Qənirə Paşayeva barədə rekviyem - Firuz Mustafa Featured

“Ədəbiyyat və incəsənət” portalı Firuz Mustafanın Qənirə Paşayeva ilə bağlı “Qənirə xanım haqqında bir neçə kəlmə” yazısını diqqətinizə çatdırır. Yazı müəllifin Gündəliyindən sətirlərdir. 

 

 

28.09.2023

 

Bu dəqiqələrdə, yəni bu günün 2-ci yarısında, deputat Qənirə Paşayevanın dünyasını dəyişməsi xəbəri yayildı...

Qənirə Paşayeva parlamentin ən fəal üzvlərindən biri idi. Türk dünyasında yaxşı tanınırdı. Sadə adamlar tərəfindən sevilirdi. Gülərüz, nikbin, həyatsevər bir xanım idi. İncənətə böyük rəğbəti vardı. Arada şeir və esselər yazırdı. İxtisasca həkim idi. Bir xeyli müddət jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdu. Çox kasıb-kusubun qəlbinə yaxın və hakim idi. Eşitdiyimə görə, çox adama əl tutmuşdu. Hər mövzuya açıq idi. Maraqlı həmsöhbət kimi diqqəti cəlb edirdi. Aydın nitqi vardı. Emosional idi. Çalışırdı ki, imkanı daxilində həqiqətin, ədalətin, doğrunun yanında olsun. Bir rayondan deputat seçilsə də, bütün ölkədə nüfuzu vardı. Mən yaxın xaricdə- Türkiyədə və Özbəkistanda səfərlərdə olarkən onu çox adamın soruşurduğunun şahidi olmuşam. Məmləkətimizdə isə onu sevənlər lap çox idi. Həmişə kiməsə kömək etməyə tələsərdi. Adama elə gəlirdi ki, o, ölkənin bütün vətəndaşlarını adbaad tanıyır... Hələ ailə qurmasa da, hərəkətlərində bir müdrik ağbirçək, ana, qadın, xanım-xatun ədası, jesti duyulurdu. Eşitmişdim ki, mənəvi qızı var.

Qənirə xanımla hələ onun ANS-dəki “dövründən” tanış idik. Bir çox tədbirlərdə iştirak etmişdik... 

Təəssüf, min təəssüf... Doğrusu, bu dərin təəssüf hissimə indi, bu anlarda bir başqa bir hiss də əlavə olunmaqda. Bu, nəsə bir az da mənimçün narahatlığa bənzər bir hissdir... Belə ki, ötən ilin (2022-ci ilin) əvvəllərində MM-dən, Qənirə xanımım adından mənə istedadlı şair və ictimai xadim Əkbər Qoşalı zəng etdi. Ad günümü təbrik etdi. Sonra bildirdi ki, Qənirə xanım da Sizi sabah rəhbərlik etdiyi Mədəniyyət komitəsi adından təbrik etmək istəyir və bununçün MM-ə dəvət edir. Deyəsən hədiyyə də təqdim ediləcəyini bildirdi.

Həmin günlərdə xəstə idim. Düzü, bu cür sınıxmış və “sıxılmış” bir vəziyyətdə getməyi özümə yaraşdırmadım... Həmin anlarda növbəti iynəni venama vurmağa hazırlaşan tibb bacısı Qənirənin adını eşidəndə qeyri-ixtiyari: “Qənirə yaxşı qızdır”,-deyə əlavə etdi... 

Mən reallığı Əkbər bəyə izah etdim. O, dedi ki, oldu, onda nə zaman istəsəniz gələ bilərsiz... 

Sonralar bir müddət Gədəbəydə oldum, Türkiyəyə müalicəyə getdim...

Son aylarda müxtəlif tədbirlərdə Qənirə xanımla bir neçə dəfə görüşdük. Üzümə vurmasa da sonuncu dəfə onunla bu il sentyabrın əvvəllərində, haradasa bu faciəvi gündən yarım ay əvvəl, mədəniyyətlə bağlı bir toplantıda rastlaşdıq. Mənə elə gəldi ki, o, hədsiz dərəcədə arıqlayıb, sınıxıb. Uzun bir yolu piyada gəlmiş yorğun adam təsiri bağışlayırdı. Olsun ki, hansısa ciddi əməliyyatdan çıxmışdı. Amma hiss olunurdu ki, iradəsi hesabına bu “yorğunluğun” içindən sıyrılmaq durumundadır. Özünəməxsus bir yumor və təbəssüm hissi iə üzümə baxaraq əlimi sıxdı və asta, məxməri səslə:

  -Gəlmədiniz də,-dedi.

  -Onda imkan olmadı, inşallah, bir gün mütləq gələrəm, Qənirə xanım, -deyə, cavab verdim...

Nur içində yat, əzizimiz qənirsiz Qənirə xanım. 

 

 

29.09.2023

 

Qənirə Paşayeva bu Vətənin hər qarış torpağını canından çox sevirdi. Onun cismi bu gün 2-ci Fəxri xiyabanda Vətən torpağına tapşırıldı... 

Təzyiqimi ölçən tibb bacısı doluxsunmuş halda dedi: “Heyif Qənirədən. Ondan bir də çətin ola... Nədənsə yaxşılar tez gedir”... Bəli, doğrudan da yaxşılar həmişə tez gedir, hətta ömrün ən ahıl çağında, yüz yaşında olsalar belə. İnsan sevgisinin və insana sevginin yaşı isə, yaşın miqyası ilə yox, ürəyin hökmü ilə ölçülür...

Son günlər sosial şəbəkələr, bütövlükdə media, daha çox torpaqlarımızın işğaldan azad olunmasından və Qənirə Paşayevanın dünyasını dəyişməsindən yazır. Əminəm ki, indi onun Vətən göylərində dolaşan ruhu sakitdir, -azadlığa qovuşan torpaqlarımıza görə...

Yatdığı torpaq nurla dolsun...

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.