Sahilin pıçıltısı - ESSE

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

“Mənə dənizdən yaz dedilər, sənə dənizdən yazıram...”

 

 Bu gün sənə bu məktubu dənizin sahilindən yazıram. Əslində, nə yazacağımı özüm də bilmirəm. Bir yandan günəşin yandırıcı şüaları, bir yandan qarşımdakı mavi boşluğun valehedici gözəlliyi, bir yandan da sənin içimə əkdiyin həsrətin acı pıçıltısı. Əzabın izahının necə ağır olduğunu bilirəm, amma mənim üçün bunun tək izahı sənsən.

 

Dalğalar sanki sahilin qumları ilə oynayır. Öncəliklə, qum dənələrini ağuşlarına alıb aparırlar, lakin sonra nə isə olur və dalğalar yenidən onları sahilə qaytarır. Onlar da bizim kimi anlaşa bilmir. Birisi əl çəkmir, digəri isə içinə atıldığı həyatın ona görə olmadığını anlayır və yenidən öz yurduna geri dönür. 

Səhv başa düşmə, çünki səni günahlandırmıram. Bəzən mən də özümü sevə bilmirəm. Elə də gözəl biri deyiləm, bunu artıq özüm də qəbul etmişəm. Məsələn, çox yemək yeyirəm, hərdən deyinirəm, yersiz əsəbiləşirəm. Qarşımdakı hər kim olursa olsun, heç özüm də mənə dayanmasına icazə vermərəm. Lakin onu da deməliyəm ki, arada çox darıxıram. Gün istədiyi qədər aydın olsun, yeridiyim yollar mənə hər zaman qaranlıqdır və artıq səni o yollarda fənərlə belə tapa bilməyəcəyimi özüm də bilirəm. Bütün bu olanları zənnimcə artıq qəbul etmişəm. Ola bilsin ki, o qaranlıqda məni görsən çox qorxarsan. Artıq aynadakı özümü görəndə mən də vahimələnirəm.

Sənə aid tək xatırladığım odur ki, mənə ən son dəniz dərinlikdir demişdin. Bunlara baxmayaraq onun uca olduğunu da vurğulamışdın, hətta dənizin mavi səmaya aşiq olduğunu da ilk sən söyləmişdin. Bəzən səma o qədər darıxırmış ki, yerə axmaq istəyirmiş, amma onları bir-birindən ayıran boşluq buna icazə vermirmiş. Göyün əlindən şiddətli yağmur yağdıraraq bir parçasını dənizə qovuşdurmaq, yağmurla doymayan dənizin isə əlindən fırtına qoparmaq gəlirmiş. 

Bəs niyə dənizi uca adlandırırdın?- bax bu sualın cavabını heç vermədin. Mənim fikrimcə toxunulmaz olan bütün bütövlüklər ucadır. Sən də həmişə belə idin, dərin..., mənalı..., toxunulmaz olan bütöv... bəzən də qəddar.... Mən... mən isə bir səfeh və boşboğazdan savayı biri deyildim...

İndilərdə özümə aynada baxdıqdan sonra bir də dalğalarda baxmağı sınayıram. Dalğaların təsirilə hər hissəsi bir tərəfə istiqamətlənən vücudum da elə bil qum dənələri kimi onlara aid olmayan yad yerdə məskən sala bilməyəcəyini anlayıb yenidən kökünə dönürlər. Bir gün bu dalğalar məni də apararmı? -deyə düşünürəm. Lakin uca olan zəifə qazanmaz, zəif olan ucaya hər zaman məğlub olar!

Deyəsən, hava qaralır. Bu sətirlərin isə öz ünvanı var, amma bir poçtalyonu yoxdur. Həsrətim sətirlərimi dalğalara pıçıldadı. Əlbət onlar bir gün sənə qum dənələrini günəş qovurarkən, dalğalardan hələ də ümidini üzmədiyini çatdırar. Əgər qovrulan qum dənələrini bir gün yağmur yuyub apararsa, o zaman anlayacağam:

 Məni sevməyi də ummuram səndən,

Allah deyilsən ki, bəndə sevəsən.

Sevə bilmirsənsə, utanma məndən

Məni kim sevib ki, sən də sevəsən.

                                       (Mirbədəl Həsənli)

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.