QƏHRƏMANLARIMIZI TANIYAQ LAYİHƏSİNDƏ ARİF QEYBİYEV
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
27 sentyabr 2020-ci il.
Saat 05:17 də sübh azanına oyanıb, namazımı qıldıqdan sonra təkrar yuxuya getdim. Səhər yenidən oyandığımda isə saat 9, bəlkə də, 10 olardı.
Bütün ölkə ərazisində internet kəsilmişdi artıq. İnsanlarla internet, sosial şəbəkələr vasitəsilə əlaqə qurduğumuz, dünyaya internet vasitəsilə açıldığımız, son məlumtlar, xəbərlər aldığımız bir dövrdə internetin kəsilməsi problem idi, amma problem saydığımız bu durum, bizim üçün daha böyük bir problemə işarə idi əslində.
Bədbəxt hadisələr adətən öncədən əyan olur axı insanların ruhuna, bəli müharibə başlamışdı və çatdığı hər evə, hər qəlbə narahatçılıq, təşviş və qorxu toxumları səpirdi bu xəbər.
Hamı gözdə-qulaqdaydı, hamının gözü yol çəkir, hamı cəbhədən bir xəbər gözləyirdi.
Saat 11-12 radələrində həm sinif yoldaşım, həm də qonşumuz olan dostum nigarançılıqdan evdə otura bilməmiş, bizə gəlmişdi. Oturub bir qədər söhbət etdikdən sonra: “Mən daha gedim"-, deyib ayağa qalxdı.
Onu ötürərkən: "Nə xəbər alsan, mənə də mütləq xəbər et"-, dedim.
O da: "Yaxşı mütləq edərəm"-, deyib getdi.
Günortadan sonra təqribən saat 4-5 radələrində telefonum zəng çaldı, dostum idi, telefonu açar-açmaz, elə ilk dediyi söz bu oldu:
- Arifi vurublar!
- Arifi vurublar?
- Hə, dedilər gətirirlər..
Yəqin ki, dostumun danışıq kartı bitmişdi, çünki zəng anidən sonlandı.
Zəng sonlanan kimi telefon əlimdə cavab verməkdən qorxduğum sualların təsiri ilə sanki güllə ilə beynimdən vuruldum.
Necə yəni gətirirlər?
Əgər Arif həqiqətən vurulubsa və yaralıdırsa onda onu hərbi hospitala aparacaqlar. Axı dostum onu gətirilər dedi. Gətirirlər?! Deməli..
Çox qəribə təsviredilməz bir hiss ağuşuna aldı məni, necə deyərlər, tüklərim biz-biz oldu, bir üşütmə keçdi canımdan.
Telefonu stolun üstünə qoyub həyətə çıxdım. Az öncə aydın və işıqlı olan səmanın rəngi tutulmuş, buz buludlarla dolmuşdu.
Az keçmədi ki, kəndin girişində ambulansın sirena sədalarının eşidilməsi ilə soyuq payız yağışının torpağı döyəcləyən damlaları bir-birinə qarışdı.
Çempionun bu cür qayıdışana səma belə ağladı o gün. Doğulub boya-başa çatdığı həyətdən qalxan ah-nalə səsi quşları belə qorxudub dəstə-dəstə uçurtdu ağacların budaqlarından. Yağış su səpdi çempionun gələn yollarına, “şəhidlər ölməz, vətən bölünməz” sədaları ilə son mənzilə ötürdü izdiham şəhidini.
O gün müharibənin qəlbləri titrədən zəhmli ayaq səsləri eşidildilməyə başladı və 44 gün ərzində o hər ambulans sirenası sədası ilə addım-addım yurdun hər qarşını gəzib dolaşdı.
Neçə evə, neçə qəlbə girdi, neçə ruhu qabağına qatıb apardı özüylə, ömürlük məhbus etdi işgəncələrinə, bir Allah bildi, bir də o.
Son payızı oldu həmin payız
Şəhidlərimizin son payızı
Bəlkə neçə gözəl arzuların
Ölüb qəlbdə gömülən payızı
Həsrət gəlin köçdü gözlərinə.
Doğması geri dönməyənlərin
Qaranlıq özünə yuva qurdu
Çırağı söndürüldü neçə evin
Kədər ev tikdi qazi qəlbində
İtirdi candan bir parçasını
Həmin il payızda neçə insan
Torpağa gömdü öz yarısını?
Könüllər viran, sevdalar yarı
Körpələrin boynu bükük qaldı
Ana, atalar gözləri yaşlı
Ağac tək sındı qolu, budağı
Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə şəhid Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbinə daxil olub. 2012 -ci ildə həmin məktəbin 9-cu sinifindən çıxıb sənədlərini Astara Pedaqoji kollecinə verib və 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.
Arif Qeybiyev orta məktəb və orta ixtisas təhsili dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak edib.
O, kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.
Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə nail olub.
2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmət etməyə başlayıb. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək, 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı və Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.
Natiqlər şəhid Arif Qeybiyevin qəhrəmanlığından, şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin, şəhid Arif Qeybiyevin ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, Birinci Avropa Oyunlarında olimpiya məşəlini məhz Astarada onun qaldırdığı qeyd edilib, olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.
Şəhidimiz 2019-cu ildə ailə həyatı qurub və bir qız övladı var.
Ruhu şad olsun!
(İstifadə olunan mənbələr: az.m.wikipedia.org , Memorial.az)
“Ədəbiyyat və incəsənət”
(27.00.2023)