“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində davamlı gələn Nəsrdən Nəzmə addımlayırıq, sizlərə Xuraman Hüseynin şeirlərini təqdim edirik.
ƏLLƏRİN
Hər dəfə
əllərin toxunduqca yanaqlarıma,
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən.
təbəssümün düşməni kədər imiş –
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən,
günəş doğsa qəlbində...
Gülə bilsən,
silahın qəhqəhələr olsa,
əliyalın düşmən kimi geri çəkilər
kədər...
gülüşüm gözlərimə qayıtdı,
qaranquş öz yuvasına qayıdan kimi.
əllərin unutsun göz yaşımı,
sərçələr qürbət elləri unudan kimi...
AĞ SAP
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını...
Sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını...
Ürəyim sənindi,
bilirəm,
saçlarım
gözlərim
ruhum...
Amma daha çox əllərim sənin olsun, istəyirəm...
Saçını tumarlayar,
süfrə bəzəyər sənə
əllərim...
Bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...
YAĞIŞ GECİKƏN KİMİ
Bir-birimizə gecikdik,
yarpaqları saralan
budaqları quruyan ağaca
yağış gecikən kimi…
Göy üzü bir az tez tutulaydı,
buludlar gecikməyəydi
mehriban olmağa…
Birimiz tez çıxaydıq evdən,
birimiz gecikəydik,
təsadüfən rastlaşaydıq,
qağayıya dönəydik...
görüşəydik dəniz yurdumuzda,
zaman bu zaman olmazdı,
illər də bu illər...
nə sən ruhuna xəyanət edəydin,
nə də mən.
sevəydik bir-birimizi
qağayılar dənizi,
dəniz qağayıları sevən kimi…
O YOL
Bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi.
o yol mənim gəldiyim,
sənin getdiyin yerdi.
biz o yolda qarşılaşmalıydıq,
mən gəldim,
sən getmədin...
orda bir yol yoruldu –
səni gözləməkdən,
məni gözlətməkdən...
SAMAN ÇÖPÜ
Bulud aldı göy üzünü, batdı yenə günəşim,
Ruhumdakı son ümidi əsən yellər qopardı.
Mənim işim səninlədi, başqasıyla nə işim?
Saman çöpü, səni sular məndən əvvəl apardı.
Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?
İlk evimiz beşik olur, son evimiz də məzar.
Dayağım yox bu dünyada, kimə ümid eyləyim?
Dost da bəzən düşmən olub adama quyu qazar.
Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,
Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.
Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,
Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.
SON VAQON
O gedən qatarın son vaqonu
sənin ürəyindi:
bomboş
soyuq...
Arada ürəyindən xəbər tut,
hörümçək tor qurar
mənsizlikdən...
Yazdığın şeirin
son misrası mənəm,
nöqtə qoya bilmirsən.
birdən ardını yazarsan deyə,
Bir zərrə ümidin qalıb –
bəlkə, işığı
geri qayıtmam üçün
yollarımı aydınladar deyə...
SİZİF YÜKÜ
Necə ki Sizifin əziyyəti hədər gedirdi,
dağ başına daşıdığı böyük qaya parçası
yerə düşürdü, ürək də ayrılığı o cür daşıyır.
Tanrıların ittihamı Sizifə zülm verirdi,
hədər gedirdi əziyyəti,
sevənlərin də ittihamı bir-birlərinə
elə zülm edir.
Niyə?
Axı niyə bu gözəl həyatda
sevgi varkən,
ayrılıq da olsun?
Ayrılmasaq, əzab çəkməsək,
olmazmı?
Ayrılıqla, əzabla qol-boyun keçir
həyatımız,
bir də baxırıq ki,
fəsillər dəyişir,
dəyişir illər,
ömür də, gün də gedir...
saç ağarır, üz qırışır, dişlər tökülür,
ürəklərdə də ayrılığın ən dəhşətlisi:
Nə qaldı ki ömrümün sonuna?..
Ömrümüzün sonuna
nə qaldığını düşünməmək,
sevənlərin ittihamından
qorxmamaq üçün
ayrılmayaq,
sevək,
sevilək və
həyatın nə demək olduğunu
bilək...
TAXT-RƏVAN
Qara buludlar
mürəkkəb kimi yayılıb
göy üzünü gizləmişdi
zülmətin bətnində.
Nə qədər baxsam da,
nənəmin sönən ulduzunu
görə bilməmişdim...
Tez-tez cilddən cildə girib
şəkildən şəklə düşən buludları
nağıllarda təsvir olunan
taxt-rəvana bənzətmişdim
həmin gecə.
Elə bilmişdim ki,
bu “taxt-rəvan”da
başqa buludlara qonaq gedib
nənəmin ruhu...
Həmin gün –
nənəm günəşdən qaçıb
qara torpaqda gizlənən gün...
ÖMÜR
Sənə yaxşı yol arzulamıram, ömür!
“Getmə” də demirəm,
bilirəm ki, yol üstəsən,
gedəni saxlamaq olar,
amma səni olmaz,
heç olmaz!
Yol üstəsən,
gedirsən saniyə-saniyə...
Qorxuram ki, sözüm düşəcək yerə,
peşman olacam.
Hələ ki hiss etmirəm
getməyini,
nə vaxtsa
onu da hiss edəcəm...
Naxələf ömür,
arzularımızı
ürəyimizdə qoyan namərd!
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)