“Turanın "Altun qələm"li övladı...” - İntiqam Yaşarın doğum gününə Featured

İstedadlı gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, “Ədəbiyyat və incəsənət” ailəsinin üzvü İntiqam Yaşar ötən gün növbəti doğum gününü qeyd etdi. Bu münasibətlə Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızının yazısını diqqətinizə çatdırırıq. 

 

 

Cənnətməkan Musa Dədəmin sağlığında tez-tez Buynuza ziyarətinə gedərdim… Həmişə mənə elə gəlirdi ki, İsmayıllının hər bir kəndi öz təbiətinə görə nə qədər füsunkar olsa da, Buynuz təkcə təbiətinə görə yox, həm də daşıdığı mənəvi dəyərə görə bizlər üçün çox doğmadır… Hətta bir qədər poetik yanaşanda elə bilirdin ki, o kənd özü də Musa Yaquba bənzəyir və Buynuz bu oxşarlıqdan, doğmalıqdan qürrələnib başını bir az da dik tutur. Haqqı da çatır əslində. Axı Azərbaycan coğrafiyasında Yazıçılar İttifaqının qeyri- rəsmi filialına çevrilmək hər kəndə, hər elə-obaya nəsib olmur…

 

Musa Dədəmin torpağı sanı yaşasın, uzun zamandır ki, İntiqam Yaşarın həyat tərzini müşahidə etdikcə ürək arxayınlığı ilə qələm dostlarımıza dedim ki, Yazarlar Birliyimizin bir mənəvi filialı da indi Gədəbəyin Çobankəndindədir… Şen olsun!

Böyük Məhəmmədhüseyn Şəhriyarın dilimin əzbəri bir misrası var. Yazır ki: “Mənim atam süfrəli bir kişiydi…” Əslində, insanın xasiyyətinin də, istedadının da ən gözəl yanı süfrəli olmağı bacarmağıdı… Bu gün dəyərlərin aşındığı, duz-çörək kəsməyin, ülfət bağlamağın unudulduğu bir məqamda İntiqam Yaşarın xarakterinin elə yaradıcılığı kimi özünəməxsus tərəfi süfrəli kişi olmağı bacarmağı, süfrəsindən dost bildiklərinə, özü bildiklərinə pay bölməsi, çörək kəsib, kəsdiyi çörəyin bin-bərəkətini qorumağı bacarmasıdı... Dağlar keşikçisi Gədəbəyin o ucalıqlarından süzülüb gələn büllur sutək dumduru qəlbi olan İntiqamın özü kimi, sözü kimi halal olan çörəyini kəsmək özü də bir səadətdir…

İntiqamın Türküstan boyda ürəyi var… O, təkcə, dağlar qoynundakı yurdunu, böyüyüb boşa-başa çatdığı kəndini deyil, Alagöldən, Çolpandağdan, Elləroyuğundan, Şahdağdan, Babadağdan, Murovdağdan, Haçadağdan Tanrı dağa yol alan bütün Türk dünyasını köksünə sığdırıb… Mən İntiqam Bəyin bu yaşına qədər “məsumiyyət muzeyi” kimi qoruduğu, körpə gözü təkin o dumduru ürəyindəki bu izahsız Turan sevgisini körpə bir yavrunun Anaya olan məhəbbətinə bənzədirəm... İntiqam Bəyin ürəyində göz açdığı beşikdən – Çobankənddən Tanrı dağa bir Yol uzanır və İntiqam Yaşar o Haqq yolunun ən halal yolçusudur... Yolu aydın olsun!

“Bizim yolumuz tikanlıdır, ayağını sevənlər bizimlə gəlməsin.” - deyir Seyid Qütbi... Bu gün İntiqam Yaşar Turan məfkurəli böyüklərimizin bizə mənəvi miras qoyub getdiyi o cəfalı Yolun tikanına, çökəyinə, kələ-kötürünə, çala-çuxuruna baxmadan yorulmadan, yenilmədən, ləyaqətlə, şərəflə o Haqq yolunu yürüməkdədir...

