Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
-Deməli,gedirsən...
-Bəli, gedirəm.
-Yuxumu qarışdırmışam, bəlkə bu gün çölə çıxmayasan...
-Yaxşı da...Sənin bu yuxuların necə də həyatımızın bir parçasına çevrilib.
-Yaxşı, incimə. Burnunu sallama...Balaca qızcığaza bənzəyirsən...Elə bil gəlinciyinin donunu çirkləndirmişəm. Sən də qaçıb anana şikayət edəcəksən...Ağlama, qızcığaz...
-Guya ki, hirsimi soyutdun?Qəlbim Antraktika buzları kimi donub. Bundan sonra Günəş olsan belə, qəlbimdəki buzları əritməyə gücün çatmaz.
-Yaxşı da, yenə başlama yazarlığa. Bilirsən axı, mən riyaziyyat müəllimiyəm, dəqiqliyi sevirəm.
-Gözüm aydın, Riyaziyyat müəllimi...
-Yazar xanım...
-Buyur riyaziyyat müəllimi...
-Dəyərli filoloq, səninlə mübahisə etməyəcəm, gecikirəm. Bir də, kim deyir ki, riyaziyyatçılar romantik olmur...Hipotenuz termini eşitmisən? Bax bu termin Pifaqorun həyat yoldaşının
adından götürülüb.Elə bilirsən, yenə zarafat edirəm? Hipotenuz Pifaqorun yeganə və əziz həyat yoldaşı Hipratranuzun adından götrülüb. Bax, sənə yaxşı mövzu verdim. Yaz öz təxəyyülünə uyğun...
-Kamil!
-Nədir?
-Xahiş edirəm, getmə.
-Yazar xanım, indi də yuxular bizi idarə etsin..
-Bilirsən ki, yuxularım düz çıxır.
-Başlama da...
-Ümumiyyətlə...
-Dayan, sən Allah, dayan. Sən ki "ümumiyyətlə" sözü ilə başladınsa, yazar xanım, deməli, məsələ uzundur. Gecikirəm axı...
-Sözümü kəsirsən, Kamil?Artıq sənin üçün Günəşdən bir nöqtəyə qədər kiçildim. Bəs sənin üçün sonsuz məhəbbət idim, sevgin də tükənməzdi...
-Ay Allah, mənim qıçım qırılardı kaş...Həmin gün niyə axı Filologiya fakültəsi olan mərtəbəyə qalxdım ki...
-Hə...Kamil...Əminsən...
-Yazar xanım...O gün...
-Bəli, riyaziyyat müəllimi, o gün nə...?
-O gün elə gözəl görünürdün ki...
-Necə idim, Kamil?
-Riyaziyyat müəllimi kimi deyimmi? Amma,söz ver, axıra kimi susacaqsan.
-Söz verirəm Kamil.
-Bax söz verdin ha...Başlayıram:O gün elə gözəl, elə məftunedici görünürdün ki, lap gözlərin Ser İsaak Nyutonun cazibə qüvvəsini izah edən almasına bənzəyirdi... Söz vermisən sus.. .Gözünü bərəltmə, ortahəcmli alma, yaxşıdımı? Sus davam edirəm... Alma gözlərindən ildırımlı baxışlar süzülürdü. Bilirsən də, planetimizdə hər dəqiqə beş yüzdən çox ildırım çaxır. İldırım çaxarkən radio, televizor, computer və mobil telefonlardan istifadə etmək olmaz.Şimşəyin bir dəfə çaxması zamanı Amerika Birləşmiş Ştatlarındakı elektrik stansiyalarından daha çox elektrik hasil edilir.
-Kamil, elə bil mənim xarici portretimi çəkirdin axı..
-Üzrlü say, yazar xanım, özümü bir anlıq sinif otağında hiss etdim.
-Dəhşətsən e, Kamil, gözünün qabağında ola-ola
məni unudursan.
-Yazar xanım, unudulmaqdan qorxursan ha.... Birdən başıma qəza gəlsə, səni unutsam... Nə edərsən?
-Sevinərəm.
-Niyə?
-Çünki...çünki...
