qulağım eşitdiklərindən sonra mən bu hisləri yaşadım və hönkürtüylə ağlayıb yalvarmaqdan başqa heç nə gəlmirdi əlimdən. Diz çökdüm. Atamın qarşısında diz çökdüm, yıxıldım onun qabağına. Məni hələ 17 yaşımda evləndirmək istəyən bu adamın qarşısında diz çökdüm. Əllərimlə ayaqlarından yapışaraq yalvardım. Heç yalvarmadığım qədər yalvardım. İçimdəki son bir damla ümidlə, atam olduğunu və mənim qızı olduğumu, onun üçün dəyərli olduğumu xatırlatmaq üçün yalvardım:

-Ata, yalvarıram vermə məni heç kəsə, ata. Vallah iqtisadiyyat oxumaram, ata. Bir daha

hazırlaşıb müəllimə olaram, həkim olaram. Nolar, ay ata, nolar icazə ver oxuyum. Mən

evlənmək istəmirəm, ata. Qurban olum, ayaqlarının altında ölərəm vermə məni. Bircə qızınam mən axı, ata. Mən axı sənin qızınam, nazlı Gülnisənəm. Nolar, Ata!

Atam qamətini əymədən heç bir tükü belə tərpənmədən ayağını geri çəkərəq yıxdı

məni və anama: “Hazırlaşsın, əl-üzünü yusun. Mən sözü bir dəfə deyirəm. Boşqablar qoyun masaya”-deyərək çölə çıxdı. 

Anamın da əlindən ağlamaqdan başqa heç nə gəlmirdi. Məni vanna otağına aparıb üz-gözümü yuduğunda güzgüyə baxdım.

Gözlərimdəki qəzəbi gördüm. O an içimdən bir səs “Qaç, qurtul, Gülnisə!” deyirdi.

Qəlbimə qəribə bir cəsarət dolmuşdu. Otağıma keçib qapını kilidlədim. Çantamı alıb içinə əşyalarımı və qardaşımla olan şəklimi qoydum. Haradan, necə gedəcəyimi

bilmirdim deyə əlim telefona getdi. Murada zəng edib soruşmalıydım. Murad həmən

açdı və səsimdən artıq anladı ki, heç nə yaxşı deyil. Olan bitəni danışdıqdan sonra

ondan avtovağzala necə gedəcəyimi soruşduğumda cavabı belə oldu:

-Səni tək göndərəcğyimi kim dedi? Hazırlaş, fürsət tapan kimi çıx evdən. Arxın başında

maşınla səni gözləyəcəm. Evdəkilər hədiyyə kimi maşını veriblər. Bakıya təcili sənəd

üçün çıxmalıyam deyib, çıxıram evdən. Hazır ol, Gülnisə. Qətiyyən, qorxma.

-Yox, olmaz. Sənin başını bəlaya soxa bilmərəm. Mən tək gedəcəyəm.

-Ay qız, buna ölsəm də icazə vermərəm. Eşidirsən məni? Sakitləş. Heç kimlə

evlənməyəcəksən. Orda tələbə evi tutacam, qalacayıq. Yay boyu yığdığım pulu da

götürmüşəm.

-Mən də pul yığmışam. Götürürəm.

-Qorxma, gözəl, qorxma. Bu kənddən canımız qurtaracaq.

…Yarım saat keçdikdən sonra qapının səsini eşitdim. Elçilər gəlmişdi. Onlar zala

keçdiklərində qapıdan çıxmalıydım səssizcə. Hər birinin otağa keçdiyindən əmin olub

çantamı götürərək barmaq uclarımda otaqdan çıxdım. Çöl qapıya keçərkən orda oturan oğlanı gördüm. Yəqin ki, 25-26 yaşı olardı. Sarışın, yaşılgözlü bir oğlan idi. Anası, atası və qardaşıyla gəlmişdi. Heç biri məni görmədən cəld çıxdım evdən. Arxama son dəfə baxdım- inəklərimə, toyuqlarıma, əkdiyim reyhanlara, şüyüdlərə, ağacdan asılı kəndir yelləncəyimizə, böyüdüyüm evə son dəfə baxdım. Göz yaşlarımla qaçmağa başladım.

