Super User

Super User

 

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

 

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. 

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, FHN əhalini gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: “Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. 

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə qeyd olunub. 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

Sentyabrın 18-də keçirilməsi planlaşdırılan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi təxirə salınıb.

Bu barədə TASS agentliyi ABŞ Televiziya Akademiyasına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi mükafatlandırma mərasimi aktyor və ssenaristlərin tətili səbəbi ilə gözlənilən tarixdə keçirilməyəcək. 

 

Qeyd olunub ki, mükafatlandırma mərasiminin gələn ilin yanvar ayında təşkil olunacağı gözlənilir. Daha dəqiq vaxt isə tətilin gedişatından asılı olacaq.

Xatırladaq ki, 2001-ci ildə Amerikada baş vermiş 11 sentyabr hadisələri, həmçinin ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlaması səbəbilə ilk dəfə olaraq tədbirin keçirilməsi təxirə salınmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Cümə, 28 İyul 2023 13:21

Bu gün Aşura günüdür

 

Şeyxülislam: Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriətə və qayda-qanunlara uyğun şəkildə keçirilir

 

Aşura günündə insanlar bədənlərinə xəsarət yetirərək özlərinə əziyyət verməməlidir. Onun əvəzinə, biz qan verərək xəstə uşaqlara, insanlara kömək ola bilərik. Azərbaycanda atılan bu cür addımlar bütün dünyada təqdir olunur. Qonşu ölkələrdə bunun düzgün yol olduğunu görüb qanvermə aksiyalarına başlayırlar. 

Bu gün bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

“Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriət və qayda-qanunlara uyğun şəkildə keçirilir. Ölkəmiz illərlə öz adət-ənənəsinə uyğun olaraq Kərbəla şəhidlərini yad edir. Bununla bərabər, biz öz şəhidlərimiz üçün də dualar oxuyuruq”, - deyə o əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

Yay fəsli əksərən yaradıcı şəxslər üçün də istirahət ayları hesab edilir. Bəs bu doğurdandamı belədir? Yazarlarımız hal-hazırda nə yazırlar? Hansı əsər üzərində işləyirlər? Yaradıcılıqlarında nə yeniliklər var?

Ednews bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Mətni Aynurə İsmayıl hazırlaylb. 

 

Xalq şairi Sabir Rüstəmxanlı:

"Bir xatirə kitabımı bitirib çapa verdim. Seçilmiş əsərlərimin 10-cu cildi çıxıb, 11 və 12-ci cildləri hazırlayıram. Ara-sıra şeir yazıram və bu dünyanın gedişatı haqqında düşünürəm".

 

Həmid Herisçi:

“Rusca şerlər yazmağa başladım bu il. Möcüzə idi sanki. Çox gözəl, bənzərsiz şerlər qələmə aldım. Nümunələrini çap edə bilərsiz. Yeni hekayələr kitabını yazıram. Həcimcə böyük, kiçik ölçüdədi bu hekayələr. "Tabutunu yonacaq rəndə" adlı romanımın 4 hissəsini yazmışam. Bu il bir neçə TV layihəsi yaratdım. Fərqli mövzular ətrafında. Hamısı ədəbi-fəlsəfi məzmunludu”.

 

Rasim Qaraca:

“Əsərlərim oxunmur. Nə yazdığım kimsə üçün maraqlı deyil. Buna görə də yaradıcılığım haqqında məlumat verməyi mənasız sayıram. Bu sualı əsərləri çox satılan və sevilən yazarlara versəniz yaxşı olar”.

 

Varis:

“Hal-hazırda “Qar yağmasın” adlı hekayə üzərində işləyirəm. Yəqin ki, üzümüzə gələn həftə “Ədəbiyyat qəzeti”ndə hekayə ilə tanış ola biləcəksiniz. 

Romana da yox, epopeyaya sığan bir mövzunu kiçik hekayəyə sığdırıram. 