-Söz tapmırsan? Niyə susdun, yazar xanım? Sən ki sözə aşiqsən. Nə əcəb dilin tutuldu... Sən ki sözün təsir gücünə bələdsən. Ədəbiyyat söz sənətidir.Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Məhəmməd Füzuli!
-Afərin, Kamil! Dahi qəzəl ustadımız Məhəmməd Füzulinin "Söz" qəzəlindən məqtə beyti söylədin. Etdiyin bütün günahlarından keçməyimi istəyirsənmi?
-Əlbəttə, yazar xanım.
-O zaman bu məqtə beytin açılışını təhlil et.
-Yazar xanım, Kosinuslar teoremini izah edə bilərsiniz?
-Kamil, məni duelə çağırma. Beytin təhlilin söyləyəcəksən?
-Əzizim, bu beytin açlışı belədir: Sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarını az et, çox danışmaq insanı hörmətdən salar.Hə düzdümü, yazar xanım? Nədir, yenə gözün bərəldi, sənin gözün bərələndə alma yadıma düşür... Niyə qeyri-adi bir şey eşitdin kimi donmusan... Sən riyaziyyatı sevməsən də, mən Ədəbiyyatı sevirəm. Səni də ədəbiyyatla bir yerdə sevirəm.
-Kamil, bütün günahlarından keçirəm.
-Yaxşı, yazar xanım, de görüm, bu dəfə də yuxunda məni ölü görmüşdün? Əgər günahlarımdan keçmisənsə, rahat ölə bilərəm... Sağ ol, gecikdirdin məni, indi rahat ol.
***
Kamili ötürüb qapını bağladım. Nədənsə, ürəyimdə bir sıxıntı var idi. Kamil hər dəfə şeir deyən deyildi axı...Həm də beytin mənasını tam da açdı. Amma mənə nə dedi, o kosinuslar nəyi..? Heç adın da yadımda saxlaya bilmədim.
Hava küləkli idi. Payızın gücü hiss olunurdu. Ağaclar dəbdə olacaq sarı donunu geyinməyə hazırlaşırdı. Hələ otlar da qonşudan qalma dala prinsipini rəhbər tutaraq sarı donlarını geyinməyə tələsirdilər. Lap Bakının mərkəzi küçələrindəki sarı rəng dəb olduqda geyinilən sarı donlar, ayaqqabılar, aksesuarlar yadıma düşdü. Elələri də var idi ki, əl dırnaqlarından tutmuş ayaq dırnaqlarına kimi sarı rəngdən istifadə edirdilər. Üstəgəl, saç üçün də sarı aksesuardan istifadə edirdilər. Deyim ki, heç xoş görünmürdü. Mən əsla bürünməzdim başdan ayağa sarı rəngə...
Külək güclənirdi.Yağış da yağmağa başladı. İkinci mərtəbədə yaşayırıq. Eyvana yağışla salamlaşmaq və toxunmaq üçün tələsdim.Yağışı çox sevirəm axı... Məni qınayan olmasaydı, yağışın lap gur yağan vaxtında saatlarla gözümü yumub altında dayanardım. Hiss edərdim ki, yağış bütün neqativ düşüncələrimi yuyub aparıb. Bəzən də yağışı buludların yerə qovuşma - vüsala çatması anı kimi canlandırırdım. Amma suyun kiçik və böyük dövranı yadıma düşəndə bu vüsalın tez bitməsini düşünərdim.
Of! Bu ayrılıqlar olmaya da...
Birdən üçüncü mərtəbədə yaşayan qonşum:-Ay qız keç içəri xəstələnəcəksən, - qışqırdı...
Lap utandım. O qədər öz daxilimdə danışırdım ki, ətrafı görmürdüm. Tez içəri qaçdım. Amma bu inadkar oğlaq bürcü olan yazar xanım yağışdan doymamış içəri keçməzdi ki.. .Qonşu içəri keçən kimi mən təzədən eyvana çıxdım. Külək də öz sözünü deyirdi. Ağacların budaqları yağışdan və küləkdən titrəyirdi. Lap qəzəbindən ağlayan və kükrəyən adamları xatırladırdı.