Məhəmməd Əmin Rəsulzadənin Cumhuriyyət işığını, İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” amalını, Əli bəy Hüseynzadənin “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” yandıran türkçü düşüncəsini, Bütöv Azərbaycan məfkurəsini günümüzə daşıyan və hər daim gündəm olmasını qoruyub sağlayan milli məfkurəli, türk qanlı, islam imanlı, Turan sevdalı sağlam Əqidə Adamıdır İntiqam Yaşar...

Onun başqanı olduğu – canının parçası, övladı kimi əzizlədiyi, qoruduğu Dünya Gənc Türk Yazarlar Birliyi hər nə qədər Ədəbiyyat qurumu olsa da, qurumun gördüyü hər bir işdə Böyük Məhəmməd Əmin nəfəsi, gerçəkləşdirdiyi hər layihədə türkçülük hərarəti, Turan sevdası duyulmaqdadır.

Bakı küləklərinin hansı səmtə əsməyindən asılı olmayaraq İntiqam Yaşar Dağlar oğlu olduğunu, dağ əyilməzliyini, onurlu və məğrur duruşunu, yenilməzliyi, küləyin istiqamətinə yön dəyişməzliyi, peşə vicdanına, yoluna, qələminə sədaqətini öz dəsti-xətti ilə çoxdan ortaya qoyub – həm də ən gözəl hüsn - xətlə...

Bu dünyada dürüstlüyün, təmiz sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı ona nəsib edib, Tanrı bu Ucalığı İntiqamın alnına yazıb, həm də gözəl xətlə yazıb.

Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi Valideynin ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. İntiqam Bəyin Azərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı da var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Mən İntiqam bəyi dünyaya gətirən, bu cür mükəmməl tərbiyədə və düşüncədə yetişdirən Anamızın əllərindən öpürəm, Var olsun! – deyirəm. İntiqam bəyə həyata atdığı ilk addımlarından dili, sözü, əməli bir olmağı öyrədən, İntiqam bəyi bu cür mətin, dürüst, təmiz əxlaqda, böyüyə hörmətli, uşağa məhəbbətli, dosta sədaqətli yetişdirən Yaşar Atamızın qarşısında sayğıyla baş əyirəm!

Anamız o qədər böyük ürəkli qadındır ki, onu məhz bu gün 3 Ekim – Türk dünyası günü dünyamıza bəxş edib – Türk dünyasına ərməğan edib… Mən o anamıza həm də öz adımdan bir təşəkkür borcum var. Gədəbəydə Milli Yaylaq festivalı keçiriləndə Bakıdan gedən qonaqları İntiqam Yaşar adəti üzrə ata yurduna qonaq dəvət etmişdi. Qələmdaşlarımız səhər yeməyi süfrəsinin şəklini çəkib paylaşmışdılar ki, İntiqamın gözəl anası bizim üçün “köppəcə” bişirib. O şəkli görən balaca qızım “Ana, mənə də köppəcə bişir, - dedi. Həmin gündən “köppəcə” bizim də süfrəmizin əziz bir yeməyinə çevrildi. Bu yazımla alnının təri, əlinin qabarı , halal çörəyi ilə İntiqam kimi bir oğul böyütdüyü üçün Anamıza ürəkdolusu minnətdarlıqla gözüdolusu övlad səadəti diləyirəm ulu Tanrıdan!

Bütün bağlılıqların – dostluqların, doğmalıqların özəyində, təməlində güvənmək, inanmaq ehtiyacı dayanır. İntiqam Yaşar özü böyüklükdə güvən duyğusu sağlayan Adamdı... O varlığı, saf enerjisi ilə insana elə bir güvən bəxş edir ki, onunla Tanrı dağlarına qədər çiyin-çiyinə piyada yürümək olar...

Yaxşı ki, Varsan, Əzizim!

“Altun qələm”inlə iz açdığın Böyük ədəbiyyat yolunda yaradıcılıq uğurları, şərəflə yürüdüyün böyük Turan yolunda Tanrıdan Sənə güc, sarsılmaz iradə, möhkəm can sağlığı diləyirəm!

Doğum günün mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.