Mən yaradıcılığa məhz hekayələrlə başlamışam, tələbəlik illərimdə Xalq Yazıçısı İsmayıl Şıxlı ilk qələm təcrübələrimlə tanış olanda onları o qədər bəyənib ki, “Ulduz” jurnalında dərc etdirib. 

Hekayə nəsr binasının özülü, romansa binanın özüdür. İkinci əsasdırsa da, birincisiz o, mövcud ola bilməz. 

İndi gənc yazarlarda bir romana meyillilik müşahidə olunur. Amma hekayə məktəbi keçməyən yaxşı romançı ola bilməz, bu aksiomdur.

Yaradıcılığımdakı yeniliklərlə bağlı isə bir onu deyə bilərəm ki, çoxlu dayanacağı olan uzun bir yola çıxmışam, ilk dayanacağa çatanda xəbər tutacaqsınız".

 

Cəlil Cavanşir:

“Hal-hazırda ssenari üzərində işləyirəm. Nə zamana bitəcəyini bilmirəm. Yekunlaşdıra bilsəm yaradıcılığım üçün yenilik olacaq”.

 

Alpay Azər:

"Məhkəməsiz" adlı hekayə yazıram, maraqlı, kəskin süjetli bir mətn ortaya qoymaq istəyirəm. Eyni zamanda 4 hekayəmi redaktə edirəm. Yaxın zamanlarda "Ulduz" və "Azərbaycan" jurnallarında, kulis.az saytında povest və hekayələrim çıxacaq, buna yəqin ki, yenilik demək olar”.

 

Sevinc Elsevər:

“Yay boyu uşaq romanlarımı yenidən redaktə elədim. Dörd uşaq romanım var. Onlardan biri hələ heç çap olunmayıb. Yaxın zamanda Xan nəşriyyatında çap olunacaq. Digər üç romanı da müəllif redaktəsindən keçirtdim. Şeir kitabımı hazırlamışam. 2018-ci ildən bəri yazdığım şeirləri toplamışam. Son beş ilin şeirlərini. Ancaq onun çapı hələ sual altındadır. Təəssüf ki, şeirə yaxın durmur artıq heç kim. Və kino ilə bağlı bir kitab üzərində işləyirəm bir ildir, artıq tamamlamaq üzrəyəm. "Kinomuzda məşhur qadın obrazları" adlanacaq kitab demək olar bitib. Son işləri görürəm. Bir neçə xırda hekayə yazmışam”.

 

Oğuz Ayvaz:

“Yay aylarında yaradıcılığımda bir durğunluq yaşayıram. Ruhum təbiətə qarışmaq, düşüncələrim azad olmaq istəyir. Hərdən dəli şeytan deyir, qəfil heç kəsə heç nə demədən şəhərdən başını götür qaç. Mövcud reallıq isə məni yaradıcılığımdan uzaq salır. Yeni iki hekayə yazmışam. Onların redaktəsi ilə məşğulam. İşdən vaxt tapdıqca hekayələrim üzərində işləyirəm. Hiss edirəm ki, yaradıcılığımda yeni mərhələ başlayır. 3 kitablıq mətnlərim var. Bir roman, bədii esselər və hekayələr. Amma isti, tıxaclar, jurnalistika işi məni olduqca yorur”.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və "Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) kollektivləri, həmçinin Özbəkistan, Qazaxıstan və Qırğızıstanın həmkarlar ittifaqlarının rəhbərləri iyulun 28-də Şəhidlər xiyabanını ziyarət ediblər. 

Bizim ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər çiçəklər qoyulub.
Sonra 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

“Ədəbiyyat və incəsənət”
(28.07.2023)

 

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş “İdman hamı üçündür!” adlı rəsm sərgisi keçirilib.

 

Xəbər verdiyimiz kimi, sərgidə 9 yaşından 29 yaşınadək olan yeniyetmə və gənc rəssamların əsərləri nümayiş olunub.

Sərgidə çıxış edənlər ölkə rəhbərliyinin gənclərə və idmana olan qayğısından bəhs edərək belə tematik sərgilərin yeniyetmə və gənclər arasında idmanın təbliği və təşviqi, həmçinin gəncliyin formalaşmasında müsbət rol oynadığını qeyd ediblər. 