Birdən külək bir yarpağı düz üzümə çırpdı.Yarpaq üzümdən sürüşüb sol tərəfə, düz ürəyimin üstünə düşdü...Həmin an ürəyim sürətlə çırpınmağa başladı. Nə oldu axı mənə... Dilimdən Kamil kəlməsi qopdu. İçəri keçib əlimi telefona atdım. Kamilə zəng vurmaq istədim ki, telefonun enerjisi bitdi və söndü. Özümü qınadım, bayaq görmüşdüm axı telefon sönmək üzrədir...Niyə enerji ilə doldurmaq üçün cərəyana qoşmadım? Telefonun bir az enerji yığması üçün gözləməli idim. Təzədən eyvana çıxdım. Bayaqkı yarpaq isə ovucumda qalmışdı. Bir üzü yaşıl, bir üzü isə rəngini itirmişdi sanki... Düşünürdüm payızın firçası belə boyayıb. Axı bu rəssam soldurmağı sevir.
Birdən külək ovucumun içindən yarpağı aldı. Uzaqlara uçurtdu... Gözlərim isə onun arxasınca baxa-baxa qaldı. Sanki dəyərli bir şey əlimdən çıxmışdı.
Bu nə hissdir axı... Kamil düz deyirdi. Bu yuxular axrıma çıxacaq.
İçəri keçib telefonu açdım. Tez Kamilin nömrəsinə zəng vurdum. Telefon çağırırdı, amma Kamil cavab vermirdi. Həyəcanım artırdı... Özümə yer tapa bilmirdim. Ağlıma min fikir gəlirdi. Özümü gücsüz və aciz hiss edirdim. Yıxılan və kiminsə onu qaldırmasını gözləyən uşaq kimi kövrəlmişdim. Kamil, axı dedim getmə... Niyə mənə qulaq asmadın sən... Sonra Kamili qınamağa başladım. Düşündüm ki, bəlkə, mənə acığı tutub telefonuma zəng çatmayıb, o da mənə dərs vermək üçün telefona cavab vermir. Əslində haqqı da var. Mən niyə belə diqqətsizlik etdim ki...
İlahi, beynimə elə bil işgəncələr verirdilər. Ancaq pis hadisələr haqqında düşünməli idi.
Hələ o yarpağı da düşünürdüm. Bu nə yarpağa bağlılıq idi... Nə olmuşdu mənə, bilmirdim... Sinəmə ağırlıq çökmüşdü, boğulurdum. Elə bil, əlimi-qolumu bağlayıb üstümü torpaqlamışdılar. Qışqırtımı isə heç kəs eşitmirdi. Çünki ətrafdakılar hamısı eşitmə əngəli olanlar idi. Mən isə ümidsiz halda var gücümlə qışqırırdım.
Bu an telefonuma zəng gəldi. Tələsik sıçrayıb telefona cavab verdim... Amma zəng vuran Kamil deyildi, bir qız idi. O: "bu telefonun sahibi nəyinizdir"- soruşdu? Artıq bu sualdan sonra dizlərim taqətdən düşdü, yerə çökdüm. Gözlərim bir qara boya görürdü... Qəlbim isə döyünməkdən imtina etmiş kimiydi...
Özümü toparlayıb: " Kamilə nə olub soruşdum." Qulağım tutulmuşdu elə bil... Anladım ki, Kamil zəncirvari avtomobil qəzasında xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə əməliyyata alınıb. Xəstəxananın ünvanını öyrənib cəld ora qaçdım.
***
Kamili düz bir həftə reanimasiyada saxladılar. Onu görmək üçün nə desələr, edərdim, amma icazə vermədilər. Ax! Kamil ax... Bu bir həftə mənə o qədər uzun gəldi ki... Sanki işgəncə kameralarında əziyyət çəkirdim.
Nəhayət, Kamili palataya köçürdülər və mən onu görmək üçün ora atıldım.
"Kamil, Kamil"- deyə səsləndim. Kamil isə susqun baxışlarla mənə baxdı. Heç vaxt onun baxışlarında bu soyuqluğu görməmişdim.