…Muradın yanına gəlib çatmışdım və biz yola düşdük. Pəncərəni sonuna qədər endirib gecəni izləməyə başladım. Olanlar ağlımdan çıxmırdı. İçimdə atama qarşı kin

yaratmamaq üçün ona haqlı səbəb verməyə çalışırdım. Fəqət tapa bilmirdim. Nəfəs

almaqda çətinlik çəkərkən dönüb yanımdakı adama baxdığımda necə yaxşı dost

olduğunu daha yaxşı anlamışdım. Cəsur idi. Gözünü qırpmadan, heç nəyi düşünmədən

mənim üçün evi ilə tez sağollaşmışdı. Allaha dua edib gözlərimi yumdum...

 

 

1 həftə sonra

 

Bugün dərsimizin ilk günü idi. Biz Bakıdaydıq  və qalmaq üçün münasib qiymətə iki

otaqlı ev tutmuşduq. Soyuducunun içinə bazarlıq edib doldurmuş, evi tər-təmiz təmizləmişdik. 

Dünən isə Sahildə Bahargillə görüşmüşdük. Onlardan kənddəki vəziyyəti öyrənmişdik. Hər kəs, elçilər belə məni axtarırmış. Muraddan hələ şübhələnən olmasa da onun da Bakıda olduğunu bilirdilər. Kəndi, rayonu alt-üst ediblərmiş və anamın vəziyyəti heç yaxşı deyilmiş. Fəqət, “qız təki tutulmasın, canını qurtarsın” deyibsə, yaxşı olacağını bilirdim. 

Zatən iki gün sonra 18 yaşım olacaq və heç kim zorla mənə nəsə edə bilməz. Hüquqlarım var idi. Bunun üçün dövlət qurumlarına şikayət edə biləcəyimi öyrənmişdim. 

Muradla birlikdə universitetimizə yola düşdük. Elə böyük və qəşəng idi ki, sevincdən uçurdum. Yeni tikilən filialı olduğundan hər şey təptəzə idi. İlk dərsimizə girib yeni tələbələr və sevimli

müəlliməmiz ilə tanış olmuşduq. 

Universiteti çox sevmişdim. Yeni həyatımızı çox sevmişdik. Muradla güclü bir komanda olduğumuza inanırdım. Onun yanımda olmağı, məni qorumağı, dəstəyi məni güvəndə hiss etdirirdi.

Dərsimiz bitmişdi və çıxışdan maşına doğru yeriməyə başladıq. Gülüşlərim anidən

solmuşdu. O qarşımda idi. Yaşıl gözləri olan həmənki oğlan. Bir Murada, bir mənə

baxıb belindən silahını çıxardaraq mənə doğrultdu. Bu həqiqət idi? Çırpınan ürəyim

ayaqlarımı yerə həbs etmişcəsinə yerimdən tərpənə bilmirdim. Murad o iri və uzun

qollarını qarşımda qalxan edib məni arxasına keçirdi. Ətrafımıza insanlar toplanmışdı.

Kimsə heç nə etmirdi. Sadəcə birinin polisə xəbər verdiyini eşitmişdim. Muradı

qarşımdan çəkməyə çalışarkən gücüm yetmirdi. Murad qara gözlərini sərtcə ona dikmişdi, mənimsə önümdən çəkilmirdi. Boğulurdum. Mən artıq çarəsizlikdən boğulurdum.

Qorxaraq nə edəcəyimi bilmirdim. Və bu səs! Ömür boyu unutmayacağım bu səs. İki

dəfə silah atəşi səsi...

-MURAD! Yox! Yox! Bu ola bilməz. Olmaz.

Çığıraraq dizlərimi yerə atmış və Muradın qanlar içərisində olan bədənini

qucaqlamışdım. Ona yaraşmırdı axı. Dimdik duran bu oğlana yaraşmazdı axı belə

uzanmaq. Durmalıydı ayağa.

-Murad, qalx, qalx gedək, Murad! Əclafff, sən nə etdinn, əclaf!

Dəli olmuşdum mən artıq. Nəfəsim çatışmırdı. Ağlım başımdan uçmuş, qulağımda eşitdiyim uğultular, polis maşını səsləri, əlləmdəki qan və qara gözləri ilə mənə baxıb gülümsəyən Murad.. 