Sərgidə gənc rəssamların yaradıcı təfəkkürünü əks etdirən müxtəlif idman növləri, idmançıların simaları, idman alətləri və idman geyim nümunələri mövzusunda 160-a yaxın əsər nümayış olunub. Sərgidə əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

İçərişəhər ərazisində II Milli Qurama Festivalı başlayıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivala yürüş ilə start verilib.

 

Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.

Festivalın açılışında unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilən Milli Qurama Festivalının müxtəlif tədbirlərlə davam edəcəyi vurğulanıb.

Qeyd olunub ki, II Milli Qurama Festivalı İçərişəhərdən başlayaraq Bakı və bölgələri əhatə edəcək. Festival proqramına “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə qurama sənətkarları ilə yanaşı, həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Cümə, 28 İyul 2023 15:00

Qızıl almanın üzləri

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı,  “İpək yolu” Beynəlxalq Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk Qazaxıstanın Konayev şəhərində keçirilən “I Media və Turizm Forumu”nda panel müzakirələrdə məruzə ilə çıxış edib. Həmin məruzə oxucularımız üçün də maraqlı ola bilər.

 

Hər bir ölkə öz tarixi, təbiəti ilə fərqlidir. Türkdilli ölkələr arasında Qazaxıstanın təbiətinin də, tarixnin də öz yeri vardır. Biz Azərbaycanlıları Qazaxıstanı və bütün sülhsev ər ölkələri özümüzə qardaş, dost bilirik.

Bir jurnalist kimi mən Qazaxıstanın bir çox gəzməli və görməli yerlərində olmuşam. Tarixi məkanlarını jurnalist kimi ziyarət edib öz məqalələrimdə yazmışam. Mavi bayraqlı, Şanıraklı Qazaxıstanın gəzməl-görməli yerləri, gözəl təbiəti və adəti haqqında oxucularıma bilgilər vermişəm.

Ötən il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrimizin yaranmasının 30 illiyi qeyd olundu. Bu illər ərzində iki qardaş ölkə arasında bütün sahələrdə ən yüksək səviyyədə qarşılıqlı əməkdaşlıq və konstruktiv əlaqələr qurulub.

Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 27-i hökumətlərarası olmaqla 31 Saziş, 12 Anlaşma Memorandumu, 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanılıb.

20 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Turizm Dövlət Agentliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı sahəsində memorandum imzalanıb.

 

Və bu müqavilələrin əsasını isə Türk Dövlətləri Təşkilatı arasında turizm potensialıının gücləndirilməsi və əlaqələndirilməsi dayanır. Çünki hər birimiz tarixdən yaxşı bilirik ki, bizi həm də Böyük və tarixi “İpək yolu” birləşdirir. Bu İpək yolu ilə neçə əsr bundan əvvəl Türküstana, Boz Çöllərə, Azərbaycana səfər edən səyyahlar öz kitablarında bizim tarixi adlarımızı, yollarımızı, yurdlarımızı yazıb əbədiləşdiriblər. Təsdüfi deyil ki, bu gün araşdırma aparmağı bacaran hər bir jurnalist həmin tarixi faktlardan istifadə edir. Biz öz dəyərlərimizi Avropaya və dünyaya göstərmək üçün yenə birgə çalışmalı, əl-ələ verib işləməliyik.

 UNESCO bu ilin iyun ayında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi sahəsində ciddi addımlar atdı. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyini UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında mühüm görüşlər keçirdi. Görüşdə Azərbaycanda turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər barədə məlumat verildi. Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılmasının, həmçinin turizm sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd edldi.

Eyni zamanda Azərbaycanın İpək Yolu boyunca  məxsus olduğu zəngin ticarət və mədəni mübadilə irsinin regionu mühüm turizm məkanına çevirmək potensialına sahib olduğunu vurğulandı.