Düşündüm ki, yəqin ağrıdandı... Zəncirvari qəzada onun günahı olmasa da, bir az onunla mübahisə etmək istədim. Axı çox darıxmışdım onun üçün...
-Kamil-riyaziyyat müəllimi! Getdiyin yolun sürətini hesablaya bildinmi? Düstur yadından çıxmamışdı ki...Yadına salım? Nə olsun ədəbiyyatçıyam. Sürəti tapmaq üçün gedilən yolu zamana bölürlər.
Kamil isə reaksiya vermədi... Sanki ayrı bir dünyaya düşmüsdü.
-Kamil niyə susursan danış da bir kəlmə- söylədim.
-Sən kimsən? - Kamil dilləndi.
Elə bildim zarafat edir.
-Yazar xanımı tanımırsan, riyaziyyat müəllimi?
Kamil: "Sizi tanımıram"- söylədi.
Yenə inanmadım.
-Kamil, sənə görə nə qədər həyəcan keçirtmişəm bir bilsən- söylədim.
O, həqiqətən, yaddaşını itirmişdi.
Həkim məni çölə çıxarıb sakitləşdirdi.
-Ola bilər ki, yaddaşını tez bərpa etsin- söylədi.
Amma Kamilə həyəcan, gərginlik olmazdı. Bu zaman onun vəziyyəti daha da pisləşə bilərdi...
İnsanın sevdiyi yaddaşını itirəndə necə də dəhşət olurmuş. Mən var idim, amma onun üçün yox idim.
Yox ikən var, var ikən yox...
Bir müddətdən sonra Kamili evə yazdılar. Ümid edirdim ki, isti yuvamızı görsə, bəlkə də, xatırlayacaq... Amma bu arzu olaraq qaldı...
Beləcə bir həftə keçdi... Sonra həftələr ay oldu...
***
Kamilin qəzaya düşməsindən düz bir il ötürdü...O günə nifrət edirdim. Qəzəlin məqtə beytini oxudu və...
Kamil evə qapanmışdı. Təsadüf hava almaq üçün həyətə düşürdü. Mən isə artıq ruhunu itirmiş cism idim. Yaxşı ki, evdə uşaqlara Ədəbiyyatdan dərs verirdim. Olmasa, lap psixikam pozulacaqdı. Ədəbiyyatla güc tapırdım.
Kamil yanımda idi, amma toxuna biImirdim. İstədiyim qədər söhbət edə bilmirdim. Aramızda şəffaf buzdan divar çəkilmişdi. Hər tərəf buz idi... Çox soyuq idi... Bəlkə də, göydəki ulduzların sayı qədər.
Bir sualı özümə verirdim: Kamil məni bir də xatırlayacaqmı?
...Adəti üzrə Kamil axşam həyətə düşərdi. Mən də dərslərimi qonsu usaqları olduğu üçün axşama salardım. Bu gün dahi qəzəl ustadı Məhəmməd Füzulinin " Söz " qəzəli haqqında şagirdlərimə danışacaqdım. Bu qəzəli çox sevirdim. Kamil bu qəzəldən son beyti deyən andan elə bil ki, bu qəzələ sevgim daha da artmışdı. Qəzəldə şagirdlərə sözün məna qüdrətindən söz açıldığını söylədim. Şairin ədəbi-ictimai fikirlərindən, hər bir insanın sözə dəyər verməsinin zəruriliyindən söz açdım. Başlıca ideyanın hər danışan adamın nitqinə məsuliyyətli yanaşması və mənalı söz seçməsindən ibarət olduğundan bəhs etdim. Bir-bir beytləri açaraq izah edirdim. Son məqtə beytə gələndə Kamilin bu beyti söylədiyi an yadıma düşdü...
Nitqim qurudu... Danışa bilmədim... Göz yaşlarım süzülməyə başladı. O anda isə sanki möcüzə baş verdi. Kamil yenə əvvəlki kimi :
-Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.Məhəmməd Füzuli, - söylədi.
Bəli, qəzəlin məqtə beyti həyatımdakı xoşbəxtliyə başlanğıc verdi, riyaziyyat müəllimi artıq öz yazar xanımını xatırlamışdı.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)