Qapısı ən müxtəlif tədbirlərə açıq olan Sumqayıt şəhər Poeziya Evində 4 saylı Diyarşünaslıq Klubu və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Anım Günü ilə əlaqədar "Qəlblərdə yaşayan qəhrəmanlar" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının Poeziya Evinin direktoru İbrahim İlyaslıdan aldığı məlumata görə, tədbir başlamazdan əvvəl 4 saylı Diyarşünaslıq Klubunun rəsm dərnəyinin üzvlərinin sərgiyə qoyulmuş vətənpərvərlik motivli əl işləri tədbir iştirakçıları tərəfindən baxılıb və yüksək dəyərləndirilib.
Şəhidlərin ruhuna sayğı duruşuyla başlamış tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə davam edib.
İbrahim İlyaslı tədbiri açıq elan etdikdən sonra qonaq qismində dəvət olunmuş Birinci Qarabağ Müharibəsi iştirakçısı, şair Ədalət Nicat və İkinci Qarabağ Müharibəsi iştirakçısı, gənc şair Elvin İntiqamoğlu məktəblilərin sualları əsasında müharibə ilə bağlı xatirələrini bölüşüb, vətənpərvər şeirlərini səsləndiriblər.
Şair Vüsal Ağanın "Yaşa, Azərbaycanım" şeiri də dinləyicilərin marağına səbəb olub.
4 saylı Diyarşünaslıq Klubunun rəsm dərnəyinin üzvləri, Sumqayıt şəhər 27 saylı tam orta məktəbin şagird və müəllim kollektivi də tədbir iştirakçıları sırasında yer alıb.
Tədbirin sonunda İbrahim İlyaslı Ədalət Nicatı fəxri fərmanla təltif edib.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)