Xanım Qabriela Ramos UNESCO və Azərbaycanın İpək Yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi yolu ilə mədəniyyətlərarası dialoq və mədəni turizmin inkişafında qarşılıqlı maraqlara sahib olduğunu bildirdi.

Bu gün “Birinci Beynəlxalq Media və turizm forumu”na yığışan biz televiziya və qəzet jurnalistləri ölkələrimizin turizm potensialının yayılması və bu sahədə dövlətlərimizin istisadi maraqlarının da təmin olunması üçün ən uyğun yolları arayıb, ən mükəmməl çıxış yollarıının tapılmasında qərar qəbul etməliyik.

Doğrudur, bu gün hər kəsin əlində bir telefon var və hamı sosial şəbəkələrdə öz gördüyü yerlər, gəzdiyi ölkələr haqqında məlumat verə bilir. Lakin bəzən adi insanların verdiyti məlumatlarda yanlışlıqlar olur. Jurnalistlər isə bir qayda olaraq öz işlərini daha dəqiq və mükəmməl görür, tamaşaçıya, dinləyiciyə ölkə haqqında daha doğru məlumat verirlər.

Ölkələrimizin turizm və informasiya nazirlikləri bu təbliğatı genişləndirmək üçün daha çox jurnalistləri qrup şəklində səfərə dəvət edəndə, nəticə də effektiv olur.

 

Mən sizə Qazaxıstan və Azərbaycan arasındakı turizm rəqəmlərini göstərmək istəyirəm: 2023-cü ilin aprel ayının statistikasına görə Qazaxıstandan Azərbaycana gələn 30350 nəfərin 20994 nəfəri turzim məqsədi ilə gəlib. Azərbaycandan Qazaxıstana gedən 23868 adamın 20655 nəfəri isə turzim məqsədi ilə gəlib.

Ötən il Azərbaycandakı Qazaxıstan səfirliyi Abayın və bir çox tanınmış şəxsiyyətlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirdilər. Bu tədbirlərin çoxusunun keçirilməsi üçün Bakının dənizlənarı parkında qazax yurtası qurulmuşdu. O yurtaya azərbaycanlıların və Azərbaycanda olan qonaqların necə maraqla gəlib ziyarət öz gözlərimlə gördüm.

Mən sizə öz ölkəmizdən bir nümunə danışmaq istəyirəm. Hamınızı bilirsiniz ki, biz 2020-ci ilin noyabr ayında 44 günlük savaşdan sonra, düşmən üzərində qələbə çalaraq öz tarixi torpaqlarımızı geri qaytardıq. 30 ilə yaxın müddət ərzində düşmən bizim cənnət kimi gözəl yurdlarımızı viran qoyub talan etmişdi. Savaşdan sonra dünyanın hər yerindən, eləcə də Qazaxıstandan da jurnalistləri, blogerləri həmin dağıdılmış ərazilərə dəvət etdik. Qazaxıstanın tanınmış jurnalistləri Almas Altay , Nurqali Jusupbay, Samat Nurtaza, Nurgeldi, Kuanış Edilxan və digərləri Şuşaya, Ağdama səfər etdilər. O dağıdılmış və viranə yurdları öz gözləri ilə gördülər.

Ötən üç il ərzində Azərbaycan və onun dostları ilə birlikdə həmin yurdları, torpaqları, şəhərləri yenidən tikib-dirçəldirik. İndi Şuşa da, Ağdam da , Kəlbəcər də, Laçın da, Füzuli, Cəbrayıl da doğma sakinlərini qəbul edir.

Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə doğma yurdlarımızı abadlaşdırırıq. Dövlətimiz həm də bu yerləri turzm bölgəsi etmək fikrindədir.

Biz indi həmin yerləri minalardan təmizləyib ağac əkir, yol çəkirik. İtirilmiş mədəni abidələrimizi yenidən bərapa etməyə çalışırıq. Bu işçdə bizə qardaş və sülhsevər ölkələr yardım edirlər.