O pıçıltıyla nə isə deməyə çalışarkən gözlərimi silib qulağımı ona yaxınlaşdırdım. Öskürərək, güclə nəfəs alaraq dedi:

-Gülnisə, şşşş, ağlama. Mən yaxş.. yaxşıyam. Sənə bir şey etirafff etməliyəm. Bunu bu anda deyil də, ad günündə deyəcəkdim. Amm..amma..ndi qismət oldu. Evimizdə şkafın çəkməcəsinə baxarsan.

-Hədiyyəni özün verəcəksən, Murad. Səbr et, ürəyim qurban səbr elə, tibbi yardım

gəlir.

-Gülnisə..

-Haycan.

-Uşaqlıq..uşaq..lıqdan bəri sənə vurğunam. Səni çox sevirəm. Sən mənim hər şeyimsən.

Mənim ruhumsan, ay qız.. Ölsəm nə olar ki, ruhum səninlə olduqdan sonra..

Eşitdiklərimə qarşı ciyərim parçalanmışdı. Qanlı əlimdən birini ağzıma aparıb tutdum.

Qanı axıb-axıb getdikcə, qucağımda can verdiyini bilirdim. Bu anda o mənə çox ağır

yük verirdi. Onu fərq etməməyimin, bura gətirməyimin yükünü, peşmançılığını qoyurdu bir ömür mənə. Yaşamalıydı! Mənə sevgisini göstərməliydi. Mən də ona olan bu dəyər hissimin əslində içimdə basdırdığım sevgi olduğunu anlamalıydım. Bakı mənzərəsində yemək yeyərkən etiraf etməliydik. Murad yaşamalıydı. Göz yaşlarım bədənimi əsdirərək axarkən fəryad edirdim. 

Murad yenə fısıltıyla nəsə deməyə çalışırdı:

-Mənə söz ver, gözəlim, mütl..mütləq oxuyacaqsan. Sənə heç nə edə bilməzlər.

Qorxma, oxu. Xəyal, xəy... xəyallarımızı gerçəkləşdir, Gülnisəm.

Gözləri qapandı... Yox! Elə möhkəm qışqırmışdım ki, elə möhkəm hönkürmüşdüm ki, ruhu mənim səsimdəki fəryadımla birlikdə ərşə ucalmışdı. Mənim ruhumu da aparmışdı

özü ilə, Muradım.. Gözlərini əbədiyyən yummuşdu.

 

 

İllər sonra

 

Bugün şəhərə baxan ofisimdə əlimdə oxuduğum bədii kitabımdan diqqətimi bir anlıq ayırıb pəncərəmə yansıyan insanlara diqqət elədim. Hər kəs bir yerlərə tələsirdi.

Maşınlar, insanlar… Düşünürəm ki, insan həyata bir pəncərə yansımasındakı kimi

görünər. Ancaq həqiqətən kim olduqları, kimlərini itirdikləri, nə acıları, nə sevincləri

olduğunu öz pəncərələrindən içəri baxa bilənlər görər. 

Uzun-uzun bu mənzərəni seyr edərkən əlim boynumdakı qızılı mələk simvollu boyunbağını getdi. Onu sıxaraq nəfəs

aldım. Gözlərimi açdığımda daima süzülüb pəncərəmə qonan ağ göyərçinimi gördüm.

Onu nə zaman görsəm günüm uğurlu keçirdi. Elə bu an içəri menecerim daxil olub dedi:

-Gülnisə xanım, “Qara Murad” geyim firmanızın tikdiyi paltarları görmək üçün

xaricdən qonaqlarımız gəldilər və iclas otağında sizi gözləyirlər. Bu artıq ikinci ölkədir ki, geyimlər orada satılacaq. Çox uğurlusunuz, Gülnisə xanım.

-Gedək, Ayla. Gedək, firmamızı bütün dünyaya tanıdaq çünki verilmiş vacib bir vədim var.

İclasda Amerikalılar şirkətimin və komandamın işlərini elə bəyənmişdilər ki,

modellərinə geyindirmək üçün tezliklə müqavilə imzalamağa başladılar. Masamda

geriyə yaslanıb əllərimi birləşdirərək pəncərəyə tərəf döndüyümdə həmin ağ göyərçini gördüm. Qəlbimə dolan dərin boşluq və acıya rəğmən gülümsədim. O isə gözlərini məndən ayırmırdı...

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.