Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşdülər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən məlumat verir.
Görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulandı, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edildi.
Dövlətimizin başçısı ICESCO-nun Baş direktorunun 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını yüksək qiymətləndirdi.
Salim bin Məhəmməd əl-Maliki ötən həftə Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Bu qərarın qəbul edilməsinə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti bunu qardaşlığın və tərəfdaşlığın mühüm nümunəsi kimi dəyərləndirdi, bu hadisənin bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirdi.
Dövlətimizin başçısı Şuşada böyük bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayaraq, burada digər obyektlərlə yanaşı, məscidlərin də artıq bərpa olunduğunu və bu prosesin davam etdirildiyini məmnunluqla diqqətə çatdırdı. Prezident İlham Əliyev bu cür genişmiqyaslı işlərin işğaldan azad edilmiş digər ərazilərimizdə də icra olunduğunu dedi.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olundu.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)