Qazaxıstan Prezidenti Kasım Comard Tokayevin qərarı ilə işğaldan azad olunmuş Füzuli rayonunda şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə məktəb inşa edilir. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır. 

Biz azad olunmuş ərazilərimizə arzu edən bütün jurnalistləri hələ tam qəbul edə bilmirik. Biz o torpaqları hələ minalardan təmizləyirik.

Təkcə bir ay ərzində 2979 hektar ərazidən 552 partlamayn mina, 63 piyada əleyhinə, 243 tank əleyhinə mina təmizlənib. Ötən il isə 41915 hektar ərazidən 14950 partlamayan , 8780 piyada əleyhinə mina , 4113 tank əleyhinə mina aşkar olunaraq götürülüb. İki il əvvəl mənim əməkdaşlıq etdiyim Azərbaycan televiziyasının çəkiliş qrupunun üç nəfər üzvü də tank əleyhinə minada patrtladılar və onlardan ikisi həlak oldu.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə böyük miqyasda işlər görülür.

Bu gün Azərbaycan dövləti həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Xaçınçay su anbarına 40 min ədəd körpə balıq buraxıb.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, müzəffər ordumuzun bölmələrinin qazandığı tarixi qələbə nəticəsində bir güllə atılmadan işğaldan azad edilən və “Qafqazın Xirosiması” adlandırılan Ağdam demək olar ki, sıfırdan qurulur, dövlətimizin gücü ilə yeni, müasir bir şəhər tikilir. Ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşilik, qəsbkarlıq, düşmənin barbarlığı nə qədər ağır və faciəli olsa da biz bu yaşayış məntəqələrini yenidən quracağıq. 

Mən inanıram ki, yeni qurulan şəhər və kəndlərimizə gələn jurnalist həmkarlarımız yenə də Azərbaycan qonaqpərvərliyi ilə tanış olacaqlar. İndi size azad olunmuş torpaqlarda qədim tariximiz, daş abidələrimiz, bulaqlarımız, göllərimiz, isti təndirimiz, samovar çayımızla qarşılayırıq.

Qazaxıstan haqqında ən maraqlı məlumatları və görməli yerlərini işıqlandırmaq üçün zaman-zaman Azərbaycan Televiziyası da öz çəkiliş qrupunu Tanrı dağlarının ətəklərinə göndərir. Qazaxıstanın tarixi yerləri, məkanları , mətbəxi, mədəniyyəti haqqında televiziyamızda maraqlı verilişlər hazırlayırıq. Mənim layihəm əsasında efirə gedən “Qızıl alma” verilişində də hər zaman Qazaxıstana xüsusi yer verilir. Çünki bu torpaq , bu yurd “Altın Adamın” yurdudur. Bu yurd, bu ocaq müqəddəsdir.

Əziz qələm dostlarım! İnşallah Sizin hamınızı Zəngəzurda Böyük Turana gedən yolda görmək, o yerlərin turizm potensialı ilə tanış etmək arzusu ilə bir daha salamlayıram və deyirəm ki, BİRGƏ BOLAMIZ! Güc Birlikdədir!

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Rəsm qalereyası: Soltan Soltanlı, “Qotman başında". 

 

Kətan, yağlı boya. 

98x66 sm. 

www.soltan-soltanli.com

TƏK “QARABAĞ ŞİKƏSTƏSİ” ARATORİYASI BƏS EDƏR

 

Qara Qarayev, Fikrət Əmirov epoxasının davamçısıdır Vasif Adıgözəlov. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması olan bu bəstəkar musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verib. Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmək bilmir.

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 88-ci ildönümü tamam olur.

Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.

Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.

Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.

Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqi qaynaqlarından bəhrələnərək, öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.

Qeyd edək ki, görkəmli bəstəkarın 80 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncam imzalayıb. 

Sərəncama uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib.

Dahi bəstəkarımızın ürəyi 2006-cı ilin 15 sentyabrında dayanıb. Onun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini heç zaman unudulmağa qoymayacaq. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.