Batumidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib

Acarıstan Muxtar Respublikasının Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın milli muğamı gecəsi” adlı konsert keçirilib.

 

AzərTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində reallaşıb.

 

Tədbirin açılış mərasimində çıxış edən Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təsisçisi və təşkilatçısı, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadze deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konsert çox mühüm tarixi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Gürcü xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə əsrlər boyu yaşayacaq.

Acarıstan hökumətinin rəhbəri Tornike Rijvadze çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətlərdən qurtarıb inkişaf yoluna çıxararaq dünyanın aparıcı dövlətləri sırasına çıxaran fenomen şəxsiyyət Heydər Əliyev Gürcüstan və ümumilikdə Qafqaz xalqları üçün də çoxlu işlər görüb. Ona görə də deyə bilərəm ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Batumidə belə bir konsertin təşkili bizim üçün qürurvericidir.

 

Bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Qaribşvilinin səyləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan-Gürcüstan əlaqələrinin tarixinə nəzər salıb, müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ölkələrimiz arasındakı münasibətlərin yeni müstəvidə inkişaf etməyə başladığını qeyd edib.

 

Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. İl ərzində Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində müxtəlif yubiley tədbirləri keçirilir. Gürcüstanda “Heydər Əliyev İli” ilə bağlı artıq bir sıra mühüm tədbirlər keçirilmiş və ilin sonuna qədər önəmli layihələr ərsəyə gələcəkdir. Bunların məhz Gürcüstanda keçirilməsi xüsusi önəm daşıyır. Çünki Heydər Əliyev Gürcüstanın böyük dostu, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının banisi idi.

Onun sözlərinə görə, Batumi şəhərində musiqimizin, mədəniyyətimizin, tariximizin təbliğ və təşviq edilməsi xüsusi rəmzi xarakter daşıyır. Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi Əhməd Cavadın məhz Batumidə yazdığı “Çırpınırdın, Qara dəniz!” şerini xatırlatmaq yerinə düşərdi.

 

Diplomat deyib ki, ölkələrimiz arasında müxtəlif sahələrlə yanaşı, zəngin mədəni əlaqələr də mövcuddur. Mədəniyyət sahəsində əməkdaşlıq - münasibətlərimizin prioritet sütunlarından biridir. Bu birbaşa insanlara, cəmiyyətə müsbət təsir bağışlayan amildir və xalqlarımız arasında dərin iz buraxmışdır. Muğam başda olmaqla zəngin mədəniyyətimizin və mədəni sərvətlərimizin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan dost Gürcüstanda nümayiş etdirmək, sizləri sevindirmək ikiqat ürəkaçandır: Ulu Öndər Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin, musiqisinin, incəsənətin dünya miqyasında təbliğ edilməsini və qorunmasnı hər zaman diqqət mərkəzində saxlayırdı. Bu gün bizlər bu istiqamətdə əldə edilən nəticələri görürük. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Azərbaycan mədəniyyətin inkişafına xidmət edən hər bir fəaliyyət dövlətimizin başçısının daima diqqət mərkəzindədir. Əlbəttə biz burada Azərbaycan mədəniyyətin tərəqqisinə, mədəniyyət siyasətinin reallaşması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etməliyik və bu xidmətlər əvəzsizdir. Heydər Əliyev Fondu muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Məhz bunun bariz nümunəsi kimi, bu gün burada, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən unikal sərgi nümayiş etdirilir və sizlərin bu sərgi ilə ilkin tanışlıq imkanınız olmuşdur”.

Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri barədə ətraflı məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Sonra tamaşaçılar Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onun muğam qrupunun ifasında “Şur”, “Cahargah” muğam kompozisiyalarını, xalq mahnısı “Sarı Gəlin”, Cahangir Cahangirovun “Bana-bana gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Bəhram Nəsibovun “Qarabağ”, Rauf Hacıyevin “Azərbaycan” mahnılarını dinləyiblər.

Konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidovanın çıxışları böyük maraqla qarşılanıb. Konsertdə səhnədə qoraşdırılmış ekranda Azərbaycan mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, doğma Şuşanın görüntüləri nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.