Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
İnsan... Keçmişlə yaşayıb gələcəyi xəyal edən tək varlıqdır insan. Asma körpüdən keçən hər qorxaq qəlb kimi arabir arxaya dönüb baxar, nə irəlidəki bilinməzlərdən vazkeçib geri getməyə istəyi olar, nə geriyə baxmadan irəli getməyə cəsarət edər...
Əslində keçmişin izləridir məhz gələcəyə aparan bizləri.
Həyat yolu asma körpü qədər bəsit deyil bəlkə, anlamağa çalışdıqca anlamırıq, xatırlamaq istədiklərimizi unudur, unutmaq istədiklərimizi bir ömür silə bilmirik hafizəmizdən. Bəlkə də elə budur həyatın qanunu, həyat yolu. Ziddlik tamamlayır əks qütbləri. Keçmiş və gələcək kimi...
Keçmiş... Tarixin tozlu dəftəri. Unudulanlar və bir ömür yaddaşa həkk olunanlar. Qan, qorxu, yuxu... Sadəcə pis xatirələrdən ibarətdir ki keçmiş? Xoşbəxtlik, sevgi, xəyal...
Bəs niyə tozlanıb o dəftər? İnsan keçmiş və gələcəyi niyə sığdıra bilmir tək bir qələmə?
Düşünürəm, yəqin yaddaşlarımız hələ güclü deyil o qədər də. Gözyaşlarını sığdırdığımız hafizəmizdə yer yoxdur gülüş dolu günlərə. Bəlkə də elə bundandır keçmiş deyəndə qəlbə dolan hüzn.
Unutmadığını dediyi hər şeyi sadəcə bəlli tarixlərdə xatırlayır insan. Həsrət kimi, ayrılıq kimi, ölüm və qan kimi.
Savaş kimi...
Əsrlərdir davam edir dünyanın hər yerində müharibələr. Keçmişdən bugünə, bugündən gələcək əsrlərə diqqətlərin mərkəzidir Azərbaycan. Altı qan, üstü çiçək qoxan bu torpağı istəyir hər kəs. Yaddaşımızda silinməz qələmlə yazılan o qədər tarix var ki, bəzən o tarix gəlib çatana qədər unuduruq həmin günləri. Heç nə olmamış kimi davam edirik həyata. 44 günlük müharibə olmamış kimi. Sentyabr yanvara tay olmamış kimi. Küçələrdə "ZƏFƏR" deyə qışqırmamışıq kimi. Ya da hər şəhid xəbərində saatlarla ağlamamışıq kimi...
Keçmiş... Keçib getmiş. Bəlkə də getməmiş... Getsə hər xatırladıqda ağrıdarmı qəlbimizdə qanayan bu yara? 3 ildir hər sentyabr ayında eyni yerdən qanayan qəlbimiz unudarmı gözlərində yaş qalan anaları, körpələri? Məsələn, atasının şəklini qucaqlayan bir körpə vardı. Eyni gündə bir evə iki şəhid getmişdi 3 il öncə. Keçən il sentyabrda yenə qəfil gələn hücumla yenə evlərindən, ailələrindən olan gənclər... O çox məşhur deyimdə olduğu kimi: "Tarixdən iki alanlar tarix yazırlar..." Əslində 3 ildir yox, illərdir yazılır bu tarix...
Keçib getməməli. Xatırlamaq gərək hər anı, hər dəqiqəni. Unutmamaq gərək tarixi. Çünki bəzən sadəcə keçmiş sarar bugünkü yaralarını. Sadəcə keçmiş təmizləyər bugün əlinə bulaşan palçığı, tozu. Keçmişdən gələn intiqam hissi silər bugün əlinə bulaşan qanı.
Bəlkə də əksinə. Tam əksinə... Bugün işıq tutur keçmişin qaranlığına. Bugünün zəfəri rahatladır "şəhidimiz var" cümləsi ilə könüllərə düşən od parçasını. Gələcəyin rahatlığı, bu xalqın birliyi, torpaqların bütövlüyü su tökür bugün gedənlərin ardından. Məgər bugün də gələcəyin keçmişi deyilmi?
Tarix təkrarlanır
Amma bu səfər yazıçı kitabın sonluğunu dəyişir. Bu səfər oxucu xəyallarına qovuşur. Tarix nə olur olsun, neçə əsr keçir keçsin, keçmişdən gələcəyə bir ömür qan və həsrət qoxacaq bu torpaq. Amma artıq bir əlavə də var. Bugündən sonra bir ömür "ZƏFƏR BİZİMDİR! QARABAĞ BİZİMDİR!" qışqıracaq bu xalq...
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)