Fidan Hacıyevanın “Qaratoxmaq qadın”ı yetərincə bəyənildi Featured

Adətən premyeralara maraq böyük olur. Onda ki, bu premyera üç nəhəng teatrdan birində - ya Azdramada, ya Muzkomediyada, ya Opera və Baletdə olsun. Bəli, biz teatrların adlarını məhz dillərdə dolaşan şəkildə dedik. Ötən uik-enddə növbəti belə premyeraya şahidlik etdik - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının uğurlu premyerası baş tutdu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşunu Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Aleksey Smirnov verib. Operanın rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tamaşada rollarda Xalq artistləri Fidan Hacıyeva (Qrafinya), Əkrəm Poladov (Surin), Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev və başqaları çıxış ediblər. Tomski və Zlatoqorun partiyalarını beynəlxalq müsabiqələr laureatı Yefim Zavalnı ifa edib.

 

Gəlin bir qədər tamaşanın tarixinə rakurs edək. “Qaratoxmaq qadın” operası dünya realistik incəsənətinin ən böyük əsərlərindən biri sayılır. Çaykovskinin üslubunun xarakterik cəhətləri bu əsərdə daha dolğun və ifadə mükəmməlliyi ilə öz əksini tapıb. 

İlk dəfə 1890-cı il dekabrın 7-də Sankt-Peterburqdakı Mariinsk teatrının səhnəsində nümayiş etdirilən bu opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Həmin vaxtdan bəri bu əsər dünyanın opera səhnələrində triumfla nümayiş etdirilir.

Operanın librettosunu bəstəkarın qardaşı Modest Çaykovski Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazıb. 

 

Çaykovski əvvəlcə Puşkinin “Qaratoxmaq qadın” əsərinin süjeti ilə maraqlanmayıb. Amma zaman keçdikcə, bu novella onun təxəyyülündə daha çox yer tutub. German və qrafinyanın faciəli görüş səhnəsi bəstəkarın qəlbini riqqətə gətirib. Bu səhnənin dərin dramatizminin təsiri altında Çaykovskidə opera yazmaq arzusu baş qaldırıb və beləliklə, üç pərdə və yeddi səhnədən ibarət olan opera üzərində iş prosesi 1890-cı ilin baharında Florensiyada başa çatıb. Həm də bütün bu yaradıcılıq prosesi 44 gün ərzində - yanvarın 19-dan martın 3-dək yekunlaşıb. 

 

Qayldaq premyeraya. Bakı tamaşaçıları artistləri və Pyotr İlyiç Çaykovskinin dünya şedevri olan əsərinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına daxil edilməsində əməyi olanları ayaq üstə alqışladılar. Ən gurultulu alqışlar isə gül dənizinə düşən Fidan xanıma yağdırıldı.

Tamaşanın təkrar nümayişi oktyabrın 14-də Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində olacaq. Təbii ki, yenə də anşlaqla!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.