Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib Featured

Şanlı Zəfərlə başa çatan, müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü tamam oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.

Vətən oğullarının misli görünməmiş fədakarlığı və şücaəti ilə otuzillik işğal cəmi 44 gün ərzində başa çatdırılıb, Qarabağ və Şərqi Zəngəzur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri düşməndən azad edilib. Ordumuzun parlaq Qələbəsi ilə xalqımıza əbədi Zəfər ruhu bəxş olunub. Millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də Mədəniyyət Nazirliyinin əməkdaşları başda nazir Adil Kərimli olmaqla Bakıda inşası davam etdirilən Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.